Məhkəmə qərarları › İş №2-1(102)-4499/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4499/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4499/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “Səbuhi” Kooperativinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pandemiya dövrü, icarədə olan torpaq sahəsinə görə torpaq vergisinin ödənilməsi, qanunda dəyişikliyin geriyə şamil olunması mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı “Səbuhi” Kooperativinin cavabdeh Cavabdeh qarşı “##.##.2021-ci il tarixli 2105020284312000, **************** nömrəli və ##.##.2022-ci il tarixli **************** nömrəli qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Salyan Rayon Icra Hakimiyyətinin başçısı ilə “Səbuhi” Kooperativi arasında bağlanmış ##.##.2008-ci il tarixli *** nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 50 ha torpaq sahəsi “Səbuhi” Kooperativinə uzunmüddətli icarəyə verilmişdir.

2. Salyan Rayon Icra Hakimiyyətinin başçısı ilə “Səbuhi” Kooperativi arasında bağlanmış ##.##.2020-ci il tarixli ** nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, 49.5 ha torpaq sahəsi “Səbuhi” Kooperativinə 15 il müddətinə icarəyə verilmişdir.

3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2022-ci il tarixli **************** nömrəli qərarla cavabdeh iddiaçıya 2019-cu il hesabat dövrü üzrə torpaq vergisi üzrə kameral yoxlama nəticəsində 19.811,76 manat torpaq vergisi hesablamışdır. “

4. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarla cavabdeh iddiaçıya 2021-ci il hesabat dövrü üzrə torpaq vergisi üzrə kameral yoxlama nəticəsində 19.640,87 manat torpaq vergisi hesablamışdır.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2021-ci il tarixli **************** nömrəli qərarla cavabdeh iddiaçıya 2020-ci il hesabat dövrü üzrə torpaq vergisi üzrə kameral yoxlama nəticəsində 19.640,87 manat torpaq vergisi hesablamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı “Səbuhi” Kooperativi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ##.##.2021-ci il tarixli 2105020284312000, 2105020284313700 və ##.##.2022-ci il tarixli **************** nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Səbuhi” Kooperativinin fəaliyyəti kənd təsərrüfatı sahəsi üzrə heyvandarlıq və balıqçılıqdan ibarətdir. Fəaliyyətini həyata keçirmək üçün Salyan rayonu dövlət ehtiyat fondu torpaqlarından 8 ha və 12 ha heyvandarlıq məqsədi ilə və Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2020-ci il tarixli **-s saylı sərəncamı ilə 49.5 ha balıqçılıq məqsədi ilə təbii sututar ərazidən torpaq sahəsi istifadəsinə icarə müqaviləsi əsasında verilmişdir. Kooperativlə ##.##.2020-ci il tarixdə ** saylı icarə müqaviləsi bağlanmışdır. (Balıqçılıq məqsədi ilə ayrılan torpaq sahəsi əvvəllər istifadəsində olmuş, lakin sərəncamın vaxtı bitdiyi dövrdən (##.##.2018-ci ildən) yeni sərəncam alana qədər həmin sahədən istifadə edilməmişdir).

8. 2020-2021-ci illərdə COVID-19 Pandemiya dövründə fəaliyyət göstərməmiş və bu dövrlərdə ona torpaq vergisi hesablanmışdır. Dövlət fondundan istifadəsinə verilən torpaq sahələrinə görə Salyan Icra Hakimiyyəti tərəfindən icarə müqaviləsi bağlanmış və hesablanmış icarə haqqı ödənilmişdir. Torpaq vergisi ödəyicisi olmağı barədə məlumatı olmamışdır. Çünki, əvvəldən torpağın icarəçisi olduğu vaxtlarda torpaq vergisi tələb edilməmişdir.

9. 2019-2020-ci illər üzrə ümumilikdə kooperativdən vergi tələb edilə bilməzdi. Vergi orqanı tərəfindən ##.##.2021-ci il tarixdə kargüzarlığına bu verginin ödəyicisi olmağı barədə məktub göndərilmiş və ##.##.2021-ci il tarixdə 142.800 manat torpaq vergi və 30.622 manat faiz hesablanmışdır. ##.##.2021-ci il tarixdə torpaq vergisi bəyannaməsi təqdim edilmişdir. Təqdim etdiyi bəyannamələrə ##.##.2021-ci Il tarixdə yenidən kameral qaydada 59.000 manat torpaq vergisi hesablanmışdır. Kameral hesablanan tarixə şəxsi hesab vərəqisində 20.25 manat əsas borc olmuşdur. Kameral hesablamadan sonra 67.258,4 manat əsas borc, 4.978 manat faiz borcu göstərilir. Bu da riyazi hesablamaya görə düzgün görünmür. Torpaq vergisi düzgün hesablanmamışdır.

10. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisinin balıqçılığın inkişafı məqsədilə dövlət orqanları ilə torpaqların icarə müqaviləsi bağlanmasına baxmayaraq, torpaq vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmiş və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-2021-ci illlər üçün ümumilikdə 142.800,0 manat torpaq vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli **************** nömrəli, **************** nömrəli və **************** nömrəli qərarlar qəbul olunmuşdur.

11. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2003-cü il tarixdən etibarən Salyan rayonu ərazisində dövlət torpaq sahələrinin icarəyə götürüldüyü, habelə əldə olunmuş gəlirləri barədə müvafiq bəyannamələrin təqdim edilmədiyi, araşdırmaya təqdim etdiyi izahatında 2018-ci ilədək fəaliyyət göstərdiyini qeyd etməsinə baxmayaraq, ##.##.2017-cü il tarixdən fəaliyyətini dayandırdığı, 2018-ci ildən 2020-ci ilədək icarə müqaviləsi üzrə müddətin bitməsini, 2020-ci ildən fəaliyyətini bərpa etməsini, bu müddət üzrə torpaq vergisi bəyannaməsi təqdim edilməməli olduğunu qeyd etməsinə baxmayaraq 2019-2021-ci illər üzrə torpaq vergisi bəyannamələrinin təqdim olunduğu müəyyən edilmişdir.

12. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “##.##.2021-ci il tarixli 2105020284312000, **************** nömrəli və ##.##.2022-ci il tarixli **************** nömrəli qərarları ləğv edilmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Ceyhun Quliyev–məruzəçi, Tale Kərimov və Mirlətif Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının icarəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinə görə ayrı-ayrı (2019, 2020 və 2021) hesabat dövrü üzrə kameral qaydada torpaq vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (maddə 204). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır (maddə 205). Normaların məzmunundan göründüyü kimi, icarəyə verilmiş torpaq sahəsi mübahisələndirilən inzibati aktların aid olduğu 2019, 2020 və 2021-ci illərdə vergitutma obyekti olmamışdır, Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri olmuşlar. Yuxarıda qeyd olunduğu kimi, sözügedən torpaq sahəsi iddiaçıya icarə hüququ ilə verilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının # ###### 2021-ci il tarixli, ***-VIQD nömrəli Qanununun yuxarıda istinad edilən normalarından da göründüyü kimi, icarəyə verilmiş torpaq sahələri Vergi Məcəlləsində yalnız ##.##.2022-ci il tarixdən vergitutma obyekti kimi təsbit olunmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

18. Cavabdeh həmçinin şikayətində bildirmişdir ki, torpaq sahələrini icarəyə verən Salyan rayonu Icra Hakimiyyətinin torpaq vergisi tədiyyəçisi olmadığını, icarəyə verilmiş torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə verildiyini, balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə aid edilmədiyini, “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmadığını, qeyd olunanlara əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanmalıdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

20. “Torpaq icarəsi haqqında” Qanun Maddə 1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. Yerin təkindən, sudan, meşədən, bitki və heyvanat aləmindən, mədəni və təbii landşaftlardan istifadə üzrə icarə münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. ... Maddə 4. Icarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 14. Icarə haqqı

21. Torpaq Məcəlləsi Maddə 97. Torpaq haqqının formaları

1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur.

2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. Maddə 98. Torpaq vergisi Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir.

22. Mülki Məcəllə Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 706. Torpaq icarəsi müqaviləsinin məzmunu 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.

23. Vergi Məcəlləsi Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: ... 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; ... Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.4. Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. ... Maddə 203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. [1333]

203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Maddə 204. Verginin ödəyiciləri

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. [1335]

Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. [1336]

Maddə 208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verirlər. Hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.[1354] … 208.4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 208.5-1. Müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir. [1356] Əvvəlki hesabat ilində torpaq vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və torpaq vergisi ödəyicisi olan müəssisələr torpaq sahələrini əldə etdikdən (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqdan) sonra bu maddədə müəyyən olunmuş müddətlərdən gec olmayaraq hər ödəniş üzrə həmin torpaq sahələrinə görə hesablanmalı olan illik torpaq vergisi məbləğinin 50 faizi miqdarında cari vergi ödənişlərini yerinə yetirirlər. Torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır. 208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır. 208.6. Müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.[1357]

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. … 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından icarəyə verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinə torpaq vergisinin tutulmasının mümkünsüzlüyü ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Salyan Rayon Icra Hakimiyyəti başçısının ##.##.2020-ci il tarixli **s saylı sərəncamına əsasən balıqçılığın inkişaf etdirilməsi məqsədilə 49.5 ha torpaq sahəsi illik icarə haqqı 1000 manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir.

33. Cavabdeh ##.##.2021-ci il tarixdə 2019-2021-ci illər üçün torpaq vergisi bəyannamələri təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 19811.76 manat, 2020-ci il üzrə 19640.87 manat, 2021-ci il üzrə 19640.87 manat torpaq vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli **************** nömrəli, **************** nömrəli və **************** nömrəli qərarlar qəbul etmişdir.

34. Cavabdeh iddiaçını torpaq vergisi üzrə məsuliyyətə cəlb edərkən Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 206.3-cü və “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddələrinə istinad etmişdir.

35. Vergi Məcəlləsinin 206.3-cü maddəsinin müddəalarına əsasən digər şəhərlər və rayon mərkəzlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə torpaq sahəsinin 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 8 manat, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 10000 kvadrat metrədək olan hissəsinin hər 100 kvadrat metrinə görə 2 manat, 10000 kvadrat metrdən yuxarı olan hissəsinin hər 100 kvadrat metrinə görə 4 manat olmaqla torpaq vergisi hesablanır.

36. “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

37. Cavabdehin dəlillərinə görə torpaq sahələrini icarəyə verən Salyan rayonu Icra Hakimiyyətinin torpaq vergisi tədiyyəçisi olmadığını, icarəyə verilmiş torpaq sahələrinin balıqçılığın inkişaf etdirilməsi məqsədilə verildiyini, balıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı fəaliyyət sahələrinə aid edilmədiyini, “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmadığını, qeyd olunanlara əsasən balıqçılıq subyektlərinin mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurların tutduğu sahəyə görə torpaq vergisi Vergi Məcəlləsinin 206.3-cü maddəsi ilə müəyyən edilmiş digər xüsusi təyinatlı torpaqlar üzrə müəyyən olunmuş dərəcələrlə hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçını torpaq vergisinə cəlb etdiyi 2019- 2021-ci38.illər üzrə Vergi Məcəlləsində icarəyə verilmiş torpaqlara görə torpaq vergisinin tutulması nəzərdə tutulmamışdı.

39. Məhkəmə oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının 2-1(102)-753/2024 nörmərli qərarına istinad edərək bildirir ki, Vergi Məcəlləsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (maddə 204). Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır (maddə 205). Normaların məzmunundan göründüyü kimi, icarəyə verilmiş torpaq sahələri mübahisələndirilən inzibati aktın aid olduğu 2019, 2020 və 2021-ci illərdə vergitutma obyekti olmamışdır, Azərbaycan Respublikasının ərazisində yalnız mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri olmuşlar. Yuxarıda qeyd olunduğu kimi, sözügedən torpaq sahələri iddiaçıya icarə hüququ ilə verilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının # ###### 2021-ci il tarixli, ***-VIQD nömrəli Qanununun yuxarıda istinad edilən normalarından da göründüyü kimi, icarəyə verilmiş torpaq sahələri Vergi Məcəlləsində yalnız ##.##.2022-ci il tarixdən vergitutma obyekti kimi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Cavabdeh vergi məsuliyyətinə dair qərar verərkən qanunçuluq prinsipinin tələblərini pozmuş, həmin dövrdə qanunla nəzərdə tutulmadığı halda, icarəyə verilmiş torpaq sahəsinə münasibətdə iddiaçının üzərinə vergi öhdəliyi qoymuşdur. Cavabdeh həmin məzmunda qərarı ##.##.2022-ci il tarixdən qüvvəyə minən normaya əsasən də qəbul edə bilməzdi. Belə ki, bu, qanunun retroaktiv tətbiqi nəticəsini yaratmaqla Konstitusiyanın 149-cu maddəsi baxımından yolverilməzdir. Beləliklə, icarədə olan torpaq sahələri 2019, 2020 və 2021-ci illərdə vergitutma obyekti olmadığından, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması qərarlarının hüquqi əsası olmamışdır.

40. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar