Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1225/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə qarşı “hərbi xidmətdən azad edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2-1(112)-8818/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşı “hərbi xidmətdən azad edilmə” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun atası və anası İran İslam Respublikasında rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Anası Azərbaycan Respublikası vətəndaşı, atası isə İran İslam Respublikası vətəndaşıdır. Bu səbəbdən də ona İran İslam Respublikası vətəndaşı olması barədə Şinasnamə verilmişdir. 2001-ci il tarixdən Bakıya köçərək Bakı şəhərində yaşamağa başlamışdır. Həmin tarixdə Azərbaycan Respublikası vətəndaşlığına da qəbul edilmişdir. 28 dekabr 2016-cı il tarixdən Xidmətin Yasamal Rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyatı da həyata keçirilmişdir. Atası vəfat etdiyindən İran İslam Respublikası qanunvericiliyinə əsasən ailə başçısını itirməsi səsəbindən müddətli hərbi xidmətdən azad edilmişdir. Bu barədə ona müvafiq vəsiqə də verilmişdir. İddiaçı hesab edir ki, həmin Respublikada hərbi xidmətdən azad edildiyindən, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasında da müddətli hərbi xidmətdən azad edilmə barədə qərar qəbul edilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi ilə əvəz edilməsini, iddia tələbinin “iddiaçının Azərbaycan Respublikasında dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad etmə barədə qərar qəbul edilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2-1(112)-8818/2023 nömrəli qərarı (hakim O.Həsənov) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı müddətli həqiqi hərbi xidmət üzrə çağırışdan azad edilmə ilə bağlı müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İddiaçı İran İslam Respublikasının qanunvericiliyinə əsasən ailə başçısını itirdiyinə görə hərbi xidmətə çağırışdan azad olunmasına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. İddiaçı bu maddəyə istinad edərək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsini tələb etsə də qeyd olunan maddə iddiaçıya şamil olunmur. Belə ki, İddiaçı anadan olduqda valideynlərin biri (anası) Azərbaycan Respublikasının vətəndaşı olmuş, 2001-ci ildən ailəvi Azərbaycan Respublikasında yaşayır, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almış və Azərbaycan Respublikasının vətəndaşı olaraq 2018-ci ildə İran İslam Respublikasının qanunvericiliyinə əsasən ailə başçısını itirdiyinə görə hərbi xidmətə çağırışdan azad olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsi isə sonradan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərə şamil olunur. Göründüyü kimi Azərbaycan Respublikasında ikili vətəndaşlıq tanınmadığına görə, iddiaçının isə hələ də Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, onun Azərbaycan Respublikasının Konstitusiyası və mövcud qanunvericiliklə tanınan hüquqlarla bərabər vəzifə və öhdəlikləri də mövcuddur və başqa dövlətə mənsubiyyəti tanımayan Azərbaycan Respublikasında iddiaçının müddətli həqiqi hərbi xidmət keçmək öhdəliyi qanunvericilikdən irəli gələn vəzifədir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan vəsiqədən görünür ki, iddiaçı İran İslam Respublikası vətəndaşlığı mövcuddur. Həqiqi hərbi xidmətdən azad edilmə barədə vəsiqədən görünür ki, iddiaçı İran İslam Respublikasında xidmətdən azad edilmişdir. Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı həmçinin Azərbaycan Respublikası vətəndaşlığı olan şəxsdir. İlin hərbi qeydiyyata alınma barədə vəsiqədən görünür ki, iddiaçı Xidmətin Yasamal Rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. İddiaçı cavabdehin tabe olduğu yuxarı quruma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə pretenziya məktubu ilə müraciət edərək iddia ərizəsində sadaladığı halları həmin məktubda qeyd edərək müddətli hərbi xidmətə çağırışdan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin tabe olduğu yuxarı qurumu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, ailə vəziyyətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, Siz xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində ilkin hərbi qeydiyyata alınmış, çağırış yaşına çatdıqdan sonra müvafiq çağırışa cəlb edilmiş və öyrənilmə zamanı Türkiyə Respublikasının Kocaeli Universitetində təhsil aldığınız məlum olduğuna görə rayon çağırış komissiyasının qərarı ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Bildiririk ki, Siz təhsilə görə verilmiş möhlətin müddəti bitdikdən sonra ümumi əsaslarla 2023-cü ilin oktyabr çağırışına cəlb ediləcəksiniz. Əlavə olaraq bildiririk ki, rayon (şəhər) çağırış komissiyalarında öyrənilmə zamanı ailə vəziyyətində «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə təsbit olunan xüsusatlar aşkar edilən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddia qismən təmin edilərək, İddiaçı müddətli həqiqi hərbi xidmət üzrə çağırışdan azad edilmə ilə bağlı müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış və bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci və 73.3.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı” adlanan 73-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 2-ci bəndinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin maddənin 3-cü bəndinə görə isə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparılmamasına istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı olması qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsi məcburetmə haqqında iddiaya dair məhkəmə qərarının hansı hallarda qəbul edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının müraciətinə münasibətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müvafiq araşdırma aparılmış, müraciətinə imtina edilmiş, daha sonra iddiaçı məhkəmədə Xidmətə qarşı hazırki tələb üzrə iddia qaldırmış, məhkəmə araşdırması zamanı cavabdeh qismində qeyd edilmiş Xidmət tərəfindən etiraz ərizəsi, araşdırma materialları təqdim edilmiş, sonradan iddiaçı cavabdehi əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə təmin edilmiş, növbəti iclasda iştirak edən Yasamal rayon İdarəsinin nümayəndəsi baş İdarənin-Xidmətin apardığı araşdırmanın əsaslı olduğunu, etiraz ərizəsi ilə razı olduqlarını bildirmiş, iddianın təmin edilməsinin qanuni əsaslarının mövcud olmaması istiqamətində izahat vermişdir. Göründüyü kimi, həm əvvəlki cavabdeh, həm də sonrakı cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməmiş, əksinə məhkəmədən qabaq və həmçinin məhkəmə icraatı dövründə məhkəmə sərəncamının icrası ilə bağlı iddiaya dair yazılı şəkildə münasibət təqdim olunmuşdur. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İddiaçı İran İslam Respublikasının vətəndaşı olan atasının 2018-ci ildə vəfat etdiyini, həmin dövlətin qanunvericiliyinə əsasən ailə başçısını itirdiyinə görə hərbi xidmətə çağırışdan azad olunduğunu müraciətində qeyd edərək, Azərbaycan Respublikasında da müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmasını xahiş etmişdir. xx.xx.2016-cı il tarixdən Xidmətin Bakı şəhəri Yasamal rayon idarəsində ilkin hərbi qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü İddiaçı çağırış yaşına çatdıqdan sonra müvafiq çağırışa cəlb edilmiş və öyrənilməsi zamanı Türkiyə Respublikasının Kocaeli Universitetində təhsil alması ilə əlaqədar rayon çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Təhsilə görə verilmiş möhlətin müddəti bitdikdən sonra ümumi əsaslarla 2023-cü ilin oktyabr çağırışında cəlb edilməsi nəzərdə tutulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. İddiaçın 2001-ci ildə ailəliklə Azərbaycan Respublikasına köçdüyünü qeyd etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAMAS sistemindən çıxarışdan məlum olur ki, ona xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən, İddiaçı İran İslam Respublikasının qanunvericiliyinə əsasən ailə başçısını itirdiyinə görə hərbi xidmətə çağırışdan azad olunmasına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. İddiaçı bu maddəyə istinad edərək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsini tələb etsə də qeyd olunan maddə iddiaçıya şamil olunmur. Belə ki, İddiaçı anadan olduqda valideynlərin biri (anası) Azərbaycan Respublikasının vətəndaşı olmuş, 2001-ci ildən ailəvi Azərbaycan Respublikasında yaşayırlar, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almış və Azərbaycan Respublikasının vətəndaşı olaraq 2018-ci ildə İran İslam Respublikasının qanunvericiliyinə əsasən ailə başçısını itirdiyinə görə hərbi xidmətə çağırışdan azad olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsi isə sonradan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərə şamil olunur. Göründüyü kimi Azərbaycan Respublikasında ikili vətəndaşlıq tanınmadığına görə, iddiaçının isə hələ də Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, onun Azərbaycan Respublikasının Konstitusiyası və mövcud qanunvericiliklə tanınan hüquqlarla bərabər vəzifə və öhdəlikləri də mövcuddur və başqa dövlətə mənsubiyyəti tanımayan Azərbaycan Respublikasında iddiaçının müddətli həqiqi hərbi xidmət keçmək öhdəliyi qanunvericilikdən irəli gələn vəzifədir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Xidmətin iddiaçının müraciətinə münasibət bildirməsini nəzərə almadan cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxılması öhdəliyini qoymuşdur. Bu zaman məhkəmə istinad etdiyi İPM-nin 73.2-ci və 73.3.3-cü maddələri baxımından iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmadığını, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsinin zəruri olduğunu, məhkəmə tərəfindən müstəqil şəkildə belə araşdırmanın həyata keçirilməsinin mümkün olmadığını öz qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından və müvafiq qanunvericilik normalarından aydın olur ki, məhkəmənin iş materiallarını araşdırıb, mahiyyəti üzrə konkret qərar qəbul etməsi mümkün idi. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 28 iyul 2023-cü il tarixli qərar ləğv edilməli və iş iddiaçının “hərbi xidmətdən azad edilmə”” tələbinə dair iddiasına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-1-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli e-2-1(112)-8818/2023 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1225/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1225/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver