Məhkəmə qərarları › İş №2-1(103)-1347/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1347/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1347/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, tərcüməçi X1, İddiaçı iştirakı ilə cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı sərəncamın və qeydiyyatın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1634/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X2) məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli 312 nömrəli sərəncamının və həmin sərəncam əsasında DƏDRX-in Bakı ərazi idarəsində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şikayətin dəlillərinə görə, iddiaçı yuxarı dövlət orqanlarına yaşadığı mənzilin eyvanının qarşısında olan torpaq sahəsində naməlum şəxslər tərəfindən müxtəlif konstruksiyalı tikililər inşa edilməsi, balkonun qarşısında olan ağacların kəsilməsi, yaşıllıq qazonunun məhv edilməsi, hamı üçün həmin torpaq sahəsinə daxil olmanın qadağan edilməsi barədə müraciətlər yazmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Lakın, Nərimanov RİH-in başçısı öz vəzifə borcunu yerinə yetirmək əvəzinə yaşıllıq zonasının ərazisində tikintiyə icavə vermiş, orada olan yaşıllıq məhv edilmiş, iddiaçının ailəsi günəş işığından məhrum edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, iddiaçı tərəfindən həmin sərəncam mübahisələndirilsə də, sərəncamla onun qanunla qorunan hansı hüquq və maraqlarının pozulması əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, iddia ərizəsində tələbinin faktiki əsasları kimi iddiaçı yaşadığı mənzilin eyvanının qarşısında olan torpaq sahəsində naməlum şəxslər tərəfindən müxtəlif konstruksiyalı tikililər inşa edilməsi, balkonun qarşısında olan ağacların kəsilməsi, yaşıllıq qazonunun məhv edilməsi, hamı üçün həmin torpaq sahəsinə daxil olmanın qadağan edilməsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (mədəni irs obyektlərinin) qorunmasından ibarətdir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun 6-cı maddəsinə əsasən, həyatı və sağlamlığı üçün əlverişli ətraf mühitin olması, onun vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq (1.1), sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq (1.3), ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək (1.6), insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək (1.8), ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə müvafiq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq (1.9), ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının yuxarıda istinad olunan qanunvericilik aktlarında təsbit edilmiş hüquqlarının olub-olmamasını və məhz bu kontekstdə onun Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında şərhi verilən müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan mübahisəyə mahiyyəti üzrə baxılmasından imtina etməsi iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, iddia tələbinin mübahisələndirmə haqqında iddia (İPM-2.2.1, 32) qaydasında qaldırılmasına baxmayaraq, sübutetmə yükünün birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə qoyulması da İPM-in 14.1-ci maddəsinə zidd olmuşdur (14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.). Birinci instansiya məhkəməsinin qərardadı ilə İPM-in 12-ci maddəsində açıqlanan “İşin hallarının araşdırılması prinsipi” də pozulmuşdur (12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1634/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar