Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019cu il tarixli, 2-1(81)-3603/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Məmmədov Xaqani Əli oğlu 15.08.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi göstərilməklə İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının 03.01.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12.01.2001-ci il tarixədək Daxili İşlər və Ədliyyə polis orqanlarında (Pentensiar xidmətdə) qulluq keçmiş, 12.01.2001-ci il tarixdə struktur dəyişikliyi nəticəsində güzəştli şərtlərlə 32 il xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ədliyyə işçisi kimi 17 il 11 ay 20 gün xidmət etmişdir. 03.01.2019-cu il tarixdə qulluqda olmanın son yaş həddinə çatdığı üçün tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3603/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçı Məmmədov Xəqani Əli oğluna ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 49 il 11 ay 20 gün qulluq illərinə görə əmək pensiyasının 03.01.2019-cu il tarixdən yenidən hesablanaraq verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3603/2019 saylı, 03 fevral 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2- 1(81)-3603/2019 nömrəli qərarında yol verilmiş yanlışlıq düzəldilmiş, qərarın mətnində düzəliş edilərək, iddiaçının adının “Xəqani” əvəzinə “Xaqani” oxunulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərclərinə görə yenidən hesablanır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarda qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunun bu maddəsində öz əksini tapmış qadağa kifayət qədər aydındır. İddiaçının hərbi xidmətini davam etdirməsi ona sonuncu təminat xərcliyi əsasında pensiya təyin edilməsini tələb etmək hüququ vermir. İddiaçının hərbi qulluqçu deyil, xüsusi rütbəli şəxs olması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin ona şamil edilməsini istisna etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ilkin mətnində 1.0.4-cü maddə “fərdi hesab” adlanırdı, çünki Qanunun ilkin mətnində “xüsusi rütbəli şəxs” anlayışı yox idi. “Xüsusi rütbəli şəxs” adlanan 1.0.4-cü maddə 184- İİİQ saylı Qanunla 28.11.2006-cı il tarixdə əlavə edilmişdir. Həmçinin Qanuna 9.7-ci maddəsi də əlavə edilmişdir ki, məhz həmin maddədə ədliyyə oranlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrlə bağlı müddəalara yol verilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsindəki məhdudiyyətlər aid edilməklə Qanunun 3.3-cü maddəsi şamil edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2020-ci il tarixli, 2- 1(103)-965/2020 nömrəli (hakimlər X.Cəmilova, M.Tağızadə, Ü.Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 03.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-103/2021 saylı, 27.01.2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2- 1(103)-965/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)-3603/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3-K saylı 03.01.2019-cu il tarixli əmrinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3 və 40.1.10-cu maddələrinə müvafiq olaraq 03.01.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/63 saylı 23.01.2019-cu il tarixli arayışından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsində böyük icra məmuru vəzifəsində işləmiş İddiaçı son iki illik əmək haqqı 30053.50 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 2562 saylı 20.05.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 630.21 manat məbləğində pensiya alır. 504/1191 saylı aprel 2001-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Polisinin pensiya vəsiqəsinə görə İddiaçı xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının əmək kitabçasına görə o, 06.02.1979-cu il tarixdən 12.01.2001-ci il tarixə kimi daxili işlər və ədliyyə polis orqanlarında xidmət etmişdir. İddiaçı 12.01.2001-ci il tarixdən 29.05.2002-ci il tarixə kimi Gəncə şəhəri Kəpəz rayon məhkəmə nəzarətçiləri və icraçıları bölməsi üzrə məhkəmə icraçısı vəzifəsinin müvəqqəti icraçısı, 29.05.2002-ci il tarixdən 30.07.2004-cü il tarixə kimi Goranboy rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupunun məhkəmə nəzarətçisi, 30.07.2004-cü il tarixdən 21.12.2010-cu il tarixə kimi Gəncə şəhəri, Nizami rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin məhkəmə nəzarətçisi, 21.12.2010-cu il tarixdən 30.12.2010-cu il tarixə kimi X4 Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrupun rəhbəri), 05.05.2011-ci il tarixdən 12.07.2012-ci il tarixə kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrup rəhbəri) vəzifəsində işləmişdir. 12.07.2012-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsi üzrə İcra qrupunun böyük icra məmuru (qrup rəhbəri) vəzifəsindən azad edilərək sərəncama götürülmüş, 24.07.2012-ci il tarixdən 03.01.2019cu il tarixə kimi Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru vəzifəsində işləmiş və 03.01.2019-cu il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.3 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın son yaş həddinə çatdığı üçün pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Kəpəz rayon şöbəsinin 001214 saylı pensiyaçının uçot vərəqəsinə əsasən İddiaçı 12.01.2001-ci il tarixdən yaşa görə əmək pensiyası alır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 499 saylı 2006-cı il 22 dekabr tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, pentensiar və tibb xidmətlərin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən Pentensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə görə Pentensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 33.4-cü maddəsinə görə hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və pentensiar müəssisələrdə saxlanılan şəxslərin müşaiyəti üçün təşkil edilmiş pentensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsinə əsasən Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində 3 kateqoriyalı işçilərin olması mövcuddur, yəni, sözügedən Xidmətdə xüsusi rütbəsi olan əməkdaşlar, mülki işçilər (dövlət qulluqçuları) və hərbi qulluqçular vardır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində 2001-ci ilə qədər, yəni, pensiyaya çıxmazdan əvvəl həmin Xidmətdə hansı vəzifələrdə işləməsi, yəni, Xidmətin hansı kateqoriyadan olan işçi olması araşdırılmamışdır, halbuki adıçəkilən məsələ iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsində həlledici xarakter daşıyır. Belə ki, iddiaçının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətində hansı kateqoriyalı işçi olması mütləq qaydada müəyyən edildikdən sonra, onun 12 yanvar 2001-ci ildən 03 yanvar 2019-cu ilə qədər ədliyyə orqanlarında çalışdığı müddətin qulluq illərinə görə əmək pensiyasının yenidən hesablanmasının zəruri olubolmaması konkret şəkildə bəlli olacaqdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, 17/3-132 saylı arayışda qeyd edilmişdir ki, Pentensiar xidmətin sabiq əməkdaşı X2 həqiqətən 06.02.1979-cu il tarixdən (əmr № 20) 26.02.1993-cü il tarixədək Rusiya Federasiyasının daxili işlər orqanlarında, 26.02.1993-cü il tarixdən (əmr № 60 ş/h) 12.01.2001-ci il tarixədək (əmr 214 №) AR Ədliyyə Nazirliyi Pentensiar Xidmətində xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuş və qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı 12.01.2001-ci il tarixədək xüsusi rütbəli əməkdaş kimi qulluqda olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində təsbit edilmiş “Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etmiş əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır” məhdudiyyəti iddiaçı hərbi qulluqçu deyil, ədliyyə işçisi olduğu üçün iddiaçıya şamil edilməməlidir. Məhkəmə kollegiyası, iddiaçının ədliyyə orqanının xüsusi rütbəsi üzrə təqaüdə çıxmış pensiyaçı olmasını, Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı Qərarının iddiaçıya şamil edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarının olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı 2001-ci ildən ədliyyə orqanlarında xüsusi rütbəli şəxs olaraq qulluğunu davam etdirdiyi üçün onun 2001-ci ildə təyin edilmiş pensiyasının 03.01.2019-cu il tarixdən (işdən azad olunduğu vaxtdan) yenidən hesablanmasını tələb etmək hüququ qanuni olmuş və birinci instansiya məhkəməsi onun bu barədə iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)-3603/2019 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2-1(81)- 3603/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1258/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1258/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver