Məhkəmə qərarları › İş №2-1(103)-1294/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1294/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1294/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6195 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı ******* nömrəli akta əsasən barəsində vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2023-cü il tarixli **********6195 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi "Qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" tələbnamə ilə qanunsuz olaraq 1000 manat məbləğdə cərimə edilmişdir. Düşünür ki, bu qanunsuzdur və ləğv edilməlidir. Belə ki, 20 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 3245-ci məhəllədə yerləşən mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iaşə obyekti olan "PUB 700 " adlı obyektə 2 nəfər gəlmişdir. Həmin şəxslər müəyyən sifarişlər vermişlər. İşçilər də, xidmət göstərərək həmin şəxslərin sifarişlərin yerinə yetirmişlər. Sifarişlər və çek salafana qoyularaq müştərilərə təqdim edilmişdir. Həmin vaxt onlar özlərini vergi orqanının əməkdaşı kimi təqdim etmişlər. Müəyyən suallar verdikdən sonra hər şeyin qanuni olduğunu görüb bildirmişlər ki, çekdə problem var. Problem ondan ibarət imiş ki, NKA-çekində sifariş olunan malların adları qeyd olunmayıb. Halbuki, xidmətin sonunda çek vurularkən məbləğ hər 2 qəbzə vurulur. Hər 2 qəbzdə, məbləğlər eyni, bir qəbzdə verilən sifarişlərin yazılmaması 1000 manat cərimə kimi qiymətləndirilmişdir. Halbuki, bu qanunsuzdur və ləğv edilməlidir. Çünki, bu açıq-aşkar sahibkarlığın boğulmasıdır. 4 ildir ki, sahibkarlıqla məşğuldur və heç bir vaxt qanundan kənara çıxamamışdır. Vergidən yayınmaq, qanunsuz işçi saxlamaq, sifarişin kassaya vurulmaması kimi hallara yol verilməmiş, hər şey qanuni həyata keçirilmişdir. Dəfələrlə hansısa formada tələb olunmalar olsa da, o, heç kimə buna şərait yaratmamış, əksinə daha çox qazanıb, dövlətə daha çox vergi vermək üçün çalışmışdır. Lakin, yazılmamış bir qanun var ki, vergi orqanları hər ilin sonunda bu şəkildə obyektlərə girərək qanunsuz cərimələr yazır ki, bu şəkildə sahibkarlara ziyan vururlar. Bunu hamı bilir və nə olursa olsun, bu cəriməni yazırlar. Bundan sonra ona 26 dekabr 2022-ci il tarixli məktub gəlmiş, onu Bakı şəhəri X5 Üzrə Baş İdarəyə dəvət etmişlər. Ora getdikdə məktubda imzası olan X3 tapa bilməmişdir. Özünü müavin kimi təqdim edən şəxs X2 onu otağına dəvət etmiş və bildirmişdir ki, problem yoxdur. Bu cəriməlik məsələ deyil, onu məlumatlandırmışlar ki, gələcəkdə belə hallar olmasın, narahat olmasın, gedə bilər. Lakin, xx.xx.2023-cü il tarixdə məktub gəldi və həmin məktubda 1000 manat cərimə olunması göstərilmişdir. Məsələ burasıdır ki, bu vergi orqanlarının birinci belə halı deyil. Əgər orda ona bu deyilsə idi o, bunu bu müddətdə mübahisələndirə bilərdi. Nəzərə çatdırır ki, heç bir vergi orqanı əməkdaşı onu bu kimi hallara görə təlimatlandırmayıb və bu çeklərin yazılış qaydasının bu formada olması barədə hər hansı bir məktub gəlməyib ki, bu yanlışdır və bunu düzəldin. Gücləri yalnız cərimə yazıb sahibkardan pul qopartmaqdır. Qeyd edir ki, Azərbaycan hüquqi dövlətdir. Dəfələrlə ölkə prezidenti öz çıxışlarında bildirmişdir ki, sahibkarlara süni əngəllər aradan qalxmalıdır, qanunsuz yoxlamalar dayandırılmalıdır. Sahibkarlara yaradılan problemlər aradan qaldırılmalıdır. Lakin, göründüyü kimi dövlətə vergi verən, düz işləyən sahibkarlar bu şəkildə cərimələnərək süni əngəllərlə məcbur edilir ki, işi dayandırıb bu ölkədən çıxıb gedəsən. Dövlətə və prezidentə qarşı narazılıq yaradılır. Həmçinin onun obyektində 5 nəfər qanuni işçi çalışır ki, onlar öz ailələrinə çörək aparırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o vergidən yayınmamış, satılmış mallara görə alıcıya kassa çeki təqdim olunmuşdur. Həmin çekdə məhsulun adının görünməməsi onun təqsiri deyil. Cavabdeh bildirmişdir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”- a əsasən, o Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumatlandırılmamışdır. Lakin bu barədə cavabdeh tərəfindən ona məlumat verilməmişdir. Vergi xidməti tərəfindən nəzarət-kassa aparatı satılarkən, sahibkarlıq subyektləri həmin aparatın istifadə qaydaları ilə tam təlimatlandırılmalı idi. Lakin cavabdeh tərəf onu nəzarət-kassa aparatından istifadə qaydaları ilə təlimatlandırmamışdır. Buna görə də satılan malların adlarının necə yazılmasında müəyyən çətinliklər yaranmışdır. Bununla yanaşı qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra — yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Eyni zamanda qeyd olunmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazlarını müdafiə edərək, apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7293 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 019588 nömrəli aktın tərtib edildiyi və vergi ödəyicisinin obyektdə olmaması (gələ bilməməsi) səbəbindən onu qərarla, çıxarışla tanış etmək və tərtib edilmiş aktı imzaladaraq, bir nüsxəsini təqdim etmənin mümkün olmadığı müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********215800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 09:52:53-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********6195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı isə cavabdehin qərarının qanunsuz olmasını əsas gətirərək hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinə (Operativ vergi nəzarəti) əsasən: - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir, 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-ni; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarətkassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X7); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Həmin Məcəllənin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********6195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2022-ci il tarixli **********3421 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı məxsus olan (AZ1134, Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan 3245-ci məhəllə (Pişavari), obyektin adı – “Pub 700”, fəaliyyət növü – pivə evlərinin fəaliyyəti) obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında ” DVX 019588 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən, xx.xx.2022-ci il tarixdə saat 00:12-də vergi əməkdaşları tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı obyektdə müştəri tərəfindən alınan 1 (bir) ədəd “Xırdalan pivəsi” və 1 (bir) ədəd “Noxud” üçün 5.50 (beş manat əlli qəpik) AZN nağd pul ödənilmişdir. Ödəniş müqabilində müştəriyə ödənişi təsdiq edən sənəd (çek) (2490 nömrəli çek) təqdim edilmişdir. Lakin, araşdırma zamanı məlum olmuşdur ki, NKA-ya vurulan çekdə olan məlumatlarda satılan malların adları qeyd olunmamışdır. Belə ki, NKA çekində malların adı və bir vahidinin qiyməti əks olunmaması Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların tələbləri pozulmuşdur. Bununla da, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.8-ci və 16.1.9- cu il maddələrinin tələbləri pozulmuşdur. Aktın qeyd hissəsində - vergi ödəyicisi obyektdə olmaması (gələ bilməməsi) səbəbindən onu qərarla, çıxarışla tanış etmək və tərtib olunmuş aktı imza etdirərək bir nüsxəsini təqdim etmək mümkün etmək mümkün olmamışdır. -xx.xx.2022-ci il tarixli çek inzibati icraat materiallarına əlavə edilmişdir. Çekdəməsulun adı - fgg, miqdarı - 1.000, qiyməti – 5.50 qeyd edilmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti zamanı qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən riayət olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan çekdəndə görünür ki, 1 (bir) ədəd “Xırdalan pivəsi” və 1 (bir) ədəd “Noxud” alınmasına baxmayaraq, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə əməl edilməyərək nəzarət-kassa aparatının çekində malın adı və miqdarı düzgün göstərilməyərək, malın adı – fgg şəklində göstərilmiş, miqdarı isə “1” göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qeyd edilənləri təkzib etməmiş, lakin qeyd etmişdir ki, qeyd edilən çekdə məhsulun adının görünməməsi onun təqsirim deyil. O, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumatlandırılmamışdır. Vergi xidməti tərəfindən nəzarət-kassa aparatı satılarkən, sahibkarlıq subyektləri həmin aparatın istifadə qaydaları ilə tam təlimatlandırılmalı idi. Buna görə də satılan malların adlarının necə yazılmasında müəyyən çətinliklər yaranmışdır. İddiaçının bildirdiklərinə münasibətdə Kollegiya iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”-a istinad edərək qeyd edir ki, iddiaçı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə cavabdeh tərəfindən lazımı qaydada məlumatlandırılmış, həmin məlumatlandırmalar onun tərəfindən oxunmuşdur. Cavabdeh təqdim etdiyi hesabtla bunu sübut etsə də, iddiaçı qeyd edilənləri təkzib edəcək hərhansı sübut təqdim etməmişdir. İddiaçı apelyasiya şikayətində həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra — yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Apelyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 20 dekabr 2022-ci il tarixli, KY221877698 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2022-xx.xx.2023, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi olmuşdur. Göründüyü kimi, iddiaçının qeyd etdiklərinin əksinə cavabdeh tərəfindən yoxlama Reyestrdə qeydiyyata alınmşdır. Apelyasiya şikayətinin digər dəlili isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlı olmuşdur. Belə ki, iddiaçı qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırılır. Apelyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, həmin qanunun 2.1-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Göründüyü kimi, iddiaçının apelyasiya şikayətinin qeyd edilən dəlilidə əsassızdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarda qeyd edilənlərdən də görünür ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı bununla razılaşmasa da, qərarın qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən qərarlar qanunvericiliyin tələbləri nəzərə alınmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar