Məhkəmə qərarları › İş №2-1(103)-1305/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1305/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1305/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1950-ci il tarixində Cəlilabad şəhərində anadan olmuşdur, ünvan 1 mənzil 73 ünvanında qeydiyyatdadır, faktiki yaşayış ünvanı-Lerik rayonu, Brkandul kəndi) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1564/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı xx.xx.2019-cu il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürməklə iddiaçının partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1950-ci ildə anadan olmuş, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib təyinatla Bakı Radio zavodunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə zavodun ən yaxşı səmərələşdicisi və ixtiraçısı kimi Moskva şəhərində keçirilən Gənclərin Elmi-Texniki Yaradıcılığı laureatı olmuşdur. 1980-ci ildə zavodun 450-dən artıq kommunistlərin qeydiyyatda olduğu partiya komitəsinin katibi seçilmişdir (əmək haqqı 220 manat), 1982-84-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuduqdan sonra Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı işləmişdir (əmək haqqı 175 manat), 1985-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayına qədər, əvvəlcə 560, sonra 700-dən yuxarı kommunistlərin qeydiyyatda olduğu V.İ.LENİN adına (indiki H.Z. Tağıyev adına) toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifəsində işləmişdir (əmək haqqı 234, sonra 300 manat). Qeyd edir ki, toxuculuq kombinatı partiya komitəsində dörd ştat mövcud idi. Partiya komitəsinin katibi, partiya komitəsi katibinin müavini, partiya kabineti müdiri və kitabxanaçı. Bu işçilərin hamısı rayon partiya komitəsindən məvacib alırdılar. Respublikada isə bu cür partiya komitələrinin sayı çox az olmuşdur. 1991-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının fəaliyyəti müvəqqəti dayandırılması ilə əlaqədar həmin kombinatın baş mühəndisinin müavini vəzifəsinə təyin edilmiş və 2013-cü ildə təqaüdə çıxdığı zaman ona 156 (yüz əlli altı) AZN pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda (bundan sonra Təsnifat Toplusu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2017-ci il tarixli 121 nömrəli Qərarına əsasən ona verilməli olan məbləğin az pensiya hesablanmaqla sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə əsasən ona verilən pensiya onun pul formasında əmlakıdır. Pensiyanın ona qanunla verilməli olan, lakin az verilmiş hissəsi də ona verilməli olan onun mülkiyyətini təşkil edir. Pensiyanın həmin hissəsinin ona verilməməsi ilə onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, pensiyanın qanunla ona verilməli olan, lakin verilməyən hissəsi üzərində sahiblik etmək, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət heç bir əlamətdən aslı olmayaraq hər kəsin hüquqlarının və azadlıqlarının bərabərliyinə təminat verir. Lakin onunla eyni dövrdə dövlət orqanlarında işləyən işçilərin iş stajları tam nəzərə alınaraq həmin illərə görə onlara pensiya təyin edildiyi halda ona onlara nisbətən ayrı-seçkiliyə yol verilərək həmin müddətlər onun iş stajına daxil edilsə də ona həmin müddətlər üçün pensiya tam təyin edilməmişdir. Eyni zamanda 2017-ci ilin aprel ayının 4-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 121 nömrəli qərarı ilə onun tutduğu vəzifə (partiya komitə katibi) rayon icra Hakimiyyəti başçısının aparatında böyük məsləhətçi vəzifəsi ilə uyğunlaşdırılmışdır. Lakin onun partiya komitəsi katibi vəzifəsi (aldığı məvacibin məbləğinə və partiya komitə katibinin vəzifəsinə əsasən) rayon partiya komitəsində katib vəzifəsinə uyğun olmuşdur. Bundan əlavə rayon icra hakimiyyəti başçısının aparatında böyük məsləhətçinin məvacibi iş stajından aslı olaraq fərqli olduğu halda ona hesablanan pensiya ən aşağı məvaciblə götürülmüş və 2013-cü ildən yox 2017-ci ildən hesablanmışdır. Beləliklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi icra hakimiyyətinin bir qurumu olmaqla borcunu tam yerinə yetirməmiş, iş stajına daxil olan illərin bir hissəsini pensiyanın təyin olunması üçün nəzərə almamış, bu da ona az pensiya təyin olunması ilə nəticələnmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində və “Təsnifat Toplusu”nda təsbit olunmuş sosial təminat hüququ pozulmuşdur. Maddənin İİ və V hissələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı maddələrinə, 71-ci maddəsinin Vİİ hissəsinə əsasən o Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək “Təsnifat Toplusu”na və AR Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli 121 nömrəli Qərarına uyğun onun pensiyasının 2013-cü ildən başlayaraq hesablanmasını və onun vəzifəsinin (partiya komitə katibi) rayon icra hakimiyyəti başçısının aparatında daha yüksək vəzifəyə uyğunlaşdırılması barədə xahiş etmiş, lakin müsbət cavab almamışdır. Bu səbəbdən də o pozulmuş sosial təminat hüququnu bərpa etmək məqsədi ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia qaldırır. Qeyd olunanlara əsasən 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluğçusu staji kimi götürməklə “Təsnifat Toplusu”na əsasən onun partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 13- cü, 25-ci, 29-cu, 38-ci, 60-cı, 71-ci maddələrini, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsini, “Təsnifat Toplusu”nu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli 121 nömrəli Qərarını və Mülkü-Prosessual Məcəlləsinin 53-cü, 149-150-ci maddələrini rəhbər tutaraq, iddia ərizəsində göstərilən əsaslara görə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürməklə (“Təsnifat Toplusu”na əsasən) onun partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarı ilə (hakim E.Mustafayev) iddiaçının iddia tələbinin təmin edilməsi, İddiaçı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında iş stajı dövlət qulluqçusu kimi nəzərə alınaraq (Təsnifat Toplusuna əsasən) partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdırılaraq həmin müddətlər üçün ona pensiyanın 2013-cü ildən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixində apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2ci maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına” və “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından” qeyd edilməsini texniki xəta kimi qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2104/2019 nömrəli qərarı ilə (hakimlər-V.Məmmədov, S.Seyidova, İ.Əhmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarındakı iş stajının dövlət qulluqçusu stajı kimi göstərməklə, partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq, həmin müddətlər üçün pensiya hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2104/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-139/2020 nömrəli qərarı ilə (hakimlər-S.Hüseynova, İ.Hüseynov, K.Bədəlov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2104/2019 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üşün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair ərizə məhkəməyə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1305/2020 nömrəli qərardadı ilə (hakimlər-Ü.Mayılov, M.Tağızadə, X.Cəmilova) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə daxil olmuş, ərizədə 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hakim Ü.Mayılovun təqaüdə çıxması ilə əlaqədar hazırkı inzibati iş hakim E.Nağıyevanın icraatına verilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini, cavabdehə orqana müraciətinin ilkin tələbi ilə bağlı nüsxəsinin isə özündə olmadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimjyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçiyə uyğunlaşdırılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubda isə göstərilmişdir ki, ona dövlət qulluqçusu kimi 11 il 26 gün dövlət qulluğunda olan əmək stajına görə xx.xx.2018-ci il tarixdən 231,27 manat pensiya hesablanıb ödənilir. 1980-1982-ci illər Bakı Radiozavodunun və 1985-1991-ci illər H.Z.Tağıyev adına toxuculuq kombinatında partiya komitə katibi işlədiyi dövrlər böyük məsləhətçi vəzifəsinə uyğun gəlir. Həmin dövrləri icra hakimiyyətində böyük məsləhətçi kimi hesablanmaqla ümumi dövlət qulluğu stajına əlavə ediləcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının ilkin tələbi 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər iddiaçının partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürməklə iddiaçının partiya komitəsi katibi vəzifəsini rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasını 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsi olmuş, daha sonra iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən hər iki tərəfə iddiaçının cavabdeh orqana dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı müraciətlərinin olması barədə sənəd-sübut təqdim edilməsi təklif edilmiş, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini, cavabdehə orqana müraciətinin ilkin tələbi ilə bağlı nüsxəsinin isə özündə olmadığını bildirmişdir. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli müraciətində onun 1980-1991-ci illərdə partiya orqanlarında işlədiyi müddət dövlət qulluqçusu statusunda təqaüd hesablanmasına sərəncam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə cavabdeh inzibati orqana müraciəti arasında fərq mövcud olmuş, eyni zamanda, məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl həmin iddia tələbinin predmeti ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1564/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialına qarşı “1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər onun partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə iddiaçının azad partiya komitə katibinin vəzifəsini rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdıraraq həmin müddətlər üçün iddiaçıya pensiya hesablanmasının 2013-cü ildən götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar