Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1161/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı rəy və qərarın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsinin tələbi ilə düzəliş edilmiş **********7591 və **********7610 saylı GB üzrə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 1450,90 məbləğin geri qaytarılması barədə rəy, 8131,37 manat gömrük rüsumu və yığımının geri qaytarılması üçün Gömrük Laboratoriyasının üzərinə rəy və ya qərarın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin iddiaçıya qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizələr qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin İddiaçınə qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmış, bu şübhələri X3 İdarəsinin apardığı ekspertiza təsdiqləmişdir. Belə ki, X3 İdarəsinin müvafiq rəylərində malların təsnifat kodunun iddiaçının bəyan etdiyindən fərqli olduğu göstərilmişdir. Bundan sonra İddiaçı MMC barəsində 34/012/036519 nömrəli, xx.xx.2021-ci il tarixli raport əsasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100- 2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı idxal gömrük rüsumu üzrə 8060,57 manat, ƏDV üzrə 1450,91 manat, ümumilikdə 9511,48 manat vəsaitin İddiaçı MMC tərəfindən ödənilməli olduğu məyyən edilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq **********7591 və **********67591 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri üzrə bəyan edilmiş mallara dair yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqlarını bildirmişdir. Bununla da İddiaçı MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi sübuta yetirilmişdir. xx.xx.2021-ci il tarixli, 00100/0081 nömrəli Qərarla “Hemat Trade" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100- 2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmiş, həmin maddənin sanksiyasında nəzərdə tutulan “ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə” iddiaçı barəsində tətbiq edilməmiş, həmin Qərardan ‘Hemat Trade” MMC tərəfindən şikayət verilməmişdir. İddiaçı gömrük bəyannamələrinə və əlavə edilmiş sənədlərə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən və bu zaman gömrük ödənişləri dövlət büdcəsinə ödənildiyindən burada artıq ödənilmiş məbləğdən söhbət gedə bilməz. İddiaçı yuxarıda qeyd edilən gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsində artıq ödənilmiş gömrük ödənişinin məbləği 9511,48 manat göstərilsə də, qərarın nəticə hissəsində 9582.27 manat gömrük ödənişinin qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 50-ci və 321-ci maddələrini bir-biri ilə əlaqələndirərək qanunu səhv təfsir etmişdir. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Gömrük orqanının malların təsnifatı barədə məcburi qərarı yalnız maraqlı şəxslər tərəfindən əvvəlcədən edilmiş yazılı və ya elektron müraciətə əsasən əvvəlcədən qəbul edilir. Eyni zamanda gömrük orqanının mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən də malların təsnifat kodunun müəyyən edilməsi səlahiyyəti vardır və bu zaman qanunverici tərəfindən gömrük orqanının üzərinə hər hansı icrası məcburi qərar qəbul edilməsi vəzifəsi qoyulmamışdır Halbuki, məhkəmə qanunu səhv təfsir edərək cavabdehin iş üzrə məcburi qərar qəbul etmədiyinə istinad etmiş, iddiaçı üçün məcburi olan malın təsnifat kodunun mövcud olmadığını göstərmiş, lakin məcburi qərarın qəbul edilməsi üçün iddiaçının cavabdehə müraciət etməli olduğunu isə unutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin X6, yaxud gömrük rüsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmiş, məhkəmə də artıq ödənilmiş vəsaitin təsnifatının nə olduğunu qərarında göstərməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 99NG715/99ZC715, 99XE962/99ZB962 nömrəli nəqliyyat vasitələri ilə AL**********0043 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi əsasında ”X5 Sanayi” A.Ş-dən fasonlu profillər idxal etmiş, həmin yüklər **********7591 və **********7610 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmişdir. İddiaçı həmin bəyannamələrdə idxal edilən malları XİF MN üzrə “**********” yarımmövqeyi üzrə sinifləşdirərək 5% gömrük rüsumu dərəcəsi ilə bəyan etmişdir. İddiaçı tərəfindən gömrük bəyannamələri təqdim edildikdən sonra cavabdeh bu halla razılaşmamış, xx.xx.2020-ci il tarixdə həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət etmişdir. İş materiallarında olan X3 İdarəsi tərəfindən 2200-012/0xx-xx/006781 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan yük fərdi istehsal üsulu ilə düzbucaq altında istehsal olunmuş, konstruksiyaların quraşdırılmasında istifadə olunan qara metaldan xüsusi fasonlu profillər XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarından görünür ki, 29 dekabr 2020-ci il tarixdə "xxxx" MMC barəsində Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/036519 nömrəli xx.xx.2020-ci il tarixli raport əsasında Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəsatətdən görünür ki, iddiaçının nümayəndəsi həmin tarixdə cavabdehə müraciət edərək idxal olunan malların kodunun yoxlanılması üçün təkrar gömrük ekspertizası aparılmasını xahiş etmişdir. Bundan sonra X3 İdarəsi tərəfindən təkrar ekspertiza aparılmış, ekspertizanın aparılması və təqdim olunan sənədlərin araşdırılması əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunmuş mal “soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış xüsusi fasonlu profillər” olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən bu kodla bəyan edilən mallar üzrə tarif dərəcəsi malın gömrük dəyərinə 15%-lə tətbiq edilir). İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı **********7591 və **********7610 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşən zaman mallara laboratoriyada XİF MN kodunun ********** olaraq müəyyən edildiyini, buna görə əlavə rüsum və vergi məbləği yarandığını və həmin rüsumları ödəməyə hazır olduğunu bildirmiş, malların buraxılmasına köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, iddiaçının ünvanına 99NG715/99ZC715, 99XE962/99ZB962 nömrəli avtomaşınlarla, AL**********0043 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş, iddiaçı tərəfindən gömrük oranına təqdim edilmiş **********7591, **********7610 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan olunan soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış xüsusi fasonlu profillər yükü ********** XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə idxal rüsumu üzrə 8060,57 manat, X6 1450,91 manat, cəmi 9511,48 manat gömrük borcu təşkil edir. İş materiallarından görünür ki, iddiaçı AL**********0043 nömrəli 14 12.2020-ci il tarixli invoys üzrə idxal etdiyi malları **********7591 və **********7610 sorğu nömrəli xx.xx.2020ci il tarixli gömrük bəyannamələri üzrə XİF MN kodu “**********” kimi bəyan edərək yenidən cavabdehə göndərmiş, **********7591 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 23420 kq mal üçün 14854,17 manat, **********7610 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 23300 kq mal üçün 14630,1 manat ödəniş müəyyən edilmiş, gömrük ödənişləri edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük bəyannamələri təsdiq edilərək həmin tarixdə mallar sərbəst dövriyyəyə buraxılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Hemat Trade" MMC-nin ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair yaranmış bütün gömrük ödənişləri "Hemat Trade” MMC tərəfindən ödənilmişdir. Həmçinin, VAİS proqram təminatının “hüquqpozmalar” bölməsinin "hesabatlar" yarımbölməsinin "barəsində icraat aparılan şəxs haqqında Arayış” hissəsinə baxış zamanı "xxxx" MMC barəsində əvvəllər gömrük ödənişindən yayınma əməlinə görə icraat aparılmadığı məlum olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 00100/0087 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və inzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. 1.0.20-ci maddəsinə əsasən gömrük rüsumları - malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. 1.0.56-cı maddəsinə əsasən vergilər - malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş X6, yol vergisi və aksizlərdir. 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. 50.2-ci maddəsinə əsasən məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir. 50.4-cü maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur. 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2-ci maddəsinə əsasən maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5-ci maddəsinə əsasən gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsinə əsasən gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. 1.1.3-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. 1.1.6-cı maddəsinə əsasən eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallardır. 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. 8.3-cü maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən cömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3-cü bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8-ci bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9-cu bəndinə əsasən gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nın: 1.2.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı ilkin olaraq idxal etdiyi malı “**********” yarımmövqeyi altında bəyan etmişdir. Həmin yarımmövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən - soyuq deformasiya və ya soyuq vəziyyətdə naxış vurmadan başqa sonrakı emala məruz qalmamış künclüklər, fasonlu və xüsusi profillər: – – yastı prokatdan alınmış: – – – künc profilləri, şvellerlər, C-, Z-, omeqaya bənzər və ya qapalı olmayan profillərə uyğun gəlir. Cavabdeh iddiaçının təqdim etdiyi bu yarımmövqe ilə razılaşmamış, nəticədə keçirilmiş ekspertiza ilə iddiaçının idxal etdiyi məhsulun “**********” yarımmövqe üzrə sinifləşdirildiyi müəyyən edilmişdir. Həmin yarımmövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən “qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalyuzilər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar: – digərləri” adı ilə təsbit olunmuşdur. Sonuncu dəfə keçirilmiş ekspertiza nəticəsində isə iddiaçının idxal etdiyi mallar “**********” yarımmövqe üzrə sinifləşdirilmişdir. Həmin yarımmövqeyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən isti yaymadan, isti çəkilmədən və ya ekstruziyadan başqa sonrakı emala məruz qalmamış digər künclüklər, fasonlu və xüsusi profillər: – – – digərləri adı altında qruplaşdırılan mallar uyğun gəlmişdir. İddiaçı cavabdehin təqdim etdiyi bu rəyə uyğun yeni gömrük bəyannaməsi təqdim etmiş və idxal olunan mallar bu yarımmövqeyə uyğun rəsmiləşdirilmişdir. İddiaçı hazırda bu rəyi əsassız hesab edərək artıq ödənilən məbləğin qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin istinad etdiyi mal yarımmövqeyində isti yaymadan, isti çəkilmədən və ya ekstruziyadan başqa sonrakı emala məruz qalmamış digər künclüklər, fasonlu və xüsusi profillər, yəni isti yayma, isti çəkilmə və ya ekstruziyaya məruz qalan künclüklər, fasonlu və xüsusi profillər nəzərdə tutulmuşdur. Lakin həm gömrük bəyannamələrindən, həm də ekspert rəyindən görünür ki, iddiaçının idxal etdiyi məhsulların isti yayma deyil, soyuq yayma üsulu ilə alınan sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış profillər olduğu təsbit edilmişdir. Belə olan halda ekspert soyuq yayma üsulu ilə alınan mala isti yayma üsulu ilə alınmış malın XİF MN üzrə kodunu tətbiq etməkdə haqlı olmamışdır. Digər tərəfdən, satıcı tərəfindən təqdim edilən invoysdan görünür ki, orada idxal olunan məhsulların yastı prokatdan istehsal edilməsi təsbit edilmiş, lakin ekspert rəyi ilə müəyyən edilən təsnifat kodu yastı prokatdan alınmış profillərə uyğun olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi yarımmövqe ilə cavabdehin istinad etdiyi yarımmövqe arasındakı əsas fərq malın istehsal üsulu və istehsal edilmə forması ilə bağlı olmuşdur. İddiaçının istinad etdiyi yarımmövqedə yastı prokat kimi istehsal olunan metal vərəqlərin soyuq yayma, soyuq deformasiya vasitəsilə kəsilərək xüsusi forma, məsələn Z forması, verilən profillər nəzərdə tutulduğu halda, cavabdehin istinad etdiyi yarımmövqedə yastı prokat kimi istehsal edilən metal vərəqlərdən deyil, isti yayma üsulu ilə qəliblərə tökülməklə istehsal edilən profillər nəzərdə tutulmuşdur. İnvoysdan iddiaçının idxal etdiyi məhsulun yastı prokatdan alınması, ekspertin rəyindən isə onun isti deyil, soyuq yayma üsulu ilə istehsal olunmasının qəbul edilməsi işin halları ilə sübut edildiyindən məhkəmə hesab edir ki, cavabdehin ekspert rəyi ilə müəyyən etdiyi mal yarımmövqeyi iddiaçının idxal etdiyi məhsula uyğun olmamışdır. O da nəzərə alınmalıdır ki, iddiaçı hələ xx.xx.2019cu il tarixli, AL**********036 saylı, xx.xx.2019-cu il tarixli AL**********0047 saylı invoys sənədləri ilə “Galvaniz sacdan mamul inşaat aksami” kimi müəyyən edilən profilləri idxal etmiş, həmin məhsullar cavabdeh tərəfindən “**********” yarımmövqeyinə uyğun - soyuq deformasiya və ya soyuq vəziyyətdə naxış vurmadan başqa sonrakı emala məruz qalmamış künclüklər, fasonlu və xüsusi profillər: – – yastı prokatdan alınmış: – – – künc profilləri, şvellerlər, C-, Z-, omeqaya bənzər və ya qapalı olmayan profillər kimi sinifləşdirilərək gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və sərbəst dövriyyəyə buraxılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə eyni faktiki halları olan işə dair fərqli qərar qəbul etmiş, bununla da əvvəlki inzibati praktikasına zidd hərəkət etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının təqdim edilən malın təsnifat kodunu qəbul etməsinə və ödənişi etməsinə, bununla da həmin kodla razılaşmasına istinad etmişdir. Lakin iddiaçı əvvəl həmin təsnifat kodu ilə razılaşmamış, təkrar ekspertiza keçirilməsini xahiş etmiş, daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması, habelə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi zərurətini nəzərə alaraq həmin kod üzrə gömrük ödənişlərinin ödənilməsinə razılıq vermişdir. Bundan başqa, malın təsnifat kodu bəyannamədə faktiki vəziyyətə uyğun düzgün qeyd edilməlidir. Maraqlı şəxs mal idxal etmədən onun təsnifat kodunu müəyyən etmək üçün gömrük orqanına müraciət edə bilər və bu zaman qəbul edilmiş qərar gömrük orqanı, habelə həmin şəxs üçün məcburi xarakter daşıyır. Lakin idxal edilən və bəyan olunan malın təsnifat kodunun məcburi olması üçün gömrük orqanı malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, ekspertiza aktları, arayışlar, rəylər nəzərə alınmaqla malların təsnifatının müəyyən edilməsi barədə qərar qəbul edə bilər. Yalnız qəbul edilmiş belə bir qərar şəxsə təqdim edildikdən və şəxs həmin qərarı mübahisələndirmədikdən sonra həmin qərar məcburi xarakter daşıyacaqdır. Hazırkı işdə cavabdeh orqanın belə bir qərar qəbul etməsi müəyyən edilmədiyindən iddiaçı üçün məcburi olan malın təsnifat kodu mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında gömrük ödənişinin qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsindən göründüyü kimi, gömrük ödənişləri dedikdə, gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqlar nəzərdə tutulur. Birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində artıq ödənilmiş gömrük rüsumu və vergi məbləği ayrı-ayrılıqda qeyd olunmuşdur və qanunvericiliyin tələbləri baxımından hər ikisi gömrük ödənişi anlayışına daxildir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hal (artıq ödənilmiş məbləğin gömrük rüsumu və vergi məbləği olmasının dəqiqləşdirilməməsi) qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qərarının əsaslandırma hissəsində artıq ödənilmiş gömrük ödənişinin məbləği 9511,48 manat göstərilsə də, qərarın nəticə hissəsində 9582,27 manat gömrük ödənişinin qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrində iddiaçı tərəfindən idxal edilmiş mallar “**********” kodu ilə bəyan edildikdə cəmi 19902 manat gömrük ödənişi verilməli olduğu halda, iddiaçı həmin malları “**********” kodu ilə bəyan etməsi nəticəsində 29484,27 manat gömrük ödənişi verdiyini göstərmişdir ki, bunların da fərqi 9582,27 manat edir. Qeyd olunan rəqəmlər iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapır. Belə ki, **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrində iddiaçı tərəfindən idxal edilmiş mallar “**********” kodu ilə bəyan edildikdə cəmi 19902 manat (müvafiq olaraq 10432,30 manat və 9469,70 manat); “**********” kodu ilə bəyan edildikdə cəmi 29484,27 manat (müvafiq olaraq 14854,17 manat və 14630,10 manat) gömrük ödənişi hesablanmışdır. Göründüyü kimi, cavabdehin qeyd etdiyi dəlil əsassızdır, bu, sadəcə olaraq texniki səhvdir, məhkəmə qərarının əsaslandırma və nəticə hissələri arasında ziddiyyət yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1161/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1161/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver