Məhkəmə qərarları › İş №2-1(102)-888/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-888/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-888/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)-671/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixində doğulmuş, 03.07.1978-ci il tarixdən 10.09.1979cu il tarixədək SSRİ 50 illiyi adına Quba meyvətərəvəz sovxozu 14 saylı briqadaya mövsümi bağ işçisi, daimi bağ işçisi; 01.09.1979-cu il tarixdən 01.09.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində müdavim, 01.09.1980-ci il tarixdən 01.02.1984-cü il tarixə kimi Bakı Dənizçilik Mək təbi Gəmi idarəetmə təlimi üzrə tam kursları bitirib, 13.02.1984-cü il tarixdən 09.12.1987-ci il tarixədək Nəqliyyat donanmasında dənizçi; 09.12.1987-ci il tarixdən 04.09.1992-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitan köməkçisi, 04.09.1992-ci il tarixdən 11.08.1998-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitanın 2-ci köməkçisi, 09.04.1999-cu il tarixdən 01.06.2001-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitanın 3-cü köməkçisi, 01.06.2001-ci il tarixdən 01.010.2009-cu il tarixədək Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi, 01.10.2009-cu il tarixdən 05.09.2014-cü il tarixədək kapitanın baş köməkçisi, 05.09.2014cü il tarixdən 31.07.2016-cı il tarixədək üzücü heyətdə kapitanın baş köməkçisi vəzifəsində işləmişdir, 01.08.2016-cı il tarix dən hal-hazıradək “xxxx” QSC X1 Donanması “X” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləyir.

2. İddiaçı 14.10.2019-cu il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 14.11.2019-cu il tarixli **********3 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi 14.06.1979-cu il tarixli əmək kitabçasında 09.04.1999-cu il tarixindən etibarən üzən heyətə daxil olduğu qeyd olunmuşdur. Bu səbəbdən də 01.01.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçıya 09 sentyabr 2016-cı il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Quba rayonu, 12 saylı sovxozunda anadan olmuşdur. 1978-ci ildən müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu baxımdan 1978-ci ildən bu günə qədər fərqli işlərdə işləyir. Bu günə qədər onun ümumilikdə 38 il 2 ay sığorta stajı vardır. Qeyd edilən əmək fəaliyətinin 32 ili güzəştli iş stajıdır. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ var. Bununla bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Cavabdeh cavabını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdehə görə iddiaçının 1979-cu ildən 2006-cı ilə qədər işlədiyi dövr ərzində güzəştli iş stajı olaraq müəyyən edilən iş stajı 12 il 6 aydan azdır. Cavabdehin verdiyi cavab əsassızdır və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-2428/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə (krançı) gəmi heyətinə aiddir və gəm i heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli və 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının 01.01.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq (18 il 22 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-2428/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-671/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-2428/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarının cavabdehə hansı tarixdə təqdim edildiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

12. Cavabdeh həmin qərardan 19.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 2-1(103)671/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır.

14. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfində n təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

15. Lakin iş materiallarından da göründüyü kimi 01.01.2006-cı il tarixinədək iddiaçının topladığı güzəştli iş stajı da 12 il 6 aydan azdır. İddiaçının 14.06.1979-cu il tarixli əmək kitabçasında iddiaçının 09.04.1999-cu il tarixindən etibarən üzən heyətə daxil olduğu qeyd edilmişdir. Bu səbəbdən də, iddiaçının 13.02.1984-11.08.1998-ci illər ərzində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri n siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir.

16. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının 28-ci fəslinin (“Nəqliyyat”) 3-cü bölməsinin (“Dəniz və çay donanması”) 1-ci bəndində (“Üzən heyət”) deyilir: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)”.

17. Göründüyü kimi 01.01.2006-cı il tarixinədək iddiaçının topladığı güzəştli iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən b u Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

22. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik o lduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respub likası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod ********) nəzərdə tutulmuşdur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” nəzərdə tutulmuşdur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dəniz nəql iyyatı gəmilərində xidmət Nizamnaməsinin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir.

28. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər in mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Hazırkı qərarın 21-24-cü bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər az ı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.

36. Hazırkı qərarın 25-26-cı bəndlərində göstərilən normalardan aydın olduğu kimi, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısında təsbit olunmuşdur.

37. Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi hal isə iddiaçının 13.02.1984-11.08.1998-ci illər ərzində işlədiyi peşələrin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya uyğun olmamasıdır. Halbuki, cavabdeh bu dəlillərini işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də təqdim etmiş, məhkəmə də bu dəlilləri qiymətləndirmişdir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 27-28-ci bəndlərində göstərilən Nizamnamədə iddiaçının həmin dövrdə çalışdığı peşələr böyük komandir heyətinə və gəmi komandasına aiddir. Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı və 23.01.2007-ci i l tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında da gəmi heyəti güzəştli şərtlərlə pensiya hüququ verən işlərin Siyahısında göstərilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir.

39. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixinədək tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

40. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2021-ci il tarixli, 21(103)-671/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar