Məhkəmə qərarları › İş №2-1(103)-1183/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1183/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1183/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********360200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında iddiaçıya 2020-ci il üçün kameral qaydada 131496,35 manat əlavə vergi məbləği hesablanmışdır. Qərarda hesablamanın əsası kimi göstərilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bank hesablarına 1693167,5 manat mədaxilin və online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, iddiaçı tərəfindən 2020-ci üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1122720,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, vergi orqanı bank hesabına 1693167,5 manat və kassa hesabına 2669,23 manat pulun daxil olduğunu əsas götürərək vergi tutulan dövriyyəni 1695836,73 manat nəzərə almışdır. Qeyd olunmalıdır ki, müəssisə 2020-ci ildə hesablama metodu ilə işləmişdir. Bu səbəbdən də müəssisənin vergi tutulan dövriyyəsinin müəyyən edilməsi zamanı pul vəsaitinin onun hesabına daxil olduğu vaxt deyil, gəliri almaq hüququnun əldə edildiyi vaxt nəzərə alınmalıdır. Bu səbəbdən də müəssisənin hesablarına daxil olmuş pul vəsaitlərinin dövriyyə kimi nəzərə alınması yolverilməzdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müəssisəyə 131496,35 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanının göstərdiyi hesablama əsaslarından məlum olur ki, hesablama bu şəkildə aparılmışdır. ((1693167,5 + 2669,23)-1122720) *20 % =114623,35 Lakin, bu şəkildə hesablama zamanı belə vergi orqanının hesabladığı vergilərin düzgün olmadığı müəyyən olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçının bank hesablarına 1693167,50 manat mədaxilin və online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1122720,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1240398,57 manat dəyərində (invoys dəyərilə) malların idxal edildiyi, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin əvvəlinə mal qalığının 932111,00 manat və ilin sonuna mal qalığının 1209965,14 manat olduğu müəyyən edilmiş və 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1054197,00 manat qeyd edilmiş xərclə müqayisədə 91652,57 manat xərcin təsdiqini tapmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********820100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2020-ci mənfəət vergisi üzrə 131496,35 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********360200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bəyannamə üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma zamanı bank məlumatlarına əsasən, ******* manat (ƏDV daxil) məbləğin hesaba mədaxil olduğu, yükgömrük məlumatlarına əsasən 1 240 398,57 manat dəyərində malın idxal edildiyi, elektron qaimə-faktura məlumatlarına əsasən, 12527,41 manat mal (iş,xidmət) əldə edildiyi, nəticədə 79125,57 manat təsdiqini tapmayan xərclərin mövcudluğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi gəliri 1490585,59 manat (1758891/1,18) müəyyən edilmiş, xərcləri isə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədən 79125,57 manat azaltmaqla hesablanmış vergi məbləği 42098,12 manat azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********589200 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi olaraq ******* manat dövriyyənin bəyan edildiyi, lakin, aparılmış araşdırma zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bank hesablarına ******* manat (ƏDV daxil) mədaxilin olduğu, təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətirində hər hansı mədaxilin olmadığı müəyyən edilmişdir. Uçot baza məlumatlarına əsasən iddiaçı tərəfindən yük gönmrük məlumatlarına əsasən 1240398,57 manat dəyərində malın idxal edildiyi, elektron qaimə-faktura məlumatlarına əsasən 12527,41 manat mal (iş, xidmət) əldə edildiyi, bəyannamə üzrə mal qalığının 277854.14 manat artırıldığı, xərclərdə 1054197.00 manat bəyan edildiyi, nəticədə 79125,57 manat təsdiqini tapmayan xərclərin mövcudluğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********820100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2020-ci mənfəət vergisi üzrə 131496,35 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bəyannamə üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma zamanı bank məlumatlarına əsasən, ******* manat (ƏDV daxil) məbləğin hesaba mədaxil olduğu, yükgömrük məlumatlarına əsasən 1240398,57 manat dəyərində malın idxal edildiyi, elektron qaimə-faktura məlumatlarına əsasən 12527,41 manat mal (iş, xidmət) əldə edildiyi, nəticədə 79125,57 manat təsdiqini tapmayan xərclərin mövcudluğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi gəliri 1490585,59 manat (1758891/1,18) müəyyən edilmiş, xərcləri isə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədən 79125,57 manat azaltmaqla hesablanmış vergi məbləği 42098,12 manat azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********589200 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh inzibati orqan vəsatətlə məhkəməyə müraciət edərək 18 fevral 2025-ci il tarixə təyin olunan məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdeh inzibati orqan tərəfindən heç bir üzrlü səbəb göstərilmədiyindən, cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********589200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2020-ci il üzrə 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. (Vergi orqanı tərəfindən hesablanmış mənfəət verigisi 102.054,83 (144.152,95-42.098,12) manat - təqdim edilmiş bəyənnamə üzrə 12656,60 manat mənfəət vergisi). İşdən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən ilk olaraq xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında iddiaçıya 2020-ci il üçün kameral qaydada 131496,35 manat əlavə mənfəət vergisi hesablanmış, daha sonra xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında hesablanmış vergi məbləği azaldılaraq 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ən son xx.xx.2023-cü il tarixdə 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, həm xx.xx.2023-cü il tarixli **********360200 nömrəli, həm də xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Beləliklə, vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq eyni bəyannamə üzrə iki dəfə ardıcıl kameral vergi yoxlaması keçirmişdir. Qeyd edilən hal cavabdehin etirazında da göstərilmişdir. Belə ki, bəyannamə üzrə yenidən araşdırma aparıldığı və yeni qərarın qəbul edildiyi bildirilmişdir. Hesablamaya münasibətdə qeyd olunmalıdır ki, hesablamanın əsası kimi iddiaçının bank hesablarına ƏDV daxil olan ******* manat (ƏDV-siz 1490585,59) manat vəsaitin daxil olması göstərilmiş və həmin vəsait cavabdeh tərəfindən dövr üzrə əldə edilən gəlir kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmış, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, kassa metodu ilə çalışan vergi ödəyiciləri dövr üzrə bank hesabına daxil olmuş vəsaiti bütövlükdə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlirlər kimi bəyan etməyə borcludur, hesablama metodu ilə çalışan vergi ödəyicilərinə dair belə bir imperativ tələb qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh isə, hesablama zamanı iddiaçının ümumi gəlirini dövrü üzrə onun bank hesabına daxil olmuş vəsaitlərin cəmi kimi qəbul etmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsində iddiaçının ümumi dövriyyəsi 1122720,0 manat göstərilmişdir. Eləcə də yanvar-dekabr 2020-ci il tarixləri üzrə iddiaçı tərəfindən təqdim edilmiş və vergi orqanı tərəfindən kameral qaydada yoxlanılaraq qəbul edilmiş ƏDV bəyannamələrindən iddiaçının 2020-ci il üzrə dövriyyəsinin 1122720,0 manat olduğu müəyyən edilir. Beləliklə, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2020-ci il üzrə iddiaçının gəlirlərinin 1122720,0 manat olmasının cavabdeh tərəfindən təsdiq edildiyi müəyyən edilir. Belə olan halda cavabdehin mənfəət vergisinə münasibətdə ümumi gəlirlərin 1122720,0 manatdan fərqli olmasını iddia etməsi ziddiyyətli olmaqla işin hallarına uyğun deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6297/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar