Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1370/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı «qərarların surətlərinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı «iddiaçı barədə qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkımə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Penitensiar Xidmətin Qobustan Həbsxanasında cəza çəkən iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək saxlanıldığı həbsxanada onun barəsində həbsxana rəisləri tərəfindən 2004-cü il tarixdən 2019-cu il tarixə qədər qəbul edilmiş xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2019cu il tarixli qərardadı ilə məhkəmə iddia tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulan iddia tələblərindən hər hansı birinə uyğunluğunun müəyyən olunmaması, həmçinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19-cu maddəsinə əsasən hökmü çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakim tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edilməsi əsası ilə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi nəticəsinə gəlmişdir və iddia mümkün sayılmamışdır. İddiaçının qeyd edilən qərardaddan verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-2602/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə gönədilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qərardadla iddianı mümkünsüz hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh hərəkətləri ilə iddiaçının subyektiv hüququ pozulmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (qərar, hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bu əsasdan iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 109.1-ci maddəsinə əsasən tənbeh tədbirlərinin tətbiqi zamanı məhkuma öz əməlini yazılı və ya şifahi qaydada izah etmək imkanı verilir, xətanın törədilmə şəraiti, məhkumun şəxsiyyəti və cəzanın çəkilməsi müddətindəki davranışı nəzərə alınır. Verilən tənbeh tədbirləri xətanın ağırlığına və xüsusiyyətinə uyğun olmalıdır. Tənbeh tədbirləri xətanın aşkar olunduğu vaxtdan on gün ərzində tətbiq edilir. Əgər həmin xəta ilə əlaqədar yoxlama aparılarsa onun başa çatdığı gündən, lakin xətanın törədildiyi vaxtdan bir aydan gec olmayaraq tənbeh tədbiri tətbiq edilir. Eyni zamanda törədilən bir neçə xəta üçün bir tənbeh tədbiri tətbiq edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən tənbeh tədbirləri yazılı şəkildə cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”nın 65.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulan həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna cəzaçəkmə müəssisələrinin rəisləri malikdirlər. Həmin Qaydaların 65.2-ci bəndinə əsasən tənbeh tədbirinin tətbiqi ilə əlaqədar barəsində qəbul edilən qərara dair məhkuma öz rəyini bildirmək və ya ondan şikayət etmək hüququ izah olunur. Həmin Qaydaların 66.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya müvafiq olaraq, həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiqi cəzaçəkmə müəssisəsi rəisinin qərarları (əlavə 42, 43) və ya əmrləri ilə rəsmiləşdirilir. Qərarlar və əmrlərdən çıxarışlar məhkumların şəxsi işlərinə əlavə edilir. Göründüyü kimi qanunvericilliklə, cəzaçəkmə müəsssisəsi daxilində məhkuma tətbiq edilən xəbərdarlıqların, töhmətlərin və cərimə təcridxanasına keçirilməsi barədə qərarların surətlərinin məhkuma verilməsi vəzifəsi qanunvericiliklə nəzərdə tutulmamış, belə olan halda cavabdehin iddiçının tələb etdiyi sənədləri təqdim etməməsi ilə iddiaçının subyektiv hüququnun pozulması baş verməmişdir. Beləliklə, iddianın mümkünlük şərti ödənilmədiyindən işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3279/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1370/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1370/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver