Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1101/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə maddi və mənəvi kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlər AR Gənclər və İdman Nazirliyi və AR Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmışdır. Qərardadla razılaşmayan X3 iddiaçının adından apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili qərardadın ləğv edilib, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, işdən müəyyən edilir ki, apellyasiya şikayəti iddiaçının xx.xx.2019-cu il tarixli etibarnaməsi əsasında Z.Qasımov adlı şəxs tərəfindən imzalanmışdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayətini imzalamış Z.Qasımovun iddiaçının yaxın qohumu və ya vəkili olması iş materialları ilə təsdiqini tapmır, Vəkil isə iddiaçı tərəfindən etibarnamə verilməmişdir. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İPM-in 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1101/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1101/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver