Məhkəmə qərarları › İş №2-1(103)-1145/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1145/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1145/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), x2 və x1 ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Binəqədi rayon şöbəsinə qarşı iş və təhsil müddətlərinin sosial sığorta stajına hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4613/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci ilə kimi Əli Bayramlı şəhər 152 nömrəli texniki məktəbdə “əl ilə xalça toxuyan” peşəsi üzrə texniki məktəbin tam kursunu bitirdiyi, 1984-cü ildən 1989-cu ilə kimi M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda tam kursu bitirərək təhsil aldığı, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi Azərbaycan Respublikası “Problem” Milli Təhsil Mərkəzi Milli Tərəqqi İnstitutunda rus dili və ədəbiyyatı kafedrasında rus dili müəllimi kimi çalışdığı müddətlərin və xx.xx.2012-ci il tarixdən Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyatı kursu keçməyinin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət birinci instansiya məhkəməsinin qərarının ləğvi hissədə əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Lakin məcburetmə haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, iş və təhsil müddətlərinin sosial sığorta stajına hesablanması vəzifəsinin həvalə edilməsi tələbi müstəqil iddia tələbi olmayıb, əmək pensiyasının təyin olunması (bərpa olunması, yenidən hesablanması və sair) barədə öhdəliyin qoyulması haqqında iddiaların faktiki əsaslarından biridir. Belə ki, şəxsin əmək fəaliyyətinin müəyyən hissəsini sosial sığorta stajı hesab etməyən inzibati orqan bu əsasla ona pensiya təyin etməkdən imtina etdikdə, həmin orqana qarşı iş və ya təhsil müddətlərinin sosial sığorta stajına hesablanması (başqa sözlə, sosial sığorta stajının nəzərə alınması) tələbi ilə deyil, pensiyanın təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə iddia qaldırmalıdır. Məhz bu halda, yəni pensiyanın təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiaların əsaslılığı yoxlanılarkən cavabdeh inzibati orqanın həmin şəxsin təhsil yaxud əmək fəaliyyətinin müəyyən hissəsini sosial sığorta stajı hesab etməməkdə (imtinada) ifadə olunan hərəkətlərinin qanuniliyinə hüquqi qiymət verilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan xüsusatı düzgün qiymətləndirməmiş, eyni zamanda, İPM-in 13 və 48-ci maddələri ilə ona aid edilmiş məhkəmənin yardım etmək və işin hallarını obyektiv araşdırmaq vəzifələrini yerinə yetirməmiş, qaldırılan iddiada yol verilən formal xətanın aradan qaldırılmasında, iddia tələbinin dəqiqləşdirilməsində, yanlış iddia növünün münasibi ilə əvəz olunmasında iddiaçıya yardım etməmişdir. İPM-in 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Qeyd olunan normanın tələblərini işin faktiki halları baxımından təfsir edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində baxdığından İPM-in 13-cü maddəsi ilə birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid edilmiş iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması prosedurunda iştirak etməkdə ixtiyarlı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanmasında məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, yeni tələb birinci instansiya məhkəməsi tərəfindən baxılmadığı üçün apellyasiya instansiyası məhkəməsi işi bu tələb üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.” Bu baxımdan, məhkəmə kollegiyası bildirir ki, müzakirə edilən prosessual nöqsanların aradan qaldırılması məhkəmənin yardım etmək və işin hallarının obyektiv araşdırılması vəzifələrinə uyğun olaraq işə apellyasiya icraatı qaydasında baxılması zamanı mümkün olmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə bu məsələyə aydınlıq gətirərək şərh etmişdir ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.” Qeyd olunanların əksi fərz olunarsa, o halda iddia tələbi digər əsasla da qeyrimümkün sayılmalıdır. Belə ki, “iş və təhsil müddətlərinin sosial sığorta stajına hesablanması vəzifəsinin həvalə edilməsi” tələbi əslində “əmək pensiyası təyin edilərkən iş və təhsil müddətlərinin sosial sığorta stajı kimi nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi olduğundan, bu müddətlərin sosial sığorta stajı sayılması faktının müəyyən olunmasını ehtiva edir. Lakin İPM-in 2.1-ci maddəsinə görə, “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.” Qanunla başqa aidiyyət qaydası isə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2 və 305.1.1-ci maddələrinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 3.2, 3.3, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bundan əlavə, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********6 nömrəli imtina məktubundan məlum olur ki, onun sonuncuya müraciəti ikinci dərəcəli əlil kimi əmək pensiyası təyin edilməsi ilə bağlı olmuşdur. Halbuki, işdə iddiaçının əlil olmasını təsdiq edən heç bir sənəd mövcud deyil. Beləliklə də, şikayət edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərarın ləğvi hissədə razılaşır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli (İPM-87.6), iddia mümkün sayılmamalı (İPM-35.1), apellyasiya şikayəti təmin olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4613/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət x4 Binəqədi rayon şöbəsinə qarşı iş və təhsil müddətlərinin sosial sığorta stajına hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar