Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1394/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3398/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1965-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1988-ci ildə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin xx xxx 2001-ci il tarixli 441 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və həmin ilin oktyabr ayının 6-da qeyd olunan vəzifənin icrası ilə bağlı Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə uzunmüddətli ezamiyyətə göndərilmişdir. 2006-cı ilin noyabr ayının 15-dək səfirlikdə bu vəzifədə fəaliyyət göstərmiş və diplomatik nümayəndəlikdən qayıtdıqdan sonra başqa dövlət orqanında fəaliyyətini davam etdirməsilə əlaqədar Xarici İşlər Nazirliyinin ehtiyatına daxil edilmişdir. O, ümumilikdə xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixənədək (cəmi 61 ay, 9 gün) Azərbaycan Respublikasının Fransadakı səfirliyində birinci katib vəzifəsində çalışmışdır. Xidmət göstərdiyi dövrdə üzərinə düşən vəzifələr onun tərəfindən layiqincə yerinə yetirilmişdir. Diplomatik xidməti zamanı aylıq vəzifə maaşı ona verilmişdir. Lakin müvafiq qanunvericiliyə görə nəzərdə tutulmuş əlavələr və istifadə olunmamış məzuniyyət üçün ödənilməli olan haqq ona ödənilməmişdir. Dəfələrlə cavabdehə həm şifahi, həm də yazılı qaydada müraciət etmişdir. 2018-ci ilin dekabr ayında etdiyi növbəti müraciətinə əsasən cavabdeh tərəfindən 4/25- 479/25/19 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə müraciətinə baxıldığı və müvafiq araşdırmalar aparıldıqdan sonra cavabın veriləcəyi ona bildirilsə də, ona hər hansı bir cavab məktubu verilməmişdir. 2019-cu ilin sonunda təkrarən cavabdehə müraciət etmiş və ona 7/25-043/25/20 saylı xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda göstərilmişdir ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilən müddət nəzərə alınmaqla müraciətinə baxılması məqsədəuyğun hesab olunur. Onun müraciətlərinə mahiyyəti üzrə baxılmamış və müxtəlif bəhanələrlə pozulmuş hüquqlarının bərpasından cavabdeh tərəfindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçıtərəfindənapellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, işə baxan hakim işin hallarını və iddia ərizəsinə əlavə etdiyi sənədləri tam öyrənməmiş, eləcə də məhkəmə iclasında onun verdiyi izahatı nəzərə almamışdır. Nəticədə, iddia mümkünsüz hesab edilmişdir. Qərardad özüözlüyündə əsassız və ədalətsizdir, eləcə də bu cür kateqoriya işlər üzrə son illərdə yaranmış məhkəmə təcrübəsinə ziddir. Ona görə də həmin qərardad ləğv olunmalı və iddiaya mahiyyəti üzrə baxılaraq iş üzrə yekun qərar çıxarılmalıdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçıapellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 1476 saylı xx.xx.2006-cı il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin birinci katibi, Nazirlik üzrə xx xxx 2001-ci il tarixli 441 saylı Əmrə əsasən 2001-ci il may ayının 25-dən Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmişdir. 2006-cı il noyabr ayının 15-dən ezamiyyət müddəti bitmiş hesab edilmiş və işdən azad edilmişdir. Sonradan iddiaçı işlədiyi dövrdə diplomatik xidməti zamanı yalnız aylıq vəzifə maaşının ona verildiyinə, müvafiq qanunvericiliyə görə nəzərdə tutulmuş əlavələr və istifadə olunmamış məzuniyyət üçün haqqların ona ödənilmədiyinə istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətinə münasibətdə 7/25-043/25/20 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, AR Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilən iddia müddəti nəzərə alınmaqla müraciətinə baxılması məqsədəuyğun hesab olunur. Cavabdeh inzibati orqanın sözügedən cavab məktubu iddiaçını qane etmədiyi üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası qeyri-mümkün hesab edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi qeyri-mümkün sayılarkın ona istinad olunmuşdu ki, diplomatik xidmət əməkdaşlarının pul və digər əmlak tələbləri ilə əlaqədar mübahisələrin həll edilməsi məsələsi “Diplomatik xidmət haqqında” qanunvericilikdə tənzimlənmədiyindən digər qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarından göründüyü kimi, pul və digər əmlak tələbləri ilə əlaqədar mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı işdən azad edildikdən təxminən 14 il keçməsindən sonra məhkəməyə müraciət etdiyindən, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 4/25-329/25/20 saylı xx.xx.2020ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 441 nömrəli xx xxx 2001-ci il tarixli əmrinə müvafiq olaraq, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və 1476 nömrəli xx xxxxxxx 2006-cı il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məhfumların anlayışları verilmişdir. Həmin maddənin 16-cı bəndindəki anlayış müvafiq iddia ərizəsində qeyd olunan məsələnin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin keçmiş işçisi olmuş İddiaçı ilə işəgötürən qismində çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında yaranmış fərdi əmək mübahisəsi olduğunu söyləməyə əsas verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyən olunur. Həmin maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, qanunvericiliyin tələbinə əsasən İddiaçı iddia ərizəsində qeyd olunan fərdi əmək mübahisəsinin həlli ilə bağlı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu barədə məhkəmə kollegiyası əvvəla qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialardır (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İş materiallarından görünür ki, iddiaçının ona diplomatik xidmətdə olduğu dövrdə verilməli olan bütün əlavələrin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qeyri-mümkün sayılarkən iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir illik iddia müddətinin ötürülməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla birinci instansiya məhkəməsinin istinad etdiyi bir illik iddia müddəti pul və digər əmlak tələbləri ilə əlaqədar işçi ilə işəgötürən arasında yaranmış mübahisəyə aid olub Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi müavinət isə əmək haqqının tərkibinə daxil olan və qanunla verilməsi nəzərdə tutulmuş müavinətlər olub, tələb edilməsi inzibati orqanın publik hüquqdan irəli gələn fəaliyyətinə aiddir, buna görə də tərəflər arasındakı münasibət inzibati xarakter daşıdığından, bu tələb üzrə iddia müddəti ilə bağlı əmək qanunvericiliyinin normalarının tətbiqi yolverilməzdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Qeyd olunan “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən pensiya hüququ da 1-ci maddənin təsir dairəsinə daxildir. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx.xx.2009-cu il tarixli Qərarında bildirmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Buna baxmayaraq hazırki işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəflər arasında inzibati hüquq münasibətlərinin mövcudluğunu nəzərə almadan iddiaçının diplomatik xidmətdə olduğu dövrdə ona verilməli olan bütün əlavələrin ödənilməsi ilə bağlı tələbinə münasibətdə səhvən əmək qanunvericiliyinin müddəalarını tətbiq edərək iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırki iddianın “müddətlə bağlı” mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1394/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1394/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver