Məhkəmə qərarları › İş №2-1(103)-1365/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1365/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1365/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İDF-Mənzil Servis” MTK-nın cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri X2 üzrə Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin kameral yoxlamanın nəticələrinə dair mübahisələndirilən qərarı ilə iddiaçı barəsində 2019-cu ilə torpaq vergisi üzrə 23.200,00 manat məbləğində əlavə vergi hesablanmışdır. Hesablanmış torpaq vergisi yaşayış məntəqəsi torpaqlarına aid olduğuna və Vergi Məcəllləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmədiyinə görə həmin qərar əsassızdır.Çünki, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” təlimatın 5-ci maddəsinin “a” bəndinəə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Qərarda təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlər əlavə edilmədiyi göstərilmiş, halbuki, vergi orqanının tələb etdiyi təsdiqedici sənədlər elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 01 iyun 2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərdə MTK-yə məxsus torpaq sahəsi “13 ha, yəni 130.000.0 kv.m” göstərilsə də, vergi ödəyicisi tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannaməsinin 2 nömrəli əlavəsində “Torpaq sahəsi” sütununda “150.000.0 kv.m” vergiyə cəlb olunmayan sahə olaraq öz əksini tapmışdır. Belə olan halda vergi ödəyicisinin bəyan etdiyi “20.000,00 kv.m” əlavə sahə ilə bağlı təsdiqedici sənədlər təqdim edilməli idi, hansı ki, vergi ödəyicisi vergi orqanına ünvanladığı müraciətlərdə bu məsələyə ümümiyyətlə toxunmamışdır. Vergi orqanı isə vergi qanunvericiliyinin tələblərini nəzərə alaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarını əsas götürərək kameral hesablama aparmışdır. Vergi ödəyicisi tərəfindən araşdırmaya təqdim edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirən sənədlərin hər birində torpaq mülkiyyət forması “xüsusi mülkiyyət” olaraq göstərilmişdir. Başqa sözlə, iddiaçı özünə məxsus olan torpaq sahəsi ilə əlaqədar sırf “yaşayış məntəqələrinin ümumi istifadəsində olan” topraq sahəsi olduğunu əsas gətirərək torpaq vergisini ödəməkdən azad olduğuna bəraət qazandırmışdır. Halbuki həmin azadolmalar dövlət və bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaq sahələrinə aid edilir. Bu halda vergi ödəyicisi üçün hər hansı güzəşt nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, vergi hesablanan torpaq yaşayış məntəqəsi torpağıdır. Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqədlərinin ümumi istifadədə olan torpaqlar torpaq vergisinə cəlb edilmir. Həmçinin “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” təlimatın 5-ci maddəsinin “a” bəndinəə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Hakim qanunvericiliyin tələblərini özünəməxsus formada təhrif edərək göstərmişdir ki, torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində deyil, məhz xüsusi mülkiyyətdə olması təsdiq edilmişdir. Hakim Vergi Məcəlləsinin qeyd edilən maddsi barədə səhv nəticəyə gəlmişdir. Onu da bildirir ki, məhkəmə təqdim edilən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna sübut kimi qiymət verməmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi O.Heydərli apellyasiya şikayətinə etiraz edərək, iddiaçı tərəfindən ümumi istifadədə olan torpaqlar termininin düzgün təfsir olunmadığını, belə torpaqların torpaq qanunvericiliyində açıqlandığını, Bakı şəhərində bütün analoji təşkilatlar tərəfindən (şəxsi hesab vərəqələrini təqdim etmişdir) torpaq vergi ödənildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. İş materiallarına və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 2019-cu ilin torpaq vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə xx.xx.2020-ci il tarixində vergi orqana təqdim edildikdən sonra aparılmış kameral yoxlamanın nəticələrinə dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərar qəbul edilməklə iddiaçıya 2019-cu ilin hesabat dövrü üçün 23.200,00 manat məbləğində əlavə torpaq vergiyi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesabatın (bəyannamənin) qəqdim edildiyi xx.xx.2020-ci il tarixindən vergi orqanı tərəfindən mübahisələndirilən xx.xx.2020-cı il tarixli qərar qəbul edilən günədək mövcud olan 52 gün təqvim günündə, istirahət və bayram günləri çıxılmaqla, 29 iş günü vardır. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən kamarel yoxlamanın keçirilmə müddəti ötürülməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Cavabdehin mübahisələndirilən qərarından görünür ki, Qanunun qeyd olunan tələblərinə uyğun formada qısa şəkildə əsaslandırılmışdır. Belə ki, qərardan görünür ki, mübahisəli torpaq vergisi iddiaçının bəyannamə məlumatlarına əsasən hesablandığı qeyd olunmaqla göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən “təqdim edilmiş bəyannamənin 2 nömrəli əlavəsinin "Torpaq sahəsi" sütununda 150.000,00 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlər təqdim edilməmişdir.” İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi vergitutma obyekti ola bilməz. Çünki, həmin torpaq yaşayış binasında yaşayan sakinlərin ümumi istifadəsində olan torpaq olduğuna görə “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5ci bəndinə istinadən hesab edir ki, ona əlavə torpaq vergisinin hesablanması əsassızdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, həqiətən də onun istinad etdiyi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində torpaq vergisindən azad olunanlar sırasında, o cümlədən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları da yer amışdır. Yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar anlayışına elə iddiaçının istinad etdiyi, AR Ədliyyə Nazirliyndə xx.xx.1999-cu il tarixində qeydə alınmış AR Baş Dövlət Müfəttişliyinin A-126 saylı xx.xx.1999-cu il tarixli əmri ilə təsdiq edilmiş “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci bəndinin “a” yarımbəndində aydınlıq gətirilərək qeyd olunur ki, bu torpaqlara - meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar aid edilir. Eyni zamanda daha yüksək hüquqi qüvvəli sahəvi Qanuna Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndi nəzərədə tutur ki, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: -ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; -ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; -sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; -nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; -təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;https://www.e-qanun.az/framework/46942 -yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; -kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; -hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; -şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə 9 növdən olan torpaqlar daxildir. Həmin növlərdən biri də həmin bəndin 2-ci abzasında göstərilən - yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşən - meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələridir. Qeyd olunan maddi hüquq normalarının təhlili onu demyə əsas verir ki, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsində nəzərdə tutulan, torpaq vergisindən azad edilən yaşayış məntəqələri torpaqlarından yalnız bir növünə - yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarına aiddir. İş materiallarına əsasən isə müəyyən olunur ki, RX ******* saylı xx.xx.2018-ci il tarixdə qeyd alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Masazır kəndində İddiaçı MTK-nın mülkiyyətində 13 ha (yəni 130 000 kv.m), Abşeron İcra Hakimiiyəti tərəfindən verilmiş ona verilmiş xx.xx.2019-cu il tarixli 108/1 saylı “Tikinti obyektinin istismarına” İcazə sənədində isə həmin ünvanda torpaq sahəsinin faktiki sahəsinin 2,0 ha (yəni *** **** kv.m), vergi ödəyicisinin 2019-cu ilin hesabat dövrü üzrə vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş Bəyannamənin 2 nömrəli əlavəsində isə “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsinin “150.000.00” kv.m. olduğu göstərilməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, birincisi, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin yaşayış mətəqələri torpaqlarının ümumi istifadədə olan torpaq sahələrinə aidiyyəti müəyən edilmir, ikincisi, vergi orqanına təqdim edilən hesabatda torpağın ümumi sahəsinin 150.000 kv m olduğu vergi ödəyicisinin özü tərəfindən bəyan edilmişdir. Vergi Məcəlləsinə əsasən: 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 205.1 fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır 206.3.2-cü maddəsinə əsasən Abşeron rayonunun qəsəbə və kəndlərində torpaq sahəsinin hər 100 kv metrinə 1,0 dərəcəsi tətbiq olunur. 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas veir ki, cavabdehin mübahisələndirilən qərarı ilə kameral yoxlamanın nəticələrinə görə 2019-cu ilin hesabat dövrü üzrə iddiaçıya əlavə torpaq vergisinin hesablanması qanuna uyğun olmuşdur. Ona görə də iddiaçının həmin qərarın qanuna zidd və əsassız olduğuu mübahisələndirən dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. İddiaçının birinci instansiya məhkəməsi tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab məktubuna (elektron) qiymət verilmədiyini mübahisələndirən dəlillərinə gəldikdə isə həmin məktubda idarə tərəfindən 2020-2021-ci illərdə kameral yoxlama zamanı mübahisəli torpaq sahəsin torpaq vergisi hesablanmadığının qeyd olunması, heç də onu deməyə əsas vermir ki, həmin yoxlama zamanı həmin vergi orqanı tərəfindən səhvə yol verilməmişdir. Ən azından, vergi orqanı Vergi Məcəlləsinin 36 və 38-ci maddələrinə müvafiq olaraq iddiaçının 3 ildən çox olmayan fəaliyyətinini səyyar vergi yoxlaması keçirməklə yoxlamaq səlahiyyəti vardır. Həmin Məcəllənin 49.1-c maddəsinə əsasən isə yyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri o cümlədən aşağıdakı qərarlardan birini çıxıarır: əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; yeni qərarın qəbul edilməsi (49.1.4-49.1.6) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisəlndirilən qərarı maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi isə onu nəzərdə tutur ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul ediliş olsun. Beləliklə də cavabdehin qərarının qanunsuz sayılmasına əsas ola bilən hallar mövcud deyil. Başqa sözlə, İPM-in 14.1-ci maddəsinin tələb etdiyi qaydada cavabdeh tərəfindən həmin qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Məcəllənin 70.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, belə halların mövcudluğu öz təsdiqini tapmadığını nəzərə alan məhkəmə kollegiysı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar