Məhkəmə qərarları › İş №2-1(102)-492/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-492/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-492/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(104)94/ 2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr əhatə olunmaqla iddiaçı barəsində yoxlama keçirilmiş, yoxlama xx.xx.2022-ci il tarixli KY211590521 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2021 – xx.xx.2021, yoxlanılan dövr - xx.xx.2018 - xx.xx.2021 müəyyən edilmişdir.

2. Səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatdırı lmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur.

3. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il ta rixli **********152067 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat (səkkiz yüz otuz bir min doqquz yüz on səkkiz manat iyirmi bir qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, o, xx.xx.2019-cu il tarixdən ƏDV ödəyicisidir. Onun əsas fəaliyyəti ərzaq mallarının Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektində pərakəndə satışından ibarətdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin tarixli “Səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin akt əsasında xx.xx.2021-сi il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı gəlir vergisi 351660.45 manat, əlavə dəyər vergisi 195848.17 manat, ödəmə mənbəyində tutulan vergi 42.00 manat, sadələş dirilmiş vergi 2491.88 manat və məcburi dövlət sosial sığorta haqqı 195.00 manat olmaqla 550237.47 manat əlavə vəsait hesablanmış, 281875.72 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın aparılması ilə bağlı tələbnaməyə əsasən pərakəndə satışını apardıqları malların dəyər ifadəsində hərəkət cədvəlləri, əmək haqqı və DSMF hesablamaları barədə cədvəllər, ƏDV və Gəlir vergisi bəyannamələri, NKA-nın “Z” hesabatları və digər bütün sənədlər və izahatlar yoxlamaya təqdim edilmişdir. Lakin Aktın 1.11 bəndində əsasız olaraq qeyd edilmişdir ki, mühasibat uçotu aparılmamışdır. Aktın 2.1 bəndində ƏDV bəyannamələrinin vaxtında təqdim edildiyi, vergi tutulan əməliyyatların dəyərinin (VM 161 maddəsi) və vaxtının (VM 166 maddəsi) müəyyənləşdirilməsinin qanuna müvafiqliyinin təmin edildiyi qeyd edilmiş, lakin sonrakı cümlədə guya 175.4 maddənin tələblərinin pozulduğu, e-VHF üzrə təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin azaldığı qeyd edilməklə, ümumilikdə 195848.17 manat əlavə ƏDV hesablanmışdır. Vergilər Nazirliyinin AVİS proqramı təkrar və artıq əvəzləşməyə yol vermir. Hər ay üzrə belə hallar olduqda kameral hesablamalar aparılmışdır. Ona görə ƏDV üzrə əlavə hesablanmış vergiləri əsassız hesab edir. Aktın gəlir vergisinə aid olan hissəsində bəyannamələrin vaxtında vergi orqanına təqdim edildiyi qeyd edilmişdir. Sonra isə əsassız olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan (sənədlər yoxlamaya təqdim edilmədikdə, mühasibat uçotu aparmadıqda, bəyannamələr vergi orqanına təqdim edilmədikdə, yoxlayıcı əraziyə buraxılmadıqda və s.) tələblər yerinə yetirilmədik də, 67.14-cü və 83.9-cu maddələrə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilə bilər. Lakin Aktda qeyd edildiyi kimi bəyannamələr vaxtında vergi orqanına təqdim edilmiş, əldə edilmiş gəlirlərə müvafiq olaraq gəlir vergisi hesablanıb büdcəyə ödənilmişdir. Yoxlama zamanı isə əsassız olaraq Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı qərarına əsaslanmaqla gəlirlər və xərclər təhrif olunmuş, 20% rentabellik səviyyəsi götürülməklə əsassız olaraq 351660.64 manat əlavə gəlir vergisi hesablanmışdır. Topdansatış qiymətinə pərakəndə satışla məğul olmaqla, malların üzərinə cüzi faiz əlavə etməklə satış edilmişdir. Gəlir vergisinin hesablamasında yuxarıda qeyd edilmiş qərarın müddəalarının tətbiq edilməsi qeyri-qanunidir və əlav ə hesablanmış 351660.64 manat gəlir vergisi əsassızdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsi nəticəsində ƏDV-nin 2019cu il üzrə ümumilikdə 18722,15 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində isə ƏDV-nin mart ayında 24347,44 manat, aprel ayında 1018,41 manat olmaqla ümumilikdə 25365,85 manat azaldılması müəyyən edilmişdir. Nəticədə ƏDV-nin 2019-cu il üzrə 44088 manat azaldılması, 0,17 manat isə artıq hesablanması nəzərə alınmaqla il ərzində 44087,83 manat azaldılması müəyyən olunmuşdur. 2020-ci il üzrə Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin pozulması nəticəsində ƏDV-nin ümumilikdə 55984,92 manat azaldılması müəyyən edilmişdir. Bunlardan e-vhf-lərin təkrar və artıq əvəzləşdirilməsinə görə ƏDV-nin ümumilikdə 15112,36 manat azaldılması, beləliklə də, 2020-ci il üzrə ƏDV-nin 71097,28 manat azaldılması, 144,43 manat isə artıq hesablanması nəzərə alınmaqla ümumilikdə il ərzində büdcəyə ödənilməli olan ƏDV-nin 70952,85 manat azaldılması müəyyən edilmişdir. 2021ci il üzrə isə büdcəyə ödənilməli olan ƏDV-nin ümumilikdə 80807,49 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisinə 2019 və 2020-ci illər üzrə ümumilikdə 351.660,64 manat əlavə gəlir vergisi hesablanmışdır. Bundan əlavə 42,00 manat məbləğində büdcədən yayındırılmış ÖMV, 2491,88 manat məbləğində azaldılmış sadələşdirilmiş vergi məbləği, MDSS haqla rının 195 manat azaldılması müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2118 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən: gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat; ƏDV üzrə 47.423,57 manat; sadələşdirilmiş vergi üzrə 2.491,88 manat; ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-574/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********152067 nömrəli qərarının qismən, 497420,64 manat əsas borc, 255467,21 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iş üzrə ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 52.817,02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859,57 manat, ƏDV üzrə 47.423,57 manat, sadələşdirilmiş vergi üzrə 2.491,88 manat, ÖMV üzrə 42,00 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyə n edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur. Bu səbəbdən də məhkəmə ekspertin müvafiq rəyini vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edir. Həmçinin qeyd edilmişdir ki, vergi yoxlaması zamanı müvafiq sahə üzrə ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmiş, nəticə etibarilə azaldılması iddia olunan vergi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablanmışdır. Məhkəmə araşdırması zamanı isə iş materialları ekspertə təqdim edilmiş və ekspert tərəfindən aparılmış tədqiqat və hesablama vergi ödəyicisinin sonradan ekspertə təqdim etdiyi vergi sənədlərindən istifadə edilməklə həyata keçirildiyindən həmin nəticə vergi yoxlamasının nəticəsindən daha əsaslı və mötəbər hesab edi lməlidir.

10. İddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdirlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş təkrar ekspertiza əsasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/1339 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ümumilikdə 52.817.02 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, o cümlədən gəlir vergisi 2020-ci il üzrə 2.859.57 manat, əlavə dəyər vergisi üzrə 47.423.57 manat, sədələşdirilmiş vergi üzrə 2.491.88 manat, ödəmə mənbəyindən tutulan vergilər üzrə 42.00 manat müəyyən edilir.

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(104)-94/2023 nömrəli qərarı ilə (hakimlər R.Mamedov - sədrli k edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hər iki ekspert rəyi eynilik təşkil edir, yəni həm birinci instansiya məhkəməsində, həm də kollegiya tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyləri arasında fərq müəyyən edilmir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarında azaldılmış vergi məbləği 550237,66 manat hesablanmış, eləcə də həmin məbləğin 50%-i həcmində, yəni 281875,72 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin ümumi öhdəliyi 832113,38 manat müəyyən edilmiş, ekspert tərəfindən isə vergi ödəyicisinin azaldımış vergi məbləği 52817,02 manat müəyyən edilmişdir. Göründüyü kimi, vergi yoxlaması nəticəsində azaldılmış hesab edilmiş gəlir vergisi və əlavə dəyər vergisi məbləği ilə, ekspert tərəfindən müəyyən edilmiş məbləğlər arasında ciddi fərq mövcuddur.

14. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 11.1, 24.1, 24.2, 67.1, 67.2-ci maddələrinə, Vergi Məcəlləsinin 3.11, 53.3, 54, 67.1, 67.14, 83.9-cu maddələrinə istinad etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmi şdir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ekspertiza rəylərinin əsassız olması barədə cavabdehin təqdim etdiyi faktlara və sübutlara məhkəmə kollegiyası tərəfindən hüquqi qiymət verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iş üzrə ekspert rəylərindəki ziddiyyətli məqamlara aydınlıq gətirməsi məqsədilə ekspertin dəvət olunması barədə vəsatəti məhkəmə kollegiyası tərəfindən əsassız olaraq təmin edilməmişdir.

17. Cavabdehin Gəncə Apellyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 9/1339 nömrəli ekspert rəyinə aydınlıq gətirilməsi üçün ekspertin dəvət edilməsi barədə yazılı vəsatətdən də göründüyü kimi ekspert rəyində göstərilən vergi ödəyicisi tərəfindən aylar üzrə ödənilmiş və tam əvəzləşdirmə hüququ alınmış ƏDV məbləğlərinin haradan a lındığı məlum deyil və bu məbləğlərin heç biri real məbləğlərə uyğun gəlmir. Belə ki, Vergi Məcəlləsinin 175.1 və 175.4-cü maddələrinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli ƏDV məbləği hesablanarkən mallar alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmək hüququnun yaranması üçün 2 şərt mövcuddur: 1. malların (işlərin, xidmətlərin) alışı zamanı əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları(işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməlidir.

2. ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir. Beləliklə, ödənilmiş ƏDV məbləğinin əvəzləşdirmə hüququnun yaranması şərtlərindən biri həmin ƏDV məbləğinin mütləq qaydada ƏDV-nin depozit hesabına ödənilməsidir. Lakin, ƏDV depozit hesabından çıxarışa əsasən ƏDV-nin aylar üzrə ƏDV depozit hesabına ödənilmiş məbləğləri ilə ekspert rəyində göstərilən məbləğlərdə kəskin fərqlər mövcuddur. Yoxlanılan dövr üzrə ekspert tərəfindən əvəzləşdirilən ƏDV məbləğinin 66189,22 manat artıq göstərilməsi həmin məbləğdə ƏDV-nin az müəyyən edilməsi ilə nəticələnmişdir. Ümumiyyətlə ekspert tərəfindən ƏDV depozit hesabından çıxarışla ziddiyyət təşkil edən, ödənilmiş ƏDV-nin dəyərinin hansı mənbəədən alınması məlum deyil. Ekspertlər tərəfindən əvəzləşdirilən ƏDV məbləğlərinin müəyyən edilməsi üçün ƏDV depozit hesabından çıxarışın məlumatlarından istifadə edilməsi zəruri olduğu halda həmin çıxarışda göstərilən məbləğlərdən fərqli nəticələr əldə etmələri mümkünsüzdür.

18. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması ilə əhatə olunmuş 2021-ci ilin may ayı üzrə hesablanmış ƏDV məbləğinin düzgünlüyü barədə tədqiqat aparılmamış və həmin ay üzrə ƏDV hesablanmamışdır. Halbuki səyyar vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün 20644,05 manat əlavə ƏDV hesablanmışdır. Ekspert tərəfindən isə yayındırılmış ƏDV məbləği ilə bağlı rəy verilərkən 2021-ci ilin may ayı üçün hesablanmalı olan ƏDV məbləği ümumiyyətlə tədqiq edilməmiş və həmin məbləğlə bağlı rəy verilməmişdir. Yəni faktiki olaraq iddiaçı tərəfindən mübahisələndirilən qərarla hesablanmış vergi məbləğlərinə münasibətdə natamam rəy verilmişdir.

19. Əlavə olaraq qeyd edilmişdir ki, ekspertin gəldiyi nəticənin əsaslandırmasını rəyində əks etdirməməsi, qeyd olunan rəqəmlərin yaranma mənbəyi və faktiki əsasları barədə məlumat verməməsi iş üzrə heç bir tədqiqatın aparılmamasına dəlalət edir. Heç bir əsaslandırma aparmadan birbaşa nəticənin elanı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və mötəbər sayıla bilməz.

20. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Vergi Məcəlləsinin 44-cü, 45-ci 175.1-ci, 175.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2-ci 1.4-cü maddələri, İnzibati Prosessual Məcəllənin 12.1, 29-1, 58.7 və 69.4-cü maddələri, Mülki Prosessual Məcəlləsinin,101.6, 101.7 və 103.1-ci maddələr i, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3,13, 18, 26-cı maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək....Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Mad də

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir də fədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlam ası iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

23. Mülki Prosess ual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müə yyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə ol an hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qə rar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarı

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üç ün həmin məhkəməyə göndərilməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir hald a məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

34. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən cəmiyyətd ə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmiş, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və bununla bağlı həmin tarixdə “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması nəticəsində fiziki şəxs tərəfindən büdcəyə hesablanmalı olan vergilərin 550042,49 manat, o cümlədən gəlir vergisinin 351660,45 manat, əlavə dəyər vergisinin 195848,16 manat, sadələşdirilmiş verginin 2491,88 manat, ödəmə mənbəyində tutulan verginin 42,0 manat, MDSS-in isə 195 manat azaldılması müəyyən olunmuşdur. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələr i haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya əlavə hesablanmış vergilər üzrə 550042,49 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 281875,72 manat olmaqla, ümumilikdə 831918.21 manat məbləğində məsuliyyətə cəlb edilmişdir

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edi lməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152067 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

36. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəylərdə qeyd olunan göstəricilərə əsaslanmışdır.

37. Belə ki, xx.xx.2023-cü il tarixli, 9/1339 nömrəli ekspert rəyində 2019 və 2020-ci illərin gəlir vergisinin müəyyən edilməsi ilə əlaqədar göstərmişdir ki, fərdi sahibkar iddiaçının səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən elektron daşıyıcıda təqdim edilmiş elektron vergi hesab-fakturaları(EVHF), elektron qaimə-fakturaları(EQ F) və uçot məlumatlarının tədqiqi zamanı müəyyən edildi ki, həmin məlumatlar fərdi sahibkar tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2019-cu ildə ümumi gəlir və gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Lakin İddiaçının 2019 və 2020-ci illər üzrə gəlir vergisinin hesablanması zamanı ekspert rəyində, vergi ödəyicisinin təqdim etdiyi gəlir vergisi bəyannamələrində və səyyar vergi yoxlaması ilə müəyyən edilmiş məlumatların heç biri bir-birinə uyğun gəlmir. Belə ki, ekspert vergi ödəyicisi tərəfindən ekspertizaya elektron daşıyıcıda təqdim olunmuş məlumatlara əsaslanaraq verdiyi rəydə 2019-cu ilin gəlir vergisi üzrə xərclərinin məbləğini hətta vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğdən çox göstərərək vergi ödəyicisinin ili 175.6 96,35 manat zərərlə başa vurduğunu qeyd etmişdir.

38. Göründüyü kimi ekspertin araşdırması mənbəyi bəlli olmayan məlumatlara əsaslanmış, eləcə də ekspert tərəfindən həmin araşdırmanın hansı qaydada aparıldığı rəydən və iş üzrə materiallardan görünmür.

39. Bundan başqa, rəydə apellyasiya məhkəməsi tərəfindən ekspert qarşısında qoyulmuş 5-ci suala, yəni (“2019 və 2020-ci illər üzrə gəlir vergisi bəyannaməsində göstərilən xərc maddələrinin hər biri üzrə ayrı-ayrılıqda göstərilməklə Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) xərclər müəyyən edilsin”) cavab verilməmişdir.

40. Beləliklə, iş materiallarında ekspert rəyinin nəticəvi hissəsində qeyd olunmuş göstəricilərin emal olunmuş hansı məlumatlar əsasında və hansı qayd ada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əsaslandırmasında yalnız ekspert rəyi ilə kifayətlənsə də, həmin rəy üzrə araşdırmanı əks etdirən sənədləşmələrin natamam olduğuna, ekspert rəyindəki göstəricilərin hansı araşdırmanın nəticəsində əldə olunduğuna və bunların rəydə əksini tapmadığına diqqət yetirməmiş, ekspert rəyinə digər sübutlarla əlaqəli şəkildə qiymət verməmişdir.

41. Bundan əlavə cavabdeh iş üzrə ekspert rəylərindəki ziddiyyətli məqamlara aydınlıq gətirməsi məqsədilə ekspertin dəvət olunması barədə vəsatət təqdim etsə də, lakin vəsatət təmin edilməmiş və təmin olunmamanın əsasları apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamış, ümumiyyətl ə cavabdeh orqanın vəsatətinə nə ayrıca olaraq nə də ki, qərarında hər hansı münasibət bildirilməmişdir.

42. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifad ə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

44. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələnd irilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

45. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

46. Beləliklə, Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 22-24a, 26 və 27-ci bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli 2-1(104)-94/2023 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar