Məhkəmə qərarları › İş №2-1(102)-1176/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1176/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanı barədə şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxs Əhmədov Naib Ramiz oğlu) qarşı “Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-3057/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 120 kv.m. olan hissə İddiaçı2 tərəfindən icarəyə götürülmüşdür.

2. Bakı şəhəri X3 Departamenti tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanında yerləşən “Barduck” kafe təsərrüfat subyekti kimi xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

3. Hüquqların ötürülməsi haqqında İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda istifadə olunan və İddiaçı2 məxsus “Bardu ck” təsviri əmtəə nişanına hüquqlar əvəzsiz olaraq İddiaçı1 ötürülmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən müqavilə üzrə əmtəə nişanından istifadə hüququ və ondan irəli gələn bütün hüquqlar da Hüquqları alana (İddiaçı1) ötürülmüşdür. 4. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 185 kv.m olan hissə İddiaçı1 tərəfindən icarəyə götürülmüşdür.

5. İddiaçı1 xx.xx.2021-ci il tarixdə (iddia sənədinin nömrəsi 2021 01410 və 2021 01411) sözdən ibarət “Barduck” və “Barduck” təsviri əmtəə nişanının 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Patent və Əmtəə Nişanlarının ekspertizası Mər kəzi”nə müraciət etmişdir. 6. “BARDUK” təsviri əmtəə nişanı 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına 2021 1266 nömrə ilə qeydiyyata alınmışdır (iddia sənədinin nömrəsi 2021 01285; ilkinlik tarixi: xx.xx.2021). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı1 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Əhmədov Naib Ramiz oğlunun adına verilmiş BARDUCK əmtəə nişanı şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı1 tələbini onunla əsaslandırılmışdır ki, BARDUCK söz və qrafikadan ibarət əmtəə nişanı kimi ona məxsusdur. O həmin adla ünva n 3 ünvanda restoran fəaliyyəti ilə məşğuldur. Ümumiyyətlə həmin obyekt BARDUCK adı altında 2017-ci ildən fəaliyyət göstərir. Bu ilin aprel ayından isə obyekti Əhmədov Naib Ramiz oğlu işlədir. BARDUCK adlı əmtəə nişanının qeydiyyatı üçün cavabdehə müraciət edib. Əhmədov Naib Ramiz oğlu adlı şəxs onun obyekti üçün müəyyən işlər görmüşdür. Sonradan qeyd olunan şəxs BARDUCK adını mənimsəyərək qeydiyyatı üçün cavabdeh Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Agentlik isə onun adına şəhadətnamə vermişdir. Həmin şəhadətnamənin verilməsinin əsasları və şəhadətnamənin ləğvi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda ləğv məsələsinə münasibət bildirməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası tərəfindən müvafiq qərar qəbul edilməsi üçün 3 ay müddət təyin edilmişdir.

10. Sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən bildirilmişdir ki, hazırkı inzibati iş üzrə İddiaçı1 “BARDUCK” əmtəə nişanının Əhmədov Naib Ramiz oğlunun adına qeydiyyatının və ona verilmiş şəhadətnamənin ləğv edilməsi (etibarsız hesab edilməsi)" barədə etirazı 2021-ci il 30 avqust tarixində daxil olmuşdur. X2 mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasında baxılması üçün 2021-ci il 12 oktyabr tarixində saat 12:15-ə iclas təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmişdir.

11. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafi zəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə Əhmədov Naib Ramiz oğluna məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 (ərizəçinin) nümayəndəsi Vəkil1 tərəfindən Apellyasiya şurasına verilmiş ərizə təmin olunmamışdır.

12. Qərar onunla əsaslandırılmışdır ki, Apellyasiya şurası təqdim edilən sənədlərə hüquqi qiymət verərək bildirir ki, həmin sənədlər İddiaçı1 tərəfindən əmtəə nişanının ilkinlik tarixindən əvvəl (xx.xx.2021) Azərbaycan Respublikası ərazisində faktiki istifadə edilməsi hallarını sübuta yetirmir və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinadən əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, qeyd edilən maddənin tələbinə və təqdim edilən sübutlara əsasən, nişanın digər nişanın ilkinlik tarixindən öncə istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması (tanınması) konkret faktiki istifadəni təsdiq edən və bu nəticəyə gəlməyə imkan verən etibarlı sübutlar əsasında müəyyən edilməlidir. Apellyasiya şurasının araşdırması zamanı müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən “Barduck” adlı təsərrüfat subyekti (obyekti) 2017-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına qədər fiziki şəxs İddiaçı2 istifadəsində olmuşdur. Qeyd edilən hal həm ərizəçi, həm də cavabdeh tərəfindən öz təsdiqini tapmış və onlar tərəfindən mübahisələndirilməmişdir. Şura əmtəə nişanının ilkin istifadə edilməsi halının müəyyən edilməs i ilə bağlı qeyd edir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəlki müddətlərdə istifadə edilməsi, həmin əmtəə nişanı adı altında istifadə edilən təsərrüfat subyektinin (obyektinin) hesabat sənədləri (kassa qəbzləri, qaimələr, hesab fakturalar, təhvil-təslim aktları və s), təsərrüfat subyektinin fəaliyyətinin təmin edilməsi üçün zəruri olan rəsmi və digər sənədlər (əmr, vergi hesabatı, müqavilələr və s), aparılmış bazar araşdırması, istehsalçılar və istehlakçılar arasında rəy sorğusu və s. kimi istifadə faktını təsdiq edən aidiyyəti sübutlarla müəyyən edilə bilər.

13. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək Apellyasiya şurasının qərarında göstərilən əsaslara uyğun olaraq iddia təmin edilməməli olduğu bildirilmişdir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəl (xx.xx.20 21) Azərbaycan Respublikası ərazisində İddiaçı1 tərəfindən faktiki istifadə edilməsini sübut edən və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinadən əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olan sübutlar mövcud deyildir.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 və Əhmədov Naib Ramiz oğlu hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

15. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs İddiaçı2 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, BARDUCK əmtəə nişanını bazarda ilk dəfə o yaratmışdır və kommersiya həyatına ilk dəfə onun adı ilə başlamışdır. Həmin əmtəə nişanı ilə əlaqədar dövlət və q eyri-dövlət təşkilatları ilə müqavilələr bağlamışdır. Mübahisələndirilən əmtəə nişanı şəhadətnaməsinin ləğv edilməsi üçün xx.xx.2022-cil tarixdə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz göndərmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı2 iş üzrə birgə iddiaçı qismində nəzərə alınmasını xahiş etmişdir.

16. İddiaçı2 ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əhmədov Naib Ramiz oğlu) qarşı “əmtəə nişanına dair şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına İddiaçı2 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməklə birgə iddiaçı qismində nəzərə alınmışdır.

17. Hacıyev X1 Na ib Ramiz oğluna məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanına qarşı etirazla Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət etmişdir.

18. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə Əhmədov Naib Ramiz oğluna məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı2 tərəfindən Apellyasiya şurasına verilmiş ərizə təmin olunmamışdır.

19. Qərar onunla əsaslandırılmışdır ki, əmtəə nişanı sahibkarın göstərdiyi xidmətlər üzrə öz əmtəələrinin və ya xidmətlərinin digər sahibkarın əmtəələrində n və ya xidmətlərindən fərqləndirilməsi və tanınması məqsədini daşıyır. Əmtəə nişanından istifadə hüququ sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. Əmtəə nişanından istifadə birbaşa olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmaqla, kommersial məqsədlər və gözləntilərə istiqamətlənir. Buna misal olaraq, bazarda istehlakçılar tərəfindən tanınma, daha böyük bazarlara çıxış əldə etmək, müəyyən istehlakçı və ya müştəri bazası formalaşdırmaq və.s-ni göstərmək olar. İşin faktiki halları və iddiaçının (ərizəçinin) nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, İddiaçı2 2021-ci ildən hal-hazırki dövrədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və müvafiq olaraq “Barduck” adlı əmtəə nişanından istifadə etmir. Apellyasiya şurası hesab edir ki, iddiaçının (ərizəçinin) subyektiv hüququnun mövcudluğunun əsaslarından biri əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığı və şəxsin tələbinin təmin ediləcəyi təqdirdə güddüyü məqsədlə müəyyən edilməlidir. Lakin iddiaçı (ərizəçi) əmtəə nişanının ilkin istifadəsinin ona məxsus olduğuna görə qeydiyyatın ləğvini tələb etsə də, subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçının (ərizəçinin) hüquqi gözləntisi sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə sıx bağlıdır. Çünki, əmtəə nişanın məqsədi sahibkarlıq subyektlərinin əmtəə və ya xidmətlərinin bazarda fərqləndirilməsidir. İddiaçı (ərizəçi) hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, onun yaxın gələcəkdə belə fəaliyyətlə məşğul olmasını sübuta yetirən dəlillər təqdim edilməmişdir, bu da iddiaçının (ərizəçinin) subyektiv hüququnun mövcudluğunu istisna edir. İddiaçının (ərizəçinin) nümayəndəsi qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı1 arasında “Barduck” əmtəə nişanı üzrə hüquqların ötürülməsi haqqında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə iddiaçının (ərizəçinin) əmtəə nişanının qeydiyyatının ləğv edilməsində subyektiv hüququnun olmasını təsdiq edir. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə yalnız qeydə alındıqdan və onlar barədə məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra müqavilə tərəfləri onun əsasında hər hansı tələblə çıxış etmək, hər hansı hərəkətin həyata keçirilməsini tələb etmək də subyektiv hüquqa malikdir. Həmçinin Qaydalarda əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə Müqavilənin konkret forması müəyyən edilmiş və 4 nömrəli əlavədə göstərilmişdir. Belə ki, ərizəçinin nümayəndəsi tərəfindən təqdim edilmiş müqavilə Qaydalarda nəzərdə tutulmuş formaya uyğun şəkildə tərtib edilməmiş, müqavilənin qeydə alınması barədə Qanun və Qaydaların tələblərinə riayət edilib-edilməməsi barədə sübutlar Şuraya təqdim edilməmişdir. Göstərilən hallar ərizəçinin əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığına dair subyektiv hüququnun yaranması barədə müqavilənin mötəbərliliyini istisna edir. Apellyasiya şurası qeyd edir ki, iddiaçı (ərizəçi) əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarını pozub- pozmadığını, hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığını, şəxsin tələbinin təmin ediləcəyi təqdirdə güddüyü məqsədi, tələb və etirazının in andırıcı olduğunu əsaslandıran dəlilləri Şuraya təqdim etməmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2022 nömrəli, 4 iyul 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanının (ilkinlik tarixi xx.xx.2021) 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə Əhmədov Naib Ramiz oğlunun adına qeydiyyatı etibarsız hesab edilmiş və qeydiyyatına xitam verilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Barduck” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən aparılmış rəy sorğusunun nəticələrinə əsasən, respondentlər “Barduck” restoranı haqqında təxminən 2018-ci ildən məluma t alıblar. Qeyd edilən rəyə əsasən, sorğu ünvan 5 ünvanda yerləşən “BARDUCK” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Sorğu 15-31 yanvar 2022-ci tarix aralığında aparılıb. Sorğu tərəflərin birgə razılaşdırıldığı suallar əsasında aparılıb. Sorğuda 713 respondent iştirak edib. Sorğu canlı müsahibə və sosial medianın üzərindən anonim şəkildə aparılıb. Proses iştirakçıları qeyd edilən rəy sorğusunun həqiqiliyini, etibarlılığını hər hansı şəkildə mübahisələndirməmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinin ikinci abzasına əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzr ə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Həmin Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmtəə nişanı məhz (ünvan 6 ünvan ında 2017-2018-ci illərdə ilkin olaraq İddiaçı2 tərəfindən istifadə edilmişdir. Qeyd edilən hal işin mübahisəsiz halıdır və iş materiallarında olan sənədlərlə sübut olunur. Mübahisəli məqam nişanın tərtibatı (müəllifliyi) və bundan doğan hüquqların həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, əmtəə nişanının müəllifi və onun sahibi eyni və ya fərqli şəxslərin ola bilməsi (məsələn, ikinci halda işçi və ya müvafiq sifariş əsasında nişanın tərtibatı) mümkündür. Əmtəə nişanın sahibliyinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən məsələ onun məhz istifadə olunmasıdır. Qanunun norması qeyd edilən halda məhz həmin nişanın istifadəsi ilə və istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması ilə şərtləşdirilmişdir. Beləliklə, məhkəmə müəyyən edir ki, 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə Əhmədov Naib Ramiz oğlunun adına 2021 1266 nömrə ilə qeydiyyata alınmış Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) Azərbaycan Respublikasında eyni xidmətlər (kafe və restoran fəaliyyəti) üzrə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunmuşdur. Həmin nişan istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə (müvafiq rəy sorğusuna əsasən) malik olmuşdur. İşin hallarına əsasən müəyyən olunur ki, Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) 2017-ci ildən ünvan 6 obyektdə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunması zəruri cəlbetmə qaydasında üçüncü şəxs Əhmədov Naib Ramiz oğluna məlum idi.

22. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddiaya Barduck təsviri əmtəə nişanının üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına qeydiyyata alınmasına dair xx.xx.2021ci il tarixli 21 nömrəli protokolla təsdiqlənmiş qərarın ləğvi kimi deyil, sahəvi Qanunun 29 və 31-ci maddələrinin məqsədləri baxımından məhz qeydiyyatın etibarsızlığı kimi qiymət verilməlidir.

23. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Üçüncü şəxs Əhmədov Naib Ramiz oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3057/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Üçüncü şəxs Əhmədov Naib Ramiz oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qər arda ilkin istifadə hüququna dair yalnız iki hal əsas götürülmüş, birinci hal olaraq hüquqların, o cümlədən “ilkin istifadə hüququnun" ötürülməsinə əsas və onu təsdiq edən sübut kimi 2021-ci il 31 mart tarixli müqavilə və həmin müqaviləyə 2022-ci il 07 iyun tarixli əlavə göstərilmiş, ikinci hal olaraq isə "xxxx" MMC tərəfindən aparılmış “Barduck” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair rəy sorğusunun nəticələri”nə əsasən həmin nişanın istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması qeyd edilmişdir.

30. Birinci hala münasibətdə qeyd edirik ki, əmtəə nişanına dair hüquqların ötürülməsi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunla tənzimlənir. Qanunun 28-ci maddəsinə əsasən “əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə” Agentlikdə qeydə alınmalıdır. Bu barədə məlumatlar Agentliyin “Sənaye Mülkiyyəti” rəsmi bülletenində “dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur”. Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə bu cür normanın müəyyən edilməsi ilə belə qaydanın tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühü m vasitədir. Həmin müqavilələrdən görünür ki, müqavilələr birgə iddiaçıların öz aralarında imzalanmış, müqavilənin qeydə alınması barədə Qanunun tələblərinə riayət edilməmişdir.

31. Qanuna əsasən, hüquqların ötürülməsinə dair müqavilə qeydiyyata alınmış əmtəə nişanları barədə, həmçinin əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə aid edilə bilər. Çünki əmtəə nişanına dair hüquqlar (ilkin istifadə hüququ istisna olmaqla) nişan qeydiyyata alındıqdan sonra yaranır. Belə müqavilənin predmeti əmtəə nişanının qeydə alınması üçün təqdim edilmiş iddia sənədi olduqda isə həmin İddia sənədi üzrə şəxsin iddiaçı kimi malik olduğu hüquqlar ötürülür. Əmtəə nişanının qeydiyyata alınmasına dair qərar isə ekspertizanın nəticəsindən asılı olur. Ona görə də, İddiaçı2 həmin müqaviləni imza layarkən “Barduck" adlı əmtəə nişanına dair hüquqları olmadığından o, hüquqların ötürülməsinə dair müqavilə bağlaya bilməzdi. Məhkəmə iddia tələbinin əsasını təşkil edən faktları tam, hərtərəfli araşdırmamışdır.

32. İkinci hala münasibətdə isə qeyd edirik ki, "xxxx"nin əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair rəy sorğusunu keçirmək səlahiyyətlərinə malik olub-olmaması, rəy sorğusunun aparılması üsulu, sorğunun aparıldığı şəxslərin dairəsi, sorğunu keçirən təşkilat və digər bu kimi hallar məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməli idi. Məhkəmə isə bunları nəzərə almamış, həmçinin "xxxx" MMC tərəfindən aparılmış “Barduck” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymət ləndirilməsinə dair rəy sorğusunun nəticələri” məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və həmin rəy sorğusuna əsasən nişanın istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olduğu qeyd edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 19 aprel tarixli Qərarına əsasən, "Məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiym ətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayəti iyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81- ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qəra r qəbul etməyə İmkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır”. 33. “Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018- ci il 11 iyun tarixli Qərarına əsasən, “məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfi ndən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. ”

34. Konstitusiya məhkəməsinin göstərilən qərarlarında qeyd olunanlara zidd, prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 29 noyabr tarixli 2-1 (103)-3057/2022 nömrəli qərarı ləğv edilməlidir. Bildiririk ki, Məhkəmənin maddi və prosessual hüquq normalarını bu şəkildə tətbiq etməsi gələcəkdə mülki dövriyyə iştirakçıları arasında olan münasibətlərdə stabilliyin pozulması və hüquqi inamın zəifləməsi ilə nəticə lənə bilər.

35. Üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, qeyd olunan hal üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Qərarda hüquqların, o cümlədən "ilkin istifadə hüququnun" ötürülməsinə əsas və onu təsdiq edən sübut kimi 2021-ci il 31 mart tarixli müqavilə və həmin müqaviləyə 2022-ci il 07 iyun tarixli əlavə göstərilmişdir. Əvvəla qeyd etmək istəyirlər ki, əmtəə nişanına dair hüquqların ötürülməsi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunla tənzimlənir. Qanunun 28-ci maddəsinə əsasən "əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq/ əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə Agentlikdə qeydə alınmalıdır. Bu barədə məlumatlar Agentliyin "Sənaye Mülkiyyəti" rəsmi bülletenində "dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə bu cür normanın müəyyən edilməsi ilə belə qaydanın tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Həmin müqavilələrdən görünür ki, müqavilələr birgə iddiaçıların öz aralarında imzalanmışdır. Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış, rəsmi bülletendə dərc olunmamışdır. Buna görə də, müqavilə qanunvericiliyin tələblərinə əməl olunmadan bağlanılmışdır.

36. İddiaçı2 3-cü şəxs qismində cəlb edildiyi məhkəmə iclasında müqavilənin imzalanması ilə bağlı ona suallar ünvanlanmış, sualları cavablandırarkən İddiaçı2 bildirmişdir ki, "BARDUCK" adlı kafe, restoranı alan İddiaçı1 tərəfindən 2021-ci il 31 mart tarixində bir çox sənədlər ona imzalatdırılmışdır. Həmin müqavilə də onlardan biridir və müqavilənin məzmunu, yarada biləcəyi hüquqi nəticələri barədə dəqiq məlumata malik deyil. Bütün bunlar isə, 2021-ci il 31 mart tarixli müqavilənin mötəbərliyini şübhə altına alır. Qanuna əsasən, hüquqların ötürülməsinə dair müqavilə qeydiyyata alınmış əmtəə nişanları barədə, h əmçinin əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə aid edilə bilər. Çünki əmtəə nişanına dair hüquqlar (ilkin istifadə hüququ istisna olmaqla) nişan qeydiyyata alındıqdan sonra yaranır. Belə müqavilənin predmeti əmtəə nişanının qeydə alınması üçün təqdim edilmiş iddia sənədi olduqda isə həmin iddia sənədi üzrə şəxsin iddiaçı kimi malik olduğu hüquqlar ötürülür. Əmtəə nişanının qeydiyyata alınmasına dair qərar isə ekspertizanın nəticəsindən asılı olur. Ona görə də, İddiaçı2 həmin müqaviləni imzalayarkən "Barduck" adlı əmtəə nişanına dair hüquqları olmadığından o, hüquqların ötürülməsinə dair müqavilə bağlaya bilməzdi. Məhkəmə iddia tələbinin əsasını təşkil edən faktları tam, hərtərəfli araşdırmamışdır.

37. Təqdim edilən müqavilə mötəbər hesab edilə bilməz. Ona görə ki, müqavilə mövcud olmayan (qeydiyyata alınmayan) əmtəə nişanına dair hüquqların ötürülməsi barədədir. Qeydiyyata alınmayan əmtəə nişanına dair hüquqların necə yarana bilər? Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, müqavilənin bağlanması forması və qaydası Qanunla dəqiq müəyyən olunmuş, həmin növ münasibətlərdə belə müqavilələrin predmetinin (yəni, qeydiyyata alınmış əmtəə nişanı və ya əmtəə nişanına dair iddia sənədi) nə olacağı dəqiq göstərilmişdir. Tərəflərindən bu xüsusatlar, müqavilənin mötəbərliyini mübahisələndirilən faktlar və normalar məhkəmədə bildirilsə də, məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə tərəfindən əhəmiyyətsiz əqd mötəbər sübut kimi qiymətləndirilmişdir.

38. Qanunvericilikdə bu kimi məsələləri tənzimləyən normaların mövcudluğu mülki dövriyyənin sabitliyinin təm in edilməsi, üçüncü şəxslərin hüquq, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsidir. Qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, mötəbər olmayan və həqiqiliyi şübhə doğuran müqavilə əsas götürülərək üçüncü şəxsin hüquqları və qanuni mənafeləri nəzərə alınmayaraq maddi hüquqlarının pozuntusuna yol verməklə qərar qəbul edilmişdir. Qərardan da göründüyü kimi, "xxxx" MMC tərəfindən aparılmış "Barduck" restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair rəy sorğusunun nəticələri" məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və qeyd edilmişdir ki, "proses iştirakçıları qeyd edilən rəy sorğusunun həqiqiliyini, etibarlılığını hər hansı şəkildə mübahisələndirməmişlər". Qeyd olunan məhkəmənin bu fikri ilə raz ılaşmayaraq bildirilir ki, məhkəmə iclasında buna dair etirazlarını bildirmişlər. Belə ki, rəy sorğusunun aparılması üsulu, sorğunun aparıldığı şəxslərin dairəsi, sorğunu keçirən təşkilat və digər bu kimi hallar nəzərə alınaraq rəy sorğusunun nəticələri ümumiləşdirilməli və dəlilə hüquqi qiymət verilməli idi. Məhkəmə isə bunları nəzərə almamışdır. Məhkəmənin maddi və prosessual hüquq normalarını bu şəkildə tətbiq etməsi gələcəkdə mülki dövriyyə iştirakçıları arasında olan münasibətlərdə stabilliyin pozulması və hüquqi inamın zəifləməsi ilə nəticələnə bilər.

39. Göründüyü kimi məhkəmə bu iş üçün əhəmiyyətli olan bütün halları araşdırmadan, cavabdehin və üçüncü şəxsin mövqeyini öyrənmədən, sübutlara öz mülahizəsinə uyğun olaraq düzgün qiymət vermədən iddianı təmin etmişdir.

40. Şikayətin h üquqi cəhətdən əsaslandırılması üçün İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 42. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanun: Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;... Maddə

26. Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığı lması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır.... Maddə

28. Əmtəə nişanına dair hüquqların verilməsi Əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquq ların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır.... Maddə

29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddən in tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər.... Maddə

31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən d üşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə....

43. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayətləri vaxtında verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yal nız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

50. Hazırkı işdə iddiaçıların hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına verilmiş BARDUCK əmtəə ni şanı şəhadətnaməsinin ləğv edilməsi ilə bağlıdır.

51. Apellyasiya məhkəməsi tərəfindən işin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, Barduck təsviri əmtəə nişanı 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına 2021 1266 nömrə ilə qeydiyyata alınmışdır. Lakin əmtəə nişanı üçüncü şəxsin adına cavabdeh orqanda qeydə alınana qədər xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 120 kv.m olan hissə İddiaçı2 tərəfindən icarəyə götürülmüş, həmin ünvanda Barduck adı altında restoran kimi ən geci 2018-ci ildən fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sa həsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 185 kv.m. olan hissə İddiaçı1 tərəfindən icarəyə götürülmüşdür. Hüquqların ötürülməsi haqqında İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda istifadə olunan və İddiaçı2 məxsus “Barduck” təsviri əmtəə nişanına hüquqlar əvəzsiz olaraq İddiaçı1 ötürülmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən müqavilə üzrə əmtəə nişanından istifadə hüququ və ondan irəli gələn bütün hüquqlar da Hüquqları alana (İddiaçı1) ötürülmüşdür.

52. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən əmtəə təsərrüfat subyekti kimi məhz (ünvan 6 ünvanında 2018-ci ildə ilkin olaraq İddiaçı2 tərəfindən istifadə edilmişdir. 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətlə ri üzrə üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına 2021 1266 nömrə ilə qeydiyyata alınmış Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) Azərbaycan Respublikasında eyni xidmətlər (kafe və restoran fəaliyyəti) üzrə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunmuşdur. Həmin nişan istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə (işin hallarında qeyd edilən müvafiq rəy sorğusuna əsasən) malik olmuşdur. 53. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin ç) bəndinə əsasən əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları əmtəə nişanını qeydə almaqdan imtina edilməsi üçün əsasdır.

54. Məhkəmə kollegiyası vurğulayır ki, “Barduk” adı üçüncü şəxsin adına əmtəə nişanı kimi qeydə alınana qədər İddiaçı2 adına təsərrüfat subyekti (firma adı) kimi qeydə alındığından və iddiaçılar həmin adla xidmətlər göstərdiyindən, nəticədə müvafiq rəy sorğusuna görə həmin adla əmtəə istehlakçılar və istehsalçılar arasında tanındığından “BARDUK” adı əmtəə nişanı kimi üçüncü şəxsin adına qe ydə alına bilməzdi.

55. İddiaçılar tərəfindən “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 28ci maddəsinin tələbinə əməl olunmaması barədə şikayətlərin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin norma hazırkı mübahisəyə tətbiq oluna bilməz. Belə ki, iddiaçılardan biri firma adından istifadə hüququnu digərinə ötürmüşdür və istinad olunan Qanunda belə ötürmənin cavabdeh orqanda qeydə alınması haqqında hər hansı tələb mövcud deyildir. Həmin maddədə əmtəə nişanının sahibinin əmtəə nişanından istifadə hüququnun, yaxud əmtəə nişanına dair hüququn başqa şəxsə verilməsindən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınmasından bəhs olunur. Qanunun normasına əsasən, əmtəə nişanın verilməsinə dair müqavilənin qeydiyyatı və onların barəsində məluma tlar rəsmi bülletendə dərci verilmənin legitimliyinin (etibarlılığının) tanınması üçün deyil, başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunması məqsədi ilə həyata keçirilir. Digər tərəfdən əmtəə nişanına dair ilkin istifadə hüquqları özlüyündə əmtəə nişanının qeydiyyatından öncəki hüquqları nəzərdə tutur və həmin hüquqların ötürülməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və istifadə mövcud deyildir. Əksinə, məhz əmtəə nişanından ilkin istifadə faktına əsaslanmaqla qanunverici əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırıla caq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmasının mümkünsüzlüyünü və həmin hal olduğu təqdirdə qeydiyyatın etibarsız hesab edilməsini nəzərdə tutmuşdur 56. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.

57. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçıların ərizəsi əsası nda əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olduğundan, iddiaçılar əmtəə nişanının üçüncü şəxs Əhmədov Naib Ramiz oğlunun adına qeydiyyatını mübahisələndirməkdə haqlı olmuşlar.

58. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3057/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar