Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3689/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X2 cavabdeh Abşeron rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə əlilinin mənzil növbəsinə götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı X2 cavabdeh Abşeron rayon Icra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlildir.
2. Iddiaçı müharibə əlili kimi Xaçmaz rayon Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli ** saylı sərəncamı ilə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş, daha sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar Xaçmaz rayon Icra Hakimiyyəti ##.##.2024-cü il tarixli sərəncamı ilə Xaçmaz rayonunda mənzil növbəsindən çıxarılmış və mənzil uçot sənədləri Abşeron rayon Icra Hakimiyyətinə göndərilmişdir.
3. “X1” MMC tərəfindən verilmiş **** nömrəli ##.##.2024-cü il tarixli arayışından görünür ki, X2 “xxxx“ ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “Abşeron Gənclər” şəhərciyi yaşayış kompleksində 2019-cu ilin yanvarından 2024-cü ilin may ayına qədər blok 84 mənzil 47-də qeydiyyatsız yaşayır.
4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, X2 ##.##.1999-cu il tarixə Xaçmaz rayonu, Pirqulu-oba kəndində doğulmuş və ## ###### 2024-cü il tarixdən ünvan 2 ünvanında pasport qeydiyyatındadır.
5. Iddiaçı cavabdehə müraciət edərək faktiki yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının son 5 il ərzində yaşayış yeri üzrə rayon ərazisində qeydiyyatda olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun ##.##.2021-ci il tarixli, ** saylı sərəncamı ilə Xaçmaz rayon Icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində üçüncü dərəcəli Vətən müharibəsi əlili kimi uçota alındığı mənzil növbəliyinin Abşeron rayonunda davam etdirilməsi üçün qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1999-cu il təvəllüdlüdür, Xaçmaz rayonunda anadan olmuş, 3-cü qrup Vətən müharibəsi əlilidir. Əvvəlki qeydiyyatı Xaçmaz rayonunda olduğu üçün müharibə əlili kimi həmin rayonun icra hakimiyyəti orqanı tərəfindən mənzil uçotuna götürülmüşdür. O, faktiki yaşayış yerini dəyişdiyi üçün mənzil növbəsinin də Abşeron rayonuna köçürülməsi barədə ərizə ilə Abşeron rayon Icra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdehin *-**/*-K-**/*-***/*-***/**** saylı, ##.##.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuzdur və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçı tərəfindən düzgün qoyulmamışdır, belə ki, iddiaçı ərizəsində Xaçmaz rayonunda mənzil uçotunda olduğunu bildirir, lakin eyni zamanda da Abşeron rayonuna qeydiyyatını dəyişdiyi üçün Abşeron rayonunda da mənzil uçotuna götürülməsini xahiş edir. Əslində iddiaçı tələbdə mənzil uçotunun Xaçmaz rayonundan Abşeron rayonuna köçürülməsinin təmin edilməsini xahiş edə bilərdi. Iddiaçının iddia tələbində olduğu kimi rayon Icra Hakimiyyətinə də müraciət edərək onun Abşeron rayonunda mənzil uçotuna götürülməsini xahiş etmişdir. Lakin Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından müraciətinin təmin olunmasından imtina edilmişdir. Imtina belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının ## #### 2009-cu il tarixli ***-IIIQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron rayon Icra hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. Istər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır.
9. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, X2 ##.##.2021-ci il tarixli, ** saylı sərəncam ilə Xaçmaz Rayon Icra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində üçüncü dərəcəli Vətən müharibəsi əlili kimi uçota alındığı mənzil növbəliliyinin Abşeron rayonunda davam etdirilməsi üçün qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının daimi yaşayış yeri Xaçmaz rayonu, Pirquluoba kəndi deyil, Abşeron rayonudur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin ediməlməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: V.Əzizova - sədrlik edən və məruzəçi, G.Cabbarova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeydiyyatda olduğu ünvan barədə sənəd təqdim edilsə də, faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşaması, həmin ünvanda təsərrüfat idarə etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Iddiaçı özü də məhkəmə iclasında qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirmişdir. Qeyd olunan hal isə özü özlüyündə iddia tələbinin əsassızlığını göstərir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, əgər iddiaçı özünün yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmasını tələb edirsə, bu halda həmin hüququn yaranması üçün tələb olunan bütün hüquqi və faktiki halların mövcudluğunu o sübuta yetirməlidir. Hazırkı iş üzrə isə iddiaçı zəruri olan faktiki və hüquqi şərtləri sübut edə bilməmişdir.
14. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
15. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddiaçının Abşeron rayonu üzrə yaşayış yeri ilə bağlı faktiki halları düzgün qiymətləndirməmiş, yalnız qeydiyyatda olduğu ünvanda faktiki yaşamamasını əsas götürərək onun həmin rayonda yaşamadığı nəticəsinə gəlmişdir. Halbuki iddiaçının həm qeydiyyat ünvanının, həm də faktiki yaşadığı yerin eyni inzibati ərazi vahidində – Abşeron rayonu, Xırdalan şəhərində yerləşməsi nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi Xaçmaz Rayon Icra Hakimiyyətinin ##.##.2021-ci il tarixli, ** nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmış, sonradan qeydiyyat yerinin dəyişməsi ilə əlaqədar həmin mənzil növbəliliyinin Abşeron rayonu üzrə davam etdirilməsi barədə müraciət etmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi mübahisənin predmetini düzgün müəyyən etməmiş, iddiaçının mövcud mənzil növbəliliyinin başqa inzibati ərazi üzrə davam etdirilməsi məsələsini deyil, sosial kirayə əsasında mənzil uçotuna ilkin götürülmənin əsaslarını tənzimləyən Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Həmçinin, Xaçmaz Rayon Icra Hakimiyyəti tərəfindən iddiaçının mənzil uçotu sənədlərinin Abşeron Rayon Icra Hakimiyyətinə göndərilməsi faktına hüquqi qiymət verilməmiş, inzibati praktikanın sabitliyi və şəxsin legitim etimad hüququ nəzərə alınmamışdır.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; Maddə 31.1.Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” 8-ci bənd. “Yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron rayon Icra hakimiyyətində o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”
20. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən iddianın təmin edilməməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müharibə əlili kimi, Abşeron rayon Icra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına nail olmaqdan ibarətdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda iddiaçıya münasibətdə uçota alınma ilə bağlı yeganə və qüvvədə olan mövcud qanunvericilik bu qərarın 19-cu bəndində istinad edilən Abşeron rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları””ndan ibarətdir.
28. Istinad edilən həmin Qaydalara əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir.
29. Iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2023cü il tarixədək Xaçmaz rayonu Pirquluoba kəndində, ##.##.2023-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
30. Göründüyü kimi, iddiaçı ##.##.2023-cü il tarixdən Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Hazırda iddiaçının Abşeron rayonunda daimi olaraq 5 il müddətində yaşaması öz təsdiqini tapmadığından, cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilməlidir.
31. Bu səbəbdən, qanunvericiliyin normaları baxımından iddiaçıların mənzil növbəsinə götürülməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.