Məhkəmə qərarları › İş №2-1(102)-3882/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3882/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3882/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vəkil sorğusu üzrə məlumatların verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı “vəkil sorğusu üzrə məlumatların verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X1 hüquqi yardım göstərilməsi üzrə onunla * saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır.

2. ## ###### 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, # #### 1955-ci il tarixdə doğulmuş X5 övladları barədə, həmçinin X5 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə ## ###### 2023-cü il tarixli *** saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə təqdim edilmişdir.

3. Cavabdehin # #### 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2003-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəkil sorğusu üzrə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X1 hüquqi yardım göstərilməsi üzrə onunla * saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin icrası ilə əlaqədar ## ###### 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, # #### 1955-ci il tarixdə doğulmuş X4 övladları barədə, həmçinin X5 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə ## ###### 2023-cü il tarixli *** saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə təqdim edilmişdir. Cavabdehin # #### 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və sorğuya cavab vermək vəzifəsi həmin orqana həvalə edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: R.Kərimli) 2024-cü il ## ###### tarixli, e-*- *(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının inzibati orqan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciətində qaldırdığı məsələ dolayısı ilə onun özünün marağına toxunsa da, birbaşa təmsil etdiyi şəxsin maraqları daxilindədir və sonuncunun iradəsindən asılı olan tələbdir. Odur ki, hazırkı iddiaçı bu iddia ilə çıxış edə bilməz. Bundan başqa, iddiaçının iddia etdiyi məlumatlar digər adekvat məhkəmə mübahisəsi, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə (eləcə də vəsatət verilməklə) həl oluna biləndir və bununla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması əlverişli müdafiə vasitəsi kimi qiymətləndirilə bilməz.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə - sədrlik edən və məruzəçi, C.A.Yusifov və G.M.Abbasova) 2024-cü il ## #### tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

kassasiya instansiyası məhkəməsində birinci icraat

12. AR Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: N.İ.Rəsulbəyova - sədrlik edən və məruzəçi, K.N.Bədəlov və Z.M.Quliyev) 2024-cü il ## ####### tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək vəkilin hüquqlarına aiddir. Hazırkı işdə də iddiaçı bu maddənin dispozisiya şərtindən çıxış edərək inzibati orqana müraciət etmiş və sonuncu müraciətin müsbət həllindən imtina etmişdir ki, bununla da iddiaçının qanuni maraqlarına müdaxilə baş vermişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçı subyektiv hüququn sahibi kimi qəbul edilməlidir. Odur ki, apellyasiya instansiya məhkəməsinin subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi qənaət yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenumlarının qərarlarındakı hüquqi mövqe ilə uzlaşmır. Məhkəmə kollegiyası digər mümkünlük şərtlərinin də (düzgün cavabdeh, ilkin müraciət) ödənildiyini nəzərə alaraq hesab edir ki, hazırkı iddiaya mahiyyət üzrə baxılmalıdır.

birinci instansiya məhkəməsində ikinci icraat

14. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Qənbərova) 2025-ci il ## ### tarixli, e- *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının əldə etmək istədiyi məlumat xüsusi kateqoriyalı fərdi məlumat olsa da, həmin məlumatın toplanması üçün yuxarıda istinad edilən Qanunun 9.7- ci maddəsində nəzərdə tutulan hallar hazırkı iş üzrə mövcud deyildir. Belə olan halda isə aydındır ki, həmin məlumatlar iddiaçıya təqdim edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi, X.A.Cəmilova və R.Ə.Səmədov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının hüquqi marağı vəkil sorğusu üzrə məlumatların cavabdeh orqandan əldə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əldə etmək istədiyi məlumat xüsusi kateqoriyalı fərdi məlumat olsa da, həmin məlumatın toplanması üçün “Fərdi məlumatlar haqqında” Qanunun 9.7-ci maddəsində nəzərdə tutulan hallar hazırkı iş üzrə mövcud deyildir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, hazırki iddia tələbi ilə bağlı hüquq münasibətlərinə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 7 və 15-ci maddələri tətbiq edilməklə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayət şikayətinə münasibətdə aşadıdakıları qeyd edir. İddiaçının hazırkı iş üzrə hüquqi marağı cavabdehdən ona vəkil kimi hüquqlarını müdafiə etdiyi ## ###### 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, # #### 1955-ci il tarixdə doğulmuş X5 övladları barədə, həmçinin X5 ölənədək nikahda olubolmaması barədə məlumatların əldə edilməsinə nail olmaqdan ibarətdir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu hüquq həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilib. Belə ki, həmin maddənin birinci bəndində qeyd olunur ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Qeyd etmək lazımdır ki, vəkillərə peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müəyyən hüquqlar və səlahiyyətlər qanunvericilik səviyyəsində verilsə də, həmin hüquq və səlahiyyətlərin həyata keçirilməsi həm də həmin sferada qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə zidd olmamalı, başqa şəxslərin şəxsi toxunulmazlıq hüquqlarını pozmamalıdır. Nəzərə almaq lazımdır ki, vəkilin tələb etdiyi məlumatın xarakterindən (konfidensial və açıq kateqoriyalı olmasından) asılı olaraq həmin məlumatların mühafizəsi, təqdim edilməsi və yayılması ilə bağlı qanunvericilikdə müxtəlif rejimlər və qaydalar müəyyən edilir. Hazırkı işdə də iddiaçının əldə etmək istədiyi məlumat xüsusi kateqoriyalı fərdi məlumatlardır. Bununla bağlı münasibətlər də məhz “Fərdi məlumatlar haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 2.1.1-ci maddəsinə əsasən, fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Eyni zamanda həmin Qanunda xüsusi kateqoriyalı fərdi məlumatların əldə edilməsi üçün konkret əsaslar müəyyən edilmişdir ki, hazırkı iş üzrə həmin əsaslardan hər hansı birinin olması müəyyən edilmir və iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, iddiaçının əldə etmək istədiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinin tələbi baxımından əldə olunmasına məhdudiyyətlər qoyulan məlumatlar sırasındadır. Belə ki, həmin Qanunun: 38.3-cü maddəsinə görə, əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: 38.3.2-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 38.3.3-cü maddəsinə görə, ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar... Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, şəxsi toxunulmazlıq hüququ mahiyyət etibarı ilə şəxsin razılığı olmadan onun şəxsi və ailə həyatına dair məlumatların əldə edilməsinə yönəlik fəaliyyətin həyata keçirilməsini istisna edir. Bu baxımdan cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

19. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayətlərinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 7. Vəkillik fəaliyyətinin təminatı İ. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. ... Maddə 15. Vəkilin hüquqları ... II. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyridövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq.

22. “Fərdi məlumatlar haqqında” Qanunun: Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.3. fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi; 2.1.4. fərdi məlumatların informasiya ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları; ... 2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar — fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar; ... Maddə 9. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri 9.1. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir. 9.2. Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır. 9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir. 9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir. ... 9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər: 9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda; 9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə; 9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə; 9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda. 9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir: 9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda; 9.7.1-1. subyektin yazılı (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı olduqda 9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid olduqda; 9.7.3. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda; 9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərti ilə aparıldıqda. 9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi kateqoriyalı məlumatların subyekti həmin məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv edilməlidir.

23. “İnformasiya əldə etmək haqqında” Qanunun: Maddə 38. Fərdi məlumatlar 38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: 38.3.1. cinsi həyat haqqında məlumatlar; 38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar; 38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar

24. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehdən ona vəkil kimi hüquqlarını müdafiə etdiyi ## ###### 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, # #### 1955ci il tarixdə doğulmuş X5 övladları barədə, həmçinin X5 ölənədək nikahda olub olmaması barədə məlumatların əldə edilməsinə nail olmaqdan ibarətdir.

32. Kollegiya qeyd edir ki, iddiaçının əldə etmək istədiyi məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlar olmaqla yanaşı, “İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinin tələbi baxımından əldə olunmasına məhdudiyyətlər qoyulan məlumatlar sırasına daxildir. Belə olan halda iddia təmin edilərək cavabdehin üzərinə həmin məlumatların verilməsi öhdəliyi qoyula bilməz.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbinin təmin edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar