Məhkəmə qərarları › İş №2-1(102)-4028/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4028/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4028/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və digər” tələblərinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh *-**/*-*-***/**** saylı, ##.##.2023-cü il tarixli “Vəzifəyə təyin olunma haqqında” əmrinin surətinə əsasən, İddiaçı 2023-cü il # ###### tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş ( 2-ci bənd), Enerji səmərəliliyi şöbəsinin müdir müavini N.Bağırlı staj müddətində İddiaçı kuratoru təyin edilmişdir ( 2.1-ci bənd).

2. *-**/*-*-**/**** saylı, ##.##.2024-cü il tarixli “Sınaq müddəti ilə dövlət qulluğuna qəbul haqqında” əmrin surətinə əsasən, Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi-stajçı İddiaçı # ###### 2024-cü il tarixdən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Əsas: Enerji səmərəliliyi şöbəsinin müdirikurator N.Bağırlının xidməti yazısı, İddiaçı ərizəsi və tərəflər arasında bağlanmış əmək müqaviləsi olmuşdur.

3. Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış *-*/*-C-*-***/**** saylı, ## #### 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli **** nömrəli Fərmanının 1-ci hissəsi ilə dövlət qulluqçularının vəzifə maaşına müəyyən edilən müvafiq məbləğdə əlavənin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Qulluğunu idarəetmə Şurasına ünvanladığı və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilmiş kollektiv müraciətlərinə baxılmışdır. Yuxarıda adıçəkilən Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq həcmlərdə əlavələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin # ######## 2001-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsinin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir. Qeyd edilən normativ hüquqi akta uyğun olaraq, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar, o cümlədən dövlət qulluqçularının əmək haqlarının artırılmasını nəzərdə tutan Fərman sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə münasibətdə tətbiq olunur.

4. Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Sınaq müddətində icrası qeyri-qənaətbəxş tapşırıqlar: - ##.##.2024, 3-15/1-154/2024 - “X6 konspekt layihələrinə münasibət bildirilməsi barədə” Məktub şöbəyə ##.##.2024-cü il tarixində daxil olmuş və həmin gün İddiaçı icraya göndərilmişdir. Məktub 2 həftə icrasız qalmış və cavab layihəsi ##.##.2024-cü il tarixində ona e-mail göndərilmişdir. Məktub cavab layihəsi qənaətbəxş hesab edilməmiş və digər icraçıya həvalə olunmuşdur (əsas - daxil olan məktub, imtina edilmiş cavab layihəsi və yekun imzalanmış məktub). - ##.##.2024, 3-21/2-638/2024 - Qanun layihəsinə rəy və təkliflərin bildirilməsi barədə Hazırladığı təkliflər məqsədəuyğun hesab edilməmişdir. Belə ki, Qanun layihəsində bəzi maddələrdə digər maddələrə istinad olunduğu, lakin həmin maddələrin mövcud olmadığını qeyd etmişdir. Tərəfindən həmin təkliflər araşdırılmış və müəyyən edilmişdir ki, maddələrin sadəcə nömrələnməsində xətalar var (əsas: imtina edilmiş məktub layihəsi, imtina tarixçəsi və yekun imzalanmış məktub). - Naxçıvan Muxtar Respublikası üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin il planına əsasən) İddiaçı daxil olan məlumatlar əsasında hazırladığı siyahılar qeyri-qənaətbəxş, bir sıra səhvlərlə təqdim edilmişdir. Onun dəfələrlə izahlarına və onun birbaşa sektor müdiri olan A.Rzayevin izahlarına baxmayaraq, hazırlanan siyahılarda (o cümlədən hesablamalarda) bir sıra səhvlər, təkrarlar var idi. Qurumlara göndərilən məktubun əlavələrində izahı verilmiş məsələlərə özü riayət etməmişdir. İddiaçı verilmiş bu tapşırıq üzrə 27 fevral-13 mart tarixləri aralığında Naxçıvan MR-dən sorğu edilmiş məlumatlar daxil olmuş və İddiaçı göndərilmişdir. Bu məlumatlar müvafiq qaydada təhlil edilməli, hesablamalar aparılmalı, çatışmayan məlumatlar sorğu edilməli və sektor müdiri ilə razılaşdırmaqla nəticədə yekun ümumiləşdirilmiş cədvəllər ona təqdim edilməli idi. Düzgün olmayan icra nəticəsində tapşırıq başqa əməkdaşa icraya göndərilmişdir. İddiaçı belə siyahıların hazırlanması üçün artıq təcrübəyə malik idi. Belə ki, staj müddətində də oxşar tapşırığın icrası ona həvalə edilmişdir (əsas: Naxçıvanın Nazirlər Kabinetinə ünvanlanan məktub, daxil olan məlumatların siyahısı, iddiaçı tərəfindən hazırlanmış siyahılar). Ölkə üzrə məcburi enerji auditi subyektlərinin siyahısının hazırlanması tapşırığı (Energetika Nazirliyinin 2024-cü ilin iş planına əsasən) - Aprel ayında tapşırığın icra vəziyyətini öyrənmək üçün A.Rzayev, İddiaçı və N.Haşımovanın (şöbənin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun məsləhətçisi) iştirakı ilə otağında iclas keçirmişdir. Müzakirə nəticəsində İddiaçı Naxçıvan üzrə məlumatları yekunlaşdırdığını bildirmişdir. Ölkənin digər regionları üzrə daxil olmuş məlumatların çoxluğunu nəzərə alaraq, onların bir hissəsinin ümumiləşdirilməsini ona tapşırmışdır. Nəticədə natamam iş təhvil verilmiş və tapşırıq başqa əməkdaş tərəfindən yerinə yetirilmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı *******0002X0 №-li, ##.##.2024-cü il tarixli əmək müqaviləsi Bildirişindən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadığı üçün ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi iddiaçının vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli *-**/*-*-***/**** saylı əmrin 2-ci hissəsinin ləğv edilməsini, ## ##### 2024-cü il tarixdə etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməyini, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ( vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsini və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023 və ##.##.2023-cü il tarixlərində müvafiq olaraq Enerji səmərəliliyi şöbəsi Binalarda enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi və İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələrin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək, müvəffəqiyyət qazanmışdır. Daha sonra Binalarda enerji səmərəliliyi sektorunda ##.##.2023-cü il tarixindən etibarən energetika nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Qanunun 28.7-ci maddəsinə əsasən, 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul olunan şəxsə staj müddəti ərzində kurator təyin edilir və 6 ay sonunda kuratorun müsbət rəyi olarsa stajçı ilə 3 ay müddətinə dövlət qulluğunun sınaq mərhələsi üzrə nümunəvi forması Azərbaycan Respublikası Prezidentin # ######## 2001-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilən əmək müqaviləsi bağlanır və 3 ay ərzində müqavilə şərtləri pozulmamış olarsa müddətin sonunda sınaq müddəti ilə dövlət qulluğu keçən şəxs ilə daimi dövlət qulluğuna keçməsi barədə müvafiq əmək müqaviləsi bağlanılır. Qanunun tələblərinə uyğun olaraq ona staj müddəti ərzində qulluq keçdiyi Enerji səmərəliliyi şöbəsinin müdiri X7 təyin edilmiş və staj müddətinin bitdiyi günə 2 gün qalmış-##.##.2024-cü il tarixində kurator şöbə müdiri N.Bağırlı tərəfindən müsbət rəy verilmiş və energetika nazirinin müvafiq əmri ilə ##.##.2024-cü il tarixindən 3 ay müddətinə dövlət qulluğunun sınaq müddəti başlanmışdır. Üç aylıq sınaq və altı aylıq staj müddəti ərzində heç bir intizam tənbeh tədbiri, xəbərdarlıq almadığı və ona tapşırılan bütün işləri vəzifə təlimatına qanunvericilyə uyğun şəkildə icra etdiyi halda, öncədən heç bir məlumat verilmədən ##.##.2024-cü il tarixində (sınaq müddətinin bitməyinə 6 gün qalmış nazirliyin Kadrlar və Dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov tərəfindən dəvət edilərək ona ##.##.2024-cü il tarixindən etibarən onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddətindən uğursuz çıxma) xitam veriləcəyi barədə rəsmi yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq ilə tanış olmağı və imzalamağı tələb olunmuşdur. Xəbərdarlıqda intizam qaydalarını pozduğu, qulluq funksiyalarını düzgün icra etmədiyi və bu səbəblə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. ##.##.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat verilməliydi, lakin Əmr rəsmi qaydada ona son iş günü olan ##.##.2024cü il tarixindən bugünə kimi hələ də təqdim edilməmiş və bu barədə məlumatı başqa işçinin elektron kabinetindən əldə etmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”, lakin əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən N.Bağırlı tərəfindən yazılmış təqdimatdakı məsələlər araşdırılmamışdır, ## ##### 2024-cü il tarixində yazılmış təqdimat barədə ona 24 aprel tarixində işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim edilərkən sadəcə şifahi məlumat verilmişdir. Nərgiz Bağırlı tərəfindən orqan rəhbərinə xidməti yazıtəqdimat ## ##### 2024-cü il tarixində yazılıb və bu xidməti təqdimat barədə rəsmi məlumat verilməyib, heç bir araşdırma aparılmayıb. Dövlət qulluğunda adından da məlum olduğu kimi birinci mərhələ Staj mərhələsi, ikinci mərhələ Sınaq mərhələsidir. Həm Staj, həm də Sınaq mərhələsində təcrübə qazanmalıdır. Ona tapşırılan işlərdə səhv yanaşması da ola bilərdi, bu da normal hallardan biridir. Belə ki, bu sahədə ilk dəfə çalışmış və yeni-yeni təcrübə toplamağa başlamışdır. 6 (altı) aylıq staj müddətinin sonunda sınaq müddətinə keçdikdən sonra ona demək olar ki, iş tapşırılmamışdır, 3 (üç) aylıq müddət ərzində dörd sənəd icra etmişdir və onlar da fevral ayının ilk 15 günlüyündə olmuşdur. Bu sənədlərdən ikisi eyni məzmunlu sənəd idi, biri isə ezam sənədi idi, yəni xüsusi araşdırılması tələb olunmayan idi. Sınaq müddətində fevral ayının son 15 günlüyü və mart, aprel aylarında heç bir iş tapşırılmamışdır. Sınaq müddəti onunla bağlı fikirlərin təsdiqlənməsi üçün bir dövrdür, lakin bu 3 aylıq dövrdə fəaliyyətsiz qalmışdır. Birinci altı aylıq staj müddətində ona sənəd əsasən oktyabr və dekabr aylarında verilmişdir.

8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü il ## #### tarixli 3- 15/3-2- ***/**** nömrəli əmrlə 01 avqust tarixindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin Binalarda enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il ## ###### tarixli *-**/*-*-**/**** nömrəli əmrlə 2024-cü ilin # ###### tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası energetika nazirinin 2024-cü il ## ##### tarixli *-**/-*-***/**** nömrəli əmri ilə 2024-cü il # ### tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il # ######## tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi (kontraktı) formasına uyğun olaraq iddiaçı ilə 2024-cü il # ###### tarixində əmək müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər. İddiaçıya ## ##### 2024-cü il tarixdə xəbərdarlıq elan edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq ilə iddiaçı ## ##### 2024-cü il tarixində tanış edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin xəbərdarlıqda iddiaçı tərəfindən sınaq müddəti ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etmədiyi, bununla yanaşı, xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyi iddiaçıya bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası energetika naziri tərəfindən verilmiş 2024-cü il ## ##### tarixli 3- 15/3-2- ***/**** nömrəli əmrdə iddiaçı barəsində Energetik Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il ## ##### tarixli *-**/*-***/**** nömrəli mənfi rəy xitamın əsası kimi göstərilmişdir. Şöbə müdiri - kurator Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il ## ##### tarixli *-**/*-***/**** nömrəli mənfi rəydə iddiaçının sınaq müddəti ərzində verilən tapşırıqları tələb olunan səviyyədə icra etmək bacarığına malik olmadığı qeyd edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Həmçinin iddiaçı öz işinə laqeyd yanaşmış və ona həvalə edilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməmişdir. Belə ki, Qarabağ İqtisadi Rayonuna Daxil Olan İşğaldan Azad Edilmiş Ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynovun 2024-cü il ## ###### tarixli **/**-** nömrəli məktubu Energetika Nazirliyinə daxil olmuşdur. Həmin məktub Ağdam şəhərində tikiləcək Pavilyonun binası ilə bağlı hazırlanmış konsept layihələrə münasibət bildirilməsi üçün göndərilmişdir. Həmin məktubun icrası X8 sistemi vasitəsi ilə iddiaçıya həvalə edilmişdir. Sənədin icrası ilə bağlı şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən müvafiq göstərişlər verilməsinə baxmayaraq iddiaçı sənədi düzgün və tələb olunan səviyyədə icra etməmişdir. Nəticədə sənədin icrası gecikmiş və sənəd icra edilməsi üçün şöbənin digər əməkdaşı Əli Salmanlıya həvalə edilmişdir (həmin sənədlər əlavə olunur). Bununla yanaşı, iddiaçı sınaq müddəti ərzində özünü inkişaf etdirməmiş və tapşırıqları tələb olunan səviyyədə icra etməmişdir. Şöbə müdiri-kurator Nərgiz Bağırlı tərəfindən hazırlanan arayışda iddiaçı tərəfindən sınaq müddəti ərzində icra edilən və qənaətbəxş olmayan sənədlər ilə bağlı detallı məlumatlar qeyd edilmişdir (həmin arayış əlavə edilir). İddiaçının işdə ona qərəzli yanaşılması ilə bağlı iddiası da tamamilə əsassızdır. İddiaçıya işlədiyi dövr ərzində şöbə müdiri və digər işçilər tərəfindən dəstək verilmiş, həmçinin verilən tapşırıqların icrası ilə bağlı şöbə müdiri tərəfindən müvafiq izahlar verilmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – R.Quliyeva).

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunun qeyd edilən müddəalarından göründüyü kimi dövlət qulluqçusu dedikdə daimi dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcəsi verilmiş dövlət orqanının işçisi nəzərdə tutulur. Belə olan halda stajçı kimi və ya sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmiş şəxs qeyd edilən qanunda nəzərdə tutulmuş “dövlət qulluqçusu” kateqoriyasına aid edilə və “dövlət qulluqçusu” üçün qanunla müəyyən edilmiş bütün prosedurlar ona aid edilə bilməz. Həmçinin işin hallarından görünür ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinin xitam verilməsinin səbəbi sınaq müddəti ərzində qulluq funksiyalarını tam icra etməməsi, işdə buraxdığı nöqsanları aradan qaldırmağa səy göstərməməsi, verilən tapşırıqları tələb olunan səviyyədə, keyfiyyətlə yerinə yetirməməsi olmuşdur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilərək Azərbaycan Respublikası Energetika Nazirliyinin ##.##.2024-cü il tarixli *- **/*-*-***/**** nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmişdir (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov, Q.Əliyev).

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən ## ##### 2024-cü il tarixli əmrin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinə istinad edilmişdir.

14. İstinad edilən Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinin tətbiqi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan halların mövcud olması zəruridir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər.

15. Cavabdeh iddiaçının vəzifəsinin öhdəsindən layiqincə gəlməməsi və verilmiş tapşırıqları lazımi səviyyədə icra etməməsi ilə bağlı dəlillər gətirsə də, iddiaçının Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan hansı kobud pozuntuya yol verməsini, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini əsaslandırmamış, məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının barəsində mənfi rəy yazılmış xidməti təqdimatla tanış edilməmiş, barəsində aparılmış inzibati icraatla ona tanış olmaq imkanı yaradılmamış, bununla da hazırkı münasibətlərə tətbiq edilməli olan normativ hüquqi aktların tələbləri pozulmuşdur

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərarı çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək Məcəlləsinin normalarının dövlət qulluqçularına münasibətdə tətbiq olunmasının mümkünlüyü ilə bağlı məcəllədə maddə nəzərdə tutulmuşdur. Eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə (dövlət qulluğu keçmənin digər məsələləri) əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Beləliklə, yuxarıda qeyd edilən hüquq normaları sübut edir ki, həm Əmək Məcəlləsi, həm də “Dövlət qulluğu haqqında” Qanun Əmək Məcəlləsinin dövlət qulluqçularına münasibətdə hüquqi qüvvəsini müəyyən edir və həmin Məcəllənin dövlət qulluqçularına tətbiqini mümkün hesab edir.

19. Eyni zamanda bildirilmişdir ki, işə baxmış məhkəmə kollegiyasının qərarının əsaslandırılmasında qeyd edilir ki, iddiaçı barəsində mənfi rəy yazılmış xidməti təqdimatla tanış edilməmiş, barəsində aparılmış inzibati icraatla ona tanış olmaq imkanı yaradılmamış, bununla da hazırkı münasibətlərə tətbiq edilməli olan normativ hüquqi aktların tələbləri pozulmuşdur.

20. İş materiallarında olan sənədlər də sübut edir ki, iddiaçıya 2024-cü il ## ##### tarixində - yəni, sınaq müddəti qurtaranadək 5 gün əvvəl (normativ hüquqi aktların tələbi 3 gündür) yazılı xəbərdarlıq təqdim edilmiş və o, xəbərdarlıqla tanış olması faktını öz imzası ilə təsdiq etmişdir.

21. Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci bəndinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

22. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 2-ci hissəsi: “2. Kontraktın müddəti 2.1. Bu kontrakt üç aylıq sınaq müddəti ilə bağlanmışdır. 2.2. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər”.

23. Həmçinin məsələ ilə bağlı iddiaçı ilə dövlət qulluğu və kadrlar şöbəsinin müdiri İsmayılov Əsəd İsmayıl oğlu, Enerji səmərəliliyi şöbəsinin müdiri X2 və energetika nazirinin müavini X3 görüşmüş və ona əmək müqaviləsini pozulması niyyəti və səbəbləri izah edilmişdir.

24. Bundan əlavə, Azərbaycan Respublikası energetika nazirinin 2024-cü il ## ##### tarixli *-**/-*-***/**** nömrəli əmr imzalandıqdan sonra iddiaçı Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri İsmayılov Əsəd İsmayıl oğlu tərəfindən öz iş otağına dəvət edərək, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri İsmayılov Əsədin, Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Qurbanova Xəyalənin, Dövlət qulluğu və kadrlar şöbəsinin böyük məsləhətçisi Rüstəmova İlhamənin və Daxili nəzarət şöbəsinin müdir müavini Mehdiyev İlhamən iştirakı ilə qeyd olunan əmr ilə tanış edilmiş və ona digər Elektrik və istilik enerjisi şöbəsində iş təklif olunmuş və iddiaçı bu təklifi qəbul etmişdir. Bu barədə də müvafiq akt tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. Lakin işin bu halları da Şirvan Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz qərar qəbul edilmişdir.

25. Həmçinin Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

26. Göründüyü kimi, Əmək Məcəlləsində sınaq müddəti ərzində peşəkarlıq səviyyəsi və ya öz əmək funksiyasını icra etmək bacarığı qeyri-qənaətbəxş qiymətləndirilmiş işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin aşağıdakı proseduru nəzərdə tutulur: 1. Sınaq müddətinin qurtarmasına ən azı 3 gün qalmış işçiyə rəsmi yazılı bildiriş verilməlidir; 2. Bildiriş verildikdən sonra sınaq müddəti bitənədək işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əsaslandırılmış əmr verilməlidir.

27. Əmək Məcəlləsində nəzərdə tutulmasına baxmayaraq, sınaq müddəti ərzində özünü doğrulmamış işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır və bu məsələ qanunda tənzimlənmir. Bu səbəbdən də hesab edirlər ki, “Dövlət qulluğu haqqında” Qanununun 34-cü maddəsindən irəli gələrək həmin qanunla tənzimləyən bu məsələ üzrə Əmək Məcəlləsinin 53-cü maddəsi analogiya üzrə (qanunun analogiyası) tətbiq edilməlidir.

28. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Energetika Nazirliyi haqlı və əsaslı olaraq 2024-cü il ## ##### tarixli *-**/-*-***/**** nömrəli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) istinad edərək əmək müqaviləsinə xitam vermişdir. Lakin işin bu halları işə baxmış məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır.

29. İşə baxmış məhkəmə kollegiyası işin halları ilə bağlı yanlış qənaətə gələrək ##.##.2025-ci il tarixli Qərarının 8-ci səhifəsinin 1-ci abzasında qeyd etmişdir ki, “istinad edilən Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinin tətbiqi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan halların mövcud olması zəruridir. Qanunun 25.2.6-cı maddəsi isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər.

30. Məhkəmənin bu əsassız mövqeyi ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 186-cımaddəsinə əsasən, işçi sınaq müddəti ərzində kobud pozuntulara yol verərsə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam edilə bilər. Eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, dövlət qulluqçusu sınaq müddəti ərzində kobud pozuntuya yol verərsə, onun barəsində “dövlət qulluğundan azad edilməsi” növündə intizam tənbehi tətbiq edilərək dövlət qulluğuna qanunun 25.2.6-cımaddəsinə uyğun olaraq xitam verilə bilər.

31. Təbii ki, həm Əmək Məcəlləsinə, həm də “Dövlət qulluğu haqqında” Qanuna əsasən, yuxarıda qeyd edilən əsaslarla işçinin (dövlət qulluqçusunun) əmək müqaviləsinin ləğv edilməsinə o halda yol verilir ki, işçi (dövlət qulluqçusu) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin, hazırkı mübahisə sınaq müddəti ilə bağlıdır və sınaq müddəti ərzində işçinin yol verdiyi pozuntu - əgər müəssisə işin xidmətin normal ahəngini pozmursa və işəgötürənin hüquqlarına zərər vurmursa – işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi – sınaq müddəti ərzində işçinin özünü doğrultmaması əsası ilə çıxara bilər. Eyni qayda dövlət qulluqçusuna münasibətdə də qüvvədədir. Əgər dövlət qulluqçusu sınaq müddəti ərzində əmək funksiyalarını lazımi qaydada icra etmirsə və peşəkarlıq səviyyəsinin aşağı olduğunu nümayiş etdirirsə - üstəgəl bu hal dövlət orqanında işin-xidmətin normal ahəngini pozmursa – onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə – yəni, sınaq müddəti ərzində işçinin özünü doğrultmaması əsası ləğv edilə bilər.

32. İş materialları da sübut edir ki, iddiaçı sınaq müddəti ərzində ona həvalə edilmiş əmək funksiyalarını lazımi şəkildə icra etməmiş, onun sınaq müddəti ərzində yol verdiyi pozuntular Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlının arayışında öz əksini tapmış və beləliklə də iddiaçının sınaq müddəti ərzində peşəkarlıq səviyyəsinin aşağı olması və əmək funksiyasını icra etmək bacarığının olmaması öz təsdiqini tapmışdır. Lakin onun yol verdiyi pozuntular cavabdeh üçün ağır nəticələrə səbəb olmamışdır.

33. Belə ki, iddiaçının yol verdiyi nöqsanlar cavabdehdə işin-xidmətin normal ahəngini pozmasa da şöbə rəhbərliyi həmin işlərin icrasını digər əməkdaşlara həvalə etmək məcburiyyətində qalmış, iddiaçının yol verdiyi pozuntular digər işçilər tərəfindən aradan qaldırılmış, buna baxmayaraq sənədlərin icrası ləngimişdir. Bu səbəbdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi ilə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə xitam verilmişdir. Beləliklə də yuxarıda göstərilənlər sübut edir ki, Şirvan Apellyasiya Məhkəməsi “Dövlət qulluğu haqqında” AR Qanununun 34-cü maddəsindən ümumiyyətlə xəbərsiz olmuş, həmin maddəyə qətiyyən istinad etməmiş və “Dövlət qulluğu haqqında” Qanunun 25-ci maddəsini yanlış olaraq hazırkı mübahisəyə tətbiq etmişdir. Bununla da qanunvericiliyin tələblərini pozan qanunsuz və əsassız qərar qəbul etmişdir.

34. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin 2-ci hissəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Analoji maddəyə “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin 2001-ci il # ######## tarixli *** nömrəli Fərmanında da rast gəlinir. Belə ki, həmin nümunəvi əmək müqaviləsi formasının 2.4-cü bəndinə əsasən, sınaq müddəti ərzində kontrakt pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş işçinin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və qanunvericiliklə müəyyən olunmuş qaydada bu şəxslə müvafiq kontrakt bağlanır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə, apellyasiya şikayətinə və mübahisələndirilən məhkəmə qərarına uyğun əsaslandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

36. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar ... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; Maddə 2. Qanunun tətbiq dairəsi. 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 28. Dövlət qulluğuna qəbul ... 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

37. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

42. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi əmrin ləğv edilərək ##.##.2024-cü il tarixdə etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməsinə, müvafiq ixtisas dərəcəsinin verilməklə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti ərzində almadığı əmək haqqının ödənilməsi və əmək kitabçasında müvafiq dəyişikliklər edilməsinə nail olmaqdır.

43. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan hallarda Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinin tətbiq edilə bilərdi. Qeyd olunan 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Cavabdeh iddiaçının vəzifəsinin öhdəsindən layiqincə gəlməməsi və verilmiş tapşırıqları lazımi səviyyədə icra etməməsi ilə bağlı dəlillər gətirsə də, iddiaçının Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan hansı kobud pozuntuya yol verməsini, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini əsaslandırmamışdır.

44. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırkı mübahisə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi – sınaq müddəti ərzində işçinin özünü doğrultmaması əsası ilə ləğv olunması ilə bağlı olmuşdur. Bu hal isə apellyasiya instansiya məhkəməsinin istinad etdiyi kimi iddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan hansı kobud pozuntuya yol verməsi, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsi ilə bağlı deyildir.

45. Göründüyü kimi, iddiaçının sınaq müddətində özünü doğrultmadığı üçün təyin edilmiş kurator tərəfindən verilmiş mənfi rəyə əsasən işdən azad edilməsi zamanı istinad edilən qanunun 25-ci maddəsində nəzərdə tutulan hallar ilə əlaqəli deyildir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normalar sınaq müddəti ərzində işçinin özünü doğrultmaması ilə bağlı müqavilənin xitamına dair məsələni tənzimləyən hüquq normaları deyildir.

47. İddiaçıya münasibətdə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, prokurorluq, polis, və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

48. Göründüyü kimi, Əmək Məcəlləsinin normalarının dövlət qulluqçularına münasibətdə tətbiq olunmasının mümkünlüyü ilə məcəllə ilə öz əksini tapmışdır.

49. Bununla belə, “Dövlət qulluğu haqqında” Qanununun 34-cü maddəsinə (dövlət qulluğu keçmənin digər məsələləri) əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənməsi də müəyyən edilmişdir.

50. Qeyd edilən hüquq normaları isə Əmək Məcəlləsinin dövlət qulluqçularına münasibətdə hüquqi qüvvəsini müəyyən edir və həmin məcəllənin dövlət qulluqçularına tətbiqini mümkün hesab edir.

51. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab edərək bildirir ki, dövlət qulluqçusu sınaq müddəti ərzində əmək funksiyalarını lazımi qaydada icra etmirsə və peşəkarlıq səviyyəsinin aşağı olduğunu nümayiş etdirdiyi halda, habelə bu hal dövlət orqanında işin - xidmətin normal ahəngini pozmursa onunla bağlanmış əmək müqaviləsi “Dövlət qulluğu haqqında” Qanunla deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə – yəni, sınaq müddəti ərzində işçinin özünü doğrultmaması əsası ləğv edir. Odur ki, cavabdehin iddiaçının müqaviləsini həmin qaydada ləğv etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur.

52. Nəzərə alınmalıdır ki, belə olan halda iddiaçı ilə bağlı xidməti araşdırmanın aparılması, onun izahatının alınması və qanunda nəzərdə tutulmuş prosedurların həyata keçirilməsi zərurəti müəyyən edilmədiyindən apellyasiya məhkəməsinin inzibati icraatla tanış olmaq imkanı yaradılmayaraq tətbiq edilməli olan normativ hüquqi aktların tələbləri pozulması barədə mövqeyi də əsassız olmuşdur. Bundan başqa, qeyd olunmalıdır ki, hazırkı mübahisə dövlət qulluqçusunun peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığının olubolmamasının

53. üzə çıxarılması ilə bağlı yaranmışdır.

54. Bu halların müəyyənləşdirilməsi isə inzibati orqan olan cavabdeh Cavabdeh tərəfindən müvafiq qiymətləndirmənin aparılmasını tələb edir.

55. Bu baxımından qeyd olunmalıdır ki, İPM-in 73.3-cü maddəsində məhkəmənin, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsi halları qeyd olunmuşdur. Həmin hallardan biri isə “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verilməsi” olmuşdur.

56. Belə olduğu halda məhkəmələr tərəfindən yoxlanılmalı məsələ sınaq müddəti ərzində şəxsin peşə keyfiyyətləri və müvafiq əmək funksiyasını icra etmək bacarığını üzə çıxarmaq üçün dövlət orqanı tərəfindən zəruri şəraitin yaradılıb-yaradılmaması və yoxlamanın müvafiq qaydaya uyğun aparılıb-aparılmaması təşkil edir.

57. Hazırkı mübahisə üzrə isə cavabdeh kurator tərəfindən mənfi rəy verilməsinə dair əsaslandırılmış arayış və digər sənədlər əlavə etmişdir. Həmin sənədlərdə iddiaçı tərəfindən sınaq müddəti ərzində ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etməsinə, bununla yanaşı xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyinə dair hallar göstərilmişdir.

58. Göründüyü kimi, cavabdeh tərəfindən qiymətləndirmə azadlığı düzgün həyata keçirilmiş və həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmamışdır.

59. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar