Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1297/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1538/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatını, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı, eyni zamanda, sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Ona prokuror kimi pensiya təyin edilmişdir. Lakin, pensiya hesablanan zaman bəzi əlavələr nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də müraciəti təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1538/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiyanın hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Səbail rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1438/2019 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1538/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-108/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)- 1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığartolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun müddəasından da göründüyü kimi, “aldıqları əmək haqqı” dedikdə iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil (və ya əmək haqqına daxil edilən əlavələr) aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda, pensiya təyinatı zamanı orta aylıq əmək haqqına məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb edilmiş digər gəlirlər də daxil edilir. Bundan başqa, “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta həmin qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığortanın ödənilməsi üçün mütləq sosial sığorta hadisəsi baş verilməlidir. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi hesab olunur. Qeyd olunanlardan aydın olur ki, sosial sığorta hadisəsi baş verdikdə bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı “Prokurorluqda qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edildiyindən və həmin hissədə iş təkrar baxılması üçün göndərildiyindən apelyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qərarının həmin hissədə qanuniliyin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur, xx.xx.1975-ci ildən xx.xx.2010-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər Lənkəran rayon prokurorunun köməkçisi, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər Yevlax rayon prokurorunun böyük köməkçisi, xx.xx.2005-ci ildən xx.xx.2010-cu ilə qədər İsmayıllı rayon prokurorunun köməkçisi, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər Goranboy rayon prokurorunun müavini vəzifələrində işləmişdir. İş materiallarında digər arayışlarla yanaşı iddiaçının 1996cı ildən 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı alması barədə rəsmi arayış mövcuddur. İddiaçı xx.xx.2010-cu il tarixdən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir, xx.xx.2010-cu il tarixdən ona əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, iddia tələbi ilə həmçinin sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqının pensiyanın yenidən hesablanarkən nəzərə alınması da xahiş edilmişdir. Bu tələbi təmin edərkən apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, hər hansı bir faktiki və hüquqi əsaslar barədə bildirməmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyə əsaslanmaqla qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında (əsaslandırma hissəsində) məhz məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları mütləq qaydada göstərilməlidir. Yalnız bundan sonra məhkəmə tərəfindən bu və ya digər hallara uyğun tətbiq etdiyi maddi hüquq normalar müəyyən edilməli və mübahisənin həlli barədə nəticə əldə olunmalıdır. Apellyasiya instansiya məhkəməsi qeyd edilmiş iddia tələbi ilə bağlı faktiki hallara dair araşdırma aparmalı və tələbin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etməklə, qiymət verməlidir. Məhkəmə kollegiyası qərarın - iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunması hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçıya xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edildiyindən “Əmək pensiyaları haqqında” qanunun həmin vaxt qüvvədə olan 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 17/532 saylı arayışda qeyd edilir ki, İddiaçı iyun 1996-cı ildən may 2001-ci il tarixə kimi Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200 % əmək haqqı (vəzifə maaşı, xidmət illərinə görə əlavə) almış, rütbəsi ədliyyə müşaviri, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardım almışdır: 1996 – dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1997 – mart ayı 100%, aprel ayı 100%, noyabr ayı 100%, dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1998 – mart ayı 200%, may ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 300% vəzifə maaşı həcmində mükafat; 1999 – mart ayı 100%, may ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 300% vəzifə maaşı həcmində mükafat; 2000 – mart ayı 200%, sebtyabr ayı 200% vəzifə maaşı həcmində mükafat, noyabr ayı 200%, dekabr ayı 400% vəzifə maaşı həcmində yardım; 2001 – mart ayı 200%, may ayı 200% vəzifə maaşı həcmində mükafat. “Əmək pensiyaları haqqında” qanunun 20.8-ci maddəsində qeyd edilən müddəanın əhəmiyyəti də məhz ondan ibarətdir ki, pensiya hüququ yaranan şəxsə pensiya təyin edilərkən daha yüksək məbləğ təyin edilməsinə şərait yaradan müddətlərdən birinin nəzərə alınması imkanı mövcud olsun. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının ona pensiya təyin edilən zaman daha yüksək məbləğdə pensiya alması üçün əsas olan Qazax rayon prokurorunun köməkçisi vəzifəsində çalışdığı müddətin əsas götürülərək ona pensiya təyin edilməsi hüququ olduğu halda cavabdeh inzibati orqan bunu etməmiş, əsassız olaraq iddiaçının bu hüququnu həyata keçirməkdən imtina etmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası həmin hissədə də əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini həmin hissədə də təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2-1(81)-1538/2019 saylı qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1538/2019 saylı qərarı “iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş ikiqat əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1297/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1297/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver