Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1056/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 46, 71-ci maddələri və Mülki Məcəllənin 23, 25.5 və 77.1-ci maddələri nəzərə alınmaqla onun dövlət qulluğunda yaşa görə əmək pensiyasının yenidən hesablanaraq 16.07.2019-cu ildən 826,77 manat, 01.12.2019-cu il tarixdən isə 1.159,02 manat müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı 29.07.2020-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, “onun 16.07.2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 70,95 manat, mükafat 157,67 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 172,24 manat, 01 oktyabr 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat, ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 109,50 manat, mükafat 243,33 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 258,77 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində 2000-ci il 2 mart tarixdən 2019-cu il 2 may tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 2019-cu il 1 may tarixli, **********3 saylı əmri ilə 65 yaşının tamam olması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. Ona 2019-cu il 16 iyul tarixdə cavabdeh tərəfindən düzgün olmayaraq 546 manat dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Belə ki, onun pensiyasını məsləhətçi vəzifəsi üzrə təyin etmişlər. O, 1985-ci il 20 may tarixdən 1988-ci il 18 noyabr tarixədək Gədəbəy rayon Partiya Komitəsində, 1990-cı il 3 may tarixdən 1991ci il 10 dekabr tarixə kimi Gədəbəy rayon X2, 1991-ci il 10 dekabr tarixdən 1999-cu il 19 iyul tarixə kimi Gədəbəy rayon İcra hakimiyyətində (cəmi 12 il 9 ay 14 gün) ümumi şöbə müdiri işləmişdir. Hesab etmişdir ki, həmin vəzifə Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 2 dekabr tarixli, 135 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Qulluqçularının aylıq vəzifə maaşlarının, təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrə əlavə edilən 3 nömrəli əlavənin 6-cı təsnifatına uyğun olaraq hesablanmalıdır. 2019-cu il 16 iyul tarixdə: vəzifə maaşı-473 manat, qulluq stajı 20%-94,60 manat, ixtisas dərəcəsi - 65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15% - 70,95 manat, mükafat - 157,67 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20% - 172,24 manat, cəmi 1.033,46 manat x 80 % = 816,77 manat; 2019-cu il 01 yanvar tarixdə: vəzifə maaşı-730 manat, qulluq stajı 20 %-146 manat, ixtisas dərəcəsi-65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15%-109,50 manat, mükafat-243,33 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20%-258,77 manat, cəmi 1552,60 manat x 80 % =826,77 manat olmaqla, əvvəlki pensiya 415,91 manat x 80 % = 332,25 manat artım + əvvəlki pensiya 826,77 manat, cəmi 1.159,02 manat yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Onun 47 il 03 ay ümumi sosial sığorta stajı vardır ki, ondan 46 il 03 ay 29 günü dövlət qulluğudur. O, pensiyasının düzgün hesablanmaması barədə cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Lakin iddiaçı tərəfindən həmin arayışlar təqdim edilməmiş, məhkəmə tərəfindən isə arayışların olmaması nəzərə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 774 nömrəli, 22 avqust 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında" Əsasnamənin 12-ci bəndi ilə hər il üçün dövlət qulluqçularına müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğu qeyd olunmuşdur. Bu isə həmin vəsaitlərin mütləq qaydada verilməli olması anlamına gəlmir. Belə olan halda, mükafat fərdi xarakterli olduğuna görə, yalnız müvafiq qaydada şəxsən alındığı və bunu təsdiq edən arayış təqdim edildiyi halda əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilər. İddiaçı isə həmin mükafatları almış olsa belə, həmin mükafat, həmçinin yüksəkliyə görə əmsalla bağlı əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmadığı açıq-aşkardır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 2- 1(103)-1142/2021 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2021-ci il tarixli, 2-1(102)-2205/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.06.2021-ci il tarixli, 2-1(103)-1142/2021 nömrəli qərarı qismən – hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavəyə münasibətdə ləğv edilərək, iddianın həmin hissədə rədd edilməsi; mükafatların nəzərə alınması hissəsində ləğv edilərək, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə 07.12.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “şikayət apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın “mükafatların nəzərə alınması” tələbinə münasibətdə ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.” Belə olan halda apellyasiya instansiya məhkəməsi qismində işə baxılarkən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını “məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərinin, iddiaçıya ödənilmiş mükafat(lar)ın məhz həmin zaman hədlərinə aid olduqlarının dəqiq müəyyən edilməsi. - Həmin mükafatların ödənildiyi vaxtda qüvvədə olan qanuna görə məcburi dövlət sığortasına cəlb edilməli olub-olmadıqları, cəlb edilməli olduqları halda, bunun baş veribvermədiyinin müəyyən edilməsi. Apellyasiya şikayətinin iddia tələbinin mükafatla bağlı hissəsinə münasibətdə dəlilləri iddiaçının həmin mükafatları aldığını təsdiq edən arayışın təqdim edilməməsi və hətta almış olsa belə həmin mükafatlardan məcburi dövlət sosial sığorta haqqının tutulmaması ilə bağlıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda göstərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). -Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). - Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). -Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır (bənd 12). “Dövlət qulluğu haqqında” Qanunun 22.1-ci maddəsinə görə, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 2-ci bəndinə görə, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 8-ci bəndində təsbit edilmişdir ki, dövlət qulluqçusuna işin nəticəsinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan müddəalarına əsasən dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq olaraq iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan qulluq dövrünün hədləri barədə cavabdeh inzibati orqana ünvanlanan sorğuya cavab məktubundan aydın olur ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən 19.07.1994-19.07.1999-cu il tarixləri arasındakı dövr ərzində aldığı dövlət məvacibi nəzərə alınmışdır. İddiaçı tərəfindən qeyd edilən dövr üzrə məsələ mübahisələndirilməmişdir. İnzibati iş üzrə araşdırma zamanı Azərbaycan Respublikası Milli Arxiv idarəsi Gədəbəy rayon İcra hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 07 avqust 2020-ci il tarixli 33 №li məktubu ilə İddiaçı 1992-1993; 1997-2000-ci illərdə Gədəbəy rayon İcra hakimiyyətində ayrı-ayrı vəzifələrdə işləyərkən onun adına hesablanmış əmək haqqı cədvəlindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan cədvəllərdən görünür ki, İddiaçı Gədəbəy rayon İcra hakimiyyətində işlədiyi dövrlərdə, o, cümlədən 1992, 1993, 1997, 1998, 1999 və 2000-ci illərdə ona vəzifə maaşı ilə yanaşı, əmək haqqına yüksəkliyə görə görə tətbiq edilən artım (20 %), mükafatın (maddi yardım və məzuniyyət ödənişləri daxil olmaqla) ödənilməsi həyata keçirilmişdir Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan 19.07.1994-19.07.1999-cu il tarixləri arasındakı dövrdə mükafatın ödənilməsi iş materialları ilə təsdiq olunur. Belə ki, Gədəbəy rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş əl ilə yazılmış və möhürlə təsdiq edilmiş arayışdan da göründüyü kimi iddiaçıya 1997-ci ilin iyun ayında 72.804 manat, dekabr ayında 126.083 manat, 1998-ci lin iyun ayında 150.000 manat, oktyabr ayında 205.000 manat, 1999-cu ilin iyun ayında 158.021 manat mükafat verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin mükafat(lar)ın məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında yazılış forması və üsulundan, yaxud istinad edilən sənədin surətinin təqdim olunmasından asılı olmayaraq, arxiv tərəfindən tərtib olunmuş və lazımi qaydada təsdiq edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut yoxdur. Kassasiya instansiya məhkəməsinin digər-iddiaçıya ödənilən mükafatların ödənildiyi vaxtda qüvvədə olan qanunvericiliyə əsasən məcbur dövlət sığortasına cəlb edilməli olubolmadıqları, cəlb edilməli olduqları halda, bunun baş verib-verilmədiyi müəyyən edilməsi ilə bağlı göstərişinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan 19.07.1994- 19.07.1999-cu il tarixləri arasındakı dövrdə mükafatın ödənilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı alınan mükafatlardan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti yoxlanılan hissədə qismən təmin edilməli, qərar isə qismən ləğv edilməli, iddia mübahisələndirilən hissədə qismən təmin edilməli, iddiaçı dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan dövr həddində- 1997-ci ilin iyun ayında 72.804 manat, həmin ilin dekabr ayında 126.083 manat, 1998-ci lin iyun ayında 150.000 manat, həmin ilin oktyabr ayında 205.000 manat, 1999-cu ilin iyun ayında 158.021 manat məbləğində mükafatlar alması nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2020 saylı, 02 dekabr 2020-ci il tarixli qərarı qismən məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia “16 iyul 2019-cu il tarixdən mükafatın 157,67 manat, 01 oktyabr 2019-cu il tarixdən mükafatın 243.33 manat olmaqla pensiyanın yenidən hesablanması hissəsində” qismən təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan dövr həddində- 1997-ci ilin iyun ayında 72.804 manat, həmin ilin dekabr ayında 126.083 manat, 1998-ci lin iyun ayında 150.000 manat, həmin ilin oktyabr ayında 205.000 manat, 1999-cu ilin iyun ayında 158.021 manat məbləğində mükafatlar alması nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar “əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1056/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1056/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver