Məhkəmə qərarları › İş №2-1(103)-1219/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1219/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1219/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Bakı Biznes Universiteti) “ali təhsil müəssisəsinə köçürülməsinə razılığın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3026/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, Həşimova (Bağırova) Mehri Rauf qızının təhsilini Bakı Biznes Universitetində davam etdirməsi üçün həmin ali təhsil müəssisəsinə köçürülməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının təhsilini davam etdirməyi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-3026/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təhsilini davam etdirməsi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bağırova (Həşimova) Mehri Rauf qızı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «ali təhsil müəssisəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildə təhsil aldığı X6 İnstitutunun Bakı filialı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qərarı ilə fəaliyyəti dayandırılmış, orada təhsil alanların təhsil hüququnun bərpası cavabdehə tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının təhsilini davam etdirilməsi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, X6 İnstitutunun Bakı filialı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qərarı ilə fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi Elm və Təhsil Nazirliyinə həvalə olunduğundan həmin dövrdə Nazirliyə müraciət etmiş filial tələbələri müvafiq qaydada qeyri-dövlət ali təhsil müəssisələrinə köçürülmüşlər. Həmçinin iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da cavabdehin imtinasında əsas kimi göstərdiyi qanunvericiliklə müəyyən olunmuş 15 il müddəti buraxmamışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuz olduğundan qərar ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2007-ci il tarixli 40 nömrəli əmrlə X6 İnstitutunun Bakı filialından digər ali məktəbə köçürülməsi ilə əlaqədar xaric olunmuşdur. 2007-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsinin icrası zamanı da ailə qurması səbəbindən Həşimova (Bağırova) Mehri Rauf qızı və ya nümayəndəsi tərəfindən onun digər ali məktəbə köçürülməsi barədə Elm və Təhsil Nazirliyinə müraciət olunmamışdır. İddiaçı ilkin olaraq zamanında təhsil aldığı ali məktəbə bərpa olunmalıdır və yalnız ondan sonra köçürülmə məsələsinə baxmaq olar. Əks halda iddiaçının digər ali məktəbə köçürülmə məsələsi mümkünsüzdür. Digər tərəfdən məhkəmə işi araşdırarkən nəzərə almamışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktublarında iddiaçının xx.xx.2022-ci il tarixli müraciətlərinə imtina deyil, Qaydalara əsasən nə zaman (yay tətili dövründə) müraciət etməli olduğunu izah etmişdir (yəni cavab məktubları - məlumat xarakterli idi). Lakin nə Həşimova (Bağırova) Mehri Rauf qızı, nə də nümayəndəsi tərəfindən 2022-ci ilin yay tətili dövründə onun digər ali məktəbə köçürülməsi barədə Elm və Təhsil Nazirliyinə müraciət olunmamışdır. Bununla da tələbələr sırasından xaric olunmuş iddiaçı xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququnu itirmişdir. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında’’ Əsasnaməyə görə, ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Qanunvericiliyə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Elm və Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Elm və Təhsil Nazirliyinə təqdim olunmamış və bu səbəbdən də araşdırılmamışdir. İddiaçının köçürülməsi barədə sənədlər qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X6 İnstitutunun Bakı filialına qarşı fəaliyyətin dayandırılması tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X6 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Biznes Universiteti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Təhsilinizi bizim Universitetdə davam etdirməyinizə etiraz etmirik. Lakin təhsilalanların köçürülməsi ilə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.4-cü, 1.8-ci, 2.10-cu, 2.11-ci və 4.2-ci bəndlərinə əsasən tənzimləndiyi üçün Sizin Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı Biznes Universiteti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Fəaliyyəti 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə dayandırılan X6 İnstitutunun Bakı filialının tələbəsi Həşimova (Bağırova) Mehri Rauf qızı təhsilini Bakı Biznes Universitetində davam etdirmək üçün Təhsil Nazirliyinə vəsatət məktubu verilməsi üçün xx.xx.2022-ci il tarixdə BBU-nıın rəhbərliyinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərin surətindən görünür ki, M.R.Həşimova Linqvistika (İngilis-dili) ixtisası üzrə təhsil almışdır. Azərbaycan Respublikasının Təshil Nazirliyinə tövsiyyə məktublarını, məhkəmə qətnaməsini, M.R.Həşimovanın ərizəsini və digər sənədləri nəzərə alaraq onun Bakı Biznes Universitetinin müvafiq ixtisasına və kursuna köçürülməsinə etiraz etmirik. Lakin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qüvvədə olan 5/2 xx.xx.2017-ci il tarixli məktubuna əsasən tələbənin bir ali məktəbdən digərinə köçürülməsi üçün Ali məktəb rəhbərliyinin vəsatəti ilə yanaşı Təshil Nazirliyinin icazəsi tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alıb M.R.Həşimovanın Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirməyiniz xahiş edilir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyiniz ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərsiniz (həmin məktubdan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır). İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə aıi təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyiniz ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyiniz ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Vətəndaş Həşimova (Bağırova) Mehri Rauf qızının Bakı Biznes Universitetinə bərpası ilə bağlı Cavabdehnə (4155; xx.xx.2022) daxil olmuş müraciətə baxılmışdır. Mövcud qanunvericiliyə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Məktubunuza əsasən isə M.Həşimova 2007-ci ildə təhsilini dayandırmış və yalnız 2022-ci ildə bərpa ilə bağlı ali təhsil müəssisəsinə müraciət etmişdir. Göründüyü kimi, Həşimova (Bağırova) Mehri Rauf qızının Bakı Biznes Universitetinə bərpası məsələsinə baxmaq mövcud qanunvericiliyə əsasən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: X6 İnstitutunun Bakı filialı qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış, fəaliyyətinə Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmişdir. Bu səbəbdən filialda təhsil alan tələbələrin sayı barədə Nazirlikdə məlumat mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 25 mart 2007-ci il tarixli, 2397/4-488 saylı qətnaməsi ilə X6 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun olaraq təmin olunması Nazirliyə həvalə olunmuşdur. Həmin dövrdə Nazirliyə müraciət etmiş filial tələbələri müvafiq qaydada qeyri-dövlət ali təhsil müəssisələrinə köçürülmüş və bu proses artıq başa çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4- 488 nömrəli iş üzrə 05 mart 2007-ci il tarixli Qətnaməsinə əsasən X6 İnstitutunun Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. 21 fevral 2024-cü il tarixində ləğv edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Göstərilən müddət ərzində İddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinə heç bir müraciət daxil olmadığından onun hər hansı bir ali təhsil müəssisəsinə köçürülməsi nəzərdə tutulmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar» (Cavabdeh Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Elm və Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Elm və Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Elm və Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. 4.1. Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Cavabdeh Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları»: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. 4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar. 4.2. Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı 2005-ci il tarixdə X6 İnstitutunun Bakı filialının “Linqvistika” ixtisasına qəbul edilmiş, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X6 İnstitutunun Bakı filialına qarşı fəaliyyətin dayandırılması tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X6 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. İddiaçı hal-hazıradək heç bir ali təhsil müəssisəsinə köçürülməmişdir. İddiaçı Azərbaycan Respublikasında fəaliyyət göstərən ali məktəblərin birinə köçürülüb təhsilini davam etdirmək üçün cavabdehə müraciət etsə də, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bunun Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirildiyi bildirilmiş, qeyd olunanlar nəzərə alınmaqla yay tətili dövründə bərpa olunmaq istədiyi ali təhsil müəssisəsinin rəhbərliyinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı Bakı Biznes Universitetinə köçürülmə ilə əlaqədar müraciət etmiş, Bakı Biznes Universiteti tərəfindən iddiaçıya ünvanlanmış məktubda iddiaçının təhsilini həmin Universitetdə davam etdirməsinə etiraz etmədikləri bildirilmiş, lakin təhsilalanların köçürülməsi ilə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən tənzimləndiyi üçün iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməsi tövsiyə edilmişdir. Daha sonra Bakı Biznes Universiteti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanmış məktubda iddiaçının Bakı Biznes Universitetinin müvafiq ixtisasına və kursuna köçürülməsinə etiraz etmədikləri bildirilmiş, lakin ali məktəb rəhbərliyinin vəsatəti ilə yanaşı Təhsil Nazirliyinin icazəsi tələb olunduğu üçün iddiaçının Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mövcud qanunvericiliyə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər, iddiaçı 2007-ci ildə təhsilini dayandırmış və yalnız 2022-ci ildə bərpa ilə bağlı ali təhsil müəssisəsinə müraciət etmişdir, iddiaçının Bakı Biznes Universitetinə bərpası məsələsinə baxmaq mövcud qanunvericiliyə əsasən mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə X6 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. İddiaçı cavabdehə isə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da cavabdehin imtinasında əsas kimi göstərdiyi qanunvericiliklə müəyyən olunmuş 15 il müddəti buraxmamışdır. Həmçinin “Qaydalar”da nəzərdə tutulmuş normalar mövcud təhsil müəssisəsi ilə bağlıdır, ali məktəbin mövcud olmadığı halda köçürmənin hansı qaydada həlli qanunvericilikdə müəyyən olunmayıb, təhsil müəssisəsi mövcud olmadıqda hansı təhsil müəssisəsinin müraciəti olmalıdır və ya olmalıdırmı, bu kimi hallarla bağlı tənzimləmə yoxdur, cavabdeh də bu barədə münasibət bildirməmiş, izah, aydınlıq gətirməmişdir. Cavabdeh nəzərə almamışdır ki, konkret halda, iddiaçının ali təhsil müəssisələrindən birinə köçürülməsinin təmin olunması tələbi yaranmış faktiki vəziyyətdən irəli gəlmişdir. İddiaçının vəziyyətinə münasibətdə qanunvericilikdə tənzimləmənin olmaması iddiaçının ziyanına olan hal kimi qiymətləndirilməməli, cavabdeh iddiaçının müvafiq təhsil müəssisəsində təhsilini davam etdirməsi üçün şərait yaratmalıdır. Belə ki, Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsindən də görünür ki, fəaliyyəti dayandırılmış X6 İnstitutunun Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3026/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar