Məhkəmə qərarları › İş №2-1(103)-1329/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1329/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1329/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı tibbi təminat hüququnun saxlanılması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1883/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hərbi tibbi müəssisələrdə tibbi təminat, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1979-cu il tarixində Azərbaycan Respublikası, Pircahan kəndində anadan olmuş, 1993-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan 476 və 41N saylı xüsusi təyinatlı hərbi hissələrdə, 877, N və N saylı motoatıcı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, mayor rütbəsinə, taborun qərargah rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. 2013-cü ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli, 822 saylı qərarına əsasən xidməti vəzifələrini yerinə yetirərkən taborun müdafiə rayonunda yerləşən döyüş postlarını yoxlayarkən travma almış, bunun nəticəsində iddiaçıya “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu təyin edilmişdir. Aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yetirərkən alınmışdır” kimi qeyd edilmişdir. Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalında pulsuz müayinə və müalicə olunması üçün dəfələrlə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etmiş, lakin imtina almışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi iddia ərizəsinə yazılı etiraz ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Silahlı Qüvvələrdə xidmət müddəti təqvim hesabı ilə 17 il təşkil etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 6-cı bəndində və “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən “20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyyətində olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə təxris olunmuş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi və sanitar kurort müalicəsi almaq hüququna malik” olan hərbi qulluqçuların kateqoriyasına aid oluna bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1883/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1883/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2165/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1883/2019 saylı, 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-374/2020 nömrəli, 11.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 01 oktyabr tarixli 2-1(103)-2165/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx xxx 1979-cu ildə Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. O, 21 avqust 2013-cü il tarixli, 0361 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.İddiaçı hərbi-tibbi müəssisələrdə tibbi təminat, müalicə və müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun saxlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 08 aprel 2019-cu il tarixli, 4/1078 nömrəli məktubu ilə bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası 13-cü maddəsinə (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ) görə “yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssilərdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. İmtinadan narazı qalan iddiaçı inzibati icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinası ilə razılaşaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikası Konstitutsiyasının 41-ci maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriyakurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi-tibbi müəssisələrdə tibbi təminat, sanatoriyakurort müalicəsi və istirahət hüququ saxlanılır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsinə əsasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi təminat və sanatoriyakurort müalicəsi almaq hüququ saxlanılır.Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normaların tələblərindən də göründüyü kimi, yalnız 20 il və daha çox xidmət etmiş, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvlərinin belə bir tibbi təminatdan müalicədən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-374/2020 nömrəli, 11.02.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ehtiyata buraxılmanın əsası kimi yalnız cinayətin törədilməsi deyil, həm də törədilmiş cinayətə görə məhkum edilmə nəzərdə tutulur. Lakin işin materiallarında iddiaçının məhkum olunduğuna dair hər hansı sübut (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı) cavabdeh tərəfindən təqdim olunmamış, yaxud məhkəmə belə bir sübutu tələb etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Gəncə Hərbi Məhkəməsinin 1(095)- 047/2013 saylı, 20 may 2013-cü il tarixli hökmündən görünür ki, İddiaçı Rəfael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 374/2020 nömrəli, 11.02.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı öz tələbinin əsası kimi iddia ərizəsində təkcə 1996-cı ildən 2013-cü ilədək olan xidmət dövrünü deyil, həm də 1993-cü ildən xüsusi təyinatlı təhsil müəssisəsində (C.Naxçıvanski adına Hərbi Liseydə) kursant kimi həqiqi hərbi xidmətini də əlavə etmişdir. İddiaçının istinad etdiyi vaxtda qüvvədə olmuş “Hərbi xidmət haqqında” Qanunun (2011-ci il 23 dekabr tarixli 274-İVQ №-li “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla ləğv edilmişdir) 5-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: ...hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; ... Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturunda Cəmşid Naxçıvanski adına Hərbi Lisey də qeyd edilmişdir (1.6-cı bənd). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274 nömrəli Qərarı ilə təsdiq edilmiş C.Naxçıvanski adına Liseyin Nizamnaməsinə əsasən, Lisey “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümümtəhsil müəssisəsidir. Liseyin məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədlər hazırlamaqdan ibarətdir. Liseyin nizamnaməsinin 5.4-cü maddəsinə görə Liseyə 15 yaşı tamam olmuş, lakin 17 yaşı tamam olmamış oğlanlar qəbul edilirlər ki, onların həmin yaşda hərbi qulluqçu statusu almaları mümkün deyil. 23 dekabr 2011-ci il tarixli 274 İVQ nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşların xidməti daxildir. Qanunun normalarının məzmunundan göründüyü kimi, 17 yaşı tamam olmuş və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının hərbi qulluqçu statusunun olması qeyd edilmişdir. İddiaçının 1993-1996-cı illərdə təhsil aldığı C.Naxçıvanski adına Lisey ali təhsil müəssisəsi yox, orta ümumtəhsil müəssisəsidir. Lisey hərbi qulluqçu deyil, xüsusi təyinatlı ali hərbi təhsil müəssisələri üçün namizədlər hazırlayır və orada təhsil alanların hərbi qulluqçu statusu olmadığından İddiaçı Rəfael oğlunun Liseydə təhsil aldığı illərin hərbi xidmətinə aid edilməsi tələbi qanuna zidddir. Əlavə olaraq, iddiaçının ön cəbhədə yerləşən hərbi hissə və bölmələrdə olan xidmətinin güzəştli xidmət illəri olaraq xidmət müddətinə hesablanması tələbinə dair məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçuların ön cəbhədə və digər ağır şəraiti olan yerlərdə xidmətlərinə görə onların pensiya təminatı zamanı güzəştli xidmət illəri hesablanır və həmin ərazilərdə xidmətinə görə hərbi qulluqçulara aylıq pul təminatı və müvafiq faiz əlavəsi ilə verilir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamədə hər hansı bir hüququ əldə etmək üçün xidmət illərinin güzəştlə hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının 20 il xidmət müddətinin olmaması səbəbindən də, onun və ailə üzvlərinin hərbitibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ yaranmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi, iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1883/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar