Məhkəmə qərarları › İş №2-1(102)-3194/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3194/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3194/2025 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.1993-cü il tarixdən ##.##.2004-cü il tarixədək Qazaxıstan Respublikasında “qaynaqçı” işlədiyi dövr əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

8. İnzibati Prosessual Məcəllənin 81.2-ci və 90.2-ci maddələrinin müəyyən etdiyi qaydaya görə, iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

9. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur.

10. Hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məzmunda qərarın qəbul edilməsi iddiaçının tələbinin təmin olunması anlamında, başqa sözlə cavabdehin əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, həmin məhkəmə qərarı cavabdehin hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Bu baxımdan həmin məzmunda qərar cavabdehin sözügedən məhkəmə qərarından şikayət vermək hüququnu yaratmır.

11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar