Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2025/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; kameral vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(105)139/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixdə göndərilmiş məktubdan müəyyən edilmişdir ki, vergi orqanı həmin məktubda iddiaçı tərəfindən 2018-2019-cu illərdə dəyəri 14.883.046,8 manat (ƏDV daxil olmaqla) təşkil edən mal idxal edilməsinə baxmayaraq, həmin dövrlərə görə vergi orqanına təqdim edilmiş bəyannamələrdə mal dövriyyəsinin 13.769.787,43 manat (ƏDV daxil olmaqla) məbləğində göstərildiyini, eyni zamanda iddiaçinin təsərrüfat subyektində müşahidəbaxış keçirilərkən mal qalığının aşkar edilmədiyini bildirərək, yaranmış kənarlaşma nəticəsində 169.819.23 manat ƏDV hesablanmasının nəzərdə tutulmuşdur.
2. Cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2019cu ilin noyabr ayı üzrə 72.936,77 manat əlavə dəyər vergisi hesablanmışdır.
3. Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 9/5367 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanının xx.xx.2020-ci il tarixli, **********124400 saylı qərarı ilə iddiaçıya hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən edilməmiş, 2019cu ilin noyabr ayı üzrə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan verginin məbləğində kənarlaşma olmamışdır.
4. Təkrar məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2021-ci il tarixli, 9/4013 nömrəli rəyindən müəyyən edilmişdir ki, ekspert tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı sənədlər (yük gömrük bəyannamələri, kassa mədaxil orderləri, elektron qaimələr, şəxsi hesab vərəqəsi və s.) tədqiq edilmiş, həmin sənədlər də nəzərə alınmaqla hesablama aparıldıqda müəssisənin təqdim etdiyi hesabatlarda kənarlaşma müəyyən olunmamış, yəni dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə kənarlaşmanın olmasını müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 7 fevral 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 24 sentyabr 2018-ci il tarixdə təsis edilmiş, həmin tarixli kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş və üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı-vaxtında vergi orqanında bəyan etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 72.936.24 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi məbləği isə - 2.313.47 manat azalma təşkil etmişdir. Hesab edilməlidir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən 2018-2019-cu illərdə dəyəri 14.883.046,8 manat (ƏDV daxil olmaqla) təşkil edən mal idxal edilməsinə baxmayaraq, həmin dövrlərə görə vergi orqanına təqdim edilmiş bəyannamələrdə mal dövriyyəsi 13.769.787,43 manat (ƏDV daxil olmaqla) məbləğində göstərilmiş və nəticədə 1.113.259,37 manat (ƏDV daxil olmaqla) məbləğində hesabatda fərq (uyğunsuzluq) yaranmışdır. İddiaçinin təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığı aşkar edilməmiş və həmin fakt akt tərtib edilməklə təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqla əlaqədar olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-ci il tarixli məktub göndərilərək 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilsə də qeyd olunan müddət ərzində vergi orqanına yazılı izahat və zəruri olan sənədlər (məlumatlar) təqdim edilməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2019-ci il tarixli uyğunsuzluq məktubunda tələb olunan s ənədlər vergi orqanına təqdim edilmədiyindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********124400 nömrəli qərara əsasən 2019-cu ilin noyabr ayı üzrə hesabat dövrünə görə 72.936,24 manat məbləğində kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmış və həmin qərar xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir
8. Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli, 2-1(118)-102/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli, **********124400 saylı qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. İddiaçıya vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanmasının düzgün olmaması məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının xx.xx.2021ci il tarixli, 9/4013 saylı rəyi ilə də müəyyən olunmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(105)-139/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X5) ilə Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - cavabdeh inzibati orqan, iddiaçı tərəfindən 2018-2019-cu illərdə 14.883.046,8 manat (ƏDV daxil olmaqla) məbləğində mal idxal edildiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Həm ekspert rəyi ilə, həm də məhkəmə kollegiyası tərəfindən digər sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı 2018-2019-cu illərdə ƏDV daxil 14.298.200.73 manat məbləğində mal idxal etmiş və ƏDV daxil 14.413.950,63 manat məbləğində dövriyyəsi olmuşdur. Başqa sözlə, idxal edilən bütün mallar satılmış və vergi orqanına vaxtında bəyan edilmişdir. Bununla da, 2019-cu ilin noyabr ayı üzrə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli olan verginin məbləğində kənarlaşma olmamışdır. Həmçinin qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (inv oys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır. - Həmçinin iddiaçının təsərrüfat subyektində müşahidə-baxış keçirilərkən mal qalığının aşkar edilmədiyinə dair cavabdehin dəlilinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, əvvəla məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-2019cu illərdə iddiaçı idxal etdiyi malların hamısını satmışdır və bu səbəbdən baxış zamanı mal qalığı aşkar edilməmişdir. Digər tərəfdən, vergi orqanı tərəfindən qanunvericili yin tələbləri pozulmaqla, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmədən və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı yerə baxış keçirilmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq tətbiq edilməli olmayan ²Gömrük tarif i haqqında² Qanunun 1.1.5, 3.5, 4.1 və 12.1-ci maddələri, Vergi Məcəlləsinin 139-cu maddəsini iş üzrə tətbiq etmiş, lakin tətbiq edilməli olan Vergi Məcəlləsinin 143 və 162-ci maddələrini isə tətbiq etməmişdir. Normaların məzmunundan göründüyü kimi, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən ibarətdir. Məhkəmə yanlışlığa yol verərək gömrük qanunvericiliyinin mövcud mübahisənin həll edilməsini müəyyən edən müddəalarına da tam istinad etməmiş, yalnız işin birtərəfli yanlış həllinə rəvac verən müddəaları tətbiq etmişdir. Belə ki, Gömrük Məcəlləsinin 242.1-ci maddəsində qeyd edilmişdir ki, əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Qa nuna uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Lakin məhkəmə bu müddəanı görməzdən gəlmiş, əlavə dəyər vergisinin idxal edilmiş malların invoys dəyərinə əsasən hesablanmalı olduğunu əsaslandırmağa çalışmışdır.
15. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5367 saylı və xx.xx.2021-ci il tarixli, 9/4013 saylı ekspert rəyləri ilə vergilərin düzgün hesablanmaması müəyyən edilmişdir ki, halbuki tərtib edilmiş rəylərdə ekspert öz vəzifə öhdəliklərinə zidd olaraq qarşısına qoyulmuş suala cavab verilməsi və müvafiq vergi məbləğinin müəyyənləşdirilməsi üzrə tədqiqat aparmaq əvəzinə qanunvericiliyin maddələrini sadalamaqla kifayətlənmiş, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə istinad edərək vergi orqanının hüquqlarını araşdırmış, vergi orqanları tərəfindən keçiril əcək operativ nəzarət tədbirlərinin tələblərini izah etməyə cəhd göstərmişdir. Daha sonra təkrar ekspertiza təyin edən birinci instansiya məhkəməsi ilkin baxışda ilkin ekspertizanın əsaslı olmadığı qənaətinə gəlmiş, təkrar ekspertizanın rəyi alındıqdan sonra hər iki rəyi mötəbər hesab etmişdir. Halbuki, təkrar ekspertiza rəyi ilkin rəyin tam köçürülməsindən və təkrarından ibarətdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusu n gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi y oxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergiləri n düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə
143. Aktivlərin dəyəri Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır v ə bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Maddə
162. Vergi tutulan idxalın dəyəri 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.... Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.... 19. “Gömrük tarifi haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə
3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Maddə
4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin aşağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan... Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə
242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Maddə
302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi m alların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ap ellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi kameral vergi yoxlaması barədə vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olu nmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 41-ci maddəsində qeyd edilmişdir ki, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyin in pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.
29. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 12 dekabr 2019-cu il tarixli vergi ödəyicisinin ərazisində və binalarında keçirilmiş müşahidə-baxış hərəkətlərinin nəticəsi barədə Akta nəzər yetirdikdə iddiaçının Xırdalan şəhəri, Sumqayıt şosesində yerləşən binada mal qalığı aşkar edilməmişdir.
30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 2018-2019-cu illərdə 14.883.046,8 manat (ƏDV daxil olmaqla) məbləğində mal idxal edilməsinə baxmayaraq 13.769.787,43 manat (ƏDV dax il olmaqla) məbləğində mal satılmış, iddiaçının təsərrüfat subyektində xx.xx.2019-cu il tarixdə keçirilmiş müşahidə-baxış zamanı isə mal qalığı aşkar edilməmişdir.
31. Cavabdeh 2018-2019-cu illərdə 14.883.046,8 manat (ƏDV daxil olmaqla) məbləğində mal idxal edildiyini bildirsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmiş, yük gömrük bəyannamələrinə əsasən, 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən malların invoys dəyəri nəzərə alınmaqla 14.298.200.73 manat məbləğində mal idxal edilmişdir.
32. Həmçinin cavabdeh 2018-2019-cu illərdə iddiaçının ƏDV daxil olmaqla dövriyyəsinin 13.769.787,43 manat məbləğində olduğunu qeyd etsə də, ƏDV bəyannamələrindən görünür ki, 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək iddiaçının ƏDV daxil mal dövriyyəsi ümumilikdə, 14.413.9 50,63 manat məbləğində olmuşdur.
33. Beləliklə, müəssisənin fəaliyyəti ilə bağlı sənədlər (yük gömrük bəyannamələri, kassa mədaxil orderləri, elektron qaimələr, şəxsi hesab vərəqəsi və s.) əsasən hesablama aparıldıqda müəssisənin təqdim etdiyi hesabatlarda kənarlaşma müəyyən olunmamış, yəni dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə kənarlaşmanın olmasını müəyyən etmək mümkün olmamışdır.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın 16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələ rinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir.
35. Həmçinin cavabdehin 16 yanvar 2020-ci il tarixli, **********124400 “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2019-cu ilin noyabr ayı üzrə 72.936,77 manat əlavə dəyər vergisi hesablanmışdır.
36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış 1.113.259,37 manat məbləğində fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı16 yanvar 2020-ci il tarixli, **********124400 nömrəli qərarı ləğv edilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(105)-139/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.