Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-483/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qarışıq müqavilə, öhdəliyin icrası, pulun tutulması) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (“Icraçı”) ilə Cavabdeh (“Sifarişçi”) arasında bağlanmış ## ####### 2024-cü il tarixli, XM ***/**-HG nömrəli nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin alqı-satqısına dair müqaviləyə əsasən, icraçı sifarişçiyə məxsus nəqliyyat vasitələrinə və xüsusi təyinatlı texnikalara texniki xidmət göstərməyi, habelə həmin nəqliyyat vasitələri və texnikalar üçün zəruri ehtiyat hissələrini təqdim etməyi, sifarişçi isə göstərilmiş xidmətlərin və təqdim edilmiş ehtiyat hissələrinin dəyərini müvafiq ödəniş sənədlərini əldə etdiyi tarixdən etibarən 10 iş günü müddətində icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, xidmət haqqına əlavə dəyər vergisi daxil edilməmiş və həmin verginin xidmət haqqına əlavə olaraq sifarişçi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.
2. ##.##.2024-cü il tarixdə tərtib edilmiş, tərəflərin imzalayıb öz möhürləri ilə təsdiq etdikləri S11006225 və S******** nömrəli təmir kartlarında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə hər iki təmir kartı üzrə istifadə olunmuş ehtiyat hissələri və görülmüş təmir işlərinin təhvil verildiyi göstərilmişdir. Müvafiq olaraq ehtiyat hissələrinin dəyəri 2 372,60 manat və 2 228,60 manat, görülmüş təmir işlərinin dəyəri isə 500 manat və 460 manat təşkil etmiş, ümumilikdə təqdim olunmuş xidmət və ehtiyat hissələrin dəyəri 5 561,20 manat olmuşdur.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5561,20 manat əsas məbləğ və 1001,01 manat əlavə dəyər vergisi olmaqla ümumilikdə 6 562,21 manat məbləğin ödənilməsi üçün ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.
4. İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışa əsasən, Cavabdeh MMC tərəfindən ##.##.2025-ci il tarixdə 2 000 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 202,21 manat borcun və ödənilmiş 63 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehə məxsus avtonəqliyyat vasitəsinə texniki xidmət göstərilmiş, öhdəliklər tam və əksiksiz olaraq icra edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, ödəniş tam icra olunmamışdır. Xidmətlərin dəyərinin ödənilməsi məqsədilə cavabdehə elektron qaimə-faktura göndərilmiş və sonuncu tərəfindən təsdiq olunmuş, həmin elektron qaiməfaktura üzrə cavabdeh tərəfindən ƏDV daxil olmaqla 2 360 manat ödəniş həyata keçirilsə də, qalan məbləğ bu günə qədər ödənilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 4 202,21 manat məbləğində borcun və ödənilmiş 63 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMCyə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifariş edilmiş xidmətləri göstərmiş, həmçinin ehtiyat hissələrini təqdim etmişdir. Cavabdeh isə göstərilmiş xidmətlərin və təqdim olunmuş ehtiyat hissələrin dəyərini tam həcmdə ödəməməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozmuşdur. Bu hal tərəflər arasında bağlanmış müqavilə, təmir kartları və elektron qaimə-faktura ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 6 562,21 manat məbləğində elektron qaimə-faktura üzrə cavabdeh tərəfindən yalnız 2 000 manat məbləğində ödəniş həyata keçirilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən məhkəmə müqavilə üzrə cavabdehin 4 202,21 manat məbləğində əsas borcunun mövcud olması qənaətinə gəlmişdir. Həmçinin, cavabdeh iddia tələbinə etirazını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
9. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləği tam və obyektiv araşdırmamış, borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası onun təqsiri olmadan gecikmiş, lakin məhkəmə buna dair araşdırma aparmamışdır. MPM-in 14 və 88-ci maddələrinin tələbləri pozulmuş, tərəflərin çəkişməsi, işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə əməl edilməmişdir. Məhkəmə tərəflərə barışıq sazişi və ya mediasiya imkanını təklif etməmiş, cavabdehin etiraz və dəlillərini nəzərə almamışdır. Həmçinin iddiaçı tərəfindən pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə deyil, Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi üzərindən təqdim edilmiş, lakin məhkəmə bu prosessual pozuntuya hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Iddiaçı İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 390. Müqavilə azadlığı ... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. ... Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Iş üzrə müəyyən edilmiş hallara əsasən, tərəflər arasında cavabdehə məxsus nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, habelə həmin xidmətlərin icrası üçün zəruri ehtiyat hissələrin təqdim edilməsi və dəyərinin ödənilməsi ilə bağlı müqavilə münasibətləri yaranmışdır. Müqavilənin məzmunundan göründüyü kimi tərəflərin üzərinə yalnız malın təqdim edilməsi və onun dəyərinin ödənilməsi deyil, eyni zamanda müəyyən işlərin görülməsi və nəticəsinin sifarişçiyə təqdim edilməsi öhdəliyi də qoyulmuşdur.
23. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması, ehtiyat hissələrin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə təqdim edilməsi və müqavilə üzrə malların müəyyən edilmiş qaydada və müddətlərdə verilməsinin nəzərdə tutulması baxımından müqavilənin həmin hissəsi Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsinin əlamətlərini daşıyır.
24. Bununla yanaşı, müqavilə ilə nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, təmir və digər müvafiq işlərin yerinə yetirilməsi, yəni podratçının müəyyən işi yerinə yetirərək nəticəsini sifarişçiyə təqdim etməsi öhdəliyinin nəzərdə tutulması həmin münasibətlərdə podrat müqaviləsinə xas əlamətlərin də mövcud olduğunu göstərir.
25. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq bu müqavilə qarışıq müqavilə hesab edilir və tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan göndərmə və podrat müqavilələrinə dair qaydalar müvafiq hissələrdə tətbiq edilməlidir.
26. Iş materiallarından müəyyən olunur ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam həcmdə icra etmişdir. Belə ki, təqdim edilmiş ehtiyat hissələrinin və yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri ƏDV nəzərə alınmadan 5 561,20 manat təşkil etmiş, həmin xidmətlər ##.##.2024-cü il tarixli təmir kartları ilə rəsmiləşdirilərək cavabdehə təqdim olunmuş, eyni zamanda müvafiq elektron qaimə-faktura tərtib edilərək göndərilmişdir.
27. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq elektron qaimə-fakturanın təqdim edilməsindən sonra ödənişi 10 iş günü müddətində həyata keçirməli olsa da, bu öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Iş materiallarından cavabdeh tərəfindən təqdim edilmiş xidmətlərin və ehtiyat hissələrinin dəyərindən yalnız ##.##.2025-ci il tarixdə 2 000 manat məbləğində qismən ödəniş edildiyi, eləcə də həmin məbləğə hesablanmış ƏDV qismində 360 manat pulun ödənildiyi müəyyən olunur.
28. Mülki Məcəllənin öhdəliklərin icrasına dair müddəalarına əsasən, öhdəliklər müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada və müəyyən edilmiş müddətdə icra edilməlidir. Iş üzrə müəyyən edilmiş hallar cavabdehin müqavilə ilə üzərinə götürdüyü pul öhdəliyini razılaşdırılmış müddətdə yerinə yetirmədiyini göstərir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının ödənilməmiş borcun tutulması barədə tələbi qanuni və əsaslıdır.
29. Apellyasiya şikayətinin dəlillərində cavabdeh borcun düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyini, öhdəliklərin icrasının gecikməsinin onun təqsiri olmadan, üçüncü şəxslər tərəfindən ödənilməli vəsaitlərin vaxtında təqdim olunmaması səbəbindən baş verdiyini, habelə pretenziya qaydasına əməl olunmadığı və barışıq və ya mediasiya imkanının təklif edilmədiyini iddia edir.
30. Kollegiya borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsinə dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş üzrə mübahisə xüsusi bilik tələb edən mürəkkəb hesablamalarla bağlı olmamışdır. Iş materiallarına əlavə edilmiş təmir kartlarında xidmətlərin və ehtiyat hissələrin dəyəri ayrıca göstərilmiş, elektron qaimə-faktura ilə ƏDV daxil ümumi məbləğ müəyyən edilmiş, cavabdeh tərəfindən isə yalnız 2 000 manat məbləğində ödəniş edildiyi təsdiq olunmuşdur. Qalan məbləğin hesablanması sadə riyazi əməliyyat olduğundan, bu məsələnin aydınlaşdırılması üçün ekspertizanın təyin edilməsinə prosessual zərurət olmamışdır.
31. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh borcun fərqli məbləğdə olmasını, yaxud daha artıq ödəniş edilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
32. Kollegiya apellyasiya şikayətinin öhdəliyin icrasının cavabdehdən asılı olmayan səbəblərdən – üçüncü şəxslər tərəfindən vəsaitlərin vaxtında ödənilməməsi ilə əlaqədar gecikdirilməsi barədə dəlilini də əsassız hesab edir.
33. Mülki Məcəllənin 448-ci maddəsinin məzmununa görə, öhdəliyin icra edilməməsində borclu təqsirli olduğu ehtimal edilir və təqsirsiz olduğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Cavabdehin istinad etdiyi, üçüncü şəxslər tərəfindən ona ödənilməli vəsaitlərin vaxtında daxil olmaması halı onun hazırkı müqavilədən irəli gələn öhdəliyini aradan qaldırmır. Çünki borclunun digər şəxslərlə münasibətlərindən irəli gələn maliyyə çətinlikləri kreditor qarşısında daşıdığı öhdəliyin icra edilməməsi üçün hüquqi əsas sayıla bilməz.
34. Pul öhdəliyinin predmeti fərdi müəyyən edilmiş əşyanın təqdim edilməsindən fərqli olaraq həmişə dövriyyədə mövcud olan pul vəsaitidir və buna görə də borclunun vəsait çatışmazlığı və ya vəsaiti üçüncü şəxslərdən əldə edə bilməməsi pul öhdəliyinin icra edilməməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Cavabdeh də öhdəliyin icra edilməməsinin onun təqsiri olmadan baş verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
35. Cavabdehin pretenziya qaydasına əməl olunmaması, eləcə də barışıq sazişi və ya mediasiya prosedurundan istifadə imkanlarının təklif edilməməsi ilə bağlı dəlilləri də əsaslı hesab edilmir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə pretenziya göndərilmiş və mübahisənin məhkəmədənkənar həlli təklif edilmişdir. Işin barışıq sazişi ilə yekunlaşdırılması və ya mediasiya vasitəsilə həlli isə tərəflərin qarşılıqlı razılığından asılıdır. Birinci instansiya məhkəməsi tərəfindən həm yazılı qaydada, həm də məhkəmə iclasında bu imkanlar barədə məlumat verilmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.