Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1289/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-1793/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 41 saylı binanın yaxınlığında yerləşən 300 kv. metr torpaq sahəsinin icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin xx.xx.2002-cı il tarixli 08 nömrəli qərarına əsasən uzun müddət istifadəsində olan Bakı şəhəri, K.Balakişiyev küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m. torpaq sahəsi bələdiyyə ilə icarə müqaviləsi bağlamaqla 49 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ərizə ilə müraciət etmişdir, ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-1793/2024 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 saylı iclas protokolundan çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.metr olan torpaq sahəsini 49 illiyə icarəyə verilmişdir. Həmin müqavilə ləğv edilməmiş, hazırda da qüvvədədir. Hazırki işdə onun icarə hüququ qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənəd qismində Nizami Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 08 saylı qərarı, həmin qərar əsasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə çıxış edir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinə Nizami bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 08 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə təqdim olunmuşdur. Qeyd olunan Bakı şəhər Nizami bələdiyyəsinin iclas protokolundan çıxarışdan görünür ki, Nizami rayonu, K.Balakişiyev küçəsi 41 saylı binanın qarşısında yerləşən 300 kv.metr olan torpaq sahəsi 49 illiyə iddiaçıya icarəyə verilmişdir. xx.xx.2006cı il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə görə də icarəyə verən Nizami Bələdiyyəsi ilə icarəçi arasında Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı əsasında müqavilə bağlanmış, müqaviləyə əsasən icarəyəverən icarə əsasında Nizami rayonu, K.Balakişiyev küçəsi 41 saylı binanın qarşısında yerləşən ümumi sahəsi 300 kv.metr olan, gələcəkdə sahə adlanan ərazini icarəçiyə uzun müddətli - 49 il istifadəyə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən həmin müqavilə 49 il müddətinə bağlanır. 1.3-cü bəndinə görə isə torpaq sahəsi iaşə və ticarət məqsədi ilə verilir. İddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi buna əsaslardan biri kimi, məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən torpaq sahəsi yaşayış binasından 3 metr aralı, yol kənarı yaşıllıq zolağında yerləşməklə ümumi istifadədə olan torpaqdır. Həmçinin, Nizami Bələdiyyəsinin istifadəsində olan torpaq sahələrinin sərhədləri barədə elektron bazada məlumat yoxdur. Beləliklə, cavabdeh qurumun etirazının dəlillərindən biri - torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, “inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilən inzibati akt, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilatı sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formalhüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır.” Belə olan halda cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu əsas iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində icarə hüququmun qeydə alınmasını istisna edə bilməz. Cavabdeh qurumun “iddiaçının üzərində icarə hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olması” barədə dəlilinə gəldikdə, bu məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 12 avqust 2024-cü il tarixli ekspert rəyində göstərmişdi ki, iddiaçının icarə hüququnun qeydə alınmasını tələb etdiyi 300 kv.m torpaq sahəsi ayrılan zaman bələdiyyə torpaqlarına aid olmuşdur. Lakin bu zaman məhkəmə iş üzrə ekspert rəyini deyil, dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin məlumatının əsas götürülməsi qənaətinə gəlmişdir. Qeyd olunan yanaşma ilə razılaşmayaraq qeyd edir ki, əvvəla oxşar işlər üzrə məhkəmə təcrübəsindən müəyyən olunur ki, Bakı şəhəri ərazisində hər hansı bələdiyyəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüdudları qeyd olunmaqla işlənmiş xəritələr əsasında təhvil verilmiş torpaq sahələri üzərində bələdiyyələrin mülkiyyət hüququ qeydə alınmamışdır. Bu səbəbdən dövlət torpaq kadastrında da həmin məlumatların əks olunması mümkünsüzdür. Lakin mövcud məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, oxşar işlər üzrə araşdırmalar aparılarkən verilmiş ekspert rəyinə əsasən iddia olunan torpaq sahəsinin ayrılan zaman müvafiq bələdiyyənin torpaqlarına aid olması və ya onun inzibati ərazi hüdudları daxilində olması sözügedən torpaq sahəsinin həqiqətən də ayrılan zaman bələdiyyə tərəfindən ona təhvil verilmiş torpaqlardan verilməsi anlamına gətirir. Hazırki işdə də ekspert rəy verərkən sözügedən torpaq sahəsinin ayrıldığı zaman bələdiyyə torpağı olduğunu bildirmiş və bu zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 911 saylı sərəncamı ilə Nizami Bələdiyyəsinə ayrılmış 330 ha əraziyə dair ayrıc göstəricilərinə istinad etmişdir. Birinci instansiya məhkəməsi həmin ayrıc göstəricilərinin sözügedən sərəncama əlavə edilmədiyinə istinad etmişdir. Halbuki iş materiallarından görünür ki, Nizami Bələdiyyəsinə ayrılmış 330 ha əraziyə dair ayrıc göstərişləri Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 911 saylı sərəncamına əlavə olunmuşdur. Bununla da müəyyən olunur ki, icarəsinə müvafiq torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsi Nizami bələdiyyəsinə məxsus olmuşdur, buna görə də sonuncunun belə torpaqayırma səlahiyyəti qanunla mövcud olmuşdur. Bundan başqa, işə baxmış birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 49 il müddətinə verilməsinin qısa müddət olmadığı üçün qanunla da düzgün verilmədiyinə istinad etmişdir. Əvvəla torpaqdan müvəqqəti istifadənin qısamüddətli - on beş ilədək olması Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının icarəsinə 49 il müddətinə torpaq sahəsini verən bələdiyyə olduğu üçün hazırki mübahisəyə xüsusi qanun norması kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun normalarının tətbiqi daha məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda torpaqların icarə hüququ əsasında qısa müddətə (o cümlədən, 49 ildən az müddətə) verilməsi ilə bağlı hər hansı müddəa əks olunmamışdır. Birinci instansiya məhkəməsinin adı çəkilən Qanunun istinad etdiyi normasındakı “hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qısa müddətə verilən sahələr” isə “ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün olan sahələr”dir. Hazırki işdə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin məhz yuxarıdakı normanın məzmununda göstərilən sahələrdən birinə aid olması iş üzrə təsdiq olunmur. İddiaçının icarəsi məhz 49 il müddətinə torpaq sahəsinin verilməsi ilə bağlı qəbul etdiyi inzibati akt hazırda qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmiş və məhkəmə qaydasında etibarsız hesab olunmamışdır. Hazırki vəziyyətdə “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığı üçün həmin inzibati akt inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi üçün etibarlı sayılır və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma yuxarıda da qeyd olunduğu kimi, publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Digər tərəfdən cavabdeh qurum etirazının digər əsası kimi bildirmişdir ki, iddia olunan torpaq sahəsi yaşayış binasından 3 metr aralı yaşıllıq ağacları olan ərazidə yerləşir. Bu barədə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində torpaq sahəsinin yol kənarı ərazisi olması qəbul edildiyindən bu hal həmin ərazinin ümumi istifadədə olan torpaq sahəsi olması deməkdir. Birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddia olunan torpaq sahəsinin yaşayış binasından 3 metr aralıda, yol kənarında yaşıllıq ağacları olan ərazidə yerləşməsi faktı hələ həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması demək deyildir, nə qədər ki, həmin torpaq sahəsinin məhz ümumi istifadədə olması faktı ekspert tərəfindən də təsdiqlənmir. Digər tərəfdən, torpaq sahəsinin belə yaşıllıq ərazisində yerləşməsi onun bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıb-aparılmaması üzrə icraatda rol oynaya bilər, hansı ki, hazırki mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında təsdiqlənmişdir (iş No 2-1(102)- 2316/2024 saylı xx.xx.2024-cü il tarixli qərar) ki, cavabdeh qurumun “torpaq sahəsinə dair cizgi ilə faktiki vəziyyət arasında fərqin mövcudluğu” ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, həmin fərqin mövcudluğunun aradan qaldırılması qanunla cavabdeh qurumun vəzifəsinə aid edilmişdir. Digər tərəfdən, həmin fərqin mövcudluğu iddiaçı kimi icarəsinə verilmiş torpaq sahəsi üzərində onun icarə hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz”. Bununla belə birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan natamam sübutları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, onun iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********80 saylı məktubu ilə təqdim edilmiş mütəxəsis rəyində göstərilmişdir ki, vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə mütəxəssis rəyinə istinadən onu qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş sərəncam yalnız o halda iddiaçının torpaq sahəsi üzərində hüquqlarının yaranmasına əsas ola bilər ki, əgər inzibati akt ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və zamanında torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, onun iddia olunan torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu istisna olunur. Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarı əsasında 49 il müddətinə ticarət və iaşə məqsədilə onun icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsi bələdiyyə mülkiyyətində olmadığı üçün iddiaçının torpaq sahəsinə münasibətdə icarə və ya istifadə hüquqları yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarına əsasən Nizami rayonu, N.Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv. m. faktiki istifadəsində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. “İcarəyə verən” Bakı şəhər Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv. m. torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006- cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən İddiaçı adına xx.xx.2006-cı il tarixdə A-113 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında nəzərdə tutulan torpaq sahəsinin eskizi tərtib olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Balakişiyev küçəsi, ev 41 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair təkrar müraciətinə baxılmışdır. Qeyd edilən məsələ ilə bağlı müraciətlərinə xx.xx.2020-ci ii tarixili **********32 nömrəli və xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktublarda ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı şəhəri Nizami Bələdiyyəsinin 03/155 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nizami bələdiyyəsinin 2000-2016-cı illərin iclas protokolları və qərarları əlavələri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-05739/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər Nizami Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 08 saylı qərarının təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət göndərilir. Qərara heç bir sənəd əlavə edilməmişdir. Məktuba Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarın surəti əlavə olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********80 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki; Sual 1: Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarın surətindən müəyyən olunur ki, Nizami rayonu, Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m faktiki istifadəsində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmış torpaq sahəsi, Bakı şəhər Nizami Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşirmi? Cavab: Bildiririk ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 300.0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri hər tərəfdən şərtidir. Sahə yaşayış binasından 3 metr aralı məsafədə yol kənarı yaşıllıq ağacları olan ərazidə yerləşir. Vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sual 2: Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarın surətindən müəyyən olunur ki, Nizami rayonu, Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m faktiki istifadəsində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmış torpaq sahəsi üçüncü (digər) şəxslərə məxsus (mülkiyyətində və istifadəsində olan) torpaq sahələri ilə üst-üstə düşürmü? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən müraciət edilmiş 6.64 ha sahə ilə üst-üstə düşür. Sual 3: Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarın surətindən müəyyən olunur ki, Nizami rayonu, Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m faktiki istifadəsində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmış torpaq sahəsi Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə dair tərtib olunmuş eskizə uyğundurmu? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını təyin etmək mümkün deyildir. Sual 4: Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarın surətindən müəyyən olunur ki, Nizami rayonu, Balakişiyev küçəsi 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m faktiki istifadəsində olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmış torpaq sahəsi yaşayış binasından hansı məsafədə yerləşir və yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisinə düşürmü? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə yaşayış binasından 3 metr aralı məsafədə yerləşməklə ümumi istifadədə olan yaşıllıq ərazidən ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdehin imtinasının və iddia tələbinə etirazının dəlillərindən biri həmçinin o olmuşdur ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi bələdiyyənin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı bu halların araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/305 saylı ekspert rəyində ekspert o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizami rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi, Bakı şəhər Nizami Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinin sübut növü kimi qiymətləndirilməməsi ilə bağlı qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/305 saylı ekspertin gəldiyi nəticədə Bakı şəhər Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 08 saylı, xx.xx.2006-cı il tarixli qərarı əsasında 49 il müddətinə ticarət və iaşə məqsədilə onun icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.metr torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına istinad etsə də, nə də rəyin təsviri, nə də əsaslandırma hissəsində mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə hər hansı əsaslandırıcı sübut göstərilmədiyi, eyni zamanda ekspert rəyinin əsassızlığı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəsis rəyi ilə təkzib edən hallar mövcud olduğundan, ekspert rəyi məhkəmə tərəfindən mötəbər dəlil kimi qiymətləndirilə bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 3-16-16/2-496/2025 nömrəli məktubunda qeyd edilir ki, 12 avqust 2024-cü il tarixdə verilmiş 10/305 saylı rəydə tədqiqat aparılarkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 31 avqust 2000-ci il tarixli Sərəncamı ilə “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cı il tarixli Fərmanına, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa, “Torpaq islahatı haqqında” Qanunun 6-cı və 7-ci maddələrinə, o cümlədən iş materiallarına əlavə edilmiş xəritə materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/305 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilməli və İddiaçı faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsinin Nizami Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməsi faktı ilə bağlı rəyə istinad edilməlidir. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. - 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. - 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla iddiaçının torpağa dair icarə hüququ Reyestrdə qeydiyyatdan keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qərarın və müqavilənin həqiqətəuyğun olmadığı sübuta yetirilməmişdir, həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-1793/2024 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-1793/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 41 saylı binanın yaxınlığında yerləşən 300 kv.m. torpaq sahəsi üzərində İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1289/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1289/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver