Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1406/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı rəyin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7069/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0,06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasından “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsinə dair zəruri olan “torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə” rəyin tərtib edilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7069/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rasional hüquqi əsaslandırma olmadan müafiq rəyin verilməməsi onun öz əmlakı ilə bağlı istifadə və sərəncam hüquqlarını həyata keçirməsinin qarşısında maneə yaradır. Kateqoriyası dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndiskommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından imtina edilə bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndiskommunikasiya təminatı sistemlərinə uyğunluğun olub-olmaması yoxlanılır və həqiqətən də yuxanda göstərilmiş kriteriyalar üçün müvafiq uyğunluq şərtləri ödənilmədikdə o zaman mənfi rəyin verilməsi məqsədə uyğun hesab edilməlidir. Şəhərin Baş Planının hazır olmaması kimi səbəbləri göstərməklə rəyin verilməməsi hüquqi cəhətdən ağlabatan hesab edilə bilməz. Müvafiq ərazidə onlarla insan torpağın kateqoriyasının dəyişilməsinə nail olmuşdur. Bu da onun əmakı ilə bağlı analoji dəyişmənin həyata keçirilməsinin mümkünlüyü üçün hər hansı sual olmadığını bir daha təsdiq edir. Ona məxsus torpağın yerləşdiyi ərazidə lokal səviyyədə müvafiq rasional, hüquqi əsaslandırılmış və obyektiv, ətraflı araşdırılmış rəy tərtib edilməlidir. O və ya digər onun kimi vətəndaşların öz hüquqlarını həyata keçirməsinin qarşısının bu cür alınması hüququn təbiətinə ziddir. Torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğunu və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə zidd mövqeydə yerləşmədiyini müəyyən edən hər hansı fakt, sübut yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyi daha çox bu məsələdə hər hansı bir tənzimləmə mexanizminin olmamasının təkid edilməsi kimi dəyərləndirilə bilər. Torpaq sahəsinin müvafiq kriteriyalara cavab verib vermədiyini müəyyən etməyin bütün şəhərin Baş Planının olmaması ilə əlaqələndirmək kifayət qədər irrasional görsənir. Vətəndaşların öz əmlakları üzərində mülkiyyət hüquqlarını keçirməsinin qarşısında bu cür maneənin olması beynəlxalq və milli qanunvericiliyin tələblərinə ziddlik təşkil edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, küçə 2, 9 saylı torpaq sahəsinin təyinatının “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına keçirilməsi barədə qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi üçün torpağın təyinatının dəyişdirilməsinə dair rəy verilməsi üçün cavabdehə müraciət etsə cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: 3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi;3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə əlavə olaraq torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə təkliflərin müzakirəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1”nə uyğun tərtib edilmiş bələdiyyə iclasının protokolundan çıxarış; Həmin Qaydaların 3.2.3-cü bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri; Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən bütün əsaslar və mülkiyyət növləri üzrə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulacaq ziyanın, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi, habelə kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsində obyektin layihələndirilməsi müddətində mənafeyinə toxunulan hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı qoyduqları tələblərin yerinə yetirilməsi barədə xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada təsdiq edilmiş zəmanət məktubu. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh haqqında Əsasnamənin 9.7-ci bəndinə əsasən fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək cavabdehin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Qeyd edilən normalara istinad edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının iddia ərizəsində göstərilən rəyin verilməsi cavabdehin diskression səlahiyyətidir, qeyd edilən məsələlər cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərar qəbul edilməsi ilə həll olunur.” İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə;73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikasının qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 4-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətini həyata keçirən aidiyyəti müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Cavabdeh və yerli icra hakimiyyəti orqanlarıdır və dövlət siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsidir. Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsi “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanının 2ci hissəsi ilə Cavabdehnə və yerli icra hakimiyyəti orqanlarına tapşırılmış, eyni zamanda, Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən torpaq sahəsi “sənaye, nəqliyyat,rabitə, müdafiə, və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olması və Bakı şəhərinin Baş planı (ərazi planlaşdırma sənədi) tam olaraq hazırlanıb təsdiq edilməməsi işin mübahisəsiz halıdır. Bu səbəbdən də Kollegiya hesab edir ki, hətda müvafiq rəyi vermək cavabdehin vəzifəsi olsa belə sonuncunun bu barədə rəy vermə hüququ qeyd edilən Baş plan (ərazi planlaşdırma sənədi) təsdiq edildikdən sonra yaranacaqdır. Müvafiq ərazidə onlarla insanın torpağın kateqoriyasının dəyişdirilməsinə nail olmaqla ev inşa etmələrinə dair apelyasiya şikayətinin dəlili ilə bağlı isə iddiacı nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya məhkəməsinə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7069/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1406/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1406/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver