Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1074/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı, Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ali təhsil haqqında diplomun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2231/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə daxili test imtahan vermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. 5 (beş) il təhsil alaraq 2010-cu ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisası üzrə tam kursu bitirməsini təsdiq edən diplom aidiyyəti üzrə Bakı İslam Universiteti tərəfindən ona təqdim edilmişdir. Adı çəkilən universitetin ona verdiyi diplomla hara müraciət edirsə bu təhsil sənədi müraciət etdiyi qurumlar tərəfindən ciddi qəbul olunmur. O, mövcud vəziyyətlə razılaşmır. Çünki, qanunvericiliklə müəyyən olunmuş hüquqi prosedurları keçərək, dövlət tərəfindən qeydiyyata alınmış Bakı İslam Universitetini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən Bakı islam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Lisenziya verilərkən universitetdə təhsil alan bütün tələbələr o, cümlədən onun haqqında məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir. Cavabdeh inzibati orqana müraciət etsə də xx.xx.2019-cu il tarixli cavabında qeyd olunmuşdur ki, “onun xx.xx.2019 (daha əvvəlki müraciət) tarixli ərizəsinə Nazirliyin xx.xx.2019-cu il tarixli A-1521/1 1-24 nömrəli məktubu ilə cavab verilmişdir. Həmin məktubda isə məsələnin həllinin nazirliyin imkanları xaricində olduğu bildirilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2231/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, Bakı inzibati Məhkəməsi müvafiq qərarının əsaslandırma hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsilli müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarına istinad edərək bildirmişdir ki, Bakı islam Universitetinin 2005-2009-cu illərdə lisenziyasının olmadığına və müvafiq lisenziyanın həmin universitet tərəfindən xx.xx.2009-cu ildə alındığına görə həmin iddianı əsaslı saymamışdır. “Azərbaycan Respublikasının təhsil haqqında Qanunu”nun 5-ci maddəsində Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır və dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər müddəası öz əksini tapmışdır. Bununla əlaqədar qeyd etmək istərdi ki, Bakı İslam Universiteti 1994, 1997-cil illərdə Ədliyyə Nazirliyində, 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmışdır. Universitetə qəbul qaydaları Bakı İslam Universitetinin nizamnaməsinə əsasən aparılmışdır və bu nizamnamə 2002-ci ildə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən təsdiq olunmuşdur. Həmin nizamnamədə universitetə qəbulun müsabiqə yolu ilə aparılması təsbit olunmuşdur. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” qanununun 6-cı maddəsinin iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan redaksiyasında dini təhsili qurumlarının lisenziya ilə fəaliyyət göstərməsi tələb olunmurdu. Məhz bu qanuna əsasən Bakı İslam Universiteti qeyd edilən dövrdə lisenziya almadan fəaliyyət göstərmişdir. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən Bakı İslam Universitetinin vəsatəti əsasında universitetin lisenziyalaşdırılması məsələsinə baxılmış və fəaliyyətinə xx.xx.2009cu il tarixdən 031991 nömrəli lisenziya verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquq aktların iyerarxiyası göstərilmişdir. Qeyd olunan müddəalardan göründüyü kimi Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” qanununun hüquqi qüvvəsinin Azərbaycan Respublikası! Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarından üstün olması Azərbaycan Respublikası Konstitusiyasının tələblərindən irəli gəlir. Göründüyü kimi Bakı İnzibati Məhkəməsi qərarının əsaslandırılması zamanı nə üçün Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” qanununun normasına deyil həmin qanundan sonra qəbul olunmuş Azərbaycan Respublikası Nazirləri Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarının müddəalarını tətbiq etməsi məsələsinə toxunulmur və tutarlı hüquqi arqument gətirilmir. Beləliklə də sözü gedəni məhkəmə konstitusiyanın müddəalarını heçə saymış və qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Qeyd etmək zəruridir ki, Bakı İnzibati Məhkəməsinin sözü gedən qərarında sübutlar dərindən və hərtərəfli araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı 2015-2016-cı tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak edərək 32 bal toplamışdır. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ali təhsil aldığı müddətdə 5 il hərbi xidmətdən möhlət hüququ verilmiş və ali təhsil müəssisəsini bitirdikdən sonra 1 il hərbi xidmət keçmişdir. Qeyd olunan məsələlərə qərarda toxunulsa da bu məsələlərə heç bir aydınlıq gətirilməmiş və məntiqi izah verilməmişdir. İş materiallarından məlumdur ki, ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında X6 xx.xx.1989-cu il tarixli 2№-li protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı islam Mədrəsəsi kimi fəaliyyətə başlayıb. QMİ-nin xx.xx.1991-ci il tarixli 2№-li əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb. QMİ-nin təşəbbüsü ilə Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.1994cü il tarixli qərarına əsasən, Bakı islam institutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb. Qafqaz İslam Universiteti Ədliyyə Nazirliyinin xx.xx.1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib. X8 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163№-li sərəncamına əsasən, BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınıb. xx.xx.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə 5 illik lisenziya verilmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinə istinad edərək, Bakı İslam Universitetinin lisenziya almadan fəaliyyət göstərdiyini qeyd etsə də, iddiaçının 2005-2010-ci illərdə təhsil almasını nəzərə almamışdır. Belə olan halda isə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından iş üzrə sübutlara və işin faktiki hallarına qiymət verilməli idi. Həmçinin təhsil aldığı dövrün bir hissəsinin Universitetin qanuni (lisenziyalı) fəaliyyət dövrünə təsadüf etməsi halına da qiymət verilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının Bakı İslam Universitetində təhsil aldığı 2005-2010-cu illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Belə ki, həmin təhsil müəssisəsi iddiaçının təhsilə başladığı 2005-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirdi və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Dini tədris müəssisələrinin fəaliyyətinin lisenziya əsasında həyata keçirilməli olmasına dair imperativ norma 08 may 2009-cu il tarixli 812- İİJQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə əlavə edildikdən sonra, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən lisenzıyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti Qanunsuz qiymətləndirilməsinin heç bir hüquqi əsası yoxdur. Bakı İslam Universiteti həmin vaxtlar qüvvədə olan, “Dini etiqad azadlığı” haqqında qanuna müvafiq olaraq ali təhsil müəssisəsi kimi yaranmış, daha sonradan həmin qanuna edilən müvafiq dəyişiklikdən sonra da lisenziya üçün müraciət edərək lisenziya almışdır. Göründüyü kimi, iddiaçı sözügedən təhsil müəssisəsinə qəbul olunduğu zaman Bakı İslam Universiteti həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq dövlət qeydiyyatında olmuş, artıq iddiaçı təhsil müəssisəni bitirən zamanı Bakı İslam Universiteti müvafiq qaydada lisenziya alan bir təhsil müəssisəsi olmuşdur. Belə olduğu təqdirdə, cavabdeh inzibati orqanın iddiaçının ali təhsil haqqında diplomunun dövlət nümunəli blankının sözügedən təhsil müəssisəsinə göndərməməsi, bunun nəticəsində iddiaçının təhsil hüquqlarını realizə edə bilməməsi hesab edir ki, hüquqa qəsd kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən müddəalardan göründüyü kimi məhkəmənin gəldiyi nəticə tam əsasızdır və heç bir qanuni əsasa söykənmir. Apelyasiya baxışı zamanı İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Qafqaz Müsəlmanları İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2-1(103)- 1074/2022 saylı qəraradadı ilə Qafqaz Müsəlmanları İdarəsinin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının Bakı İslam Universitetinə qəbul olunduğu və təhsil aldığı 2005-2009-cu illərdə adıçəkilən Universitetin Qaydalara əsasən müvafiq lisenziya olmadan lisenziyada göstərilən fəaliyyət növü ilə məşğul olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə mahiyyəti üzrə düzdün nəticəyə gəlsə də hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X8 üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163 № li Sərəncamına əsasən, Bakı İslam Universitetinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 aprel 1997-ci il tarixdə verilmiş Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin hüquqi qüvvəsi itirilmiş hesab edilərək, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə 5 (beş) il müddətinə 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. İş materiallarında olan Bakı İslam Universiteti tərəfindən İddiaçı verilmiş 1557 №li xx.xx.2010-cu il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sonuncu 2005-ci ildə həmin Universitetə daxil olmuş və 2010-cu ildə adı çəkilən Universiteti bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2019-ci il tarixli A-15521/11-24 saylı məktubunda qeyd olunmuşdur ki, 2014-cü ilə qədər Bakı İslam Universitetinin (BİU) məzunlarına universitetin özü tərəfindən hazırlanmış diplomlar verilirdi. 2009-cu ildə “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən Bakı İslam Universitetinin vəsatəti əsasında universitetin lisenziyalaşdırılması məsələsinə baxılmış və fəaliyyətinə xx.xx.2009-cu il tarixli 031991 nömrəli lisenziya verilmişdir. 2014-cü ildən başlayaraq BİU-nun buraxılış yekun dövlət attestasiya komissiyasının sədrləri Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və məzunlara dövlət nümunəli bakalavr diplomları verilir. Bakı İslam Universitetinə X4 tərəfindən qəbul olunmadığı üçün və 2010-cu ildə BİU-da buraxılış yekun dövlət attestasiya komissiyasının sədrləri Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadığına görə ona verilən diplomun dövlət nümunəli diplomla əvəz olunması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası X4nin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 04/1288 saylı məktubunda qeyd olunmuşdur ki, xx xxxxxx 1988-ci il təvəllüdlü İddiaçı 2005/2006-cı tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə İİİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 308.072 bal toplayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" ixtisasına müsabiqədən keçmiş, lakin qeydiyyatdan keçmədiyi üçün onun qəbul əmri X4 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən təhsil müəssisəsinə göndərilməmişdir. İddiaçı 2015/2016-cı tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 150 ballıq şkala üzrə 32 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində X4 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İddiaçı 2016/2017-ci tədris illərində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanına iştirak etmək üçün ərizə vermiş, lakin imtahanda iştirak etməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. xx.xx.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin xx.xx.1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçü dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamə) müvafiq surətdə fəaliyyət göstərirlər. Həmin maddənin xx.xx.2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci hissəsinə görə, dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin xx.xx.1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına uyğun olaraq dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, din tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş (hazırda qüvvədən düşmüşdür) “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndində göstərilmişdir ki, Bu Qaydalara əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) 1.1 bəndində qeyd olunan fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Bakı İslam Universitetinin dövlət qeydiyyatı ilə bağlı qeyd olunmalıdır ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X8 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati-hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə 5 il müddətinə lisenziya verilmişdir. Universitetin 17 mart 1997-ci il tarixdə qeydə alınmış nizamnaməsində universitetin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir. Bakı İslam Universitetinin X8 üzrə Dövlət Komitəsində 27 iyun 2002-ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə aydınlıq gətirmək üçün ilk növbədə “Dini etiqad azadlığı haqqında” Qanunun 6-cı maddəsinə istinad edilməlidir. “Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada olmuşdur: Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsi yeni redaksiyada verilmişdir: Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. 21 dekabr 2010-cu il tarixli Qanun ilə 6-cı maddəsinin dördüncü hissəsində, “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli Qanun ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır. 4 may 2021-ci il tarixli Qanun ilə 6-cı maddə yeni (hazırda qüvvədə olan) redaksiyada verilmişdir. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar. Bakı İslam Universiteti “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10-cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. 7 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Bununla bağlı ali dini təhsil müəssisəsinin 2009-cu ilin noyabr ayına qədər Təhsil Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra hüquqi status alması barədə hər hansı qanunvericilik norması olmamışdır. “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi (ən azından mübahisə edilən dövrlə bağlı) həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. “Təhsil haqqında” qanunvericiliyin tələbinə görə dövlət təhsil müəssisəsini bitirmiş məzunlara vahid formada dövlət sənədi cavabdeh tərəfindən verilir. İddiaçının da Bakı İslam Universitetini bitirməsinə görə diplom nümunəsi cavabdeh tərəfindən verilməlidir. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulduğundan, iddiaçının təhsil aldığı Bakı İslam Universiteti əvvəl Ədliyyə Nazirliyində, sonra isə X8 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alındığından və dini qurumların dövlət reyestrinə daxil edildiyindən fəaliyyəti qanuni olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nda ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 15 fevral 2011-ci ildə əlavə edilmiş 3.1-1ci bəndində qeyd edilmişdir ki, təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Qanunla müəyyən edilir (21 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir). 2 sentyabr 2002-ci il tarixdə təsdiq edilmiş Qaydalarda da ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Bundan başqa, 2 sentyabr 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əlavə 2-də “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun Məbləğləri”ndə fəaliyyət növü kimi ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi və buna görə 5.500 manat dövlət rüsumu müəyyən edilməsi barədə 17.5-ci bənd 6 avqust 2009-cu il tarixli 143 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 7 avqust 2009-cu il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 619) ilə əlavə edilmişdir. Göründüyü kimi, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında avqust 2009-cu ilə qədər ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi olmasına dair hər hansı müddəa olmamışdır. Odur ki, iddiaçının təhsil aldığı Bakı İslam Universitetinin 2009-cu ilədək müvafiq lisenziya olmadan lisenziyada göstərilən fəaliyyət növü ilə məşğul olduğu barədə məhkəmənin mövqeyi əsaslı hesab edilmir. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərmiş ali təhsil müəssisəsi olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının 2005/2006-cı illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirakı etməsi müəyyən olunsa da, hər hansı bir təhsil müəssisəsinə qəbul olunması və barəsində X4 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmrin verilməsi müəyyən edilməmişdir. İddiaçının Bakı İslam Universitetinə qəbulu isə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, iddiaçıya müvafiq ixtisas dərəcəsi üzrə tam kursu bitirməsi barədə ali təhsil haqqında diplom verilməsi üçün dövlət nümunəli blankının Bakı İslam Universitetinə göndərilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2231/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1074/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1074/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver