Məhkəmə qərarları › İş №2-1(103)-1199/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1199/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1199/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseyn sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4863/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia tələbi irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, o, 1998-ci ilədək AR Daxili İşlər Nazirliyinin Kriminalistik İdarəsində dəftərxana müdiri (kiçik inspektor) vəzifəsində işləmişdir. 1998-ci ilin iyul ayında uşaqla əlaqədar sosial müzuniyyətə çıxmışdır. 2001-ci ildə məlumatı olmadan onu həmin İdarənin katibliyinin operatoru təyin etmişlər. 2003-cü ildə məzuniyyətdən qayıtdıqdan sonra İdarə rəhbərliyi ona başqa vəzifə təklif etmişdir. O, həmin təkliflə razılaşmamışdır. Lakin ona daktiloskopik kartoteka ilə məşğul olmağı tapşırdılar. 2009-cu ildən İdarənin yeni rəhbərliyi onu katibliyə keçirmişdir. Lakin bəzi şəxslər onun işləməsinə imkan verməmişlər. Onlardan biri başqa vəzifəyə keçirildikdən sonra o (iddiaçı), işləməyə başlamışdır. Xüsusilə qeyd olunur ki, onun tərtib etdiyi sənədlərin nomenklaturasından katiblik bu günədək öz işini qurur. 2011ci ildə müəyyən səbəblərdən o, Kriminalistika şöbəsinə kiçik inspektor vəzifəsinə təyin edilmişdir. Həmin şöbədə onunla qeyri-etik, davranış kodeksinə sığmayan tərzdə rəftar edilmişdir. Bu barədə rəhbərliyə raport ünvanlasa da, nəticə olmamış və münasibət daha da kəskinləşmişdir. Hətta ona öz işini görməyə imkan verilməmişdir. Bu təzyiqlərə dözməyib məcbur qalaraq 2012-ci ildə KTİ-nin katibliyində işləmiş və KTİ-nin daktiloskopik şöbəsində fəaliyyət göstərən sistemə xeyli sayda kart yükləməklə məşğul olmuşdur. Lakin o, 2010-cu ildən mükafatlandırılmamışdır. 1 sentyabr 2014-cü il tarixdə DİN rəhbərliyinin adına şikayət məktubu (kompyuter olmadığından qələmlə) yazmışdır. Lakin raport katibliyin rəhbərliyinə təqdim olunsa da, qeydiyyatdan keçməmişdir. Nazirliyin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşları 5 sentyabr 2014-cü il tarixdə raporta aydınlıq gətirmək üçün ondan izahat almışlar. Daxili Təhqiqatlar İdarəsinin rəyində KTİ-nin əməkdaşlarının ona qarşı əsası olmayan dəlillər göstərilmişdir və bunu əsas tutaraq AR Daxili İşlər Nazirliyinin 9 sentyabr 2014-cü il tarixli Ə 746-001-14 nömrəli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Bu günədək yaşayış yeri üzrə Sabunçu rayonu Məşğulluq xidmətində işsiz kimi qeydiyyatdadır, işlə təmin olunmamışdır. Yazılı şikayət versə də, bugünədək ona orqandan xaric olunmasının əsasları təqdim edilməmişdir. AR Daxili İşlər Nazirliyinin 9 sentyabr 2014-cü il tarixli əmri ilə DİO-dan xaric edildiyindən, bu günədən onun işlə təmin olunmasına əngəllər yaradan və işgüzar nüfuzunu ləkələyən, barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Yəni, AR Daxili İşlər Nazirliyinin DTİ-nin rəyində qeyd olunan KTİ-nin əməkdaşlarının izahatlarında həqəqətə uyğun olmayan məlumatlar yazılmışdır. Çünki o, 1990-cı ildə dəftərxana rəisi vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin hərəkətləri nəticəsində onun işgüzar nüfuzuna ziyan vurulmuşdur. Bundan başqa, o, cavabdeh tərəfindən işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində bu günə kimi özünə iş tapa bilmir, peşə fəaliyyətini davam etdirməsi mümkün olmamışdır, hansı ki, ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3205/206 saylı 1 iyil 2016-cı il tarixli qərdadını ləğv edib iddia icraatına keçilməsini məhkəmədən tələb edir (Məhkəmə sədrinin 25 dekabr 2019-cu il tarixli məhkəmə əmrinə etiraz). Yuxarıda göstərilənlərə və İPM-in 8.1.3-cü maddəsinə əsaslanaraq məhkəmədən xahiş edilir ki, AR Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 22 fevral 2018-ci il tarixli 203 nömrəli məktublarında qeyd edilən 9 saylı Hüquq Məsləhətxanasının vəkili Ağayev A.M. 18 fevral 2018-ci il tarixli 203 nömrəli məlumat bir vəzifə olaraq 9 saylı Hüquq Məsləhətxanasının vəkilinin və Kommersiya Məhkəməsinin üzərinə qoyulsun və məcburi icra edilsin, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin sədrinə ünvanlanmış və katibliyə təhvil verilmiş 9 yanvar 2019-cu il tarixli məktubda qeyd olunan əmək münasibətləri 9 avqust 2018-ci il tarixli iddia ərizəsinin qərar qəbul olunması məhkəmədən tələb edilsin, Kommersiya Məhkəməsinin arxivində olan 2-1(82)-3281/2016 nömrəli iş tələb edilsin və iddia ərizəsinə əlavə olunsun. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4863/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 24-cü müddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının iddia ərizəsində qaldırılan məsələlər qeyri-müəyyən şəkildə ifadə olunmaqla, mahiyyəti üzrə cavabdeh AR Daxili İşlər Nazirliyinə səlahiyyətlərinə aid olmayan hallarla bağlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının özünün izahatında “dəymiş mənəvi ziyanın ödənilməsi”nə gəldikdə isə nəzərə alınmalıdır ki, o, dəymiş ziyanı bir tərəfdən onun DİO-dan xaric olunmasının qanunsuzluğu ilə, digər tərəfdən onun DİO-dan xaric olunduqdan sonra işgüzar nüfuzunun aşağı düşdüyünən başqa işlə təmin olunmasında əngəllərin yaranması ilə əsaslandırır. Hazırda isə, o, DİO-da xidmətdən xaric olunması barədə əmri mübahisələndirmədiyindən, cavabdehin həmin hərəkətlərinin qiymətləndirilməsi mümkün sayıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı xidmətin xüsusiyyətlərinə görə həmin ərəfədə xəbərdar olduğu əmrin qəbulundan 5 ildən çox müddət ötdükdən sonra məhkəmədə hazırkı iddianı qaldırdığından, onun işgüzar nüfuzunun aşağı düşməsinin birbaşa cavabdehin müvafiq əmr verməsi hərəkətləri ilə bağlı olması mülahizələrə söykəndiyindən, digər tərəfdən iddiaçının şifahi bildirdiyi tələbi “dəymiş mənəvi ziyanın ödənilməsi”, yazılı tələbi isə cavabdehə aid olmayan digər hərəkətləri olduğundan İPM-in 13 və 54-cü maddərinə uyğun şəkildə müvafiq 9 sentyabr 2014-cü il tarixli əmrin (iddia ərizəsinə əsasən) hazırda mübahsələndirilməsinin iddiaçıya tövsiyə olunması da məqsədəmüvafiq saymamışdır. Kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı tələbini dəyişdirməməkdə israrlı olduğundan, eləcə də onun dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana müraciəti olmadığından birinci instansiya məhkəməsi tərəfindən iddianın “dəymiş mənəvi ziyanın ödənilməsi” kimi təqdim olunması da ona tövsiyə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4863/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar