Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1366/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X22 Asəf qızının katibliyi, İddiaçının və üçüncü şəxsin nümayəndəsi X10 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “Qəsr” Mədəni İrsi və X23 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs: X21) “mühafizə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı “Qəsr” Mədəni İrsi və X23 İctimai Birliyi cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın, cənub-qərbində (35-ci dalanın sonunda) yerləşən “qədim məlum qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”ni qorumaq üçün “QƏSR” Mədəni İrsi və X23 X24 Heyətinin üzvlərindən biri X21 ilə mühafizə müqaviləsinin bağlaması öhdəliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “QƏSR” Mədəni İrsi və X23 İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin 4483 nömrəli bağın cənubqərbində yerləşən, 2008-ci ildən “Yeni aşkar olunmuş” Tarix və mədəniyyət abidəsi kimi siyahıya alınmış “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”- ni qorumaq üçün mühafizə müqaviləsi bağlanmasını xahiş etmişdir. Dövlət Xidməti 26 iyun 2024-cü il tarixli, 3- 24-1/2-01-639-2024 saylı məktubu ilə mühafizə müqaviləsinin bağlanmasının qeyri-mümkün olduğunu qeyd etmişdir. Tarixi-arxeoloji baxımdan əhəmiyyət kəsb edən “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”-nin “Yeni aşkar olunmuş” tarix və mədəniyyət abidəsi kimi siyahıya alınmasını 2008-ci ildə “QƏSR” Mədəni İrsi və X23 X24 Heyətinin üzvlərinin təşəbbüsü və iştirakı ilə olmuşdur. Belə ki, “QƏSR” Mədəni İrsi və X23 İB-nin İdarə Heyətinin üzvü X13, onun qızı X5 və onların bütün nəsil- şəcərəsi həmin bağdan nəsildənnəsilə keçərək 275 ildən artıq istifadə etmiş və orada yaşamışlar. Hal-hazıra kimi qeyd olunan bağ torpaq sahəsi həmin nəslin istifadəsindədir. X2 Fəxrəddin Əhməd oğlunun qaynanası, X12 qızı onun həyat yoldaşıdır. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndindəndirlər. Onların nəsillərindən vəfat edənlər, öz bağlarında dəfn olunmuşlar. Onun ailəsi həmin bağda mövsümi yaşayıblar. Bağda üzüm, əncir, iydə, nar, heyva və sair meyvə ağaclarına qulluq etmiş və indi də edirlər. “QƏSR” Mədəni İrsi və X23 İctimai Birliyi tərəfindən orada olan “Qədim məlum qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksini “Yeni aşkar olunmuş” tarix və mədəniyyət abidələri kimi qorumaq üçün siyahıya salınması üçün təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2009-cu il tarixli, 2(103)-517/2009 saylı qətnaməsi ilə qeydiyyatda olan tarixi məlum qəbrin bağdan çıxarılması və Kürdəxanı kənd qəbiristanlığında dəfn olunması və həmin bağ sahəsinə qoyulmuş qəbir daşlarının şəxsi vəsaiti hesabına daşınması vəzifəsinin cavabdeh X7 üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. Qarşılıqlı iddia üzrə X7 iddiası qismən təmin edilərək, Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 19 dekabr 2005-ci il tarixli, 473 saylı torpaq icarə müqaviləsi etibarsız sayılmışdır. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Məhkəmə prosesində X3 Gülnisə Bafadar qızının qanuni nümayəndəsi kimi iştirak etmişdir. Əgər adı çəkilən bağ-torpaq sahəsi onların istifadəsində olmasaydı və orada dəfn olunan Seyid X1 Gülnisə Bafadar qızının ulu babası olması faktı təsdiq olunmasaydı, qəbirin köçürülməsi iddiası rədd olunmazdı. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı və üçüncü şəxs apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlər oxşar məzmunlu olmaqla iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Qədim qəbirlərin yerləşdiyi ərazinin X8 nəsil şəcərəsinin istifadəsində olmasını təsdiq edən Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2009-cu il tarixli, 2(103)-517/2009 saylı qüvvəyə minmiş qətnaməsi AR Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, hazırki işə də qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əlavə olunmuşdur. “Qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” 2008-ci ildən “yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri siyahısı”na daxil edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2009-ci il tarixli 2(103)- 517/2009 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilməmişdir. Qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəyəyə minmişdir. Qətnamədə göstərilir ki, ərazidə olan qəbir X8 əzizidir. Torpaq dövlət mülkiyyətindədir. Qeyd olunan ərazi Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olmayan bağ torpaq sahəsidir. Bütün qeyd etdikləri hal-hazıra kimi qüvvədə olan Azərbaycan Respublikasının adından çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2009-cu il tarixli, 2(103)-517/2009 saylı qətnaməsində göstərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının və üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlır Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ünvanlanmış 01 iyul 2008-ci il tarixli, 1822/09 №-li məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ-torpaq massivinin ərazisində 4483 saylı bağın cənubi-qərbində yerləşən ərazidə aşkar olunmuş XVİİİ-XİX əsrlərə aid olan qəbir, qədim insan məskəni və kurqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində hazırlanan “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1.876 ha təşkil edir. Ərazinin sərhədləri metal məftilin bağlandığı beton dirəklərdən və cənub şərq tərəfdən qonşu hasarlarından ibarətdir. Ərazidə 2 ədəd qəbir daşı, 2 ədəd dairəvi hündürlüyü olan torpaq sahəsi (kurqan), digər qəbir dirəklər və qədim daş qalıqları mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsinin bir hissəsi 4469,4470 saylı bağlar və bölünənlərinin, bir hissəsi bağlararası yolun böyük hissəsi ilə 2-ci bağçılıq massivinin ərazisidir. - iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə cavabdehin məktubunda qeyd edilmişdir ki, “...“Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilmiş qədim yaşayış yeri, kurqan və iki qəbirin, həmçinin onların ərazilərinin toxunulmazlığının təmin olunması ilə bağlı tərəfimizdən Sabunçu Rayon İcra Hakmiyyətinə xx.xx.2024-cü il tarixli 3-24-1/2- 01-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-255/2024 nömrəli məktublarla müraciət olunmuşdur. Eyni zamanda, Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-24-1/2-01-333/2024 nömrəli məktubu əsasında Azərbaycan Milli Elmlər Akadamiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və ərazinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. Həyata keçirilmiş baxışın nəticəsinə dair arayış, həmçinin ərazinin döngə nöqtələrinin koordinatları qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-460/2024 nömrəli məktubla Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Qeyd olunan ərazi mülkiyyətinizdə və ya istifadənizdə olmadığından qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq Sizinlə mühafizə müqaviləsinin bağlanılması qeyri-mümkündür.” Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırkı halda iddiaçının mühafizə müqaviləsinin bağlanılmasını tələb etdiyi “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” nin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hər hansı sübut təqdim etməmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. 59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək və ya barışıq sazişi bağlamaq hüquqlarından başqa, iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir. 59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. 13.3. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu:
11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunun: 30.4. mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. 39.5. xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılar) daxil olan mədəni sərvətlərə şamil edilir. 39.6. mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X27, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.29. mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq; ... Aşkar olunmuş və tarixi əhəmiyyətə malik olan tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 may tarixli 208 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” 2.1. mühafizənin qabaqlayıcı dərəcəsi mədəni sərvətlərin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək (mədəni sərvət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılara daxil edilənədək) həmin obyektlərə şamil edilir. 6.1. xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq müraciət edilir. Müraciətə mədəni sərvətlərlə əlaqədar aparılacaq bərpa, yenidənqurma və abadlıq, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə edilir. 8.1. mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir. 8.2. bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən və 2008-ci ildən “yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri” siyahısına daxil edilmiş “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” nin qorunması məqsədilə bu ərazidə faktiki istifadə etdikləri İctimai Birlik üzvü X21 ilə cavabdeh arasında mühafizə müqaviləsinin bağlanmasını tələb etmiş, lakin cavabdeh orqanın ərazi üzərində mülkiyyət və ya istifadə hüququna dair hüquqi sənəd təqdim olunmadığını və abidələrə mühafizə dərəcəsəinin müəyyən edilmədiyini əsas gətirərək, bu müqavilənin bağlanmasının mümkün olmadığını bildirmişdir. Daha sonar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, mühafizə müqaviləsinin bağlaması üçün mədəni sərvətin mühafizə dərəcəsi müəyyən edilməlidir, həmçinin həmin müqavilə mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlanılmalıdır. Hazırkı halda isə, iddiaçı mühafizə müqaviləsinin bağlanılmasını tələb etdiyi “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”nin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin, həmin “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi”nin mühafizə dərəcəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1.876 ha təşkil edir və vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində də bağ sahəsinin dövlət mülkiyyətində olması öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, “qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələr kompleksi” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində hazırlanan “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilmiş, kompleksin mühafizəsi ilə bağlı zəruri tədbirlər görülməsi üçün cavabdeh tərəfindən Sabunçu Rayon İcra Hakmiyyətinə xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-24-1/2-01-255/2024 nömrəli məktublarla müraciət olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir; İlk növbədə apellyasiya şikayətlərində bildirilir ki, sözügedən ərazi 275 ildən artıq bir müddətdə X12 qızının nəsil-şəcərəsinin istifadəsində olmuş və hal-hazırda da həmin ailə tərəfindən istifadə olunur. Lakin bu iddia yalnız tarixi faktlara istinad edir və qanuni istifadə hüququnu təsdiq edən rəsmi sənədlərlə əsaslandırılmır. Mövcud qanunvericiliyə əsasən (məsələn, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 11-ci maddəsi), mühafizə müqaviləsi yalnız abidənin mülkiyyətçisi və ya istifadəçisi ilə bağlana bilər. İddiaçının isə bu statusu qanunla müəyyən olunmuş qaydada sənədlərlə sübut olunmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, şikayətlərdə ərazidəki qədim qəbir, yaşayış məskəni və kurqanların 2008-ci ildən “yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri” siyahısına daxil edildiyi bildirilir. Bu fakt doğrudur, lakin qeyd edilən obyektlər Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş rəsmi dövlət mühafizə siyahısına daxil edilməyib. Buna görə də, hüquqi baxımdan "mühafizə dərəcəsi" müəyyən edilməmiş sayılır. Nəticə etibarilə apellyasiya şikayətlərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müstəvidə tələb olunan faktiki sübutların (mülkiyyət və ya istifadəyə dair sənədlərin, mühafizə dərəcəsi haqqında qərarın) təqdim olunmaması səbəbindən birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11923/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.