Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1059/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan, iddia ərizəsinə əsasən faktiki olaraq Bakı şəh., Xəzər ray., Buzovna qəs., Puşkin küç., 15 ünvanında yaşayan) cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhər Cavabdeh2nə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 246/2020 nömrəli qərarından iddiaçının apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı ildə Cavabdeh1 və Cavabdeh2 əməkdaşlarının onun torpaq sahəsinə qanunsuz müdaxilə etmələri nəticəsində ona dəymiş 1.000.000 manat mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən ona vurduqları mənəvi zərərə görə müştərək qaydada hər birindən 500.000 manat, ümumi olaraq 1.000.000 manatın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2000-ci ildə “Kommersant” kommersiya şirkəti Səbail rayonu 1128-ci keçiddə yerləşən 0,72 ha torpaq sahəsini, onun üzərində olan 2 anbar və istehsal bazası sexini iddiaçıya satmışdır. xx xxxx 2001-ci ildə ərizəçinin həmin əmlaklar üzərində mülkiyyət hüququ Texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydə alınmış və xx xxxxxx 2001-ci ildə iddiaçının adına əmlakın texniki pasportu tərtib edilmişdir. xx xxxxxx 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi iddiaçının əmlakına “Bakı şəhəri, Akademik A.Abbaszadə küçəsi, 8” poçt ünvanı vermişdir. xx xxxxxx 2016-ci ildə X3 sədri Məzahir Pənahov, Cavabdeh2 və Cavabdeh1 əməkdaşlarının aktiv iştirakı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,12 ha-ya yaxınını zəbt etmiş, hasarlayaraq orada özü üçün 6 mərtəbəli bina inşa etmişdir. İddiaçı prokurorluğa şikayət etsə də, araşdırma aparılmamışdır. Məzahir Pənahov iddiaçıya zəbt etdiyi torpaq sahəsinə görə ona kompensasiya ödəyəcəyini vəd etsə də, bu günə kimi həmin kompensasiyanı ödəməmişdir. Həmin vaxt ərazidə olan və torpağın hasarlanaraq zəbt edilməsinə maneə olmaq istəyən iddiaçının oğlu X4 və torpaq sahəsinin mühafizəçisi kimi iddiaçı tərəfindən təyin edilmiş X2 polislər tərəfindən ərazidən uzaqlaşdırılaraq, polis idarəsinə aparılmış, axşama qədər Məzahir Pənahovun cəlb etdiyi tikinti işçiləri hasarlama işini başa çatdırana kimi orada saxlanmışlar. İddiaçı hesab edir ki, onun torpaq sahəsinin zəbt edilməsi, həmin torpaq sahəsində yerləşən binanın sökülməsi, həmin torpaq sahəsindən onun razılığı olmadan və torpaq sahəsi ondan dövlət ehtiyacları üçün alınmadan qaz kəmərinin çəkilməsi nəticəsində ona maddi zərər vurulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-246/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-246/2020 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona cavabdehlərin təqsirli hərəkətləri nəticəsində zərər vurulmasını, bu zərərin sarsıntı və iztirablara səbəb olmasını təsdiq edən məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arayışından iddiaçı və şahid Məmmədovun məhkəməyə verdiyi və hakim tərəfindən saxtalaşdırdığı ifadəsindən görünür ki, iddiaçının torpaq sahəsi zəbt olunmuş hasara alınmışdır, iş üzrə torpaq sahəsinin zəbt olunaraq hasara alınması (qərarda sökülməsi göstərilir) xx xxxxxx 2016-cı ildə polis və İH orqanının qanunsuz müdaxiləsi ilə baş vermişdir. İş üzrə dindirilmiş həmin ərazinin mühafizəçisi M. Məmmədov ifadəsində göstərmişdir ki, bu hərəkətlər polislərin və icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə edilmişdir. Məhkəmə bu ifadənin mühafizəçinin iddiaçının tanışı olduğuna görə maraqlı şəxs olduğu üçün mötəbər hesab etmir. Əvvəla şahid mübahisənin predmetini təşkil edən əmlaklara heç bir hüququ olmadığı üçün maraqlı şəxs sayıla bilməz. O yalnız həmin ərazinin mühafizəsi ilə məşğul olmuş və bu baxımdan bu iş üzrə ən önəmli şahiddir. Digər tərəfdən onun ifadələri digər sübutlarla da təsdiq edilir. Onun eyni iş üzrə cavabdeh olan “AZƏRİQAZ’’ İB və Nazim İbrahimov tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın - istehsalat sexinin ön divarının hələ 2009-cu ildə qanunsuz olaraq sökülməsi, arxa divarının isə iş üzrə digər cavabdeh olan MSK sədri Məzahir Pənahov tərəfindən 2014-cü ildə qanunsuz olaraq sökməsi və sökülən sexin divarının yerindən başlayaraq əvvəllər zəbt etdiyi və dəyərini ödəyəcəyinə söz verdiyi sahədə iddiaçının torpaq sahəsindən istifadə edərək 6 mərtəbəli hələ də təyinatı məlum olmayan bina inşa etdirmiş və xx xxxxxx 2016-cı ildə Səbail RPİ-nin bir qrup əməkdaşı və Səbail Rayon İH-nin təsərrüfat şöbəsinin müdirinin rəhbərliyi ilə istehsalat sexinin altında olan dəyərini ödəyəcəyinə də söz verdiyi 0,2 hektar torpaq sahəsini hasar inşa etdirməklə zəbt etmiş və bu barədə iddiaçının oglu Ruslan Zeynalova telefon vasitəsi ilə məlumat vermiş və o hadisə yerinə gələrək ərazinin və üzərində olan əmlakların onun atasının mülkiyyətində olması barədə qeydiyyat vəsiqəsi və Texniki pasportu cavabdehlərə təqdim edib, torpaq sahəsində işləri dayandırmağı və ərazini tərk etmələrini tələb etsə də, onun tələblərinə əməl edilməmiş ona və Ruslana fiziki zor tətbiq edilərək ərazidən uzaqlaşdırılmaları barədə ətraflı məlumat verildikdən sonra hadisə yerinə gələn iddiaçının da eyni məzmunlu tələblərinə əməl edilməmiş və iddiaçının DİN-nin 102 xidmətinə verdiyi məlumatı araşdırmaq üçün hadisə yerinə gəlmiş mülki geyimli 41 saylı PB əməkdaşları digər Polislərlə birlikdə ona və Ruslana fiziki-psixiki zor tətbiq edərək Ruslanı polis bölməsinə aparmış və beləliklə hasarın qanunsuz olaraq inşa edilərək iddiaçının torpağının ön hissəsinin də zəbt edilməsinə səbəb olmuş və şərait yaratmışlar. Cavabdeh İH-nin və Səbail rayon Polisi idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri iddiaçının oğlu Ruslan tərəfindən telefona çəkilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, iddiaçı sədrlik edənin sualına cavab olaraq, iddia tələbini iki cavabdehə qarşı irəli sürdüyünü və iddia tələbini olduğu kimi müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə kollegiyası izah edir ki, prosessual həmiştirakçılıq (iddiaların birləşdirilməsi) bir icraatda iddia və ya cavabdeh tərəfdən bir neçə şəxs bir-birinə münasibətdə prosessual həmiştirakçılar adlanır. Prosessual həmiştirakçılığın iki növü fərqləndirilir: adi (İPM-in 30.1 və 30.2-ci maddələri) və zəruri (İPM-in 30.4-cü maddəsi) həmiştirakçılıq. Prosessual həmiştirakçılıq yalnız prosessual həmiştirakçılar bir-birinə münasibətdə hüquqi birlikdə olduğu halda mövcud olur. Misal kimi, birgə vərəsələr, ümumi birgə mülkiyyətlə bağlı münasibətlərdə ər-arvad, ortaqlıqlarda və ya kommandit hüquqi şəxslərdə ortaqlar, ümumi mülkiyyətçilər, birgə borclular və sair. Prosessual həmiştirakçılığın mümkünlüyü həmişə məhkəmə tərəfindən ex officio (vəzifə borcuna əsasən öz təşəbbüsü ilə) yoxlanılmalıdır. Məhkəmə qərarı prosessual həmiştirakçılığın hamısı haqqında qəbul edilməli olduğu hallarda zəruri həmiştirakçılıq mövcud olur. Qərarın bütün həmiştirakçılar barəsində qəbul edilməli olduğu hallara inzibati orqanın qəbul etdiyi və qeyri-müəyyən şəxslərin dairəsinə aid olan inzibati aktlara qarşı qaldırılmış iddialar üzrə icraatlar aiddir. Həmçinin nəzərə alınmalıdır ki, İPM-nin 37-ci maddəsi ilə imperativ qaydada yalnız bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, bir iddia ilə bir neçə cavabdehə qarşı tələbin yönəldilməsi Məcəllədə təsbit olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Həmin Qərarın 2.3, 9, 10.1 və 10.2-ci bəndləri ilə məhkəmələrə tövsiyyə etmişdir ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. (10.2). Birinci instansiya məhkəməsi isə işin xüsusi prosessual hüquqi əhəmiyyətə malik bu halına düzgün qiymət vermədən, faktiki olaraq mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməməsini və iki cavabdehin dəyişdirilmədən qalmasını müdafiə etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə iddia tələbi iki inzibati orqana - Bakı şəhəri Cavabdeh1nə və Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxması prosessual hüquqi normaların tətbiqi baxımından düzgün olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-246/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-246/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1 və Bakı şəhər Cavabdeh2nə qarşı “ona vurduqları mənəvi zərərə görə müştərək qaydada hər birindən 500.000 manat, ümumi olaraq 1.000.000 manatın tutularaq ona ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1059/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1059/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver