Məhkəmə qərarları › İş №2-1(102)-3979/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3979/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3979/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Gasanov Malik cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Gasanov Malikin cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. AZ-T seriyalı ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, iddiaçı ##.##.1971-ci il tarixdə Balakən rayonunda doğulmuşdur. X3 və anası X5 milliyətcə azərbaycanlıdırlar.

2. Iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və bu barədə, ona 55 ******* nömrəli müvafiq pasport verilmişdir.

3. Iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ## ###### 2025-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin vətəndaşlığa mənsubiyyətin tanınmasından imtina edilməsi barədə ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1971-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunun Katex kəndində doğulmuşdur. 1993-cü ildən 1997ci ilədək işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, 1997-ci ildə Azərbaycana qayıtmış və valideynlərilə birlikdə Balakən rayonunun Katex kəndində yaşamışdır. ## ######## 2001-ci ildə X2 ilə nikaha daxil olmuş, nikahı həmin tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 290 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 2002-ci il təvəllüdlü X4 və 2007-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Atası, X9 ##.##.1925-ci ildə Azərbaycan Respublikasının Balakən rayonunda doğulmuşdur. Anası, X6 ##.##.1934-cü ildə Azərbaycan Respublikasının Balakən rayonunda doğulmuşdur. Rusiya Federasiyasında yaşadığı müddət Rusiyanın vətəndaşlığını qəbul etmişdir. Ailə üzvlərilə birlikdə 1997-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır.

6. Cavabdeh Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə ##.##.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir (bu barədə, şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı DMX-nın araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən, Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə - həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa, verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa, o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması, vətəndaşlığın itirilməsi üçün əsas olduğundan, mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir.

7. Bakı Inzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) ## #### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə müraciət edən anda onun Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, cavabdehin qəbul etdiyi qərar qanunvericlik normalarının tələblərinə və işin hallarına uyğun olmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməmişdir.

9. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və G.M.Abbasova) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, inzibati icraat zamanı iddiaçı tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10-cu bəndində nəzərdə tutulan sənəd (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim olunmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

12. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

13. Iddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 53. Vətəndaşlıq hüququnun təminatı … II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. …

16. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. ... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: ... 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. ...

18. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; ...

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. .... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinın tanınmasına nail olmaqdan ibarətdir.

26. Iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, bu vətəndaşlığı könüllü olaraq qəbul etmişdir. Belə ki, hazırkı vaxtadək bu halı mübahisələndirməmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə cavabdeh inzibati orqanın imtinası qanuni, iddiaçının tələbi isə əsassızdır.

27. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar