Məhkəmə qərarları › İş №2-1(103)-1311/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1311/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1311/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7753/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus Pensiyaçının uçot vərəqindən görünür ki, DSMF Yasamal rayon Şöbəsi tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdən 2-ci dərəcə deputat kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli 000817 nömrəli Qərarından görünür ki, pensiyanın növü- 2-ci qrup əlilliyə görə (deputat), pensiya təyin olunduğu tarix- xx.xx.2006, hazırkı pensiya məbləği- 2541 manat, yenidən hesablanmış pensiya məbləği- 3927 manat göstərilmişdir. İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, pensiya növünün “əlillik”dən “yaşa görə”yə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 043246 nömrəli qərarı ilə İddiaçı ƏPQ-nun 20.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yaşa görə 5964 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-329977/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 fevral 2023-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinə dair sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması üçün aparılan araşdırma zamanı “Əlillik” alt sistemində əlillik" dərəcəsinə dair məlumatların olmadığı müəyyən edilib. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanıb. Adı çəkilən Agentlik tərəfindən əlillik dərəcənizə dair məlumatların dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla 1 dekabr 2022-ci il tarixdə saat 11:00-da əyani müayinəyə dəvət olunduğu halda, müayinəyə getməmişdir. Əlillik dərəcəsinə dair məlumatlar “Əlillik" alt sistemində mövcud deyil. Buna görə də 1 dekabr 2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat və vəzifə maaşının iki misli həcmində əlavə 4970,00 manat olmaqla orta aylıq əmək haqqı 7455,00 manat təşkil edib. Bununla əlaqədar olaraq, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (7455,00 manat) 80 faizi-5964,00 manat məbləğində müəyyən edilməklə 1 dekabr 2022-ci il tarixindən müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, pensiyanın tərkibində 10 faizi miqdarında maddi yardımın, həmçinin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə fərq məbləğinin ödənilməsi məsələsinə “Əlillik” alt sistemində əlilliyə dair məlumatlar əlavə olunduqdan sonra baxılacaqdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəzifə maaşına görə əlavələrinin, artımlarının və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar, əlavələr və 10% maddi yardım nəzərə alınmaqla ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə əmək pensiyasına əlavələr, artımlarla və 10% maddi yardımla birlikdə hesablanaraq fərq məbləğinin iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən etibarən 10% maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 1975-ci ilin sentyabr ayından, yəni 17 yaşından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyətinə başlamışdır. 24 noyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 24 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir. 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi ikinci qrup əlilliyə görə (müddətsiz) ona əmək pensiyası təyin edilmişdir. TSEK-nin arayışından da göründüyü kimi, əmək qabiliyyətsiz hesab olunmuşdur. DSMF orqanı tərəfindən ona pensiya verilərkən əsassız olaraq artımlar nəzərə alınmamışdır. Bundan sonra, dəfələrlə cavabdehə müraciətlərindən sonra 01 dekabr 2022-ci il tarixində ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, yaşa görə pensiya hüququ 16 mart 2021-ci il tarixdə (62 il 6 ay) yaranmışdır. Buna baxmayaraq, ona pensiya təyin olunarkən 10% miqdarında maddi yardım və artımlar nəzərə alınmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə fərq məbləği ona ödənilməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı vəfizəsində çalışması, vəzifə maaşına əlavələrin və 10% maddi yardımın edilməsi nəzərə alınmaqla, ona təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, fərq məbləği hesablanmaqla ona birdəfəlik ödənilməlidir. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə yazılı müraciət olunaraq, pozulmuş hüquqlarının bərpa edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona imtina verilmişdir. İnzibati orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması onun yox, məhz inzibati orqanın məsuliyyətidir. Ona heç bir məbləğdə heç vaxt artıq pensiya hesablanmamış və ödənilməmişdir. Əksinə ona az pensiya hesablanmışdır. Fərz edilsə ki, ona artıq pensiya hesablanıb və artıq pul ödənilib, bu onun yox, həmin pensiyanı hesablayan qurumun məsul şəxsinin məsuliyyətindədir. Məlumdur ki, o, özüözünə pensiya hesablamamışdır. Cavabdeh qurumun məsul şəxsinin məsuliyyətsizliyinə görə də o, heç bir cavabdehlik daşımır. Bundan əlavə, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması onun yaşa görə əmək pensiyasina əlavələrin və artımların verilməməsinə heç bir aidiyyatı bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı vəzifə maaşına görə əlavələrin, artımların və 10 % miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi ilə bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-32997/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Həmin məktuba əsasən deputatların əmək haqlarının 1 iyul 2022- ci il tarixdən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması üçün aparılan araşdırma zamanı “Əlillik” alt sistemində İddiaçı əlillik dərəcəsinə dair məlumatların olmadığı müəyyən edilib. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi filial tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. Adıçəkilən Agentlik tərəfindən İddiaçı əlillik dərəcəsinə dair məlumatların dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla 1 dekabr 2022-ci il tarixdə saat 11:00-da əyani müayinəyə dəvət olunmuşdur. Buna baxmayaraq İddiaçı müayinəyə getməmişdir. Eyni zamanda iddiaçının əlillik dərəcəsinə dair məlumatlar “Əlillik” alt sistemində mövcud olmamışdır. Bu səbəbdən 1 dekabr 2022-ci il tarixdən Mərkəzi filial tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, deputatların əmək haqlarının müvafiq artımlarına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat və vəzifə maaşının iki misli həcmində əlavə 4970,00 manat olmaqla orta aylıq əmək haqqı 7455,00 manat təşkil edib. Bununla əlaqədar olaraq, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7455,00 manat) 80 faizi-5964,00 manat məbləğində müəyyən edilməklə 1 dekabr 2022-ci il tarixdən müvafiq kart hesabına köçürülür. Eyni zamanda pensiyanın tərkibində 10 faizi miqdarında maddi yardımın, həmçinin xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə fərq məbləğinin ödənilməsi məsələsinə “Əlillik” alt sistemində iddiaçının əlilliyinə dair məlumatlar əlavə olunduqdan sonra baxılacağı bildirilmişdir. Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik dərəcəsi təyin olunmayan dövrlər üzrə vəzifə maaşına görə əlavələrin, artımların və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi mümkün deyildir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7753/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı pensiyası xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə vəzifə maaşına artım, qulluq stajına görə əlavə və 10 faizi məbləğində aylıq maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi və xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının 10 faiz maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik dərəcəsi təyin olunmayan dövrlər üzrə vəzifə maaşına görə əlavələrin, artımların və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-7753/2023 nömrəli qərarı ilə iddia tələbi əsassız olaraq təmin edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-7753/2023 nömrəli qərarında qeyd edilmişdir: inzibati icraat materiallarından və pensiya işindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2007-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, bu barədə pensiya təyinatına əsas verən TSEK-də SER TSE-01 416272 nömrəli, 1 saylı TSEK-in möhürü ilə təsdiqlənmiş müayinə aktından çıxarış mövcuddur və həmin sənəd əsasında iddiaçıya dekabr 2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Başa sözlə, pensiya işində iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə səlahiyyətli orqanın qərarı aşkar olunmamışdır. İş üzrə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xx.xx.2007-ci il tarixdə baxılmış və ona həmin tarixdən "ümumi xəstəlik" səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, əlilik dərəcəsi ləğv edilməmiş, etibarsız hesab edilməmiş, dəyişdirilməmiş, bu barədə qanunla tələb olunan qaydada səlahiyyəti qurum tərəfindən inzibati akt qəbul edilməmişdir. İddiaçının əlillik statusu hazırda da qüvvədədir. Cavabdeh orqan iddiaçının əlillik statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edilmədiyi halda iddiaçının pensiyasını deputatların əmək haqqlarının 1 iyul 2022-ci il tarixdən artırılması ilə əlaqədar vəzifə maaşına artımlar, həmin artımlara uyğun olaraq qulluq stajına görə əlavələr və 01 yanvar 2022-ci il tarixdən ödənilən 10 faiz maddi yardım nəzərə almaqla yenidən hesablamadan imtinası əsassız olmuşdur. Bununla bağlı bildirilir ki, iddiaçıya ünvanlanan imtina məktubunda, eyni zamanda məhkəməyə ünvanlanan etirazda "Əlillik" alt sistemində İddiaçı əlillik dərəcəsinə dair məlumatların olmadığını qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən Qərar qəbul edilərkən pensiya işində mövcud olan X6 istinad edilərək iddiaçının əlillik statusunun hazırda qüvvədə olduğu qənaətinə gəlinmişdir. Lakin məhkəmə tərəfindən bununla bağlı hər hansı araşdırılma aparılmamış, cavabdeh tərəfindən mübahisələndirilən hal - iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq sorğular verilməmiş, yalnız iş materiallarındakı çıxarışa əsasən əsassız olaraq iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 7753/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanunidir, əsaslıdır, obyektiv araşdırma nəticəsində qəbul edilmişdir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati orqanın imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması iddiaçının yox, məhz inzibati orqanın məsuliyyətidir. İddiaçıya heç bir məbləğdə heç vaxt artıq pensiya hesablanmamış və ödənilməmişdir. Əksinə, az pensiya hesablanmışdır. Lap fərz etsək ki, iddiaçıya artıq pensiya hesablanıb və artıq pul ödənilib, bu onun yox, həmin pensiyanı hesablayan qurumun məsul şəxsinin məsuliyyətindədir. Məlumdur ki, iddiaçı özü-özünə pensiya hesablamamışdır. Cavabdeh qurumun məsul şəxsinin məsuliyyətsizliyinə görə də iddiaçı heç bir cavabdehlik daşımır. Bundan əlavə, “Əlillik” alt sistemində əlillik dərəcəsinə dair məlumatların olmaması İddiaçı yaşa görə əmək pensiyasına əlavələrin və artımların verilməməsinə heç bir aidiyyatı ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən işlə bağlı müvafiq sorğular göndərilmiş, sorğulara cavablar əldə edilmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra məhkəmə qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 06 iyun 2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə əmək pensiyasına əlavələr, artımlarla və 10% maddi yardımla birlikdə hesablanaraq fərq məbləğinin iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən etibarən 10% maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “ “Əlillik” alt sistemində iddiaçının əlillik dərəcəsinə dair məlumatların olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh orqan tərəfindən iddiaçının əlillik statusunda hər hansı dəyişiklik edilmədiyi, əlillik dərəcəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı hər hansı qərar təqdim edilmədiyi halda iddiaçının pensiyasını deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar vəzifə maaşına artımlar, həmin artımlara uyğun olaraq qulluq stajına görə əlavələr və 01 yanvar 2022-ci il tarixdən ödənilən 10 faiz maddi yardım nəzərə almaqla yenidən hesablamadan imtinasının əsassız olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçıya Dövlət Sosial X9 rayon şöbəsi tərəfindən 19 noyabr 2004-cü il tarixindən sabiq deputat kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan İddiaçı deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Həmin müraciət üzrə aparılan araşdırma zamanı iddiaçının “Əlillik” alt sistemində əlillik" dərəcəsinə dair məlumatların olmadığı müəyyən edilib. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi filial tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanmışdır. Adıçəkilən Agentlik tərəfindən İddiaçı əlillik dərəcəsinə dair məlumatların dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla 1 dekabr 2022-ci il tarixdə saat 11:00-da əyani müayinəyə dəvət olunmuşdur. Buna baxmayaraq İddiaçı müayinəyə getməmişdir. Buna görə də cavabdeh qurum tərəfindən “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 043246 nömrəli qərarla İddiaçı ƏPQ-nun 20.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən yaşa görə 5964 manat məbləğində pensiya təyin edilmişdir. Hazırda iddiaçı vəzifə maaşına görə əlavələrin, artımların və 10% miqdarında maddi yardımın yenidən hesablanması, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan dövr üzrə fərq məbləğinin əlavələrlə, artımlarla və 10% maddi yardımla birlikdə birdəfəlik ödənilməsini tələb edir. Cavabdeh qurum isə iddiaçının əlillik dərəcəsinə dair məlumatların “Əlillik” alt sistemində mövcud olmadığına istinad edərək hesab edir ki, iddiaçının pensiyasının tərkibində 10 faiz miqdarında maddi yardımın, həmçinin xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-8908/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirilir ki, İddiaçı əlillik vəziyyəti barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş aşkar edilməmişdir. Digər məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-140467/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya işindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi SER TSE-01 № 216657 nömrəli TSEK-də X6 əsasən İddiaçı ümumi əlillik səbəbindən 2-ci dərəcə əlillik təyin olunmuşdur. Müayinə tarixi xx.xx.2006, Əlillik müddəti xx.xx.2007-ci ilə qədər. Əmək qabiliyyətsizdir. Əsas 2087 nömrəli, xx.xx.2006-cı il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi SER TSE-01 № 416272 nömrəli TSEK-də X6 əsasən İddiaçı xx.xx.2007-ci ildə müayinə olunmuş, ümumi əlillik səbəbindən 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: ikitərəfli pelonepit 2-li böyrək büzüşməsi. XBÇ İİ dərəcə, xolesistoektamina və qaraciyərin sağ payındakı kistasının götürülməsindən sonrakı vəziyyət. Əməyə qadir deyil. Əsas 2070 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx), (....) pensiya işinin araşdırılması zərurəti yaranıb. Bununla əlaqədar aparılan araşdırma zamanı adıçəkilən şəxslərin əlillik dərəcələrinə dair “Əlillik” alt sistemində hər hansı məlumat olmadığı halda, pensiya işlərinə aid sənədlərdə müayinə aktlarının çıxarışlarında onların əlil olmasına dair məlumatların göstərildiyi müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əlilliyinə dair dəqiqləşdirilmiş məlumatların mümkün qısa müddətdə Mərkəzi Filiala göndərilməsi xahiş edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, o, əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə 1 dekabr 2022-ci il tarixində saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022ci il tarixli **********8 nömrəli məktubunda qeyd olunmuşdur ki, (....) və İddiaçı əlillik vəziyyətləri barədə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli müraciətinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Əlilliyi olan şəxslərə dair tibbi-sosial ekspertiza sənədlərinin Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminə daxil edilməsi işi Agentlik tərəfindən mərhələli şəkildə müvafiq qaydada həyata keçirilir. (....) Qeyd edək ki, İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərində uyğunsuzluqlar mövcuddur. Bununla əlaqədar, vətəndaş Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Müayinə nəticəsinə əsasən əlillik vəziyyəti qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İşdən göründüyü kimi, iddiaçı cavabdeh qurumun yuxarıda qeyd olunduğu kimi apardığı hesablama ilə razılaşmır və xx.xx.2022-xx.xx.2022-ci ilədək olan dövr üzrə əmək pensiyasına əlavələr, artımlarla və 10% maddi yardımla birlikdə hesablanaraq fərq məbləğinin ona ödənilməsi, xx.xx.2022-ci il tarixdən etibarən 10% maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb edir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur; 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; 20.1.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və va bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) təyin edilir; 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır; 31.3-cü maddəsinə görə təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir; 31.4-cü maddəsinə əsasən müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına (1.1 bəndinə) əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edir.

3. Bu Sərəncamın 1-ci hissəsinin 2022-ci il yanvarın 1-dən tətbiq edilməsi qərara alınmışdır. ƏPQ-nun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.17-ci maddəsinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə görə əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Hazırda cavabdeh imtinasının əsas dəlili kimi, “Əlillik” alt sistemində iddiaçının əlillik dərəcəsinə dair məlumatların olmadığını qeyd edir. Halbuki iş üzrə cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi inzibati icraat materiallarından və pensiya işindən görünür ki, iddiaçıya sonuncu dəfə xx.xx.2007-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, bu barədə pensiya təyinatına əsas verən TSEK-də SER TSE-01 416272 nömrəli, 1 saylı TSEK-in möhürü ilə təsdiqlənmiş müayinə aktından çıxarış mövcuddur və həmin sənəd əsasında iddiaçıya dekabr 2022-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Həmin materiallarda iddiaçının əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarı aşkar olunmamış və belə bir qərar nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi üçün əsas olan halları, o cümlədən istənilən inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün iddiaçının pensiyasının deputatların əmək haqlarının 1 iyul 2022-ci il tarixindən artırılması ilə əlaqədar vəzifə maaşına artımlar, həmin artımlara uyğun olaraq qulluq stajına görə əlavələr və 01 yanvar 2022-ci il tarixdən ödənilən 10 faiz maddi yardım nəzərə almaqla yenidən hesablanmış pensiyanı almaq hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “xx.xx.2022-xx.xx.2022ci ilədək olan dövr üzrə vəzifə maaşına artım, qulluq stajına görə əlavə və 10 faizi məbləğində aylıq maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödənilməsi və xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının 10 faiz maddi yardım nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7753/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar