Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1380/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (atası) X1, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2441/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən 17.03.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış Bakı İslam Universitetində 2008-2013-cü illər ərzində təhsil almışdır. Belə ki, Bakı İslam Universiteti tərəfindən İddiaçı verilmiş 2914 saylı diplomun surətindən görünür ki, iddiaçı 2008-ci ildə universitetə daxil olmuş, 2013-cü ildə isə ilahiyyatçı-islamşünas ixtisası üzrə tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə 26 avqust 2009-cu il tarixdə 5 il müddətinə lisenziya verilmişdir. İddiaçı onun diplomunun qanuni hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 9-1161/31-24 saylı 31.01.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onun adına yazılmış 2914 saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq 5 il əyani təhsil aldıqdan sonra 2013-cü ildə Universiteti bitirmişdir. Ona Universitet tərəfindən “İlahiyyətçi-İslamşünas” ixtisası üzrə tam kursu bitirməsi barədə 25 iyun 2013-cü il tarixli 2914 №-li diplom verilmişdir. Lakin təşkilatlar tərəfindən onun adına yazılmış 2914 №-li diplom ciddi təhsil sənədi kimi qəbul olunmur və tanınmır. 2009-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanuni olaraq yaradılmış və qanuni olaraq fəaliyyət göstərən BİU-nun fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermişdir. Lisenziya verilərkən Universitetdə təhsil alan bütün tələbələr, o cümlədən onun barəsində məlumat Təhsil Nazirliyinə təqdim edilmişdir (05.12.2018-ci il tarixli 134 saylı arayış iddia ərizəsinə əlavə olunur). Buna baxmayaraq Təhsil Nazirliyi ona dövlət nümunəli təhsil sənədi verməmişdir. O, həmin diplomun tanınması barədə Təhsil Nazirliyinə müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “BİU-nu “llahiyyətçi-lslamşünas” ixtisası üzrə tam kursunu bitirdiyinə dair 25 iyun 2013-cü il tarixdə verilmiş 2914 nömrəli diplomun qanuni hesab edilməsi barədə” qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2008-ci ildə daxili test imtahanvermə yolu ilə qəbul olunaraq həmin Universitetdə 5 il təhsil alandan sonra 2013-cü ildə oranı bitirmişdir. Bu barədə BİU tərəfindən “axund-imam, şəriət müəllimi, islamşünas” ixtisası üzrə tam kursu bitirmiş və ona bu barədə 25 iyun 2013-cü il tarixli 2914 nömrəli diplom verilmişdir. İddiaçı sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2009- cu il tarixli 143 nömrəli fərmanına və Təhsil Nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə BİU-nun fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Lakin iddiaçının adına BİU tərəfindən yazılmış 25 iyun 2013-cü il tarixli 2914 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, qüvvədən düşmüş 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. İPM-in 33-cü, 47.2-ci, 68.2-ci və 73-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci və 1.3cü bəndlərinə, Azərbaycan Respublikası Təhsil Nazirinin 09 noyabr 2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında Təlimat”ın 1.2-ci və 1.4-cü bəndlərinə əsasən İddiaçı iddiasının heç bir hüquqi əsası olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2441/2019 saylı 20 dekbar 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktub qanuni və əsaslıdır. İddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2020-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli, 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli, 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009cu il tarixli, 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standarlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq, magistr pilləsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. Bu səbəbdən də 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. İddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış 27.06.2014-cü il tarixli, 003173 nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Bunun da səbəbi iddiaçının 2008-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə də Təhsil Nazirliyinə müraciət edə bilərdi. Apellyasiya şikayətinə əlavənin məzmunu onunla əsaslandırılmışdır ki, Bakı İslam Universiteti tələbə qəbulunu Nizamnaməsinə uyğun olaraq həyata keçirmiş və təhsil alanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Universitet təhsil alnalarla müqavilə münasibətində olmuşdur. Tələbələrlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə onun funksiyalarına aiddir. Belə ki, universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Universitetin məzunlarının dövlət nümunəli təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi nazirlyin funksiyalarına aid deyildir. Universitet fəaliyyət göstərdiyindən tələb bilavasitə ona qarşı yönəldilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2441/2019 saylı 20 dekbar 2019-cu il tarixli qərarının ləğv edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-71/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Bakı İslam Universitetinin nümayəndəsi X8 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər 3-cü şəxs Qafqaz Müsəlmanları İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçıları hazırki işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər 3-cü şəxs Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. O, diplomunun qanuni hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun adına yazılmış 2914 saylı diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-71/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağı onun müraciətindəki və iddia ərizəsindəki tələbinin formalaşması zamanı istifadə olunan ifadələrin fərqli olmasına baxmayaraq dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi ilə bağlıdır, hansı ki bu tələbə cavabdeh inzibati orqan tərəfindən imtina məktubunda münasibət bildirilmişdir. Buna görə də iddiaçının həmin tələblə bağlı iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, İddiaçı BİU-da təhsil aldığı 2008–2013-cü illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Həmin təhsil müəssisəsi 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirmiş və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən, lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti qanunsuz qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin rektoruna ünvanlanmış 03 sentyabr 2010-cu il tarixli 46-03-5447/17 saylı məktubunda göstərilmişdir ki, Respublikanın və xarici ölkə ali məktəblərinin bir qrup tələbəsinin ali məktəbin müvafiq ixtisasların bərpa və köçürülmə zamanı ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş 03.09.2010-cu il tarixli məktuba cavab olaraq Təhsil Nazirliyi məktubda göstərilənləri, köçürülmə zamanı yarana fənn fərqlərinin yenidən kredit borcu kimi dinlənilməsinin məcburi olduğu barədə tələbələrə məlumatın verildiyini nəzərə alıb 07 avqust 1996-cı il tarixli 402 nömrəli əmrlə təsdiq olunmuş müvafiq əsasnamənin və 07 yanvar 2010-cu il tarixli 46-11-78/17 nömrəli təlimati məktubunun tələblər gözlənilməklə Naxçıvan Dövlət Universitetinə köçürülməsinə etiraz etmir. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndinə görə Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. İddiaçının BİU-na daxil olduğu 2008-ci ildə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. 12.06.2018-ci ilədək qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - şəhadətnamənin verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. İddiaçının BİU-na daxil olduğu 2008-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 112 nömrəli 19 may 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü lə məyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Hazırki işdən görünür ki, İddiaçı Bakı İslam Universitetinə universitetin lisenziyasının olmadığı dövrdə 2008-ci il tarixdə daxili test imtahanı yolu ilə qəbul olunmuşdur. Belə olan halda cavabdeh inzibati orqan yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçıya onun 2013-cü ildə, yəni artıq təhsil müəssisəsinin lisenziyasının olduğu müddətdə bitirməsi ilə bağlı dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsindən imtina etməkdə haqlı olmuşdur. O ki qaldı iddiaçının təhsil aldığı müəssisədə bir qrup tələbələrin başqa təhsil müəssisənə köçürülməsinə Nazirliyin etiraz etməməsinə, qeyd olunan hal iddiaçıya dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi barədə cavabdeh inzibati orqan üçün öhdəlik yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb etdiyi dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2441/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2441/2019 saylı 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1380/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1380/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver