Məhkəmə qərarları › İş №2-1(103)-1055/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1055/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1055/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya medalın təqdim edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9071/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı medalının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 1996-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 16 avqust 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Onun 2021-ci ilin iyul ayında Silahlı Qüvvələrdə 25 il xidməti tamam olmuş, lakin xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Silahlı Qüvvələr veteranı” medalının, habelə vəsiqəsi və adının verilməsi üçün heç bir tədbir görülməmişdir. Xidmət müddətində “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə görə Azərbaycan Respublikası Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələr veteranları sayılırlar. “Silahlı Qüvvələr Veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. İddiaçı 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə yazılı müraciət ünvanlamışdır. Müraciət 28 fevral 2022-ci il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilmiş və Müdafiə Nazirliyinə dəvət olunaraq iddiaçıya “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi təqdim edilmişdir. Müvafiq medal isə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli Qanunu ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. İddiaçı hesab edir ki, hərbi xidmətdən ehtiyata buraxılarkən xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə təltif edilməsi üçün tədbir görməli və müvafiq qaydada medalı ona təqdim etməli idi. Beləliklə, “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı ilə qeyri-müəyyən səbəblərdən vaxtında təltif edilməməsinə görə medalın ona təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim edərək, göstərmişdir ki, İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. Belə ki, İddiaçı 1996-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 1 iyun 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Ordusunun şəxsi heyətinin medallarla təltif olunması Azərbaycan Respublikası Müdafiə nazirinin 223 nömrəli, 17 may 2004-cü il tarixli əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə əsasən medallar haqqında əsasnamələrə uyğun olaraq, Müdafiə Nazirliyinə təqdim olunmuş təqdimatlar və vəsatətlər əsasında həyata keçirilir. Ehtiyatda olan polkovnikleytenant İddiaçı 21 iyun 2021-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından və xidmət etdiyi müddət ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması üçün təqdim olunmadığından, ona sözügedən medalla təltif olunması həmin medalın Əsasnaməsinin tələblərinə ziddir. Göstərilənlərə əsaslanaraq iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9071/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini iddia tələbinin təmin edilərək “Silahlı Qüvvələr veteranı” medalının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1996-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. 2021-ci ilin iyul ayında Silahlı Qüvvələrdə 25 il xidməti tamam olmuş, lakin xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Silahlı Qüvvələr veteranı” vəsiqəsi və medalı ilə təltif edilməmişdir. Sonradan müraciəti əsasında vəsiqə ona verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxılarkən xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif edilməsi üçün konkret tədbirlər görməli və müvafiq qaydada medalı ona təqdim etməli idi. Qərardadda məhkəmə qeyd etmişdir ki, hazırda o, həqiqi hərbi xidmətdə olmadığından medalla təltif edilməyi mümkünsüzdür. Lakin, nəzərə alınmalıdır ki, Silahlı Qüvvələr veteranı vəsiqəsi ilə ona xidmətdən buraxıldıqdan bir-neçə ay sonra verilmişdir. Medal isə təqdim edilməmişdir. Cavabdehin təqsiri üzündən o, medalla təltif edilməmiş, halbuki, müvafiq vəzifəli şəxslərin zaman etibarı ilə imkanları var idi ki, ehtiyata buraxılan zaman müvafiq medalla təltif olunsun. Bunun üçün cavabdeh üzərinə düşən vəzifələri icra etməli idi. Məhkəmə heç bir araşdırma aparmadan cavabdehin mövqeyinə söykənərək ədalətsiz qərardad qəbul edib, iddianı mümkünsüz sayıb. Cavabdehin hərəkətsizliyi nəticəsində onun Silahlı Qüvvələr veteranı medalı ilə təltif edilmə hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi qərardad qəbul edib iddianı mümkünsüz saymaqla cavabdeh Müdafiə Nazirliyi tərəfindən hər hansı bir pozuntunun olmamasını təsdiq etmiş, digər tərəfdən onun müvafiq medalla təltif edilmə hüququnu qorumamış, qərardadla yanlış qənaətə gələrək, nə onun hüququnun pozulduğunu, nə də ki, cavabdehin hərəkətsizliyini tam və hərtərəfli araşdırmadan hüquqi qiymət vermişdir. Vaxtında cavabdehin vəzifəli şəxsləri üzərilərinə düşən vəzifələri yerinə yetirmiş olsa idi, yəni o, ehtiyata buraxılanadək, yəni şəxsi heyətin siyahısından çıxarılanadək müəyyən prosedur qaydalarına riayət etməklə lazımi addımlar atıb medalın ona təqdim edilməsi istiqamətində zəruri hərəkətləri yerinə yetirmiş olsa idi, onun sözü gedən medalla təltif edilmə hüququ pozulmaz, məhkəməyə müraciət etməli, əlavə vaxt və vəsait sərf etməli olmazdı. Odur ki, məhkəmənin qərardadı əsassızdır və qanunsuzdur. Ona görə də qərardad ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-9071/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Halbuki, iddia ərizəsindən və apellyasiya şikayətindən də göründüyü kimi İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalının ona təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna istinad etdiyindən iddianın mümkünlüyü məsələsinə yenidən baxılaraq sonrakı zəruri prosessual hərəkətlər həyata keçirilməlidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” vəsiqəsi iddiaçıya təqdim olunduğuna görə, sonuncu müvafiq medalın ona verilməsi barədə tələblə məhkəməyə müraciət etməklə pozulmuş hesab etdiyi hüquqlarının bərpa olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(112)-9071/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar