Məhkəmə qərarları › İş №2-1(102)-3885/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3885/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3885/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müdaxilənin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxilənin qanunsuz hesab edilərək, həmin qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0242 ha torpaq sahəsini 8500 manat məbləğinə Mahmudova Aygün İsmayıl qızından satın almışdır.

2. ##.##.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0242 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış və torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir.

3. ünvan 2 ünvanda inşa edilən fərdi yaşayış evinin eskiz layihəsinə əsasən yaşayış evinin 3 mərtəbəli, ümumi hündürlüyünün 11,860 metr olması nəzərdə tutulmuşdur.

4. İddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail Rayon İcra Hakimiyyətinə ##.##.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməmişdr.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş **/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Səbail Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 4 ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları qeydiyyata alınaraq iddiaçıya ##.##.2022-ci il tarixli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu qeyd etməklə təsdiq etmişdir. İddiaçı cavabdehə müraciət edərək Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədləri təqdim edib xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. Lakin cavabdeh **-N-**/*-*** saylı ##.##.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sənədin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi əsası ilə qaldırdığı məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin inşa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, ünvan 4 ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və reyestr xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb iddiaçının adına çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evinin ara məsafəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdeh əsassız olaraq həmin əsasla imtina edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində tikinti işlərinin başlanmasının qarşısı alınmış, torpaq sahəsinin hasarı məcburi qaydada sökülmüş və iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da, həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının qeyd etdiyi kimi, cavabdeh ##.##.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə icra hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyildir, lakin 0.0242 ha torpaq sahəsində 3 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – M.Hacıbəyova).

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməsi məsələsini araşdırmadan, həmin haldan etirazın əsası kimi istinad edilməsi üçün istifadə etdiyindən cavabdehin hərəkətləri “İnzibati icraat haqqında “Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdi (sədrlik edən – Ş.Məmmədova, hakimlər – C.Məmmədov, P.Hüseynov).

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2014-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a müvafiq olaraq həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikintisi zamanı torpağın ümumi sahəsinin 0,4 hissəsi (ərazinin tikinti əmsalı), 0,6 hissəsi (ərazinin tikinti sıxlığı əmsalı) nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242x0.4=96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242x 0.6=145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə RİH-ə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin tikinti əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. c Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmişdir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – N.Rəsulbəyova, hakimlər – Z.Quliyev, K.Bədəlov).

16. Qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən iddiaçı tərəfindən təqdim edilmiş layihənin qanuniliyinə qiymət verərək qeyd etmişdir ki, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.

17. Halbuki tikinti layihəsinin qanuniliyinin təsdiqi barədə iddiaçı tərəfindən tələb irəli sürülməmişdir.

18. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Halbuki İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilməli olan hal cavabdeh tərəfindən tikintiyə edilən müdaxilənin nədən ibarət olması və həmin müdaxilənin qanuni olub-olmamasıdır.

20. Göründüyü kimi, cavabdehin səlahiyyəti hazırkı halda qanunsuz tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinə məlumat vermək ilə məhdudlaşır. Lakin iş materiallarında belə bir məlumatın cavabdeh tərəfindən verilməsi müəyyən olunmur, iddiaçının dəlillərinə görə cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına müdaxilə edilir, apellyasiya məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamışdır. İş üzrə dolğun araşdırılma tələb olundu halda bunun etmədən iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2023-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – X.Cəmilova, hakimlər – R.Səmədov, O.İsmayılov).

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının hazırda tələbi ünvan 4 ünvanda yerləşən 0,0242 ha ölçüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə” ilə bağlıdır.

23. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan hal - cavabdeh tərəfindən tikintiyə edilən müdaxilənin nədən ibarət olması və həmin müdaxilənin qanuni olub-olmamasıdır.

24. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatlardan, o cümlədən iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıya ona məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün əvvəlcə aparacağı hasarlama işlərinin görülməsi zamanı, daha sonra isə layihəyə əsasən evin həyətində nəzərdə tutulan su anbarının tikintisi üçün katlavan qazılarkən cavabdeh qurum tərəfindən müvafiq maneələr yaradılmışdır. Bu fakt məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi həmin maneələrin məhz iddiaçının tikmək istədiyi fərdi yaşayış evinin layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi səbəbindən yaradılması faktını da etiraf etmişdir.

25. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları bu səlahiyyət üzrə müvafiq orqan kimi yerli icra hakimiyyəti orqanını müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin # ######## 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə bu sahədə səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir.

26. Belə olan halda, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər də məhz həmin qurum tərəfindən görülə bilər.

27. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanları barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

28. Göründüyü kimi, hazırkı mübahisədə cavabdehin səlahiyyəti yalnız qanunsuz tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinə məlumat vermək ilə məhdudlaşır. Lakin iş materiallarında belə bir məlumatın cavabdeh tərəfindən verilməsi müəyyən olunmur

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarına görə, iddiaçı məlumatlandırma icraatı qaydasında cavabdehə tikili ilə bağlı məlumat vermiş, cavabdeh isə tikilinin qanunvericiliklə müəyyən edilmiş texniki tələblərə cavab vermədiyini yazılı şəkildə bildirmişdir. Daha sonra iddiaçı cavabdehə qarşı "qanunsuz müdaxilədən çəkinmə” ilə bağlı iddia qaldırmışdır. Halbuki cavabdehin tikilən tikiliyə heç bir qanunazidd müdaxiləsi olmamışdır. Bakı Apellyasiya Məhkəməsi öz qərarında həqiqətləri təhrif edərək guya Səbail rayon icra hakimiyyətinin tikilini sökmək istəməsini qabardaraq qərar qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. Tikiliyə müdaxiləni özündə ehtiva edən hansı hərəkətləri cavabdeh etmişdir? Cavabdeh tərəfindən sökülmə ilə bağlı hər hansı yazılı və ya şifahi akt təqdim edilməmişdir. Bu səbəbdən də, iddiaçının iddiasının mahiyyəti və cavabdehə qarşı yönələn tələbi yanlışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-***/**** saylı qərarında, həmçinin hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, "iddiaçının dəlillərinə görə cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına müdaxilə edilir”. Belə müdaxilə özünü nədə ehtiva edir? İddiaçının bununla bağlı dəlili və sübutu nə olması aydın deyil. Məhkəmələr ilk növbədə bunu araşdırmalı idi. Apellyasiya instansiyası məhkəməsi şəhərsalma və tikinti tələblərinin pozulması ilə müşayiət olunan, təfərrüatları apellyasiya şikayətində qeyd edilən halları və dəlilləri nəzərə almamış, təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətləri təmin etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz edilməmiş

TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə # ######## 2012-ci il tarixli *** nömrəli Fərmanı Bənd 4.7. Həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 80.6-cı maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. 4.7-1. Həmin Məcəllənin 75.13-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə - həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. ... 4.10. Həmin Məcəllənin 80.5-ci maddəsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

33. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları

4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti ... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir

34. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları ... 75.13-ci maddəsinə əsasən Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. ... 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 92.1-ci maddəsinə əsasən bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. Tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.4-cü maddəsinə əsasən Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinməyə nail olmaqdan ibarətdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintinin dayandırılması üzrə icraatı tənzimləyən müddəaları ilə bu sahədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müəyyən edilmişdir. İddiaçı tərəfindən məlumatlandırma icraatı çərçivəsində müvafiq tikinti işlərinin layihənin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmamasının müəyyən edilməsi də məhz həmin qurumun səlahiyyətindədir.

44. Belə olan halda, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər də məhz həmin qurum tərəfindən görülə bilər.

45. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4.3-cü bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

46. Məhz qeyd olunan normaları rəhbər tutan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, hazırkı mübahisədə cavabdehin səlahiyyəti yalnız qanunsuz tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinə məlumat vermək ilə məhdudlaşır. Lakin iş materiallarında belə bir məlumatın cavabdeh tərəfindən verilməsi müəyyən olunmur.

47. Kassasiya şikayətinin “cavabdeh tərəfindən müdaxilə edilməməsi” dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq cavabdeh orqana məhkəmə sorğusu göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq “tikinti normalarına uyğun olmadığı üçün müdaxilələr” olunmasını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən maneələrin məhz iddiaçının tikmək istədiyi fərdi yaşayış evinin layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi səbəbindən yaradılması faktı etiraf edilmişdir.

48. Beləliklə, təkrar apellyasiya baxışı zamanı işə baxmış məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunmuş göstərişləri tam icra edərək bu istiqamətdə lazımi araşdırmalar aparmış və araşdırmanın nəticəsinə uyğun olaraq qanuni və əsaslı qərar qəbul etmişdir.

49. O da xüsusi olaraq vurğulanmalıdır ki, hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “...tikinti layihəsinin qanuniliyinin təsdiqi barədə iddiaçı tərəfindən tələb irəli sürülməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Halbuki İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilməli olan hal - cavabdeh tərəfindən tikintiyə edilən müdaxilənin nədən ibarət olması və həmin müdaxilənin qanuni olubolmamasıdır.”

50. Məhkəmə kollegiyası bildirir ki, hazırkı məhkəmə qərarı ilə cavabdeh tərəfindən edilən müdaxilənin qanunsuzluğunun təsdiq edilməsi cavabdehin gələcəkdə iddiaçı barəsində qanunvericiliyə uyğun tədbirlər görməsi hüququnun məhdudlaşdırması, iddiaçının isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun davranmaq vəzifəsindən azad edilməsi kimi başa düşülməməlidir.

51. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar