Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1276/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-438/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı iddiaçının xx.xx.2019-cu il tarixdə doğulmuş uşağının doğumunun “Muhamməd” adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli doğumlu uşağı üçün cavabdehə müraciət edərək “Muhamməd” adı ilə uşağın doğumunun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin, 3 saylı Cavabdehndə Ədliyyə Nazirliyi qeydiyyat Şöbəsinin rəisi xanım Şəfəq Salmanlının imzası ilə iddiaçıya ünvanlanmış cavabdeh 3 saylı Cavabdehndə Ədliyyə Nazirliyi qeydiyyat Şöbəsinin imtina məktubunda həmin adın qeydə alınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-438/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunveriliciyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. İddiaçının övladının adının “Muhəmməd” kimi qeydə alınması barədə iddiası xx.xx.2002-cı il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə zidd olduğu üçün əsassızdır. Belə ki, vətəndaşların adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Həmçinin Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında “Muhəmməd” adı olmadığına görə Komissiya sözügedən tələbin uşağın mənafeyinə uyğun olmadığını bildirir. İmtinadan da göründüyü kimi, Azərbaycan şəxs adlarının izahlı lüğətinin adlar siyahısında “Muhəmməd” adı qeyd edilməmiş, həmin ad lüğətdə “Məhəmməd” kimi qeyd olunmuşdur. Belə olan halda, inzibati orqanın həmin siyahıya da istinad etməklə imtinası qanuni və əsaslı olmuş, həmin imtina uşağın mənafeyi əsas götürülməklə edilmişdir. “Məhəmməd” adının isə uşağın qanuni mənafeyinə zidd olduğunu iddiaçı sübuta yetirə bilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AZS103 nömrəli Doğum haqqında Tibbi Şəhadətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhərində İddiaçı oğlu anadan olmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Uşağınızın doğumunun dövlət qeydiyyatına alınması barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmçinin bildiririk ki, xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.4.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan doğumun qeydə alınması üçün heç bir maneə yoxdur. Lakin övladınıza seçdiyiniz “Muhamməd” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adıçəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Muhəmməd”, “Mohammad”, “Muhamməd”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Göstərilənlərlə bağlı bildiririk ki, övladınızın doğumunun məhz “Muhamməd” adı ilə qeydə alınması imkanımız xaricindədir.” İşə baxan məhkəmə iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, mövcud qanunvericilik valideynlər arasında mübahisə olmadıqda uşağın adının verilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Uşağın valideynləri arasında onun adı ilə bağlı fikir ayrılığı olması barədə məhkəmə icraatında heç bir sübut, dəlil təqdim edilmədiyindən cavabdehin imtinası qanuni deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. “Muhamməd” adının uşağın mənafeyinə xələl gətirməsini, habelə uşağın cinsinə uyğun gəlməsini, gülünc ad olmamasını və hər iki valideynin razılığının olması nəzərə alınaraq iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və özünün mövqeyini aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar mütəxəssis rəyinin təqdim edilməsi məqsədi ilə sorğu ünvanlanmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının T-7/4 saylı, xx xxxxxxxx 2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı tərəfindən təklif edilən “Muhamməd” adının yazılışı müzakirə edilmişdir. Müzakirə zamanı qeyd edilmişdir ki, “Məhəmməd” adının “Muhamməd” kimi yazılış forması Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilmir. Belə ki, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olaraq bu ad “Məhəmməd” kimi yazılır. Bu yazılış forması sözlərin düzgün yazılış qaydalarını özündə ehtiva edən “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndə səh. 825-də “Məhəmməd” kimi yazılışı öz əksini tapmışdır. Adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Məhəmməd” formasında yazılmalıdır. Qeyd olunmalıdır ki, valideynlər uşaqlarına ad qoymaqda sərbəst olsa da, bu sərbəstlik mütləq xarakter daşımır, bu zaman dövlətin mənafeyi də nəzərə alınmalıdır. Belə ki, azərbaycan dilində olmayan adların qoyulması məqsədəmüvafiq hesab edilmir. Hazırkı halda da iddiaçının uşağına qoymaq istədiyi “Muhamməd” adı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilməmiş, həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu qeyd edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apelyasiya şikayətinindəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 438/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-438/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1276/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1276/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver