Məhkəmə qərarları › İş №2-1(103)-1304/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1304/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1304/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13061/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən, yəni xx.xx.2023-cü il tarixdən hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər 55 faiz, 10 ildən yuxan hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı (təvəllüdü xx.xx.1958-ci il), 1980-1984-ci illərdə “Dənizneftlayihə” Elmi-Tədqiqat Layihə İnstitutunda gənc mütəxəssis kimi mühəndis, 1984-2000-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda mütəxəssis, ekspert, böyük elmi işçi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 533 nömrəli sərəncamına əsasən 2000-2007-ci illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2289 və 2290 nömrəli sərəncamlarına əsasən 2007- 2012-ci illərdə Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 2473 və 2474 nömrəli sərəncamlarına əsasən 2012- 2017-ci illərdə İmişli Rayon Məhkəməsinin hakimi və sədri, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 3297 və 3298 nömrəli sərəncamlarına əsasən 2017- 2023-cü illərdə yenidən İmişli Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdə səlahiyyətlərinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdən pensiyaya çıxmışdır. Beləliklə, hakim kimi 22 il 7 ay iş stajı olmaqla, ümumi əmək stajı 42 ildən artıqdır. xx.xx.2023-cü il tarixdən cavabdeh orqan tərəfindən sabiq hakim kimi ona 5676,99 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının düzgün hesablanmaması, həmçinin onunla eyni ildə, yəni 2000-ci il tarixdə hakim vəzifəsinə təyin edilən və təqribi onunla eyni tarixdə pensiyaya çıxmış məhkəmə sədrinə ondan artıq pensiya təyin olunduğunu öyrəndikdən sonra pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-H-152258/2023 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən 22 il 7 ay 10 gün hakim kimi iş stajınıza uyğun olaraq, vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (7803,41 manat) 72,75 faizi-5676,99 manat məbləğində xx.xx.2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib”. Ədliyyə Nazirliyi tərəfindən verilmiş və cavabdeh orqana təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-16-8/2-252/2023 nömrəli arayışa əsasən məhkəmə sədri kimi vəzifə maaşı 2485 manat, eyni zamanda hakimlik stajının 15 ilinə görə vəzifə maaşlarının 45%-ı həcmində əlavə haqqın ödənilməsi, birinci instansiya məhkəmələrinin hakimlərinə xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatının verilməsi, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi göstərildiyi halda, cavabdeh orqan tərəfindən təyin edilmiş əmək pensiyasının necə və hansı məbləğlərə müvafiq olaraq hesablanması əsaslı şəkildə göstərilməmişdir. 19 oktyabr 2007-ci il tarixli, 462-İİİQD nömrəli Azərbaycan Respubikası Qanunu qəbul olunduqdan sonra hakimlərin pensiya təminatı ilə əlaqədar məsələlər, o cümlədən hakimlərin pensiyaya çıxdıqdan sonra onların hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktların qəbul edilməsi (Azərbaycan Respubikası Konstitusiyasının 149-cu maddəsinin “Vİİ” hissəsi) də bilavasitə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilməli idi. İddiaçı 2015-ci ilin sentyabrında həm 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2015-ci ilin sentyabr ayında qüvvədə olan 20.7-ci maddəsinin normaları baxımından 15 illik hakimlik stajına malik olduğu üçün orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququnu əldə etmişdir. Bundan sonra o, pensiyaya çıxmaq vaxtını və həmin vaxtadək qanunvericilikdə mənim hüquqi vəziyyətini daha da yaxşılaşdıran normativ hüquqi aktların qəbul edilə biləcəyini gözləməli idi. 10 mart 2017-ci il tarixli Qanun ilə 20.7.1-ci, 20.7.2 və 20.7.3-cü maddələrdə edilmiş dəyişikliklər iddiaçıya münasibətdə hüquqi vəziyyəti yaxşılaşdıran normalar olmasa da, həmin Qanunun 20.7-ci maddəsindəki dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktdır. Cavabdeh orqan tərəfindən iddiaçıya 72,75 faiz deyil, 80 faiz miqdarında əmək pensiyası hesablanmalı idi. Cavabdeh orqanın yuxarıda qeyd olunan qaydada ona pensiya hesablaması iddiaçının pensiya təminatına neqativ təsir etdiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbi nəzərə alınmalı idi. Digər tərəfdən iddia tələbi əsaslı olduğundan ona hesablanmış əmək pensiyası yenidən hesablandıqda artım müəyyən ediləcəkdir. Həmin artım müəyyən edildiyi halda o həmin fərqi almaqdan da məhrum olmuş olacaqdır. Odur ki, iddiaçıya əmək peniyası yenidən hesablandıqdan sonra məhrum olduğu həmin məbləğin hesablanaraq ödənilməsi də zəruridir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək ona məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla orta aylıq məbləğinin 80 faizi miqdarında əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə keçmiş dövr üzrə ödənilmiş pensiya məbləği arasındakı fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13061/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illər ərzindəki aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla orta aylıq məbləğinin cəmi 80 faizi miqdarında əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə keçmiş dövr üzrə ödənilmiş pensiya məbləği arasındakı fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3- 17-1/2-H- 152258/2023 nömrəli məktubu ilə onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 07 ay 10 gün olmaqla xx.xx.2023-cü il tarixdən məhkəmə sədri vəzifəsindən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli qərarla işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 72,75%-i əsas götürülməklə xx.xx.2023-cü il tarixdən hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə 5 il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud olmamış, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bu əsasdan iddiaçıya son 24 ayın orta aylıq əmək haqqından 80% miqdarında pensiyanın təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna aid edilən şəxslər sırasında 20.1.4-cü maddəyə uyğun olaraq əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizm funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər daxildir. Bu səbəbdən də cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Mərkəzi Filiala təqdim edilən son 24 ay ərzində İddiaçı ödənilmiş əməkhaqqına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10 aprel 2023-cü il tarixli 3-16-8/2-393/2023 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10436/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla onun 22 il 7 ay 10 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7803,41 manat) 72,75 faizi - 5676,99 manat məbləğində 14 aprel 2023-cü il tarixdən hesablanmaqla sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008- ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək güvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə (60 ay üzrə) hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildir, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Belə ki, 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasında göstərilirdi ki, səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-13061/2023 nömrəli qərarında da qeyd olunduğu kimi həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliklə isə pensiya təminatı ilə bağlı müddəalar aşağıdakı kimi verilmişdir: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir» “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilirdi və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilirdi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13061/2023 nömrəli qərarında cavabdeh orqan tərəfindən təyin edilmiş əmək pensiyasının necə və hansı məbləğlərə müvafiq olaraq hesablanması əsaslı şəkildə göstərilmədiyi qeyd olunsa da, iş materiallarında olan və məhkəmə icraatı zamanı təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-10436/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında İddiaçı vəzifə maaşı 2371,10 manat, vəzifə maaşına əlavə 2371,10 manat, qulluq stajına görə əlavə vəzifə maaşının 45 faizi miqdarında 1067 manat, müavinətə görə əlavə 400 faiz miqdarında 1045,77 manat, səlahiyyətlərin icraçısına görə vəzifə maaşının 25 faiz miqdarında 592,78 manat, elmi dərəcəsinə görə isə vəzifə maaşının 15 faizi miqdarında 355,67 manat dövlət məvaciblərinin nəzərə alındığı öz əksini tapmışdır. Göründüyü kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud olmadığından və sözügedən Qanunda yalnız 5 illik əmək haggına uyğun hesablanma nəzərdə tutulduğundan İddiaçı əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə onun hakim işlədiyi müddətin istənilən ardıcıl gələn 60 ayı ərzində ödənilmiş əmək haqqınız barədə müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təgdim olunduqdan sonra baxıla bilər. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci ildə hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində hakim vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə Əli Bayramlı şəhər məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2007-ci ildə Əli Bayramlı şəhər məhkəməsinə sədr təyin edilmiş, xx.xx.2012-ci ildə Şirvan şəhər məhkəməsində hakim vəzifəsindən azad edilərək İmişli rayon məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2017-ci ildə İmişli rayon məhkəməsinə hakim və sədr təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 051078 nömrəli qərarı ilə hakimlik səlahiyyətinə xitamla bağlı hakim kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hazırkı pensiya məbləği 1826,08 manat, vəzifə maaşı 2371.10 manat, vəzifə maaşına əlavə 2371.10 manat, qulluq stajına görə əlavə 45% olmaqla 1067 manat, müavinət görə əlavə 400% olmaqla 1045.77 manat, səlahiyyətlərin icrasına görə 25% olmaqla 592.78 manat, dövlət məvacibinin cəmi 7803 manat, 41 qəpik, pensiya faizi 72.75 faiz yenidən hesablanmış pensiya məbləği 5676 manat 99 qəpik təşkil etmişdir. İddiaçı cavabdehin qərarı ilə razılaşmayaraq ona hakim kimi işlədiyi son 24 ayın, yəni xx.xx.2021-xx.xx.2023-cü il tarixədək məhkəmə sədri vəzifəsində aldığı orta aylıq əmək haqqının 80% olmaqla pensiyasının yenidən hesablanmalı olduğu qənaətində olmuşdur. Cavabdehin müvafiq imtina məktubundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Kollegiya bildirir ki, xx.xx.2000-ci ildən xx.xx.2023-cü ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 22 il 07 ay 10 gündür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərhe edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı: 1.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cumaddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Qərardanda göründüyü kimi, hakimlərə münasibətdə hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». Beləliklə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bir sıra qanunlara, o cümlədən «Məhkəmələr və hakimlər haqqında» qanunun hakimlərin pensiya təminatı ilə bağlı məsələləri nizama salan normalarına yeni tənzimləmə gətirilmiş, nəticə etibarı ilə pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının artıq «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq həyata keçiriləcəyi təsbit edilmişdir. Daha sonra həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən ƏPQ-na dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda ƏPQ-nun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əməkhaqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmişdir. «Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da qeyd edilmişdir ki; “....qanunverici, hakimlərin pensiya təminatına dair yeni qanunvericilik müddəalarını, o cümlədən «Əmək pensiyaları haqqında» Qanunu qəbul edərkən, əvvəllər «Məhkəmələr və hakimlər haqqında» və «Konstitusiya Məhkəməsi haqqında» Qanunlarda nəzərdə tutulmuş pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatının şərtlərini dəyişdirərkən, fəaliyyətdə olan hakimlərin müstəqilliyinə verilən təminatların pozulmasına və onların pensiya təminatı ilə bağlı hüquqi vəziyyətinin pisləşdirilməsinə şərait yaratmamaq üçün mütləq keçid müddəaları nəzərdə tutulmalı idi. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçıya pensiya təyin olunarkən onun hakim vəzifəsində işlədiyi dövrdə qüvvədə olmuş və eləcə də qüvvədə olan daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq edilməlidir.” Konstitusiya Məhkəməsinin hakimlərin hüquqi statusu ilə bağlı Qərarlarında da qeyd etdiyi əsas mövqe hakimlərə onlar üçün daha üstün qüvvəyə malik pensiya hüquq normasının tətbiqi istiqamətində olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının tələbi üzrə aşağıdakıların tətbiqini qanuni və mümkün hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun: 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qeyd edilən müddəa xx.xx.2017-ci il tarixdən sonrakı dəyişdirilmiş və nəticədə 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ƏPQ-nun 20.7.3-cü maddəsinin məhz xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasını tətbiq edərək iddiaçı üçün 72,75% pensiya faizi müəyyən etmişdir (22 il 07 ay 10 gün staja uyğun olaraq 15 il staj üçün 50%+15 ildən yuxarı olan 7 il hakimlik stajının hər ili üçün 3% olmaqla 21% və natamam 07 ayın 12 aya nisbəti nəzərə alınmaqla 1,75%(07 ay x 3 / 12 ay). Lakin nəzərə alınmalıdır ki, Qanunun 20.7.3-cü maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası iddiaçının hüquqi vəziyyəti üçün daha üstün təminat nəzərdə tutmuşdur. Həmin redaksiyaya əsasən iddiaçının pensiya faizi 10 il hakimlik stajı üçün 55%+10 ildən yuxarı 12 il hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 60% (12 il x 5%) edir ki, bu halda iddaçı üçün qanunla yol verilən maksimal pensiya faizi 80 % təşkil edir. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının pensiya faizi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 80 % məbləğində hesablanmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-13061/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar