Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-372/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə torpağının iddiaçıya satılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı “faktiki istifadəsində olan torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas ı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-1(103)-2174/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinin 350 saylı 14.10.2019-cu il tarixli məktubunun məzmunundan müəyyən olunur ki, İddiaçı heç bir hüquqi sənədi olmayan sözügedən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. 2. 47 saylı 04.11.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsində yaşayan İddiaçı Zabrat bələdiyyəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır.
3. İddiaçı 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi ərazisində tikdiyi evin yerləşdiyi və onun istifadəsində olan 0.02 ha torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan 30.09.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edilmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, 09.12.2009-cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik olunmuşdur. Həmin dəyişikliyə görə bələdiyyə ərazisindəki ona aid torpaq sahəsini hərrac və ya müsabiqəyə çıxarması üçün həmin torpaq barəsində bələdiyyədə “Dövlət Reyestrindən çıxarış” olmalıdır. Zabrat bələdiyyəsinə hər hansı bir torpaq sahəsi ilə əlaqədar heç bir “Dövlət Reyestrindən çıxarış” və ya “Dövlət Aktı” verilmədiyi üçün bələdiyyə tərəfindən heç bir to rpaq sahəsinin ayrılması və sənədləşdirilməsi (hərrac və ya müsabiqəyə çıxarılması) aparılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Zabrat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uzun müddət faktiki istifadəsində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 2 sot torpaq sahəsinin ona satılması və onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2005-ci ildə Bakı şəhəri, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin vaxtdan hazırki vaxtadək qeyd olunan fərdi evdə yaşayır. Evin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar Zabrat bələdiyyəsinə müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində bələdiyyə ərazisində yaşayan şəxslərin istifadələrində olan torpaq sahələrinin dəyəri yerli bələdiyyələrə ödənilməklə həmin torpaq sahələrinin onların istifadəsində olan şəxslərin adına rəsmiləşdirilməsi göstərilsə də, cavabdeh inzibati orqan qanunvericiliyin bu tələbini yerinə yetirməkdən yayınır.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddia tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddia ərizəsində 2005-ci ildə B akı şəhəri, Zabrat qəsəbəsi ərazisində 0,02 ha torpaq sahəsi alaraq (yaxud zəbt edərək) həmin torpaq sahəsində fərdi yaşayış evi tikdiyini və həmin vaxtdan da qeyd edilən tikilidə yaşadığını əsas kimi göstərməklə həmin səbəbə görə uzun müddət istifadəsində olan torpaq sahəsinə guya hüququnun yarandığını bildirmiş və bu zaman əsassız olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ saylı Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə istinad etmişdir. Bundan əlavə İddiaçı vergi ödəyicisi kimi Zabrat bələdiyyəsində qeydiyyata alınmamışdır
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 nömrəli 27.05.2021-ci il tarixli qərarı ilə (hakim Nəriman Abıyev) iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əs asən müvafiq bələdiyyə tərəfindən hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi ilə bağlı Zabrat bələdiyyəsinin mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, sonuncu tərəfindən həmin torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinin (hərrac və ya müsabiqəyə çıxarılması) aparılmasından imtina olunmuşdur.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş etmiş dir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 21(103)-2174/2021 nömrəli qərarı ilə (sədrlik edən – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2021 nömrəli 27.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-1(103)-2174/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlillər i
14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsindən görünür ki, vətəndaşların istifadəsində olan torpaq sahələri həmin torpaq sahəsinin dəyəri bələdiyyəyə ödənilməklə onların mülkiyyətinə verilir. Lakin məhkəmə tərəfindən qanunun bu norması nəzərə alınmamışdır. 2000-ci ildə bələdiyyələr yaranan zaman Azərbaycan Respublikası üzrə bütün bələdiyyələrə təhkim edilən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və müvafiq plan-cizgi sənədlərinə və xəritələrə ə sasən bələdiyyələrin balansına verilmişdir. Artıq həmin vaxtdan 21 ildən çox vaxt keçməsinə baxmayaraq bələdiyyələr tərəfindən mülkiyyətlərində olan torpaq sahələrinə dair müvafiq çıxarışların əldə edilməməsi vətəndaşın deyil, birbaşa bələdiyyənin vəzifəsinə aiddir. Ona görə də, Zabrat bələdiyyəsi tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınmaması iddiaçının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində göstərilən hüquqlarının pozulmasına səbəb ola bilməz. 15. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda 09.12.2009-cu il tarixində dəyişiklik edilmişdir. Bələdiyyə tərəfindən onun ərazisində olan ona aid olan torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxarılması üçün bələdiyyə ərazisindəki ona aid torpaqlara dövlət rey estrindən çıxarış almalıdır. Qanunda dəyişiklik 2009-cu ildə olmuş, lakin Qanun özü 2001-ci ildə qəbul edilmişdir. Konstitusiyanın 109-cu maddəsinə görə isə vətəndaşın vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Bu dəyişikliyin iddiaçı barəsində tətbiq edilməsi Konstitusiyanın göstərilən normasının pozulmasıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyənləşdirilmiş qaydada verilir.
18. Torpaq Məcəlləsinin 5.1- ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
19. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır.
20. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaş ayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
22. Həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
23. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunveric iliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
24. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
25. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə veri lir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti or qanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
27. Azərbaycan Respublikasının 274 İİQ 15.03.2002-ci il tarixli saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüq uqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
28. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
29. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
31. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
32. Həmin Məcəllənin 9 8.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Hazırkı qərarın 17-28-ci bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, bələdiyyə yalnız onun mülkiyyətində olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışı olduqdan sonra hərrac və ya müsabiqə yolu ilə torpaq sahələrinin alqı-satqısını apara bilər.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh özü də belə sənədinin olmadığını və buna görə d ə tərəfindən imtina verildiyini bildirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
38. Qanunun geriyə qüvvəsinin iddiaçıya şamil olunması barədə dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət edərkən artıq hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma şərti mövcud idi. Odur ki, həmin normanın iddiaçıya tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə zidd deyil.
39. Kassatorun istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinin tələblərini ona tətbiq edilməsi haqqında dəlilinə münasi bətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddi hüquq normasının məzmununda göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
40. Göstərilən maddənin üçüncü bəndində isə qeyd olunur ki, yalnız Qanun qüvvəyə minənədək (Qanun 2001-ci ildə qüvvəyə minib) fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, həmin torpaq sahələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi əks olunmuşdur. İddi açıya münasibətdə isə göstərilən halların mövcudluğu təsdiq olunmur. Bununla yanaşı, işin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən adıçəkilən qanunun qüvvəyə minməsindən sonra, yəni 2005-ci il tarixində zəbt olunmuş və orada fərdi yaşayış evi tikilmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassatorun bu dəlillərini də əsassız hesab edir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli, 2-1(103)-2174/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 13.10.2021-ci il tarixli, 21(103)-2174/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.