Məhkəmə qərarları › İş №2-1(103)-1061/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1061/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1061/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10800/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 saylı və 30 may 2023-ci il tarixli **********3759 saylı tədiyyə bildirişlərinin etibarsız hesab edilməklə hesablanmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Binəqədi bələdiyyəsinin 12 may 2023cü il tarixli tədiyyə bildirişinə əsasən iddiaçıya məlum olmuşdur ki, vergi ödəyicisi kimi ünvanı Dərnəgül qəsəbəsi, Yusifzadə küçəsi, ev 167 olması qeyd olunmaqla 2023-cü il üçün Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 121.6 manat əmlak vergisi hesablanmaqla, verginin ödənilmə müddəti 1 5.08.2023-cü il tarixədək 60.8 manat, xx.xx.2023-cü il tarixədək 60.8 manat ödənilməli olması, həmçinin ötən dövrlər üzrə vergi borcunun 243.2 manat olması, bununla bağlı faiz məbləğinin 71.62 manat olması qeyd edilməklə ümumilikdə 436.42 manat bələdiyyəyə vergi ödəməlidir. Bundan sonra, Binəqədi bələdiyyəsi tərəfindən yenidən iddiaçıya 30 may 2023-cü il tarixli tədiyyə bildirişi göndərilərək vergi ödəyicisi kimi ünvanı Ə.Əliyev küçəsi 36, 2-ci döngə ev 7 olması qeyd olunmaqla 2023-cü il üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 116.93 manat əmlak vergisi, 1.79 torpaq vergisi hesablanmaqla, verginin ödənilmə müddəti xx.xx.2023-cü il tarixədək 69.36 manat, xx.xx.2023-cü il tarixədək 59.36 manat ödənilməli olması, həmçinin ötən dövrlər üzrə vergi borcunun 237.44 manat olması, bununla bağlı faiz məbləğinin 72.06 manat olması qeyd edilməklə ümumilikdə 436.22 manat bələdiyyəyə vergi ödəməlidir. Əvvəla, qeyd etmək istəyir ki, iddiaçının əmlak vergisi ödəməli olmağı barədə iddiaçıya heç bir xəbərdarlıq edilməmiş, ümumiyyətlə nə bu il, nə də ötən il bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Digər tərəfdən də iddiaçının mülkiyyətində olan əmlakla bağlı sənədlər cavabdehə təqdim olunmadan, ümumiyyətlə qeyd olunan əmlakla bağlı hansı xüsusatlara görə qeyd olunan məbləğdə vergi borcunun hesablanması iddiaçıya bildirilməmişdir. Yuxarıda qeyd etdiyi 12 may 2023-cü il tarixli və 30 may 2023-cü il tarixli tədiyyə bildirişlərindən də göründüyü kimi iddiaçı tərəfindən ödənilməli olan vergi məbləğləri müxtəlif göstərilməklə orada vergi ödəyicisi kimi ünvanında da müxtəlif göstərilmişdir. Bütün bu qeyd olunan hallar, onu deməyə əsas verir ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən heç bir araşdırma aparıılmamış, yalnız onlarda olan ümumi məlumatlar əsasında iddiaçının ümumilikdə 436.22 manat bələdiyyəyə vergi ödəməli olmağı qənaətinə gəlinmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10800/2023 saylı saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bələdiyyə“İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibatiicraatı lazımı qaydada aparmamış, iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququ olmadan ona vergi borcu hesablamışdır. Məhkəmə bələdiyyənin inzibati akt qəbul etdiyini və bu zaman “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etmədiyini bildirmişdir. Məhkəmə qərarından da göründüyü kimi bələdiyyə məsələ ilə bağlı hər hansı inzibati icraat başlatmamış və heç bir inzibati akt qəbul etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsəd ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müəyyən edilən vergilərdənbiri də yerli vergilərdir. (bələdiyyə vergiləri) Yerli vergilər (bələdiyə vergiləri) dedikdə bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin məcəllənin 5-ci maddəsinə əsasən, vergi məbləğlərinin tutulma formalarından biri də bildiriş üzrə tutmadır. (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, fiziki şəxslərin əmlak və torpaq vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Qeyd etmək lazımdır ki, bələdiyyə tərəfindən hesablanmış torpaq və əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyyə Bildirişi” tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Göründüyü kimi tədiyyə bildirişi inzibati akt deyil və fiziki şəxsləri vergi borcu barədə məlumatlandırma məqsədi daşıyır. Belə olan halda hesab edirlər ki, məhkəmə mübahisə ilə bağlı düzgün qənaətə gəlməmişdir və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasında iştirak etmiş tərəflərin (nümayəndələrinin) izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10800/2023 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırkı tələbin nəzərdən keçirilməsini zəruri hesab edir. İşin mahiyyətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2023-cü il tarixli **********5553 saylı və 30 may 2023-ci il tarixli **********3759 saylı tədiyyə bildirişlərinin etibarsız hesab edilməklə hesablanmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən o da görünür ki, hesablanmış vergi borcu ilə əlaqədar iddiaçı barəsində heç bir inzibati akt qəbul edilməmiş, inzibati icraat aparılmamış və qərar qəbul edilməmişdir. Yalnız, elektron sistem vasitəsilə iddiaçıya məxsus fərdi yaşayış evinin ölçülərinə uyğun vergilər hesablanmışdır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən tədiyyə bildirişi göndərilmişdir. (Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1dən gec olmayaraq verməlidirlər.) Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrıayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;... 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsəd ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mübahisəyə tətbiq edilən hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müəyyən edilən vergilərdən biri də yerli vergilərdir. (bələdiyyə vergiləri) Yerli vergilər (bələdiyə vergiləri) dedikdə bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, vergi məbləğlərinin tutulma formalarından biri də bildiriş üzrə tutmadır. (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, fiziki şəxslərin əmlak və torpaq vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Qeyd etmək lazımdır ki, bələdiyyə tərəfindən hesablanmış torpaq və əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyyə Bildirişi” tərtib olunur və avqust ayının 1dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 17 iyun 2003-cü iltarixli, № 478-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin tələblərinə əsasən: 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Beləliklə, göründüyü kimi, tədiyyə bildirişi inzibati akt deyil və fiziki şəxsləri vergi borcu barədə məlumatlandırma məqsədi daşıyır. İşin mahiyyətindən də görünür ki, hesablanmış vergi borcu ilə əlaqədar iddiaçı barəsində heç bir inzibati akt qəbul edilməmiş, inzibati icraat aparılmamış və qərar qəbul edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddia tələbinin mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10800/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-10800/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar