Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1201/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa və digər” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9994/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Energetika Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilən 29 aprel 2024-cü ildən işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3-15/3-2-223/2024 saylı əmrin ləğv edilməsi, 30 aprel 2024-cü ildən etibarən daimi dövlət qulluğuna qəbul edilmiş hesab edilməsi, “Dövlət qulluğu haqqında” Qanuna əsasən müvafiq ixtisas dərəcəsinin verilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma ilə bağlı müddət ərzində almadığı dövlət məvacibinin (vəzifə maaşı, əlavələr və mükafatlar) hesablanaraq ona ödənilməsi və əmək kitabçasında xitamın əsası barədə müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023-cü il tarixindən etibarən Nazirliyin Enerji səmərəliliyi şöbəsinin iqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində həmən vəzifə üzrə X9 tərəfindən vakant inzibati vəzifələrin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək maksimal 20 baldan 19,7 bal toplayaraq vəzifəyə uyğun hesab edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Qanunun tələblərinə uyğun olaraq ona staj müddəti ərzində qulluq keçdiyi Enerji səmərəliliyi şöbəsinin müdiri X1 təyin edilmiş və staj müddətinin bitdiyi son gün xx.xx.2024-cü il tarixində kurator-şöbə müdiri N.Bağırlı tərəfindən müsbət rəy verilmiş və energetika nazirinin 3-15/3-2-46/2024 saylı əmri ilə xx.xx.2024-cü il tarixindən 3 ay müddətinə dövlət qulluğunun sınaq müddəti başlanmışdır. Üç aylıq sınaq və altı aylıq staj müddəti ərzində heç bir intizam tənbeh tədbiri, xəbərdarlıq almadığı və ona tapşırılan bütün işləri vəzifə təlimatına və qanunvericiliyə uyğun şəkildə icra etdiyi halda, öncədən heç bir məlumat verilmədən xx.xx.2024-cü il tarixində (sınaq müddətinin bitməyinə 4 gün qalmış) nazirliyin Kadrlar və Dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov tərəfindən dəvət edilərək ona xx.xx.2024-cü il tarixindən etibarən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddətindən uğursuz çıxma) xitam veriləcəyi barədə rəsmi yazılı xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq ilə tanış olmağı və imzalamağı istənilmişdir. Xəbərdarlıqda intizam qaydalarını pozduğu, qulluq funksiyalarını düzgün icra etmədiyi və bu səbəblə əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Xəbərdarlıqla tanış olduqda bu xəbərdarlığın nəyin əsasında yazılmasını soruşmuş, orada yazılanların həqiqəti əks etdirmədiyini bildirmiş, lakin ona heç bir əsaslı səbəb göstərilmədən haqqında şöbə müdiri N.Bağırlının energetika naziri cənab Pərviz Şahbazova onunla bağlı mənfi təqdimatı olduğunu, lakin həmən təqdimatda nələr yazıldığını bilmədiklərini demişlər. Məsələ ilə bağlı subordinar qaydaya uyğun olaraq, ilk öncə şöbə müdiri, daha sonra şöbə üzrə kurator-nazir müavini ilə görüşsə də, heç bir faydası olmadığı üçün nazir cənab Pərviz Şahbazovun qəbulunda olmaq istəmiş, lakin bu mümkün olmamışdır. xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə ona məlumat verilmiş, lakin əmr rəsmi qaydada ona son iş günü olan 29.04.24-cü il tarixinin sonuna hələ də təqdim edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi göstərilən N.Bağırlı tərəfindən yazılmış təqdimatdakı məsələlər araşdırılmamışdır. Hətta 3 aprel 2024-cü il tarixində yazılmış təqdimat barədə ona 22 gün sonra 24 aprel tarixində işdən azad olunmağı ilə bağlı xəbərdarlıq təqdim edilərkən sadəcə şifahi məlumat verilmiş, araşdırma aparılmadan, izahatı alınmadan nəyə görə belə qərar verildiyini soruşduqda heç bir cavab ala bilməmişdir. Məsələnin hüquqi cəhətindən əlavə olaraq şöbə müdiri N.Bağırlı tərəfindən belə bir təqdimatın yazılmasının altında yatan xüsusi qərəz vardır. Belə ki, staj müddəti ərzində (yanvar ayının ikinci həftəsi ərəfələri) o, və şöbənin digər 2 stajçı əməkdaşları Orxan Məmmədli və Tərlan Cəbrayılzadə Azərbaycan Respublikası Prezidentinin 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələrin əksər dövlət orqanlarında xüsusən də 2-ci kateqoriya dövlət orqanlarında sınaq müddəti ilə qulluq keçən şəxslərə (6 aylıq staj müddətindən sonrakı 3 ay) verildiyini, lakin staj müddəti ilə qulluq keçdiyi Energetika Nazirliyində verilmədiyini müzakirə etmişlər. Məsələ ilə bağlı müzakirələr aparan zaman bu barədə X5 Şurasına hər üçü birlikdə işlədiyi orqanın adı qeyd edilmədən sadəcə məlumat əldə etmək istəyən vətəndaşlar kimi kollektiv vətəndaş müraciəti ünvanlayıb, soruşmaq qərarına gəlmişlər. Lakin ilk öncə bunu şöbə müdiri və hər üçünün kuratoru olan Nərgiz Bağırlı ilə məsləhətləşmişlər. Nərgiz xanım buna sərt reaksiya verərək, ümumiyyətlə onların heç birinin heç o əlavəyə layiq olmadıqlarını, heç onların hələ stajdan sınaq mərhələsinə keçəcəklərinin bilinib-bilinmədiyini deyərək, onları bu müraciəti göndərməkdən daşındırmağa çalışmışdır. Bu görüşdən sonra Orxan Məmmədli müraciət layihəsindən adının çıxarılmasını istəmiş və sadəcə iddiaçı və Tərlan Cəbrayılzadə ikisi X5 Şurasına müraciət etmişlər. Bir gün sonra xx.xx.2024-cü il tarixində şöbə müdiri Nərgiz Bağırlının qəbuluna gedərək öncəki gün olan görüşdə narazı olmasını ifadə etməsinin səbəblərin soruşmuş, öz nöqsanlarını bilmək istədiyini qeyd etmişdir. Nərgiz xanım cavabında onun işi ilə bağlı narazı olmadığını, bəzi şeylərdə daha məsuliyyətli olmağını tapşırdı və ona onun rəftarı ilə bağlı ondan narazı olduğu şeyləri (hansılar ki, işə birbaşa və ya dolayısı ilə təsir etməyən və sadəcə insanların xasiyyətləri ilə əlaqəli olan şeylər idi) şöbənin digər əməkdaşları ilə çay fasiləsi zamanı çay içməyini, vatsap mesajlaşması zamanı mesajına “bəyəndim” işarəsi qoymağını, aylar öncə iş ilə bağlı Sumqayıt şəhərinə getdiyi gün oradan gec çıxmalı olduğu və bu səbəblə işə gəlib çata bilməyəcəyini bildirmək məqsədilə təkrar mesaj yazmağı kimi nüansları özünə qarşı hörmətsizlik kimi ifadə etmişdir. İddiaçı bunların qətiyyən hörmətsizlik kimi bir niyyəti olmadan baş verməsini izah etmiş və gələcəkdə bu kimi hallara diqqət edəcəyini bildirmişdir. Bundan sonra Orxan Məmmədlidən 23 yanvar tarixindən etibarən sınaq müddətinə qəbul üçün ərizəsini yazması istənildiyini və ərizəsini yazdığını öyrənmişdir. İddiaçı və Tərlan Cəbrayılzadə son günə kimi belə bir stress altında qaldıqdan sonra 29 yanvar tarixində şöbə müdiri onu çağıraraq onun barəsində ilk olaraq mənfi rəy verdiyini, lakin daha sonra məcburiyyət qarşısında qalaraq müsbət rəy verməli olduğunu kobud bir formada demiş və son olaraq onu şöbəsində istəmədiyini deyərək başqa iş yeri axtarmağı barədə fikirləşməli olduğunu bildirmişdir. Sonuncu dəfə görüş zamanı dediyi məsələləri ciddi nəzərə aldığını və o zamandan sonra başqa heç bir dialoqlarının olmadığını deyərək, ondan niyə narazı olduğunu soruşsa da, heç bir əsaslı cavab ala bilməmiş və əvəzində o, və Tərlan Cəbrayılzadənin şöbə müdirini saymayaraq əlavələr ilə bağlı məsələyə dair vətəndaş müraciəti göndərməklərini özünə qarşı hörmətsizlik olduğunu və bunu bəyənmədiyini bildirmişdir. 29 yanvar 2024-cü ildən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və elektron sənəd dövriyyəsi, e-poçt vasitəsilə və də şifahi bütün ona təqdim edilən tapşırıqları vəzifə təlimatına və qanunvericiliyə uyğun şəkildə yerinə yetirmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü ildən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi deyilən zaman barəsində şöbə müdiri tərəfindən xidməti yazı-təqdimat yazıldığını və energetika nazirinə təqdim edildiyini öyrənmiş və bu zaman çox təəccüblənmişdir. Həmçinin o, və Tərlan Cəbrayılzadə tərəfindən Şuraya göndərilən vətəndaş müraciətinə Şuranın X7 baxılma üçün göndərməsi səbəbilə DİM-dən cavab gəlmiş və cavab məktubunda düşündükləri üzrə 1.1 misli əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə də münasibətdə şamil olunduğu və bununla bağlı qulluq keçənin qulluq keçdiyi orqan rəhbərinə müraciət etməli olduğu və ya məhkəməyə müraciət etmə hüququ bildirilmişdir. Onlar bu cavab məktubu əsasında rəhbərliyə xidməti yazı hazırlamağı düşünmüşlər və bu barədə yenə də ilk olaraq şöbə müdirləri ilə mart ayının 18-i məsləhət etmişlər. Reaksiyası yenə də, onların hüququna qarışa bilməz şəklində olsa da, məsələ ilə bağlı onların hərəkətinin xoş qarşılanmadığını hiss etdirmişdir. Aprel ayının 18-i şöbə müdiri Nərgiz Bağırlının doğum günü münasibətilə ona kitab hədiyyə etmiş və hədiyyə etdiyi kitab xx.xx.2024-cü il tarixində (ona xəbərdarlıq təqdim edilən gündən 1 gün sonra) səhər saatlarında Nərgiz xanım tərəfindən nazirliyin dəhlizində zibil qutusunun önünə atılmışdır. İddiaçıya çox sonradan məlum olmuşdur ki, haqqında Nərgiz Bağırlı tərəfindən orqan rəhbərinə xidməti yazı-təqdimat 3 aprel 2024-cü il tarixində yazılmış və bu xidməti yazıtəqdimat barədə ona heç bir zaman rəsmi məlumat verilməmiş, heç bir araşdırma aparılmamışdır. Xidməti yazı-təqdimatın yazıldığı tarix olan 3 aprel tarixi onda maraq oyatdığı üçün tərəfindən araşdırma aparıldıqda ona məlum olmuşdur ki, bir gün öncə 2 aprel tarixində icra etdiyi tapşırıq söbə müdirinin xoşuna gəlmədiyi üçün ESDS-də “düzgün icra edilməyib” dərkənarı ilə “əsassız” hesab edilərək onun icraatından alınaraq şöbənin digər əməkdaşına icraya göndərilmişdir. Sözügedən tapşırıq texniki reqlamentinin tərcümə və ekspertizası üçün ehtimal olunan maliyyə vəsaitinin müəyyən edilməsi ilə bağlı idi və onun icraatına 29 mart (cümə-sonuncu iş günü) verilmişdir və şöbə müdirinin şifahi tapşırığı sənədlərin səhifə başına 25 manat tərcümə, 20 manat ekspertiza üçün vəsaitin hesablanıb istənilməsi və bunun daha dəqiq olması üçün nazirliyin Dövlət proqramları və layihələr sektorunun müdiri Arif Nəzərov ilə danışmağı barədə olmuşdur. Məsələ ilə bağlı Arif Nəzərov ilə danışdıqda məsələnin dəqiqləşdirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ (tərcümə və ekspertizanı edəcək məsul qurum) ilə danışmaq zərurəti ortaya çıxdığından 2 aprel tarixində 2 dəfə adı çəkilən qurumun aidiyyatı əməkdaşları ilə telefon əlaqəsi qurmuş və məlum olmuş ki, texniki reqlamentlərinin hazırlanması qaydası mövcud olmadığı üçün bu barədə qanunvericilikdə nəzərdə tutulan tələblərin işlənmə mexanizmi hazırda bəlli deyil və institutun hazırda texniki reqlamentləri nə tərcümə, nə də ekspertiza etmədiyi məlum olmuşdur. Məsələ ilə bağlı şöbə müdiri ilə şifahi formada danışmağı mümkün olmamışdır, çünki 1 və 2 aprel tarixlərində Aztaf layihəsi ilə bağlı iclasda idi və o, məcbur qalaraq son icra müddətinin 2 aprel olduğu üçün cavab yazışmasının layihəsini şöbə müdirinin imzalaması üçün ESDSdə yerləşdirmişdir. Saat 17:55 radələrində şöbə müdiri ona zəng edərək çox sərt formada niyə belə yazdığını, niyə tapşırığı onun dediyi formada icra etmədiyini ondan soruşmuşdur. Ona dediyi kimi Arif Nəzərov ilə danışdığını, lakin dəqiqləşdirmək zəruri olduğu üçün institut ilə danışmalı olduğunu və onlardan dəqiq cavab aldıqdan sonra belə yazmalı olduğunu bildirmişdir. Yazdığının hüquqi cəhətdən əsaslandırılmasını versə də, şöbə müdiri sərt və kobud şəkildə danışmağa davam etmiş və dəstəyi üzünə asaraq sənədi əsassız hesab edərək 3 aprel tarixində icraatından alıb digər əməkdaşa vermişdir. Şöbənin digər əməkdaşının icraatından sonra məlum olmuşdur ki, onun dediyi və verdiyi əsaslandırma tamamilə doğru idi və məlum olmuşdur ki, həqiqətən də o sənədə cavab olaraq olmayan bir xidmətin göstərilməsi üçün maliyyə vəsaitinin istənilməsi doğru ola bilməzdi. Lakin görünür ki, Nərgiz Bağırlı 2 aprel tarixində olan bu hadisəyə və özündə öncədən olan emissiyalara qapılaraq sabahsı gün 3 aprel tarixində haqqında həqiqətləri əks etdirməyən xidməti yazı-təqdimat hazırlamış və energetika nazirinə təqdim etmişdir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 2024-cü il 27 iyul tarixli, 3-15/3-2-424/2023 nömrəli əmr ilə 28 iyul tarixindən "Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2- 46/2024 nömrəli əmr ilə həmin tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən 2024- cü il 29 aprel tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin və əmək müqaviləsinin bütün şərtlərinə riayət edilmiş, işçi işdən çıxdığı son gün son haqq-hesabı və əmək kitabçası işçiyə təqdim edilmişdir. İddiaçı ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə kontraktı birtərəfli qaydada poza bilər. İddiaçıya 24 aprel 2024-cü il tarixdə xəbərdarlıq elan edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıq ilə iddiaçı 24 aprel 2024-cü il tarixində tanış olmuş və xəbərdarlıqla bağlı müvafiq qeydlərini aparmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası energetika naziri tərəfindən verilmiş 2024-cü il 27 aprel tarixli 3-15/3-2- 223/2024 əmrdə iddiaçı barəsində şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 3 aprel tarixli, 3-15/3-9- 1791/2024 nömrəli mənfi rəy xitamın əsası kimi göstərilmişdir. Şöbə müdiri - kurator Nərgiz Bağırlı tərəfindən hazırlanmış 2024-cü il 3 aprel tarixli 3-15/3-9-1791/2024 nömrəli mənfi rəydə iddiaçının sınaq müddəti ərzində tapşırıqlara gərəkli münasibət göstərmədiyi, tapşırıqları tələb olunan səviyyədə icra etmədiyi və şəxsi keyfiyyətlərinin kollektivə uyğun olmadığı bildirilmişdir. Həmin xəbərdarlıqda iddiaçı tərəfindən sınaq müddəti ərzində dəfələrlə əmək intizamını pozduğu, ona verilən tapşırıqları düzgün, tələb olunan səviyyədə və vaxtında icra etmədiyi, bununla yanaşı xidməti fəaliyyətində dəfələrlə nöqsanlara yol verdiyi iddiaçıya bildirilmişdir. Belə ki, iddiaçı staj müddətində 2023-cü ilin 17 iyul, 18 iyul, 27 iyul, 2 avqust, 4 avqust, 7 avqust, 10 avqust, 15 avqust, 21 avqust, 25 sentyabr, 29 sentyabr, 17 oktyabr, 22 noyabr, 5 dekabr, 11 dekabr, 22 dekabr və 25 dekabr tarixlərində dəfələrlə işə gecikmiş və əmək intizamını pozmuşdur. Bununla bağlı iddiaçının elektron poçt ünvanına 2023-cü ilin 29 sentyabr, 22 noyabr, 22 dekabr tarixlərində müvafiq bildirişlər göndərilmiş, eyni halın təkrarlanmaması tapşırılmış və təkrarlanacağı halda müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin iddiaçı həmin bildirişlərdən nəticə çıxarmamış və əmək intizamını pozmağa davam etmişdir. Sınaq müddəti ərzində 2024-cü ilin 12 fevral, 26 fevral, 5 mart, 12 mart, 1 aprel, 4 aprel, 19 aprel və 25 aprel tarixlərində İddiaçı əmək intizamını pozmuş və işə gecikmişdir. Bununla bağlı 2024-cü ilin 5 mart tarixində ona yenidən işə gecikməsi və əmək intizamını pozması barədə bildiriş göndərilmişdir. Həmçinin iddiaçı öz işinə laqeyd yanaşmış və ona həvalə edilmiş tapşırıqları vaxtında və düzgün yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 13 fevral 2024-cü il tarixli məktubu Energetika Nazirliyinə daxil olmuşdur. Həmin məktuba Səhmdar Cəmiyyət tərəfindən hazırlanmış hesabat formaları əlavə olunmuşdur. Məkub ilə bağlı şöbə müdiri-kurator xanım Nərgiz Bağırlı tərəfindən 14 fevral 2024-cü il tarixində iddiaçıya dərkənar verilərək “hesabatların ümumiləşdirilməsi və həmin sənədin qoşmasında qeyd edilən hesabat formasına uyğun tədbirlərlə bağlı təkliflərin təqdim edilməsi” tapşırığı verilmişdir. Həmçinin, eyni məktub həmin şöbənin digər işçisi sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş Orxan Məmmədliyə də verilmişdir. Orxan Məmmədli verilən tapşırığı 4 mart 2024-cü il tarixdə yekunlaşdırmış və şöbə müdirinə məlumat vermişdir. İddiaçı isə tapşırığı icra etməmiş, yalnız şöbə müdirinin ona bildirdiyi iradlardan sonra 2024-cü il 18 mart tarixində tapşırığı qismən icra etmişdir. Verilmiş tapşırığı tələb olunan vaxtda və qaydada icra etmədiyinə görə şöbə müdiri həmin işi şöbənin digər işçilərinə tapşırmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi iddiaçı tərəfindən onunla bağlanılmış əmək müqaviləsinin və qanunvericiliyin tələbləri dəfələrlə pozulmuşdur. İddiaçının işdə ona qərəzli yanaşılması ilə bağlı iddiası da tamamilə əsassızdır. İddiaçıya işlədiyi dövr ərzində şöbə müdiri və digər işçilər tərəfindən dəstək verilmiş, həmçinin verilən tapşırıqların icrası ilə bağlı şöbə müdiri tərəfindən müvafiq izahlar verilmişdir. Həmçinin iddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinin tələblərini pozaraq X2 Dövriyyəsi sistemindən şəxsi məqsədləri üçün istifadə etmiş, subordinasiya qaydalarını pozaraq bilavasitə rəhbərinin icazəsi olmadan Azərbaycan Respublikasının energetika naziri cənab Pərviz Şahbazova məktub. Həmçinin iddiaçının dövlət qulluqçularının vəzifə maaşına 1.1 misli həcmində müəyyən edilmiş əlavənin sınaq müddəti ərzində ona şamil edilib edilməməsi məsələsi ilə bağlı X3 Şurasına ünvanlandığı məktub ilə bağlı işdən çıxarılması məsələsi tamamilə əsassız və absurddur. Belə ki, həmin məktub iddiaçının staj dövründə - 17 yanvar 2024-cü il tarixində Şuraya ünvanlanmışdır. Həmin məsələyə görə şöbə müdirikuratorun ona qərəzli yanaşması olsa idi, tərəfindən iddiaçı ilə bağlı müsbət rəy verərək sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinə icazə verilməzdi. Həmçinin, iddiaçının həmin məsələ ilə bağlı şuraya ünvanlandığı məktubla bağlı müvafiq araşdırma aparılmış və iddiaçıya bununla bağlı müvafiq cavab məktubu ünvanlanmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9994/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir.
5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
7. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, onunla bağlanan kontrakta xitam verilməsi barədə əmrin əsası kimi göstərilən rəsmi sənəd 3 aprel 2024-cü il tarixli çalışdığı dövr üzrə şöbə müdiri Nərgiz Bağırlı tərəfindən energetika nazirinə ünvanlanan xidməti yazı-təqdimat olmuşdur. Bu xidməti yazıda onunla bağlı mənfi fikirlər yazılmış, onun işində özünü doğrultmamağı barədə Nərgiz Bağırlının öz fikirləri qeyd edilmişdir və bu təqdimatda yazılanlar nazirlik tərəfindən araşdırılmamış, iddiaçıya bu barədə məlumat yalnız 24 aprel 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) təqdim olunan zaman şifahi qaydada məlumat verilmişdir. Hətta ona bildirişi təqdim edən zaman nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılovdan onun əmək müqaviləsinə xitam verilməsinin səbəbini, əsasını soruşduqda, Nərgiz Bağırlı tərəfindən energetika nazirinə barəmdə təqdimat yazıldığını bilsə də, təqdimat ilə özünün də tanış olmadığını demişdir. Məlumat üçün diqqətinizə çatdırıram ki, 3 aprel tarixində Nərgiz Bağırlı tərəfindən ESDS vasitəsilə imzalanaraq energetika nazirinə təqdim edilən təqdmat 25 aprel tarixinə qədər ESDS-də energetika nazirinin baxışında saxlanılmış və 22 gün sonra 25 aprel tarixində xitam əmrinin rəsmiləşdirilməsi tapşırığı nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılova ESDS üzərindən dərkanar vasitəsilə icra üçün göndərilmişdir, lakin rəsmi qaydada bir gün öncə 24 aprel tarixində artıq iddiaçıya Əsəd İsmayılov tərəfindən işdən azad olunma barədə xəbərdarlıq təqdim edilmişdi. İddiaçıya təqdim edilən bildirişdə də qeydlərini və etirazını bildirməyinə və məsələnin araşdırılmasını, izahatının alınmasını tələb etməyinə baxmayaraq heç bir halda araşdırma aparılmadan haqqında yazılan təqdimat əsasında iddiaçı ilə bağlanan əmək müqaviləsinə sınaq müddətinidən uğursuz çıxma əsası ilə xitam verilmişdir. Əmək Məcəlləsində “İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimləməsi qaydasını müəyyən edən 53-cü maddə”sinin 3-cü bəndinin tələbinə uyğun olaraq müəyyən edilən kontraktın 9-cu maddəsində xitama dair müəyyən edən hallardan xitamın əsasının haqqımda olan 3 aprel 2024-cü il tarixli mənfi xarakterli xidməti yazıtəqdimat təqdim olduğunu nəzərə aldıqda aydın başa düşürük ki, kontrakda qeyd edilən xitam verilməsi üçün tərəflərin müəyyən etdiyi hallardan “c) “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu , digər normativ hüquqi aktları ilə və bu kontraktda nəzərdə tutulmuş digər hallar.” bəndi əsas götürülmüşdür. Lakin, sadəcə iddia olan yazılanlar öz sübutunu, əksini tapmamışdır çünki, sadəcə Nərgiz Bağırlının haqqında yazdığı mənfi sözlər nazirliyin Daxili nəzarət həmçinin, Dövlət qulluğu və kadrlar şöbələri kimi aidiyyatı struktur bölmələri tərəfindən heç bir qaydada yoxlanma aparılmadan, ona bu xidməti yazı təqdimat barədə məlumat verilmədən, heç bir izahatı alınmadan, dinlənilmə hüququ, özünü müdafiə hüququ pozularaq sanki qərəzli şəkildə qısa zaman içərisində işdən ayrılmağı arzulanmış və buna nail olmuşdurlar. Diqqətinizə çatdırıram ki, heç bir zaman çalışdığı dövr ərzində heç bir intizam tənbeh tədbirinə məruz qalmamış və onunla bağlı hər hansısa bir narazılıq iddiaçıya bildirilməmişdir. Həmçinin “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq sözü gedən vəzifə üzrə müsahibə mərhələsində Respublika üzrə ən yüksək nəticə hesab edilən maksimal 20 baldan 19.7 bal toplayaraq 28 iyul 2023-cü ildən 6 aylıq staj müddəti ilə qulluğa qəbul edilmiş və DQ haqqında qanunun tələbinə uyğun olaraq orqan rəhbəri tərəfindən staj müddəti ərzində mənə kurator təyin edilən Nərgiz Bağırlının müsbət rəyi əsasında 29 yanvar 2024-cü ildən etibarən sınaq müddəti ilə qulluğa qəbul edilib. Çox təəssüf ki, sınaq müddətinin bitməsinə və daimi qulluğa qəbul edilməyinə 5 gün qalmış qərəzli şəkildə işdən azad edilib.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 saylı əmrinin ona aid olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabedhin nümayəndəsi V.Aslanov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Azərbaycan Respublikası Energetika Nazirinin 27 iyul 2023-cü il tarixli, 3-15/3-2- 424/2023 nömrəli əmrinə əsasən iddiaçı 2023-cü il 28 iyul tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
11. İddiaçı ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında bağlanmış 28 iyul 2023-cü il tarixli əmək müqaviləsinə əsasən o, 6 ay müddətinə stajçı kimi dövlət qulluğuna qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Energetika Nazirliyinin 29 yanvar 2024-cü il tarixli 3- 15/3- 2-46/2024 nömrəli əmrinə əsasən enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi – stajçı İddiaçı 29 yanvar 2024-cü il tarixindən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir.
13. İddiaçı ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında 29 yanvar 2024-cü il tarixdə üç ay müddətinə Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsi (kontraktı) bağlanmışdır.
14. İddiaçıya ünvanlanmış 24 aprel 2024-cü il tarixli Bildiriş (Xəbərdarlıq) məktubunda göstərilmişdir, ki sınaq müddətində vəzifə təlimatına və qulluq funksiyalarına uyğun davranış nümayiş etdirmədiyinə, verilən tapşırıqları tələb olunan səviyyədə yerinə yetirmədiyinə və dəfələrlə əmək intizamını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 29 aprel 2024-cü il tarixindən xitam veriləcəkdir.
15. Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3- 15/3-2- 223/2024 nömrəli əmri ilə Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi olan iddiaçının sınaq müddəti ərzində özünü doğrultmadığına görə 29 aprel 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrdə onun verilməsinə əsas kimi Enerji səmərəliliyi şöbəsinin müdiri - Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli, 3-15/3-9-1791/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-15/3- 102/2024 nömrəli mənfi rəyləri göstərilmişdir.
16. Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı tərəfindən Azərbaycan Respublikası energetika naziri cənab Pərviz Şahbazova ünvanlanan 03 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 2023-cü ilin 03 fevral tarixindən İddiaçı Enerji səmərəliliyi şöbəsində İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müqavilə əsasında, sonra həmin ilin 28 iyul tarixində isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı olaraq işə alınmışdır. Staj müddəti cari ilin yanvar ayının 28-də sona çatmış və 3-15/3-2-46/2024 nömrəli əmrə əsasən 3 aylıq sınaq müddətinə işə alınmışdır. Sınaq müddətinə keçməsi üçün ona şans verilməsinə baxmayaraq, İddiaçı bu müddət ərzində əvvəlki davranışına sadiq qalmış, verilən tapşırıqlara gərəkli münasibət göstərməmişdir. Belə ki, ona verilən tapşırıqları vaxtında və ya öncədən tərəfindən verilmiş izaha (təlimata) baxmayaraq tələb olunduğu şəkildə icra etməmişdir. Eyni zamanda əlavə etmişdir ki, bir insanın iş keyfiyyətinin, kollektivdə işləmə bacarığının əsasını onun şəxsi keyfiyyətləri, xarakteri təşkil edir. Özünütənqid, təvazökarlıq, dürüstlük, fədakarlıq kimi xüsusiyyətləri işlədiyi müddət ərzində İddiaçı biruzə verməmiş, şəxsi mənafeyi yönündə hərəkət etdiyi nəzərə çarpmışdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Enerji səmərəliliyi şöbəsində fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun görməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
17. Siqur proqramından götürülmüş məlumatlara əsasən iddiaçı xx.xx.2023xx.xx.2024 tarixlər aralığında 35 dəfə işə gecikmişdir.
18. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı iclasında şahid qismində iştirak edən N.Bağırlı izahatında bildirdi ki, iddiaçı barəsində təqdimatın yazılmasına səbəb sınaq müddətində onun özünü doğrulmadığı olmuşdur. O, iddiaçıdan 6 aylıq staj dövründə də narazı idi. Belə ki, Dövlət qulluğu və kadrlar şöbəsi tərəfindən ona verilən məlumata görə iddiaçı tez-tez dəhlizdə gəzirdi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işə teztez gecikirdi. X7 əlavələrlə bağlı yazdığı məktuba münasibətdə qeyd edilməlidir ki, bu onun şöbəsi tərəfindən müəyyən edilən bir məsələ deyil və buna görə o, iddiaçıya qarşı qərəzli münasibət göstərə bilməz. İddiaçının dövlət qulluğu imtahanından keçərkən onun şəxsi keyfiyyətlərinin tərəfindən yüksək qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, iddiaçı onun şöbəsinin əməkdaşı olmuş və o, iddiaçının dövlət qulluğu imtahanına hazırlaşmasına özü şərait yaratmışdır. O, iddiaçıya yüksək bal verərək imtahandan keçməsinə köməklik göstərmişdir. Lakin sonra iddiaçıda bir növ arxainlıq hissi yaranmış və o, ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməməyə başlamışdır. İddiaçı barəsində xidməti araşdırmanın aparılmamasına gəldikdə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq xidməti araşdırma yalnız dövlət qulluqçuları barəsində aparılır. İddiaçı isə daimi dövlət qulluqçusu olmamışdır. İddiaçı özünün də etiraf etdiyi kimi onun verdiyi tapşırığı yerinə yetirməyi unutmuş, lakin dəfələrlə öz mənafeyi naminə məsələləri müzakirə etmək üçün onun yanına gəlmişdir. Bu da onun öz mənafeyi naminə hərəkət etdiyini göstərir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
21. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3- 2-223/2024 saylı əmrinin ona aid olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi.
22. “Dövlət qulluğu haqqında” Qanunun: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-); 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (-); d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda (-). Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (-).
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-).
23. Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 nömrəli əmri ilə Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi olan iddiaçının sınaq müddəti ərzində özünü doğrultmadığına görə 29 aprel 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Əmrdə onun verilməsinə əsas kimi Enerji səmərəliliyi şöbəsinin müdiri - Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli, 3-15/3-9-1791/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-15/3- 102/2024 nömrəli mənfi rəyləri göstərilmişdir.
24. Cavabdehin (nümayəndəsinin) izahatına görə İddiaçı vəzifə funksiyalarını layiqincə yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlardan nəticə çıxarmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imzaladığı 27 aprel 2024-cü il tarixli əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinə istinad etmişdir. Əmrin hüquqi əsası kimi istinad edilən Əmək Məcəlləsinin 53-cü maddəsi və 70-ci maddəsinin “d” bəndinin tətbiqi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü, habelə Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən mübahisəyə Əmək Məcəlləsinin bəzi müddəaları tətbiq edilə bilər. Əmək Məcəlləsinin yuxarıda bəhs olunan müddəalarına görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bununla belə əmək qanunvericiliyinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır Əmək Məcəlləsinin 70-ci maddəsi.
26. Cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair, həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini 27.04. 2024-cü il tarixli əmrində əsaslandırmamış, məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının qaydalara əməl etməyərək ona edilən xəbərdarlıqdan nəticə çıxarmaması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur. Cavabdeh əvvəllər, yəni iddiaçıya “xəbərdarlıq” edildiyini bildirsə də, “Dövlət qulluğu haqqında” Qanunun 25.2ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, cavabdehin istinad etdiyi “xəbərdarlıq” intizam tənbehinə xas olan hüquqi nəticələri yaratmır. Başqa sözlə, cavabdeh pozuntunun nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığını sübut edə bilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. İşdə olan sənədlərlə də iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyi müəyyən olunmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış əmr kimi, barəsində heç bir araşdırma aparılmayan, haqqında mənfi fikirlərin yazıldığı, lakin rəsmi qaydada iddiaçıya heç vaxt təqdim edilməyən və izahatı alınmayan, iddiaçını özünü ifadə etmək üçün imkan verilməyən, şöbə müdiri N.Bağırlı tərəfindən yazılan xidməti yazı-təqdimat heç bir halda qəbul edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçı cavabdeh qurumda çalışdığı dövr ərzində heç bir intizam tənbeh tədbirinə məruz qalmamış və onunla bağlı hər hansı rəsmi qaydada narazılıq bildirilməmişdir.
28. Məhkəmə kollegiytası həmçinin aşağıdakıları qeyd edir: İnzibati İcraat haqqında Qanunun Maddə 17. Mütənasiblik prinsipi: Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, inzibati orqan qəbul etdiyi qərarlarda çatmaq istədyi məqsəd baxımından zəruri və yaralı olmalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.
29. Beləliklə, inzibati orqan olan cavabdeh 03 aprel 2024-cü il tarixli maraqlı şəxs olan İddiaçı haqqında yazılmış və inzibati icraatın başlaması üçün əsas olan xidməti yazıtəqdimat barədə maraqlı şəxsə-iddiaçıya məlumat verməyə və mülahizələrini dinləməyə borclu idi, lakin 03 aprel tarixli xidməti – yazı 25 aprel tarixinə qədər baxılmada saxlanılmış və 25 aprel tarixində icra üçün müvafiq qaydada “Dövlət qulluğu və kadrlar şöbəsinə” göndərilmişdir. İddiaçıya isə 24 aprel tarixində inzibati icraatın məzmunu və əsasları barədə heç bir məlumat verilmədən sadəcə şifahi qaydada belə bir yazı olduğu deyilmiş, etiraz və tələbinə baxmayaraq iddiaçıya bu barədə məlumat verilməmiş, həmçinin də mülahizələri dinlənilməmişdir. Bu isə İİQ-nun 21-ci maddəsinin kobud şəkildə pozulması deməkdir. 30.Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 32.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi (dəqiqləşdirilmiş) təmin edilməlidir. 33.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9994/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Energetika Nazirliyinin 27 aprel 2024-cü il tarixli, 3-15/3-2- 223/2024 nömrəli əmrinin İddiaçı aid olan hissəsi ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov