Məhkəmə qərarları › İş №2-1(103)-1157/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1157/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1157/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3 iştirakları ilə İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-968/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-968/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hərəkətlərində insan ləyaqətini alçaldan şəkildə rəftar etməsi hallarına rast gəlinməmiş, o, bu barədə xidmət dövründə rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə öz qərarında iddiaçının hansı hərəkətlərində qanun müddəasının tələblərinin pozulmasını əsaslandırmamışdır. Qanunda qeyd olunan intizam tənbehlərindən hər hansı biri iddiaçıya tətbiq edilməmişdir və cavabdeh tərəfindən bununla əlaqədar heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı daxili işlər orqanlarından xaric edilməsinin əsası kimi onun silah əvəzedici kartoçkasını girov qoyaraq, keçmiş qayınatası İslam Poladovdan 5000 (beş min) manat məbləğində borc pul almasını və geri qaytarmaması göstərilmişdir. Lakin qeyd olunan borc üzrə tərəflər arasında yazılı formada müqavilə bağlanmamışdır. Belə bir borcun olması faktı yalnız İslam Poladov və onun həyat yoldaşı Qalina Poladovanın cavabdehə verdikləri izahatlarda göstərilir. X8 Ağakişiyevə qarşı qərəzli mövqedən çıxış edərək verdiyi izahat mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmənin birmənalı olaraq, heç bir məhkəmə araşdırması aparmadan belə bir hüquqi əhəmiyyətli faktın olması qənaətinə gəlməsi qanunsuz və əsassızdır. İddiaçı apelyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının hərəkətlərində insan ləyaqətini alçaldan şəkildə rəftar etməsi hallarına rast gəlinməmiş, o bu barədə xidmət dövründə rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə öz qərarında iddiaçının hansı hərəkətlərində qanunun müddəasının tələblərinin pozulmasını əsaslandırmamışdır. İddiaçının hərəkətlərində həyat yoldaşı İradə Poladovaya qarşı kobudluğa yol verilməsi, ona fiziki zor tətbiq etməsi faktları təsdiq edilməmişdir. İddiaçı ilə keçmiş qayınatası İslam Poladov arasında öhdəlik münasibətlərinin olmasını və ya onun pozulmasını hüququ pozulmuş şəxsin mülki iddia ilə məhkəməyə müraciət etməsi və bu iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən etmək olar. İddiaçı 2016-cı ilin əvvəllərində yaranmış ailədaxili mübahisələri əsas gətirərək, 2019-cu ilin noyabr ayında intizam tənbehi tətbiq edilərək işdən xaric edilmişdir. Həmin tarixdən əsasnamə ilə müəyyən edilmiş 3 il müddətin keçməsini nəzərə alaraq iddiaçıya intizam tənbehinin verilməsi əsassız və qanunsuzdur. Apelyasiya baxışı zamanı kollegiyanın iclasında iştirak edən iddiaçı və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Kollegiyanın əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iş materiallarına uyğun izahat verərək qərarın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinin ləğv olunması, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi işburaxmaya görə xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün əmək haqqı ödənilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddianın əsaslarına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri vəzifəsində xidmət edən İddiaçı xx xxxxxx 2019-cu il tarixli əmrlə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə - "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə" əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin x xxxxxx 2019-cu il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, о, DİN-in Baş X1 bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafızəsi üzrə X5 polis nəfəri vəzifəsində xidmət edərkən 2016-cı ildə həyat yoldaşı İ.Poladova ilə arasında yaranmış gərginliyin aradan qaldırılması üçün səy göstərmək əvəzinə mütəmadi olaraq оnа qarşı kobudluğa yol verməsi münasibətlərinin daha da gərginləşməsinə, sonuncunun hüquq-mühafızə orqanlarına çoxsaylı şikayətlərinə və son nəticədə ailəsinin dağılma həddinə çatdırılmasına səbəb olduğuna, silah əvəzedici kartoçkasını girov qoyub qayınatası İ.Poladovdan aldığı pul borcu ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə DİN-in müvafıq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Eyni məktubda bildirilir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafıq hesab edilmir. Bakı şəhəri Nəsimi rayon prokurorluğu xx.xx.2016-cı il tarixdə 6 saylı X10 stansiyasından iddiaçının keçmiş arvadı Ağakişiyeva (Poladova) İradə İslam qızının sağ bud nahiyəsinin əziyi diaqnozu ilə müraciəti faktı üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli 55/17 rəyinə əsasən Ağakişiyeva (Poladova) İradə İslam qızının bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Ağakişiyeva (Poladova) İradə İslam qızına 6 saylı KYS-da qoyulmuş "Sağ bud nahiyəsinin əziyi. 17-18 həftəlik hamiləlik. Düşük təhlükəsi" diaqnozu xəsarətin obyektiv əlamətlərilə əsaslandırılmadığına və özünün məhkəmə-tibbi müayinəsi zamanı bədənində, eləcə də sag bud nahiyəsində xəsarət aşkar edilmədiyinə görə xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Pirayə Səmədzadənin qəbul etdiyi 2016-cı il tarixli 63-C-16 saylı cinayət işinin başlanmasının rədd olunması barədə qərarla iddiaçi barəsində cinayət işinin başlanması onun hərəkətlərində cinayət tərkibi olmadığından rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, İddiaçı oglu xx.xx.2015-ci il tarixdə arvadı X2 heç bir xəsarət yetirməmişdir. İddiaçı silah əvəzedicisini keçmiş qayınatası İslam Poladova girov qoymamışdır və bunun müqabilində ondan borc pul almamışdır. Bu barədə məlumatları iddiaçı ilə qərəzli münasibətlərdə olan İslam Poladov cavabdehə vermişdir. Lakin həmin məlumatlar heç bir rəsmi hüquqi sənədlə, məhkəmə qərarı ilə təsdiqlənməmişdir. X11 hər hansı borcunun iddiaçıdan geri alınması üçün məhkəməyə müraciət etməmişdir, belə bir iddia qaldırmamışdır. İddiaçı xidmətdən xaric edilmə barədə əmrin surəti və əmək kitabçası da verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə DİN-in xx.xx.2019-cu il tarixli Ə930-001-19 nömrəli əmrində İ.Ağakişiyevanın (Poladovanın) İddiaçı tərəfindən döyülməsini təsdiqləyən xüsusatlar əks olunmamışdır.İddiaçı silah əvəzedici kartoçkasını girov qoyaraq 2 gün müddətinə qaytarmaq şərti ilə ondan 5.000 manat borc alıb qaytarmaması, kartoçkanı itirməsi haqda rəhbərliyə yanlış məlumat verməsi barədə keçmiş qayınatası İslam Poladovun müraciəti əsasında xidməti təhqiqat aparılmışdır. Xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, polis serjantı İddiaçı 2016-cı ildən başlayaraq həyat yoldaşı İ.Ağakişiyeva (Poladova) ilə aralarında yaranmış gərginliyin aradan qaldırılması üçün səy göstərmək əvəzinə mütəmadi olaraq ona qarşı kobudluğa yol verməsi münasibətlərinin daha da gərginləşməsinə, sonuncunun hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlərinə və son nəticədə ailəsinin dağılma həddinə çatdırılmasına səbəb olmuş, İ.Poladovanın iddia ərizəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsilə nikah münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyindən iddiaçıya məhz “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsi əsaslıdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri vəzifəsində xidmət etmişdir, cavabdehin xx xxxxxx 2019-cu il tarixli əmrilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırkı tələbində iddiaçı xidmətdən xaric edilməsini qanunsuz hesab edilərək, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinin ləğv olunmasını, vəzifəsinə bərpa olunmasını və iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı ödənilməsini tələb edir. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə görə Azərbavcan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinin İ hissəsinin 9-cu bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Həmin maddənin İİ və İİİ hissələrinə görə polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx xxxxx 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"nə görə hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərilərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin 2-ci maddəsində isə göstərilir ki, hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir.Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 5-ci bəndinə əsasən xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Həmin Kodeksin 8-ci maddəsinə əsasən xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Həmin Kodeksin 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Qeyd olunan normalardan göründüyü kimi polis orqanının əməkdaşı vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməli, xidməti borcun yerinə yetirilməsi zamanı başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri möhkəm qorumalı, intizamlığı xidmətin əsas meyarlarından biri kimi qəbul etməli, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Qeyd olunan normanın mahiyyətindən aydın görünür ki, Davranış kodeksində təsbit olunmuş yuxarıda qeyd olunan prinsip və qaydaların polis əməkdaşı tərəfindən yerinə yetirilməməsi - xidməti və icra intizamının pozulması və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir. İşdən müəyyən olunur ki, vətəndaş İslam Poladovun müraciəti əsasında xidməti təhqiqatın nəticəsinə dair xx.xx.2019-cu il tarixli rəydə göstərilmişdir ki, “Polis serjantı İddiaçı 2016-cı il tarixdə qayınatası İslam Poladovdan bir neçə gün müddətində qaytarmaq şərti ilə 5.000 manat borc alaraq xx.xx.2014-cü il tarixli 7/12 nömrəli silah əvəzedici kartoçkasını girov qoymuş, üzərinə götürdüyü öhdəliyi hazıradək yerinə yetirməməklə sonuncunun çoxsaylı şikayətlərinə zəmin yaratmış, intizam məsuliyyətindən yayınmaq məqsədilə həmin kartoçkanı 2016-cı ilin yanvar ayında naməlum şəraitdə itməsi haqda bölük komandiri Elçin Cəbrayılov və taborun sabiq komandiri Mehdi Təmrazova şifahi məlumat versə də, sonuncular intizam qaydalarının pozulması faktını rəsmiləşdirmədən polis serjantı İddiaçı yeni kartoçka ilə təmin etmişlər. Araşdırma zamanı vət.İ.Poladov sözü gedən əvəzedici kartoçkanı bölük komandiri Elçin Cəbrayılovun iştirakı ilə taborun komandiri Mehdi Təmrazova təqdim etsə də, sonuncular və baş inspektor Rəşad Əliyev qeyd olunan faktın, eləcə də polis serjantı İddiaçı keçmiş qayınatası tərəfindən özünə qəsd etmə dərəcəsinə çatdırılması haqda məlumatın rəsmiləşdirilib DİN-in X7 həkim komissiyasında tibbi müayinədən keçirilməsini təmin etməyərək ona xidmətə çıxarkən tabel silahının verilməməsilə kifayətlənmişlər. Polis polkovnik-leytenantı Əli Rüstəmov, eləcə də 2019-cu ilin aprel-may aylarında vət.İ.Poladovun eyni məzmunlu müraciəti üzrə araşdırma aparmış DİN ŞHİİ-nin Sosial və hüquqi müdafiə şöbəsinin inspektoru Orxan Dadaşlı taborun əməkdaşları tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqları vaxtında aşkar etməmişlər. Rəhbərlik tərəfindən mənfi xarakterizə olunan polis serjantı İddiaçı xidməti təhqiqat prosesində yol verdiyi qəbahətləri təkzib edərək qeyri-səmimilik göstərmişdir. DİN-in Baş X1 bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri İddiaçı 9 mm kalibrli "Zəfər-K" 13D markalı 01429 nömrəli tabel silahı, 2 ədəd daraq və 30 ədəd patron təhkim olunmuş, xx.xx.2014-cü və xx.xx.2018-ci il tarixlərdə ona 7/12 nömrəli silah əvəzedici kartoçkası verilmişdir. Taborun xx.xx.2019-cu il tarixli arayışında polis nəfəri İddiaçı silah əvəzedici kartoçkasının itirilməsi və ya korlanması ilə bağlı hər hansı raportun tərtib olunmaması göstərilmişdir. Taborun “Silah, sursat və xüsusi vasitələrin təhvil-təslimi kitabı”na baxış zamanı xx.xx.2019-cu il tarixdən sonra polis nəfəri İddiaçı tabel silahını götürməməsi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi qanunun tələblərini rəhbər tutmaq, vətəndaşların hüquq və mənafelərini hüquqazidd əməllərdən qorunması qayğısına qalmaq, istifadədə olan avadanlığı qorumaq kimi vəzifələr ilə səlahiyyətlənmiş polis əməkdaşı barəsində yaxın qohumlarının onun barəsində xidməti yerinə şikayət etməsi, həmin iddialarla bağlı aparılmış araşdırmaların nəticəsində iddiaçının silah əvəzedici kartoçkasının itməsi ilə bağlı qeyri-səmimilik göstərməsi, eləcə də iddiaçının həyat yoldaşı İ.Ağakişiyeva (Poladova) ilə gərgin münasibətlərin hüquq müstəvisində həllinin tapılmasına sonuncu tərəfindən təşəbbüs göstərilməməsi, ona qarşı hüquq-mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlər kimi hallar iddiaçının xidmətdə və gündəlik şəxsi həyatında insan hüquq və azadlıqlarının qoruyucusu, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyini təbliğ edən şəxs kimipolis əməkdaşı vəzifəsindən irəli gələn tələblərə cavab verməsini, başqalarına yüksək mədəniyyət nümunəsi olmasını istisna etmişdir. Qeyd edilən hallar əsasında iddiaçının hərəkətlərinin daxili işlər orqanları əməkdaşının adına “ləkə gətirən hərəkət”lərə yol verməsi kimi qiymətləndirilərək “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinə məruz qalmasını kollegiya qanuni və əsaslı hesab edir. Kollegiya apelyasiya şikayətinin intizam təhbehinin 3 il keçdikdən sonra tətbiq edilməsinin qanunsuz olması ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 126-cı maddəsinə əsasən xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir. Bu halda daxili işlər orqanları əməkdaşlarının məzuniyyətdə, xəstə olduqları, həmçinin barələrindəki cinayət işinin, yaxud xidməti yoxlamanın aparılma vaxtı göstərilən müddətlərə daxil edilmir. Kollegiya qeyd olunan normanın tələbindən çıxış edərək iddiaçı barəsində cinayət işinin aparılma müddətini, cinayət işinin başlanmasının rədd edilməsi müddətini, eləcə də iddiaçının keçmiş qayınatası İ.Poladovun 2019-cu ildə şikayət etməsi və həmin müraciət əsasında xidməti araşdırma aparıldığını nəzərə alaraq mübahisələndirilən əmrin əsasnamə ilə müəyyən edilmiş 3 illik müddət çərçivəsində qəbul edildiyi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki iş üzrə cavabdeh orqan iddiaçı barəsində əmrin qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən də Bakı İnzibati məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-968/2020 saylı iş üzrə qəbul etydiyi xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar