Məhkəmə qərarları › İş №2-1(103)-1416/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1416/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1416/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı və arvadına qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin İQ-62/2 saylı, 02.04.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı 07.01.2020-ci il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə (arvadı Mohammadi Najiba) qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, işin faktları ərizəçinin ərizə-anketində qeyd edilib və həmin faktları olduğu kimi qəbul edirlər. İddiaçı 11.12.2019-cu il tarixdə Azərbaycana gəlmiş, 07.01.2020-ci il tarixdə özü və ailə üzvü (arvadı Mohammadi Naciba) üçün sığınacaq vəsatəti ilə müraciət etmiş, DMX onun vəsatətini 01-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb, ərizəçi ilə müsahibə aparılmışdır. Ərizəçi müsahibə zamanı bildirmişdir ki, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, milliyyətcə həzarə, dini etiqadina görə müsəlmandır. 23 yaşından 44 yaşına kimi pinəçi, sonradan 64 yaşına kimi şirkətdə və İranın Tehran şəhərinə gedəndən sonra yenidən pinəçi işlədiyini, birinci arvadı Məryəmlə 1972-ci ildə evləndiyini, bir oğlu olduğunu, Məryəmin hazırda İsveçdə yaşadığını, İkinci arvadı Najibə Mohammadi ilə 1980-ci ildə evləndiyini, ondan 1 qız və 3 oğlunun olduğunu, ölkəsində qeyri-stabil vəziyyət olduğundan təhlükəsizliklərinə təminat olmayacağı səbəbindən onlarla birlikdə Azərbaycana gəlmişdir. 02.04.2020-ci ildə DMX İQ-62/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıya qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək ona qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili məhkəməyə yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı və arvadına qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edib ləğv edilməsi” və “İddiaçının arvadına qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib, mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin ölkəsində qeyri-stabil vəziyyət olduğundan və həzara olduğu üçün taliban və antihökumət elementləri tərəfindən təqiblərə, təhdidlərə məruz qalması təhlükəsizlikləri təminat olmadığı üçün həyatına görə real təhlükənin yaranmasıdır. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi, bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun, real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində müəyyən edilmiş mühüm faktların İşığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun, real riskin olub-olmadığını yoxlanılmalıdır. İş üzrə mühüm fakt ərizəçinin ölkəsində qeyri-stabil vəziyyət olduğundan təhlükəsizliklərinə təminat olmadığından həyatların real təhlükə qarşısında olmalarıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlarıdır (İİQ, maddə 45.2.2). Hüquqtətbiqedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: - Ərizəçinin ölkəsində qeyri-stabil vəziyyət olduğundan təhlükəsizliklərinə təminat olmadığı səbəbindən həyatları üçün real təhlükənin olmasıdır. - Ərizəçinin həzara olduğu üçün taliban və anti-hökumət elementləri tərəfindən təqiblərə, təhdidlərə məruz qalması. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatı MÖM-lə (X3) təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatı xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, iddiaçının izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq iddiaçının qızının dövlət işində olması və oğlunun taliblərlə əməkdaşlıqdan imtina etməsi ilə əlaqədar taliblər tərəfindən təqib olunması qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, iddiaçı Əfqanıstana qayıdacağı təqdirdə ona və ailə üzvlərinə dini inancına görə ziyan vurula bilər. "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçisi, 51-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Əfqanıstana qayıdacağı təqdirdə ərizəçinin və ailə üzvlərinin həyat və sağlamlığından məhrum olma riski altındadır. Əfqanıstana qayidacağı təqdirdə ərizəçi və ailə üzvlərinin İnsan Hüquqları Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən şəxslər anti-hökumət qüvvələri olan taliban dəstəsidir. Ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Əfqanıstanın rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Dövlət işində əmək fəaliyyəti ilə məşğul olan qadınlar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair X1 əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunan zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, bu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur”. Bundan əlavə, DMX İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, DMX ərizəçinin izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, ərizəçinin izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. DMX-nin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, DMX ərizəçinin qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də DMX-nin qərarı əsaslandırılmayıb. Hesab edirlər ki, sığınacaq verilməsindən imtina edilməklə ərizəçinin aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ, inzibati icraat hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ. Apelyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin 119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edib ləğv edilməsi, İddiaçı və arvadına qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ilə iddia tələbi “119 saylı 28.04.2020-ci il tarixli və İQ-62/2 nömrəli 02.04.2020-ci il tarixli qərarların qanunsuz hesab edib ləğv edilməsi” və “İddiaçının arvadına qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan iddiaçı apelyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissəsində təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İşin hallarından müəyyən olunur ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport P********) hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 06 05.1947-ci il təvəllüdlü İddiaçı ailə (arvadı 13.02.1965-ci il təvəllüdlü Mohammadi Najiba) ilə birlikdə 07 yanvar 2020-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 01-2020 saylı şəxsi iş açılmış təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı Əfqanıstanı qeyri-stabil vəziyyətin hökm sürməsi, təhlükəsizliyə təminatın olmaması səbəbindən tərk etdiklərini bildirərək orada yaşamaqdan ehtiyat etdiklərini və bu səbəbdən də Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-62/2 saylı, 02.04.2020-ci il tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-62/2 saylı, 02.04.2020-ci il tarixli qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında 119 saylı, 28.04.2020-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, iddiaçının nə özü nə də ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2021 saylı 25 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar