Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-609/2020 05.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması; mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən həlli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 21(103)-2466/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib, şifahi dinləmələr keçirmədən aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2012-ci ildə Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti”nə daxil olmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini “Əmtəəşünaslıq və Kommersiya Fəaliyyəti” ixtisası üzrə bitirmiş və ona xx nömrəli, 2016-cı il 1 iyul tarixli bakalavr diplomu verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti” tərəfindən onun adına verilmiş x nömrəli, 2016-cı il 1 iyul tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini xahiş etm işdir. Cavabdeh 2017-ci il 31 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, araşdırma zamanı iddiaçının distant formada təhsil alması müəyyən edilmişdir. Lakin hal-hazırda ölkə ərazisində ali təhsil sahəsində distant təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından, bu təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə Qaydalar) 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üç ün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina üçün əsasdır. İddiaçı 2019-cu il 19 mart tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti” tərəfindən ona verilmiş “Əmtəəşünaslıq və Kommersiya Fəaliyyəti” ixtisası üzrə x nömrəli, 2016-cı il 1 iyul tarixli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ukra ynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti” tərəfindən onun adına verilmiş x nömrəli, 2016-cı il 1 iyul tarixli (qeydiyyat nömrəsi x) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2012-ci ildə Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti”nə daxil olmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini “Əmtəəşünaslıq və Kommersiya Fəaliyyəti” ixtisası üzrə bitirmiş və ona x nömrəli, 2016-cı il 1 iyul tarixli bakalavr diplomu verilmişdir. “Təhsil haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vət əndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən olunmuş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 1997-ci il 11 aprel tarixli “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasına əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci Qaydalarının 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixt isaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.4-cü bəndinə görə, xarici dövlətlərin ah təhsil sahəsində ixtisasının t anınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli, 9191-İQ saylı Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Saziş təsdiq edilməklə beynəlxalq müqavilə bağlanmışdır. Həmin Sazişin 6-cı maddəsinə görə, Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. O, təhsil aldığı 2012-2016-ci illər ərzində Ukrayna Respublikasında mütəmadi olaraq sessiyalarda iştirak etmiş, bu onun ümumvətəndaş pasportunda da öz əksinin tapmış və imtahanları da müvəffəqiyyətlə vermişdir. Onun aldığı təhsilin distant təhsil ilə heç bir əlaqəsi yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 28 iyun tarixli 2-1(82)1593/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti” tərəfindən iddiaçının adına verilmiş x nömrəli, 2016-cı il 1 iyul tarixli (qeydiyyat nömrəsi 2833/16) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı distant formada deyil, əyani formada təhsil almış, “Təhsil haqqında” Qanunun 13.1.3-cü maddəsində distant təhsilalma forması Azərbaycan Respublikasında müəyyən edilən təhsilalma formalarına aid edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 2-1(103)-2466/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul olunmadığından və distant təhsilin dövlət standartları müəyyən edilmədiyindən, xarici ölkədə distant formada təhsil almış şəxsin təhsilinin Azərbaycan Respublikasında təhsil standartına uyğunluğunu yoxlamaq faktiki cəhətdən mümkün deyil. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 29 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 5 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya instansiyasında icraat: İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in həmin müddəası və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 1 may tarixli Qərarı ilə Xüsusi karantin rejiminin müddətinin 2020-ci il31 may tarixədək uzadıldığı, bununla əlaqədar “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 2 may tarixli tövsiyələri nəzərə alınaraq, kassasiya şikayəti əsasında işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanı barədə tərəflərə məlumat verilmiş, məhkəmə iclasının təyin olunduğu 2020-ci il 5 may tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini məhkəməyə bildirmələri təklif olunmuş, tərəflər yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması və qərar qəbul edilməsi üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi barədə xəbərdar edilmişlər. İşə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasına tərəflər etiraz etməmişlər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gün dən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqı nda Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Həmin normaların tələbləri cavabdeh inzibati orqan və apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, “Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (ekster nat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 saylı qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili” Qaydalarının 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində əyani, qiyabi, distant (məsafədən) təhsilalma formaları müəyyən edilmiş, Qaydaların 7-1-ci bəndində nəzərdə tutulmuşdur ki, evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Lakin ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul olunmadığından və distant təhsilin dövlət standartları müəyyən edilmədiyindən xarici ölkədə distant formada təhsil almış şəxsin təhsilinin Azərbaycan Respublikasında təhsil standartına uyğunluğunu yoxlamaq faktiki cəhətdən mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, əvvəla, “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeyd- şərtsiz (Sazişdə və təhsil qanunvericiliyində təsbit olunmuş digər tələblər nəzərə alınmadan) əsası kimi çıxış edə bilməz. Digər tərəfdən, iddiaçı distant deyil, əyani formada təhsil aldığını iddia edir. Bu iddianın əsası kimi, diploma əlavədə iddiaçının əyani təhsil aldığı təsdiq edilir. Həmçinin təhsil müəssisəsi tərəfindən verilmiş 2019-cu il 16 may tarixli 48-23/135 №-li arayışla təsdiq olunur ki, iddiaçı təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında bilavasitə iştirak etmiş, tələbə qrupları ilə birlikdə dövlət imtahan komissiyası qarşısında yekun dövlət imtahanı vermişdir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Şikayət əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar h azırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 oktyabr tarixli 2-1(103)-2466/2019 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə Ukraynanın “Poltava İqtisadiyyat və Ticarət Universiteti” tərəfindən iddiaçının adına verilmiş x nömrəli, 2016-cı il 1 iyul tarixli (qeydiyyat nömrəsi 2833/16) bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ
Məhkəmə qərarları › İş №2-1(102)-609/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-609/2020
05.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver