Məhkəmə qərarları › İş №2-1(103)-1211/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1211/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1211/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə “əmrin ləğv edilməsi və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiaçı tərəfindən verilmiş məhkəmə qərarına izah verilməsi barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş və məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadı ilə dəqiqləşmə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, Nazirlik digər cavabdeh qismində tanınmışdır. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamın ləğv edilməsini, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsini, 15 min manat maddi zərər və 5 min manat mənəvi zərərin iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamının ləğv edilməsi, İddiaçı oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilməsi qərara alınmış, iddia digər hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş qərar qüvvədə saxlanılmışdır. Sonradan iddiaçı məhkəməyə 01 noyabr 2024-cü il tarixli izah, eləcə də 04 noyabr 2024-cü il tarixli izahın mahiyyətinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi ifadəsinin 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsini ehtiva etməsi barədə qərara izah verilməsini xahiş etmişdir. Qərara izah verilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarı olmasına baxmayaraq, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməmişdir. Ona təklif olunan vəzifə oxşar-rəhbər vəzifə deyildir. Xızı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri vəzifəsi 5-ci təsnifata aid deyildir. Cavabdeh qeyd edir ki, həmin vəzifə iddiaçının əvvəlki vəzifəsi ilə oxşar vəzifədir ki, iddiaçı hesab edir ki, həmin məsələyə münasibətdə aydınlıq gətirilməsi qərara izah edilməsi yolu ilə zəruridir. Məhkəmənin qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmiş oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi ifadəsinin 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsini ehtiva etməsi barədə izah verilməsi formasında icraata qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, mövcud qanunvercilikdə tərəfin yalnız qərara izah verilməsini tələb etmək hüququ təsbit edilmiş, onun konkret izahın nədən ibarət olması barədə ərizə təqdim etmək hüququnun mövcudluğu qeyd edilməmişdir. Bu baxımdan məhkəmə ərizəni yalnız "izah tələbi" kimi qiymətləndirə bilər. İzahla bağlı isə nəzərə alınmalıdır ki, məhkəmə qərarında qeyd edilənlərdən artıq tərəfin üzərinə öhdəlik müəyyən edə bilməz və bu bilavasitə məhkəmə müdafiəsinin məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Belə ki, qarşı tərəfin ərizəsində göstərilən kimi qərar qəbul edilmiş olsaydı Nazirlik həmin qərardan şikayət verə bilərdi, indiki halda əgər məhkəmə göstərilən kimi izah verərsə onların yekun qərardan şikayət vermə şansları olmaz və bununla da məhkəmə müdafiəsi hüquqları məhdudlaşmış olar. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin “Məhkəmə qətnaməsi haqqında” məlum plenum qərarının 14-cü bəndi ilə məhkəmələrə izah edilir ki, ...qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bunda başqa məhkəmə nəzərə almalıdır ki, mövcud qanunvercilikdə işçinin yalnız "öz vəzifəsinə" bərpasını tələb etmək hüququ vardır və məhkəmə yalnız onun öz vəzifəsinə təyin olunması barədə qərar qəbul edə bilər. Bununla belə başa düşüləndir ki, həmin vəzifə mövcud deyil və məhkəmə şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə qərarı bu cür qəbul etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə şəxsin "hüququnu bərpa" etməlidir, başqa sözlə onu "işdən çıxarılmadığı" əvvəlki halına qaytarmalıdır. Tələbkar əvvəlki halında olmuş olsaydı, yəni işdən azad olunmasaydı, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə struktur dəyişikliyinə uyğun olaraq onun vəzifəsi ixtisar ediləcək və o, Nazirliyin mülahizəsinə uyğun olaraq, ya bu əsasla işdən azad ediləcək, ya da analoji vəzifəni tutan şəxslər kimi Nazirliyin təklif etdiyi vəzifə ilə razılaşmalı olacaqdı. İndiki halda olan məhz budur və Nazirlik ona analoji vəzifə tutanların böyük əksəriyyətinə tətbiq edilmiş vəzifəni təklif edir. Hətta misal olaraq, məlum Sərəncamla ştatı ixtisar olunmuş Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisinin təklif edilmiş vəzifə ilə razılaşmayaraq ştat ixtisarı əsası ilə işdən azad edilməsini göstərmək olar. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi yekun qərarında iddiaçının oxşar vəzifə (rəhbər vəzifəyə) bərpa edilməsi dedikdə inzibati orqanların beşinci təsnifatı üzrə rəhbər vəzifəyə iddiaçının bərpa edilməsinin cavabdehə həvalə edilməsinin ehtiva edildiyi kimi izah verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və izah verilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud qanunvercilikdə işçinin yalnız "öz vəzifəsinə" bərpasını tələb etmək hüququ vardır və məhkəmə yalnız onun öz vəzifəsinə təyin olunması barədə qərar qəbul edə bilər. Bununla belə başa düşüləndir ki, həmin vəzifə mövcud deyil və məhkəmə şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə qərarı bu cür qəbul etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə şəxsin "hüququnu bərpa" etməlidir, başqa sözlə onu "işdən çıxarılmadığı" əvvəlki halına qaytarmalıdır. Tələbkar əvvəlki halında olmuş olsaydı, yəni işdən azad olunmasaydı, Azərbaycan Respublikası Prezidentinin göstərilən Fərmanı ilə struktur dəyişikliyinə uyğun olaraq onun vəzifəsi ixtisar ediləcək və o, Nazirliyin mülahizəsinə uyğun olaraq, ya bu əsasla işdən azad ediləcək, ya da analoji vəzifəni tutan şəxslər kimi Nazirliyin təklif etdiyi vəzifə ilə razılaşmalı olacaqdı. İndiki halda olan məhz budur və Nazirlik ona analoji vəzifə tutanların böyük əksəriyyətinə tətbiq edilmiş vəzifəni təklif edir. Fərman rəhbər tutularaq iddiaçının tutduğu vəzifədə olan böyük əksəriyyət faktiki olaraq ona təklif edilən vəzifəyə təqdim edilmiş, buna razı olmayanlar isə vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutulmaqla azad edilmişdir. Tərəflərindən bununla bağlı məhkəməyə sənədlər təqdim edilmişdir. Misal olaraq, məlum Sərəncamla ştatı ixtisar olunmuş Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisinin təklif edilmiş vəzifə ilə razılaşmayaraq ştat ixtisarı əsası ilə işdən azad edilməsini və tərəflərindən təqdim edilmiş digər ixtisarları göstərmək olar. Göründüyü kimi, işçi işdən azad edilməmiş olsaydı işəgötürən öz iradəsi ilə işçini həm işdə saxlaya, həm də işdən azad edə və qarşılıqlı razılığa uyğun olaraq işçinin işsiz qalmaması üçün daha aşağı vəzifəyə təyin edə bilərdi. İndiki halda isə məhkəmə işəgötürənin məhz bu hüququnu məhdudlaşdırmışdır. Bundan başqa mütləq nəzərə alınmalıdır ki, içində olduğumuz bu vəziyyət ümumiyyətlə GİN-nin hərətkətləri ilə yaranmamışdır. İşdən çıxarma yerli icra hakimiyyətinin hərəkəti ilə, ştatların ləğvi isə Üst iradənin qərarı ilə baş vermişdir. Belə olan halda ümumiyyətlə hüquqlardan sui-istifadədən söhbət belə gedə bilməz. Əksinə faktiki halda GİN tərəfindən təqdim edilən vəzifə mübahisənin həlli üzrə ən optimal yoldur. Mövcud qanunvercilikdə tərəfin yalnız qərara izah verilməsini tələb etmək hüququ təsbit edilmiş, onun konkret izahın nədən ibarət olması barədə ərizə təqdim etmək hüququnun mövcudluğu qeyd edilməmişdir. Bu baxımdan göstərilən dəqiqləşmə ilə ərizə icraata qəbul edilə bilməzdi. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmə qərarında qeyd edilənlərdən artıq tərəfin üzərinə öhdəlik müəyyən edə bilməz və bu bilavasitə məhkəmə müdafiəsinin məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Belə ki, qarşı tərəfin ərizəsində göstərilən kimi qərar qəbul edilmiş olsaydı Nazirlik həmin qərardan şikayət verə bilərdi, indiki halda əgər məhkəmə göstərilən kimi izah verərsə onların yekun qərardan şikayət vermə şansı olmaz və bununla da məhkəmə müdafiəsi hüquqları məhdudlaşmış olar. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” məlum plenum qərarının 14-cü bəndi ilə məhkəmələrə izah edilir ki, “…qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir”. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Hazırki işdə məhkəmə qərarına izah verilməsi zərurəti oxşar (rəhbər vəzifə) anlayışının mahiyyəti, Xızı rayonu üzrə Gənclər və idman sektorunun müdiri vəzifəsinin, yoxsa 5-ci təsnifat üzrə rəhbər vəzifə ifadəsinin həmin anlayışı ehtiva edib-etməməsinin aydınlaşdırılması ilə bağlı yaranmış fikir ayrılığı ilə bağlıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi qanunsuz və əlverişsiz inzibati akt qəbul edilməklə iddiaçınin tutmuş olduğu Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad olunması barədə sərəncam qəbul edilmiş, məhkəmənin qərarı ilə həmin sərəncam ləğv edilərkən İddiaçı oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi qərara alınmışdır. İzah ərizəsindən eləcə də, izaha aydınlıq gətirilməsinə dair 04 noyabr 2024-cü il tarixli ərizədən, eləcə də iddiaçının nümayəndəsi və vəkilinin məhkəmədə verdiyi izahatından aydın olur ki, oxşar vəzifəyə (rəhbər vəzifə) bərpa edilməsi anlayışının nəyi, xüsusilə 5-ci təsnifat üzrə rəhbər vəzifə anlayışını özündə ehtiva etməsinin müəyyən edilməsi zərurəti meydana çıxmışdır ki, cavabdeh tərəf iddiaçıya münasibətdə bərpa tələbinə dair təklifini Xızı rayonu üzrə Gənclər və idman sektorunun müdiri vəzifəsinə təyin edilməsinə dair təklifinin ehtiva etdiyini qənaətindədir. İddiaçının tutmuş olduğu əvvəlki vəzifə Səbail rayonu Gənclər və İdman İdarəsinin rəisi vəzifəsi olmaqla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavənin həmin vaxt qüvvədə olmuş 1-ci hissəsinə əsasən Gənclər və İdman Nazirliyi ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin etmişdir. “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.6-ci yarımbəndinə əsasən həmin rəhbər vəzifə İnzibati vəzifələrin beşinci təsnifatına aiddir. Cavabdeh tərəfindən təklif edilən X1 və İdman İdarəsinin Xızı rayonu üzrə gənclər və idman sektoru müdiri vəzifəsi isə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən yeddinci təsnifata aiddir. Halbuki, məhkəmə qərarının nəticə hissəsindən görünür ki, iddiaçının oxşar vəzifəyə, daha dəqiqliklə desək oxşar rəhbər vəzifəyə bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 5-ci təsnifat üzrə rəhbər vəzifədə olan şəxsə məhkəmə qərarının icrası adı ilə 7-ci təsnifat üzrə sektor müdiri vəzifəsinin təklif edilməsi, oxşarlılıq baxımından məqbul hesab edilə bilməz. “Dövlət qulluğu haqqında” Qanunun 25.2.4-cü maddəsinə əsasən daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri kimi tətbiq edilir. Cavabdeh isə, məhkəmə qərarının icrası baxımından nəinki bir, iki daha aşağı təsnifat üzrə iddiaçının vəzifəyə təyin edilməsinə dair vəzifə təklif edərək, göstərilən təklif üzrə təqdim edilmiş vəzifənin qərarın icrasını özündə əhatə etdiyi qənaətindədir. Halbuki, həmin vəzifənin iddiaçının iradəsi əleyhinə qəbul edilməsinin qərarın icrası çərçivəsində həyata keçirilməsinə yönəlmiş hərəkət, inzibati tənbeh tədbirinin 25.2.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğundan azad edilmə əvəzinə, 25.2.4-cü maddədə nəzərdə tutulan daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə ilə əvəz edilməsindən mahiyyət etibarı ilə fərqlənmir. Göründüyü kimi daha aşağı təsnifatdan olan vəzifəyə keçirmənin inzibati tənbeh tədbiri olduğu halda, 5-ci təsnifatda olan vəzifə əvəzinə 7-ci təsnifatda olan vəzifənin oxşar vəzifə kimi göstərilməsi yolverilməzdir. Məhkəmə qərarından görünür ki, məhz oxşar – rəhbər vəzifənin təyinatı əvvəlki vəzifədən azad edilmə qanunsuzluğunun tanınmasına səbəb ola bilər ki, icra mərhələsində məhz həmin hal nəzərə alınmalı, əvvəlki vəzifə üzrə təsnifat əsas götürülməklə iddiaçı 5-ci təsnifat üzrə cavabdeh tərəfindən vəzifəsinə təyin edilməlidir. Məhkəmə qərarında izah üzrə digər aydınlıq gətirilməli olan məsələ isə 5-ci təsnifat üzrə iddiaçının məhkəmə qərarının icrası baxımından təklif edilməli olan vəzifənin rəhbər vəzifə olub-olmaması ilə əlaqədardır. Aydın məsələdir ki, oxşar vəzifə dedikdə iddiaçının əvvəl tutmuş olduğu təsnifata uyğun vəzifənin əvvəlki vəzifə ilə oxşarlılığından söhbət gedə bilər. Lakin, iddia tələbindən və gəlinən nəticədən görünür ki, iddiaçının oxşar vəzifəyə bərpası dedikdə məhz onun rəhbər vəzifəyə təyin edilməli, bərpa edilməli olması xüsusilə vurğulanmışdır. Belə olduğu təqdirdə isə iddiaçının 5-ci təsnifat üzrə məhz rəhbər vəzifəyə təyin edilməsi nəticəsinə gəlinməlidir. Başqa sözlə, oxşar (rəhbər) vəzifəyə bərpa dedikdə iddiaçının cavabdeh tərəfindən 5-ci təsnifat üzrə rəhbər vəzifəyə təyin edilməli olması qənaəti formalaşır ki, sektor müdiri vəzifəsi bu əlamətlərə cavab vermir. Yuxarıda adıçəkilən Təsnifat Toplusunun: 2.1.6. İnzibati vəzifələrin beşinci təsnifatı:

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparatında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

3. Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi;

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçiləri;

5. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və onların müavinləri;

6. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

7. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;

8. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin aparatlarında şöbə müdiri və onun müavini, Bakı Şəhər Prokurorluğunda şöbə müdirləri; 8-1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;

9. Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin köməkçiləri;

10. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanların rəhbərləri. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əvvəlki vəzifəsinə oxşar (rəhbər) vəzifəyə bərpası dedikdə, cavabdeh tərəfindən məhz göstərilən 5-ci təsnifat üzrə rəhbər vəzifəyə bərpası nəzərdə tutulur. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5017/2023 saylı, 05 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar