Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-936/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya instansiyasında icraatla bağlı hüquqi yardım göstərilməsi üçün dövlət hesabına vəkil verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarından görünür ki, iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarına əsasən, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərardadı ilə, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı gündən, yəni ##.##.2012-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – R.Quliyeva).
4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq icraata qəbul edilməklə mahiyyəti üzrə baxılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya icraatı zamanı iddiaçı dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, işsizdir, əmək pensiyası almır və heç bir rəsmi gəlir mənbəyi yoxdur.
6. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir (sədrlik edən – F.Hüseynov, hakimlər – C.Quliyev, M.Sadıqov).
7. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir (sədrlik edən – F.Hüseynov, hakimlər – C.Quliyev, M.Sadıqov).
8. İddiaçı dövlət hesabına vəkillə təmin olunma barədə ərizəyə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından kassasiya şikayəti verərək ərizənin təmin edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı faktiki olaraq işləmək və gəlir əldə etmək imkanından məhrumdur. 1955-ci il təvəllüdlü olduğundan əmək fəaliyyətini davam etdirmək imkanı məhduddur. Eyni zamanda, rəsmi dövlət informasiya sistemindən alınmış arayışlarla təsdiq olunur ki, onun qüvvədə olan əmək müqaviləsi yoxdur, hazırda rəsmi iş yeri və əmək gəliri mövcud deyil, məşğulluq statusu isə aktiv deyildir. Bu hallar onun faktiki olaraq gəlir mənbəyinin olmaması və vəkil xidmətlərini ödəmək imkanının olmadığını göstərir. Lakin apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş faktiki vəziyyəti tam və obyektiv araşdırmadan ərizənin təmin edilməsindən imtina etmişdir. Bu isə hüquqi yardım almaq hüququnun həyata keçirilməsini faktiki olaraq məhdudlaşdırmışdır. Halbuki baxılan inzibati mübahisə sosial təminat – güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır və belə işlərdə hüquqi yardımın təmin olunması xüsusi əhəmiyyət kəsb edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
19. Azərbaycan Respublikası MPM-in 67-1.2-ci maddəsinin təhlili onu deməyə əsas verir ki, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər (eləcə də, İPM-in 1.2-ci maddəsinə əsasən inzibati işlər) üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir.
20. Həmin Məcəllənin 67-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.
21. Hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın təmin olunmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan hazırkı iddia tələbi mümkün sayılmamalıdır.
22. Habelə apellyasiya instansiya məhkəməsinin qərardadından görünür ki, “apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 1 il 1 aydan çox müddət keçdikdən sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür”.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçıya münasibətdə MPM-in 67-1.4-cü maddəsinin iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğuna dair dispozisiya şərti ödənilmir.
24. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkil qanunvericiliklə müəyyən olunmuş müəyyən şərtlər daxilində təyin oluna bilər. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə verən şəxs həmin şərtlərin ona münasibətdə mövcud olduğunu əsaslandırmalıdır. Həmin şərtlərin yoxlanılması zamanı məhkəmələr tərəfindən həmçinin proses iştirakçısının əsassız şikayət verib-vermədiyi, şikayət vermə hüququndan suiistifadə edib-etmədiyi də araşdırılmalıdır. Aşkar surətdə əsassız kassasiya şikayəti verən, xüsusilə də hüququndan sui-istifadə edən proses iştirakçısına dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi, bir tərəfdən, şəxsin hüquqi müdafiəsinin dövlət hesabına təmin olunması məqsədləri ilə uzlaşmır, digər tərəfdən isə, dövlət vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan şəkildə xərclənməsinə, eləcə də iş üzrə məhkəmə icraatının əsassız uzanmasına səbəb olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı və ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı).
25. Odur ki, məhkəmə kollegiyası iddiaçının ərizəsinin təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır.
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.