Məhkəmə qərarları › İş №2-1(102)-1587/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1587/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1587/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarix li, 2-1(103)1841/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006cı il tarixdən fərdi hesabındakı sığorta hissəsində qeydə alınmış kapitalı nəzərə almaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-2926/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2-1(103)-2594/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli, 2-1(102)- 747/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-2926/2021 nömrəli qərarı qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir.

6. Cavabdeh məhkəməyə qərarın icra edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixl i 2- 1(112)2926/2021 nömrəli qərarının icrası tam başa çatdırılmışdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 9 noyabr 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 fevral 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası 1527,50 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta his səsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-1284,20 manat. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılar aq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən "gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığort a və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Əlavə olaraq İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 87276,93 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olun anları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarının verildiyi tarixdə 87276,93 manat pensiya sığorta kapitalı "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 95 (87276,93:95 (65 il-63 il 1 ay=23 ay+(144 ay-72 ay)=918,70 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 1162,00 (243,30+918,70) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1284,20 manat) həmin artım qədər (918,70 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hiss əsi 1162,00 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 365,50 (1284,20-918,70) manat təşkil edir. Əlavə olaraq 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 152,75 manat məbləğində maddi yardım ödənilir.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilmədiyini bildirmişdir.

8. Ərizədə qeyd edilmişdir ki, bu günə kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)2926/2021 saylı xx.xx.2021-cü il tarixli qərarı icra olunmamışdır. Cavabdehin məktubunda qeyd edilənlər həqiqətə uyğun deyil, məktub sadəcə formal olaraq t ərtib edilib məhkəməyə göndərilmiş, əmək pensiyasına heç bir əlavələr edilməmişdir və məhkəmənin qərarı bu günə kimi icra olunmamışdır.

9. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(112)-2926/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2926/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərarına qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun izah verilmiş və iddiaçının pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği a zaldılmamaqla yenidən hesablanması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. Cavabdeh Orqanın isə Qanunun 29.2-ci maddəsinə (indeksləşdirməyə) istinad edərək pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğini azaltması baxılan işin mahiyyətinə ziddir

12. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edi lməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(103)-1841/2023 nömrəli qərardadı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti xx.xx.2022-ci il t arixli məhkəmə qərarının icrası haqqında məktuba uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(103)-1841/2023 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Prosessual Məcəllə: Maddə

230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı ç ıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxla ya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixdən fərdi hesabındakı sığorta hissəsində qeydə alınmış kapitalı nəzərə almaqla yenidən hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən həmin qərar dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən qərar icra olunması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icrası haqqında məktub ünvanlayaraq qərarın icra edilməsini bildirmişdir.

28. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarın icra edilməməsini bildirmiş, xx.xx.2023-cü il tarixdə isə ər izə təqdim edərək birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.

29. Ərizəyə baxan məhkəmə tərəfindən müəyyən edilmişdi ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır.

30. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 31. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;...

32. Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları...

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş i şçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları...

34. Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.

35. Beləliklə iş üzrə materiallardan müəyyən edilir ki, idd iaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır.

36. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, yuxarıda göstərilən normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır.

37. Belə olan halda, iddiaçı Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenid ən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 2-1(103)-1841/2023 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsa sən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli, 21(103)-1841/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar