Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-125/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-321/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 1993-cü ildən iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,12 ha torpaq sahəsinə malik 5953 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 nömrəli sərəncamı ilə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativində iddiaçıya 012 ha bağ sahəsi ayrılmışdır. Həmin sərəncamla təsdiq edilmiş Sərəncama 2 №-li əlavədə Ləhiş ərazisindəki 248 nömrəli Bağ Tikinti Kooperativinin siyahısında 4-cü sırada İddiaçı 5953 saylı bağ sahəsinin verildiyi göstərilir. Ona ayrılmış bağ sahəsi təcrid olunmuş halda hasara alınıb, giriş qapısı qoyulub və faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 5953 saylı bağ sahəsinin ona ayrılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş xx.xx.2019-cu il tarixli H153-112 saylı arxiv arayışı və hazırda cavabdeh olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli arxivdə saxlanılan Ləhiş ərazisindəki 248 №-li Bağ Tikinti Kooperativinin yaradılması haqqında siyahının arxivdə saxlanılan nüsxəsinin surəti ilə təsdiq olunur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından verilmiş xx.xx.2019-cu il tarixli H-153-112 saylı arxiv arayışında Bakı şəhər Soveti İcraiyyə Komitesinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli qərarına əsasən Ləhiş bağlar ərazisində 248 nömrəli bağ tikinti kooperativinin yaradılması və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 16 dekabr 1993-cü il tarixli, 2022 №-li Sərəncamına 2 №-li Əlavə ilə yuxarıda qeyd edilən hallar öz təsdiqini tapır. Həmin arxiv arayışında Sərəncamla təsdiq edilmiş 2 №-li Əlavə Ləhiş ərazisindəki 248 №-li BTK-nın yaradılması haqqında siyahıdır ki, həmin siyahıda da Hüseynova X2 üzvü kimi 4-cü sırada göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2014-cü il tarixli xx/xx-1339 saylı cavab məktubu ilə istifadədə olan torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə ərizəsinə imtina edilmişdir. Həmin imtina məktubunda göstərilir ki, bildiririk ki, qeyd olunan torpaq sahəsinin sənədləşdirilməsi üçün ilkin torpaqayırma sənədlərini (sərəncam və ya qərar, torpaq sahəsinin sxemi) təsdiq olunmuş arxiv surəti təqdim olunduqdan sonra sənədlərinizə yenidən baxılacaqdır. Bağ sahəsinə dair verilmiş Order itirildiyindən həmin Orderin surətinin verilməsi də Arxivdən xahiş edilmiş, ancaq Arxiv Arayışında göstərilmişdir ki, nəzərinizə çatdırırıq ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən Orderlər BŞİH-tinin idarə arxivində saxlanılmır. İstifadədə və sahibliyində olan Ləhiş ərazisindəki 0,12 ha bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə cavabdeh İnzibati Orqana ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba cavab olaraq həmin idarədən göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki, müraciətinizlə əlaqədar olaraq bildirirk ki, sözügedən bağ sahəsi qonşu bağ sahələri ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir və notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin göstərilən bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur. Bundan əlavə Orderin itirilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosunun arayışı sənədlər toplusuna əlavə edilməyib. Bundan əlavə idarənin arxiv qovluğunda Bağlar İdarəsi tərəfindən Sizin iştirakınızla tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi barədə akt mövcuddur və o akta əsasən sizə ayrılmış “5953” saylı bağ sahəsindən istifadə etdiyinizin mümkünsüzlüyündən “5309 L” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Qeyd olunan səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Orderin itirilməsi ilə bağlı qəzetdə elan verilmiş və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət edilmişdir. “Azərbaycan” qəzetinin 19 mart 2019-cu iyul tarixli buraxılışında elan verilmiş və həmin elanda İddiaçı adına Ləhiş bağlar sahəsində 248 №-li Bağ Tikinti Kooperativi nəzdində 5953 saylı bağa verilmiş Order itirildiyi üçün etibarsız sayılmışdır. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 039-13687 H - 3219 saylı məktubda göstərilir ki, Sizə məxsus 5953 saylı bağa dair verilmiş Orderin tapılması barədə Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Göstərilən sənədlər əsasında və ilkin olaraq cavabdehdən alınmış məktubda göstərilənlərin həqiqətə uyğun olmaması və bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb mülkiyyət hüququna dair müvafiq çıxarış və bağ sahəsinin plan ölçüsünün verilməsi barədə təkrarən müraciət edildi və müraciətə müvafiq sənədlər əlavə edildi, lakin onun müraciətinin təmin edilməsindən imtina edildi. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-321/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ sahəsi qonşu bağ sahələri ilə ümumi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Lakin, müvafiq bağ sahələrinin naturada ayrılması barədə notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Bundan əlavə, müvafiq bağ sahəsinin adına qeydiyyata alınmasına dair digər fiziki şəxs – X10 (müraciət nömrəsi **********) tərəfindən də İdarəyə müraciət edilmişdir. Bundan başqa, müvafiq bağ sahəsinə dair orderin itməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosunun arayışı təqdim edilməmişdir. Həmçinin, İdarənin arxiv qovluğunda Bağlar Təsərrüfatı tərəfindən İddiaçı iştirakı ilə tərtib edilmiş bağ sahəsinin əvəzləşdirilməsi barədə akt mövcuddur və həmin akta əsasən iddiaçıya ayrılmış “5953” saylı bağ sahəsindən iddiaçının istifadə etməsinin mümkün olmaması səbəbindən “5309L” saylı bağ sahəsi ilə dəyişdirilməsi qeyd olunmuşdur. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh inzibati orqan iddiaya dair imtina məktubunda sözügedən bağ sahəsinin qonşu bağ sahələri ilə ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi, həmçinin göstərilən bağ sahəsinə digər fiziki şəxs tərəfindən müraciət olunduğunu bildirmişdir. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5953 və 5309L saylı bağ sahələrinin dəyişdirilməsi barədə aktın və arxiv sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin 4 nömrəli Orderinə əsasən Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 5953 nömrəli bağ İddiaçı Lütvəli qızına ayrılmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş tərəfindən göstərilən sahəyə Ləhiş bağ massivi ünvanında yerləşən 5954 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizə ilə X10 tərəfindən müraciət daxil olub və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********20 nömrəli, xx.xx.2017-ci il tarixli Bildirişlə cavablandırılmışdır. Həmçinin, sahənin cənub qonşusu **********13, qərb qonşusu **********01 reyestr nömrələri ilə qeydiyyatdan keçib. Şərq hissəsi yol, şimal qonşusu isə qeydiyyatdan keçməyib. Sahənin cənub qonşusu olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş sahəsi, 0.12 hektardan ibarət olan 5954 saylı bağ sahəsi **********13 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixli, 4Ə-131 reyestr bağışlanma müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Sahənin qərb qonşusu isə Ləhiş bağ sahəsi, 0.12 hektardan ibarət olan 5976 saylı bağ sahəsi **********01 reyestr nömrəsi ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN-26766D kod ********) əsasında xx.xx.2015-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X16, X8, X11, X9, X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətlərindədir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, X1 bağ sahəsi ünvanında yerləşən 5954 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciətdə vətəndaş 5953 nömrəli bağ sahəsini göstərdiyindən və sxematik xəritəyə uyğun gəlmədiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********20 nömrəli, xx.xx.2017-ci il tarixli Bildirişlə cavablandırılmışdır. Daha sonra vətəndaşın təkrar müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 5954 nömrəli bağ sahəsi 39 nömrəli order əsasında öz yerinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə X6 adına dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında sözügedən bağ sahəsi Məmmədova X7 adına, xx.xx.2018-ci il tarixdə isə xx.xx.2018-ci il tarixli, 4Ə-131 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağlanılan müqavilə belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 5953 nömrəli bağ sahəsinin digər şəxsin adına qeydiyyatdan keçməsi, həmçinin iddiaçının 5953 nömrəli bağ sahəsindən imtina etməsi və həmin bağ sahəsinin 5309L saylı bağ sahəsi ilə əvəzləşdirilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmin bağ sahəsi 1993-cü ildən iddiaçının istifadə və sahibliyində olduğundan cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqan bildirmişdir ki, iddiaçı ərizə ilə Bağlar İdarəsinin rəisinə müraciət edərək, ona ayrılmış bağ sahəsinin mübahisəsiz bağ sahəsi ilə əvəz edilməsini xahiş etmiş və onun ərizəsi təmin edilərək, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5953 və 5309L saylı bağ sahələrinin dəyişdirilməsi barədə akt tərtib edilmişdir. İddiaçı öz izahatında qeyd edilən ərizə ilə Bağlar İdarəsinin rəisinə müraciət etmədiyini, 5953 nömrəli bağ sahəsindən 1993-cü ildən istifadə etdiyini və həmin bağ sahəsinin heç bir bağ sahəsi ilə əvəz edilməməsini bildirmişdir. Apellyasiya baxışı zamanı iş materiallarında olan (səh.43) xx.xx.2006-cı il tarixli ərizədə olan imzanın İddiaçı, və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cu il tarixli, 4/426 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində "İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “İmza:” qrafasındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən olunmadı. Əksi ekspertizaya təqdim edilmiş, mülki işin 43-cü vərəqində olan xx.xx.2006-cı il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “İmza:” qrafasındak imzada oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, ekspert rəyi ilə, xx.xx.2006-cı il tarixli ərizədə olan imzanın İddiaçı məxsus olmadığı təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsinə malik 5953 saylı bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-321/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-125/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-125/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver