Məhkəmə qərarları › İş №2-1(103)-1345/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1345/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1345/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs: Dövlət Təhlükəsizlik Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzil təminatı”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti) qarşı “mənzillə təmin edilmə üzrə siyahıya daxil edilmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (bundan sonra – üçüncü şəxs) 24 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) 23 yanvar 1991-ci il tarixdən 01 mart 2014-cü il tarixə kimi xidmətdə olmuşdur.

2. İddiaçı mənzil təminatının yaxşılaşdırılması məqsədilə mənzil qeydiyyatına alınması üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.

3. Cavabdehin 11 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, o, Azərbaycan Ordusunda xidmət etmədiyindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanın tələbləri ona şamil edilmir.

4. Dövlət Təhlükəsizlik Xidmətinin 14 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, adıçəkilən Fərman əsasında yaranmış Komissiyada Xidmət komissiyanın üzvü kimi müəyyən edilməmişdir. Azərbaycan Ordusu dedikdə Müdafiə Nazirliyi tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür.

5. MV seriyalı, 1501 nömrəli, xx.xx.2011-ci il tarixli veteran vəsiqəsindən görünür ki, iddiaçı müharibə veteranıdır.

6. Maliyyə Nazirliyinin 17 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, yuxarıda adıçəkilən Fərmanda yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı “mənzillə təmin edilmə üzrə siyahıya daxil edilmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən 20 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin edilməsi ilə əlaqədar siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranıdır və 20 təqvim ilindən artıq qüsursuz xidməti olmuşdur. Qüsursuz xidmətlə əlaqədar Fərmanın tələbinə əsasən Müdafiə Nazirliyinə mənzillə təmin edilmə üzrə müraciət etmiş, müraciətin təminindən DTX-nin Azərbaycan Ordusunun tərkib hissəsi olmaması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır.

11. Cavabdehin iddia tələbinə yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Ordusu anlayışı ilə başqa silahlı birlşmələr anlayışı arasında fərq qoyulmuşdur. Müdafiə Nazirliyi Azərbaycan Ordusudur. Odur ki, onun sənədlərinin Maliyyə Nazirliyinə təqdim edilməsi mümkün deyildir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür.

14. Beləliklə qanunvericiliyin tələbindən də müəyyən edilir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçu dedikdə məhz Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədə xidmət etmiş hərbi qulluqçu başa düşülür. İddiaçı isə qeyd olunan xarakterli silahlı birləşmədə 20 təqvim ilindən az xidmət etmişdir.

15. Göründüyü kimi Xidmətdə olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı iş üzrə iddiaçının 20 təqvim ili və ya daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Həmin şərt də ödənilmədiyindən hazırkı iddianın təmin edilməsi barədə tələb də əsassızdır.

16. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, AR Prezidentinin 2011-ci il 28 dekabr tarixli Fərmanında şox dəqiq və aydın qeyd edilmişdir ki, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçular evlə təmin olunsun. Fərman qüvvəyə minən zaman iddiaçı 20 il qüsursuz xidmət göstərmişdir. Həmçinin, DTX SQ-nin bir birləşməsi hesab edilir. Bütün Silahlı Qüvvələr, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunu ilə tənzimlənir. AR Prezidentinin sözügedən Fərmanı kobud surətdə pozulmuşdur. Ona görə də Bakı İnzibati Məhkəməsinin qərarı əsassız və hüquqaziddir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 9. Silahlı Qüvvələr İ. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. ...

23. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

24. “Müdafiə haqqında” Qanun:

Maddə 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. Maddə 12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur.

25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə, Fərmanın Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir)

Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

35. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış inzibati məhkəmə mübahisəsinin mahiyyətindən də görünür ki, müraciətin təmini ilə bağlı iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının müddəalarının ona tətbiq edilməsini, 20 ildən artıq qüsursuz hərbi xidmət müddətini nəzərə alınmaqla ona mənzil verilməsində iddialıdır. Lakin cavabdeh isə iddiaçının xidmət müddətinin cavabdehin nəzdində 20 ildən az olduğunu, digər inzibati orqanda xidmət müddətinin Fərmanın müvafiq müddəasının tətbiqi zamanı nəzərə alınmalı olmadığını qeyd edir.

36. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur.

37. 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “ Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.

38. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir.

39. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasına görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.

40. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

41. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır.

42. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər.

43. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır.

44. Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni, xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanun qəbul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi təsbit olunmuşlar.

45. Bu qeyd olunan normativ hüquqi aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir.

46. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir.

47. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-948/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında da qeyd edilmişdir.

48. Eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-2277/2024 nömrəli, xx.xx.2024 tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Ordusu ifadəsinin iddiaçının xidmətkeçməsindən sonra Fərmanda qeyd edilməsi də normativ hüquqi aktın həmin tələbinin hüquqi vəziyyətin ağırlaşdırılması istiqamətində qiymətləndirilməsi üçün də əsas deyildir. Belə ki, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. Buna görə də, yeni hüquq norması ilə bağlı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa həmin anlayış üzrə qiymətləndirməyə tətbiq edilə bilməz. Qeyd olunmalıdır ki, oxşar mövqe birbaşa Azərbaycan Ordusu ifadəsinin şərhi ilə bağlı olmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi ilə təsbit edilmişdir.

49. Göründüyü kimi iddiaçının AR Dövlət Təhlükəsizlik Xidmətində olan xidmət dövrünün Azərbaycan Ordusunda xidmət dövrünə daxil edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də hazırkı iş üzrə iddiaçının 20 təqvim ili və ya daha çox Azərbaycan Ordusunda xidmət etməsi də mövcud olmamışdır. Həmin şərt də ödənilmədiyindən hazırkı iddianın təmin edilməsi barədə tələb də əsassızdır.

50. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

51. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar